Nakam talelər

 

Nəcəf Nərimanovun müəmmalı ölümü

 

"Əziz oğlum, Nəcəf! Əgər mən yaşasam, səni elə böyütməyə çalışacam ki, sən bəşəriyyət üçün faydalı adam olasan, əgər əcəl mənə aman verməsə, səndən təvəqqe edirəm mənim insanlara göstərdiyim kiçik xidmət qədər bir xidmət göstər. Mən ümid edirəm ki, sən öz işinlə mənim əməllərimi daha da dolğun edəcəksən”.

Dövrünün görkəmli şəxsiyyətərindən biri, ictimai-siyasi xadim, yazıçı və həkim Nəriman Nərimanov ölümündən bir qədər əvvəl - 1925-ci il yanvarın 28-də oğlu Nəcəfə tamamlanmamış məktubunda belə yazmışdı.

Bu məktub altı yaşlı bir uşağa ünvanlanmışdı. Bu məktub oğlunun gələcəyindən narahat bir atanın vəsiyyətiydi. Bu məktub atasının adına, xalqına, vətəninə layiq oğul ömrü yaşamağın məsuliyyətini anladırdı...

 

"Millətçilik”də günahlandırılan ata, əzabkeş ana...

 

O vaxtlar Nəcəf bir yerdə qərar tutmayan, dəcəl, qoçaq bir uşaq idi. Valideynləri ilə birlikdə Moskvada yaşayırdı. O, bu şəhərdə dünyaya göz açmışdı. Ömrü ictimai-siyasi hərəkatın, inqilabların təlatümləri işərisində keçən atası 1919-cu ilin ortalarında Həştərxandan Moskvaya çağırılmış, RSFSR Xalq Xarici İşlər Komissarlığında Şərq məsələləri üzrə xalq komissarının müavini vəzifəsinə təyin olunmuşdu. Nəriman Nərimanov Moskvaya həyat yoldaşı Gülsüm xanımla getmişdi.

Həmin ilin - 1919-cu ilin 2 dekabrında valideynlərinin ömrünə günəş kimi doğan körpəyə babası Nəcəfin adını vermişdilər.

Nəcəf Bakıya uşaq ikən gəldi. 1920-ci ildə atası Azərbaycan SSR Müvəqqəti İnqilabı Komitəsinin Sədri və Xalq Komissarları Sovetinin Sədri vəzifəsini yerinə yetirirdi. İctimai-siyasi hadisələrin gətirdiyi gərginliklər məsul vəzifələrdə işləyən, dövlət xadimi Nəriman Nərimanovu nə qədər məşğul etsə də, vaxtını, sağlamlığını, rahatlığını əlindən alsa da, ailəsinə diqqətini azalda bilmirdi. O, həyat yoldaşının qayğısına qalır, təhsilinə böyük diqqət göstərirdi. Nəriman Nərimanovun təsiri ilə ictimai həyata qoşulan Gülsüm xanım həyat yoldaşına yaxın köməkçi, sirdaş olmuşdu. Nəcəf isə onların hər ikisinin ən böyük sevinci idi.

1922-ci ilin dekabrında Nəriman Nərimanov SSRİ MİK-nın 4 sədrindən biri seçildi. Üç yaşlı Nəcəf ata-anası ilə Moskvaya qayıtdı.

1925-ci ilin martında.Nəriman Nərimanov müəmmalı şəkildə dünyasını dəyişdi və Moskvada Kremlin divarları yaxınlığında dəfn olundu. Həyatının ən böyük dayağını itirən Gülsüm xanım özündə güc tapmalı, altı yaşlı Nəcəfi atasına layiq oğul kimi böyütməliydi. Bütün çətinliklərə dözmək, övladının təlim-tərbiyəsi ilə məşğul olmaqla bərabər, təhsilini davam etdirmək, çalışmaq... nə qədər ağır olsa da, Gülsüm xanım bunlara dözə bilirdi. Onu sarsıdan ömrü fırtınalar içərisində keçmiş, xalqını sonsuz məhəbbətlə sevən həyat yoldaşının "millətçi”likdə suçlanması idi. Nəriman Nərimanovun unutdurulmasına, siyasi irsi ilə - "nərimanovçuluq”la mübarizəyə qərar verilmişdi. Bu haqsızlıq Gülsüm xanımı sarsıdırdı. O günlərdə təhsil həyatında, əmək fəaliyyətində fəallıq göstərsə də, Gülsüm xanımın ən böyük ümidi, təsəllisi balaca Nəcəf idi.

 

Son görüş...

 

Nəcəf Nərimanov ilk təhsilini Moskvanın 110 saylı məktəbində alırdı. O, böyüdükcə məktəbə isinişir, musiqi ilə məşğul olur, xarici dilləri öyrənirdi. Yuxarı siniflərdə texnikaya maraq göstərməyə başladı. 1938-ci ildə Leninqrad tank məktəbinə daxil oldu. Zehni, zəkası, hərbi texnikanı dərindən öyrənməyə marağı onu məktəbdə tanıtdı.

Nəcəfin gələcəklə bağlı bitib-tükənməyən arzularında akademiyada təhsil almaq da vardı. O, anasına yazırdı: "Ana, maşınların sirlərini yaxşı bilməliyəm ki, rotam qabaqcıl olsun. Sonra akademiyaya girəcəyəm. Mənə avtomobillər, traktorlar, tanklar, bu maşınların təmiri haqqında, benzinsürtkü yağları haqqında ədəbiyyat göndər”.

1939-cu ildə onu Kiyev tank məktəbinə keçirdilər. Nəcəfə verilən xasiyyətnamədə bildirilirdi: "Tapşırıqları layiqincə yerinə yetirir. Namusludur... Döyüş və nəqliyyat maşınlarını əla sürür. Komandirlik məharətinə mükəmməl yiyələnmişdir”.

Məktəbi 1940-cı il oktyabrın 7-də bitirdi. Qərbi Ukraynaya Stanislav şəhərindəki 15-ci hərbi tank diviziyasının 29-cu polkuna tank texniki təyin olundu. 1941-ci ilin mayında onların diviziyası 32-ci tank diviziyasının tərkibində Lvova göndərildi. Nəcəf Nərimanov orada təmir rotasının komandiri təyin edildi.

1941-ci ildə Gülsüm xanım rota komandiri olan oğlu ilə Lvov şəhərində görüşə bildi. Qısa müddətdə dünyanın qayğılarını, dərdlərini, ədalətsizliklərini unutdular. Bu görüşün ardınca gələcək əbədi ayrılıqdan xəbərsiz dərdləşdilər...

Çox keçmədi ki, İkinci Dünya müharibəsi başladı. Nəcəf cəbhəyə yollandı. Stalinqrad şəhərinin, Ukrayna torpaqlarının azad edilməsi uğrunda vuruşdu.

Nəcəf döyüşlərin birində yaralandı. O, Saratovda, hərbi xəstəxanada müalicə olunduqdan sonra yenidən cəbhəyə döndü. Çox keçmədi ki, qvardiya baş texnik leytenantı Nəcəfin rotası general-leytenant K.V.Sviridovun komandanlıq etdiyi ikinci qvardiya mexanikləşdirilmiş korpusunun tank hissələri tərkibində Stalinqradın şimal qərbinə və cənubuna yollandı. Nəcəf Nərimanov artıq çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirməsi ilə igid döyüşçü kimi tanınırdı.

 

Sirli gediş

 

Nəcəfin həyatının son günü ilə bağlı döyüş yoldaşı Nikolay Mixayloviç Sazonov Gülsüm xanıma göndərdiyi 13 sentyabr 1943-cü il tarixli məktubunda məlumat verirdi. Sazonov ən yaxın dostunun ölümü barəsində yazırdı: "9 sentyabr 1943-cü il batalyona generalın əmri gəldi ki, Nəcəfi Moskvaya getməsi üçün təcili onun yanına göndərsinlər. Və Nəcəfə əmr olunmuşdur ki, o, dərhal generalın yanına getməlidir və bildiyiniz kimi, orduda bu cür məsələlər sorğu-sualsız həyata keçirilir. Ümumiyyətlə, bu kimi hallarda kimin hara və hansı məsələ ilə bağlı çağırılmasına aydınlıq verilmir. Amma mən onun Moskvaya göndərildiyini əvvəlcədən bilsəm də, özünə deyə bilmədim. Çünki maşında məndən savayı da adamlar var idi. Bu arada gözucu Nəcəfə baxdım və digər dostumuz da bir-birimizin gözlərinin içinə baxaraq sakitcə dayanmışdıq. ...Beləliklə, Nəcəfin 10.09.1943-cü ildə Moskvada olması lazım idi.

Mən "xozeyin”lə reysdən qayıdıb mənzilə təzəcə girmişdim ki, Nəcəf qaçaraq otağa daxil oldusoruşdu ki, siz general-leytenantın getdiyi istiqamətə gedəsi deyilsiniz ki? Sonra da cavab gözləmədən dönüb qaçaraq otaqdan çıxanda mən arxadan onu saxlamağa və nəsə deməyə çalışdım. O, isə "Nikolay, mən qayıdacağam, qayıdacağam” - dedi və mən də onu yoldan saxlamaqdan vaz keçdim. Çünki vaxt artıq axşama doğru idi və hələ yüz km qədər yol getmək lazım idi. Əlbəttə ki, mən mənzildə qaldım. Və Nəcəfin Moskvaya özü ilə apara biləcəyi şeyləri yır-yığış etməyə başladım. Beləcə, 11 sentyabr günü səhərdən axşama gözlədim, arada uşaqlardan da soruşdum ki, Nərimanov birdəfəlik gedib, onlar da cavab verdilər ki, yox, qayıtmalıdır. ...Nəhayət, axşam da oldu və Nəcəf hələ də yox idi. İşdən çıxıb mənzilimə gəldim. Bu arada mənim "xozeyinim”də gəldi və birlikdə şam yeməyinə oturduq. Sakitcə bir-birimizə baxıb yemək yediyimiz zaman mən ondan soruşdum ki, yoldaş mayor, Nərimanov burada bizimlə qalacaq, yoxsa birdəfəlik gedəcək? O, qısa müddətə susdu. Sonra isə dərindən nəfəs alaraq bildirdi ki, kaş onu heç çağırmayaydılar və o bizimlə qalaydı, ona burada olmaq heçpis deyildi. Mən diqqətlə mayora baxıb yeməyi bir kənara itələdim və onun gözlərinin içinə baxaraq bir də nə baş verdiyini soruşdum. Mayorun deməyindən belə çıxdı ki, Nəcəf artıq həyatda yoxdur. Yerimdə donub gözlərimi onun üzünə zilləyərək birsoruşdum ki, necə yəni, ölüb, o, sənədləri təzəcə almışdı və Rostov şəhərinə göndərilməsini gözləyirdi. Mayorun dediyinə görə, qatar gözləyən zaman gözlənilmədən alman təyyarəsi peyda olub və atdığı bombalardan biri də Nəcəf Nərimanovun durduğu yerə düşüb. Hər halda, bütün bunlar mayorun dedikləridir”.

Məktubun sonunda Sazonov Gülsüm xanıma söz verirdi: "Bundan sonra da çalışacam ki, onun ölümü barəsində daha ətraflı məlumatlar toplayım, məzarının, harda dəfn olunmasının yerini öyrənim. Növbəti məktubumda çalışacam ki, sizə daha ətraflı yazım ki, nələri öyrənə bildim. Yaxın müddətdə onun dəfn olunduğunu düşündüyüm yerə gedəsiyik. Bu haqda da mən sizə növbəti məktubumda yazacam. Hələlik yaza biləcəklərim bu qədərdir”...

 

"Ana... sənin üçün darıxıram”

 

 

1943-cü ilin sentyabrında həlak olmuş Nəcəfin son məktubu isə ölümündən sonra anasına çatdı. O, məktubunda yazmışdı: "Ana, mən də sənin üçün darıxıram və inanıram ki, tezliklə arzularımız yerinə yetəcəkdir, tezliklə bu yırtıcı avaraları qırıb sakitcə, xoşbəxtcə yaşayacağıq”.

Onun igidliyini danmadılar. Alman işğalçılarına qarşı mübarizə cəbhəsində komandanlığın döyüş tapşırıqlarını nümunəvi yerinə yetirdiyinə və bu zaman rəşadət və igidlik göstərdiyinə görə ikinci mexanikləşdirilmiş qvardiya korpusu 58-ci əlahiddə təmir-bərpa batalyonu tanklarının təmiri rotasında vzvod komandiri, qvardiya baş texnik leytenantı Nəcəf Nəriman oğlu Nərimanovu SSR İttifaqı Ali Soveti Rəyasət Heyəti adından ölümündən sonra Birinci Dərəcəli Vətən müharibəsi ordeni ilə təltif etdilər.

Qəhrəmanın anasına tank korpusunun komandiri, general-leytenant K.Sviridov məktub göndərdi. O, yazırdı: "Sizin oğlunuz Nəcəf Stalinqrad vuruşmasında faşistlərə ilk güclü zərbə endirən hissədə xidmət etmişdir. Biz əmri yerinə yetirdik - almanları qovduq, Vətənimizin ən yaxşı və ləyaqətli oğulları arasında Sizinoğlunuz vardı... İllər keçəcək, biz itkilərin ağrısını unudacaq, xarabazarları bərpa edəcəyik, lakin bəşəriyyəti faşizm təhlükəsindən xilas etmək üçün özlərinin həyatını Nəcəf kimi qurban vermiş vətən oğullarını heç bir vaxt yaddan çıxarmayacağıq”.

Nəcəf Nərimanovun xatirəsini əbədiləşdirmək üçün həlak olduğu Volnovaxa şəhərində küçə və məktəblərdən birinə onun adı verildi.

Gülsüm xanım yeganə oğlunun faciəli ölümündən sonra on il yaşadı. Həyatın zərbələrinə dözmək onun üçün asan olmadı. Ömrünün sonlarında Nəriman və Nəcəflə keçirdiyi günlərin xatirələrinə sığındı. Gülsüm xanım 1953-cü ildə sovet hökumətinin darmadağın etdiyi xoşbəxtliyinin, ömrü yarımçıq qırılmış həyat yoldaşının, övladının həsrəti ilə gözlərini əbədi yumdu. Gülsüm Nərimanova Moskvadaki Vaqankovskoye qəbirstanlığında dəfn edildi.

İyirmi üç yaşında qurban getmiş Nəcəfin faciəsi isə bir ananın dərdi deyildi. Gənc yaşda ömürlərinə qıyılan Nəcəf Nərimanov kimi övladların dərdi bütövlükdə vətənin idi. O oğullar ki öz bənzərsiz istedadları, bitib-tükənməz arzuları, yaratmaq eşqi, mübarizlikləri ilə Azərbaycana xidmət edəcəkdilər... Sovet hökuməti onların bir çoxuna yaşamaq üçün fürsət vermədi.

Ata Nərimanovun ölümü müəmmalı olmuşdu. Elə oğul Nərimanov da atasının qədərini yaşadı. Yenə də atanın haqq-hesabını oğlu ilə çəkdilər. Gənc Nəcəf Nərimanovun da ölümü müəmmalı oldu...

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2019.- 22 yanvar.- S.7.