Qriqori
Trofimçuk: “20 Yanvar hadisələrinə təkcə azərbaycanlılar
deyil, ruslar da qiymət verməlidir”
1990-cı ilin 20 yanvarı suveren Azərbaycanın
tarixində əsas günlərdən biridir.
AZƏRTAC xəbər verir ki, bu
barədə Azərbaycanın Moskvadakı səfirliyində
20 Yanvar qurbanlarının xatirəsinə həsr olunan tədbirdə
rusiyalı politoloq, publisist Qriqori Trofimçuk bildirib.
"Qara Yanvar xronoloji baxımdan
Tbilisi və Vilnüs hadisələrinin arasında baş
verib. Bütün bunlar eyni zəncirin halqalarıdır və
bütövlükdə o vaxt hakimiyyətdə hökm sürən
cinayətkarcasına məsuliyyətsizlikdən xəbər
verir. Hamımızın yadındadır ki, Bakıda, Tbilisidə,
Vilnüsdə nə baş verir sualına Mixail Qorbaçov
necə cavab verirdi. O, hər dəfə eyni sözü
deyirdi: "Mənim xəbərim yoxdur, öyrənmək
lazımdır, komissiya yaratmaq lazımdır” və s. Buna
görə də məsuliyyət kimi məsələni həll
etmək vacibdir və Sovet İttifaqının ozamankı rəhbərliyinin
cinayətkar fəaliyyətsizliyini rəsmi əsasda,
hüquqi rejimdə qiymətləndirmək lazımdır. Bu
qiyməti təkcə azərbaycanlılar deyil, ruslar da verməlidir”,
- deyə o bildirib.
Politoloq 1990-cı il 20 Yanvar hadisələrinin
Azərbaycanın gələcək tarixində əhəmiyyətini
qeyd edərək deyib: "Mən özümün
"Əlifba: Azərbaycanı kəşf edərkən”
adlı kitabımda yazmışam ki, Mixail Qorbaçov Azərbaycan
üçün ikinci Hitlerdir. Mən bu kitab üzərində
işləməyə başlamazdan əvvəl Şəhidlər
xiyabanını ziyarət etmişəm, əlimi şəhidlərin
başdaşlarına sürtmüşəm. Məndə elə
bir hiss var idi ki, sanki onlar o günlərin faciəli enerjisini
özlərində saxlayırlar”.
Q.Trofimçuk qeyd edib ki, 20 Yanvar
Azərbaycan tarixində bir qara daşdır. "Lakin Azərbaycanın
yeni dövlətçiliyinin bünövrəsində təkcə
qara deyil, ağ daşlar da qoyulub. Azərbaycan tarixində
mühüm hadisələrdən biri də Heydər
Əliyevin ölkədə xaosu aradan qaldırmaq məsuliyyətini
öz üzərinə götürməsi oldu. İndi Azərbaycan
gələcəyə doğru inamla irəliləyir və
uğurlar qazanır”, - deyə politoloq vurğulayıb.
Azərbaycan.- 2019.- 22 yanvar.- S.4.