İlham Əliyevin
hücum diplomatiyası
Ermənistanı dalana
dirəyib
Azərbaycanın Dağlıq
Qarabağ məsələsində
mövqeyi daha da güclənir
Azərbaycan rəhbərliyinin Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı prinsipial və ardıcıl mövqeyi bu gün artıq
sözügedən konfliktlə
əlaqədar regionda
tamam yeni bir vəziyyətin yaranmasına gətirib çıxarmaqdadır. Bunu şərtləndirən
ilk səbəblərdən biri budur ki,
Azərbaycanın həyata
keçirdiyi hücum
diplomatiyası nəticəsində
Ermənistanın işğalçı
siyasətinin ifşa edilməsi reallaşıb.
Buna paralel olaraq
Dağlıq Qarabağ
münaqişəsi haqqında
həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması
istiqamətində ciddi
nəticələr əldə
olunub. Beləliklə, Dağlıq Qarabağ
münaqişəsinin həlli
ilə bağlı bölgədə yeni reallığın yaranması
üzə çıxıb.
Azərbaycanın qonşu ölkələrlə
yüksəksəviyyəli əməkdaşlığı da bu prosesdə
mühüm rol oynayıb. Xüsusən də Rusiya
və İranla isti münasibətləri
həmin ölkələrin
Qarabağ münaqişəsinə
baxışını dəyişdirib.
Xatırladaq ki, Azərbaycan
qlobal güclərin yürütdüyü təzyiq
və təcrid siyasətinə qoşulmayaraq,
İran və Rusiya ilə qarşılıqlı maraqlara
cavab verən əməkdaşlıq əlaqələrini,
dostluq və mehriban qonşuluq siyasətini daha güclü hala gətirib.
Burada təkcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycan və Rusiya prezidentləri 2018-ci ildə
6 dəfə görüşüblər,
ölkə rəhbərləri
arasında mövcud olan şəxsi dostluq münasibətləri
dövlətlər arasında
bütün istiqamətlər
üzrə əlaqələrin
inkişafına olduqca
mühüm təsir göstərir.
Beynəlxalq Avrasiya Hərəkatının lideri
Aleksandr Duqin bu xüsusda bildirir: "Prezident
Vladimir Putin Prezident İlham
Əliyevlə şəxsi
əlaqələrini daha
da möhkəmləndirir.
Biz İlham Əliyevin
rəhbərlik etdiyi Azərbaycanla münasibətlərdə
ciddi yanaşma və məsuliyyət görürük. Putinlə dostluğun
sirri təkcə simpatiyada deyil, həm də etibarlılıq və öz hərəkətlərindəki
ardıcıllıqdadır. Rusiya İlham Əliyevin sözlərində və
əməllərində dostluğun
rəhnini görür.
Ermənistanın baş naziri
Nikol Paşinyanın söylədikləri əməllərinə
uyğun olmadıqda isə bunun nəticələri avtomatik
olaraq Rusiya və Ermənistan münasibətlərinin bütün
strukturuna təsir edir. Yəni xalqlar arasında
münasibətlərlə siyasəti qarışıq
salmaq olmaz. Siyasət xalqlar arasında münasibətlərlə üst-üstə
düşdükdə bunun
çox böyük səmərəsi olur.
Hazırda biz bunu Azərbaycanla münasibətlərdə
müşahidə edirik:
xalqlarımız dostluq
edir, prezidentlər dostdurlar və bütün bunlar Azərbaycanın Cənubi
Qafqazda mövqeyinin güclənməsinə, həmçinin
Rusiyanın mövqeyinin
möhkəmlənməsinə şərait yaradır”,
Azərbaycan İranla da əlaqələrini genişləndirir,
iki ölkənin rəhbərləri arasında
isti münasibətlər
qarşılıqlı əməkdaşlığın
inkişafına pozitiv
təsir göstərir. Azərbaycan, bütün təkidlərə
baxmayaraq, İrana qarşı təcrid siyasətinə qoşulmayıb,
qonşu ölkə ilə bir çox
sahələrdə əməkdaşlıq
əlaqələrini gücləndirib.
İranın Azərbaycandakı
səfiri Cavad Cahangirzadə bu xüsusda bildirir: "İran və Azərbaycan arasında münasibətlər yüksək
səviyyədədir. 2018-ci
ildə İran İslam Respublikasının
Prezidenti Həsən Ruhani Azərbaycana səfər etdi və səmərəli görüşlər keçirildi.
Bundan əlavə, mütəmadi
olaraq İrandan Azərbaycana yüksəksəviyyəli
nümayəndə heyəti
səfər edir, iki ölkənin parlamentarları, nazirləri,
eləcə də özəl və dövlət şirkətlərinin
nümayəndələrinin qarşılıqlı səfərləri
olur.
Bütün bunlar İran-Azərbaycan münasibətlərinin yüksək
səviyyədə olduğunu
və daha da inkişaf edəcəyini göstərir. Biz bunu əsas götürürük və
çalışmalıyıq ki, 2019-cu ildə iki ölkə arasında əlaqələr
daha da inkişaf
etsin. Birgə layihələrimiz, o cümlədən investisiya
layihələrimiz var
və onların həyata keçirilməsində
irəliləyişlər əldə
olunub”.
Dağlıq Qarabağ münaqişəsinin
bölgənin ümumi
təhlükəsizliyinə və inkişafına əsas təhlükə mənbəyi olduğunu nəzərə alaraq İranın bu məsələyə yanaşması
da fərqli xarakter daşımağa başlayıb. Təsadüfi deyil ki, İranın
Silahlı Qüvvələrinin
Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri ölkəmizdə olarkən
bu xüsusda bildirib: "İran Qarabağ torpaqlarını
Azərbaycan torpaqları
hesab edir və Azərbaycanın ərazi bütövlüyünü
dəstəkləyir. Sərhədlərin zor gücü ilə dəyişdirilməsi
qəbuledilməzdir, İran
bu məsələdə
hər zaman Azərbaycanın yanındadır”.
Bu, İranın
yüksək vəzifəli
nümayəndəsinin Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı bu günə kimi verdiyi ən
mühüm bəyanat
hesab oluna bilər.
Strateji müttəfiqimiz olan Türkiyənin də Qarabağ məsələsinə
yanaşması birmənalıdır. Strateji tərəfdaşlıq
əlaqələri qurduğumuz
Gürcüstan da ölkəmizin mövqeyini
tam dəstəkləyir.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan
region ölkələri ilə
əlaqələrini inkişaf
etdirməklə, onları
strateji tərəfdaşlıq
səviyyəsinə yüksəltməklə
bölgədə təhlükəsizliyin
bərqərar olunmasına,
inkişafa mühüm
töhfə verib. Məhz
bu fonda
region ölkələrinin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinə yanaşmasının
dəyişdiyi müşahidə
olunur.
Belə vəziyyətdə Ermənistanın
xarici siyasətində
ciddi geriləmə müşahidə olunur. Hakimiyyət dəyişikliyi
ilə əlaqədar
bu ölkənin xarici siyasətində müşahidə olunan ciddi fəsadlar, o cümlədən də onun Qərb üçün İran və Rusiyaya qarşı platformaya çevrilməsi təhlükəsi
rəsmi Moskva və Tehranı öz ənənəvi siyasətini bir daha nəzərdən keçirməyə məcbur
edir.
Digər tərəfdən, Azərbaycanın
yürütdüyü uğurlu
təcrid siyasəti Ermənistan üçün
artıq ciddi problemdir. Bakı açıq bəyan
edir ki, işğal davam etdikcə Ermənistanı
təcrid etmək üçün bütün
vasitələrdən istifadə
edəcək. Əslində, bu siyasət öz nəticəsini verib, belə ki, düşmən ölkədə kriminal rejim çökdü və Ermənistanda yeni vəziyyət yarandı. Belə vəziyyət eyni
zamanda Ermənistanın
yeni rəhbərliyinə
bir siqnaldır. Bu ölkəyə başçılıq edən
istənilən şəxs
bilməlidir ki, Ermənistanda inkişaf, sabitlik Dağlıq Qarabağ münaqişəsi
həll edilməyənə
qədər bərqərar
olmayacaq.
Ümumiyyətlə, real vəziyyəti təhlil edən ekspertlərin, demək olar, hamısının mövqeyi
bundan ibarətdir ki, Ermənistanın bir dövlət olaraq mövcudluğu və gələcəyi Dağlıq Qarabağ amilindən asılıdır. Azərbaycan torpaqlarını
işğal altında
saxlayıb, qonşu dövlətlərə ərazi
iddiası irəli sürmək isə erməni dövlətinin gələcəyini təhlükəyə
salır. Bu baxımdan Ermənistanda vəziyyətin düzəlməsinin
əsas şərtlərindən
biri və ən başlıcası Yerevanın öz qoşunlarını Azərbaycanın
işğal olunmuş
torpaqlarından çıxarmasıdır.
Çünki bu dövlətin
gələcəyi Azərbaycanla
qonşuluq prinsiplərinə
əməl etməkdən
keçir.
İndi isə məhz münaqişə səbəbindən
Ermənistanın tənəzzülü
davam edir, bu ölkəyə sərmayə qoyuluşu sıfır səviyyəsindədir. Parlament seçkilərindən
sonra qurulan yeni hökumətin bu acınacaqlı vəziyyəti aradan qaldırması da nəticə vermir. Hətta iş o yerə çatıb ki, xaricdə yaşayan erməni əsilli iş adamları belə Ermənistana sərmayə qoymur. Azsaylı xarici şirkətlər də ölkəni tərk edirlər.
Qarabağ münaqişəsi fonunda
Ermənistanın üzləşdiyi
ən ciddi problemlərdən biri demoqrafiya məsələsidir. Mühacirətin qarşısının alınması
isə məhz Qarabağ münaqişəsinin
çözümündən, ölkədə siyasi-iqtisadi
və sosial vəziyyətdən asılıdır.
Belə vəziyyət yalnız Qarabağ konfliktinin həlli fonunda düzələ bilər.
Başqa
sözlə, Ermənistanın
xilası Azərbaycanla
əməkdaşlıqdan keçir.
Ekspertlər hesab edirlər
ki, bunun üçün mütləq
işğal olunan Dağlıq Qarabağ regionu və ətraf rayonlar qeyd-şərtsiz azad edilməlidir.
Elçin CƏFƏROV
Azərbaycan.-
2019.- 22 yanvar.- S.1; 5.