İmzamızla sözümüz eynidir
İlham
Əliyev Azərbaycanın geostrateji əhəmiyyətinin
coğrafi miqyasından daha böyük olduğunu bəyan
etdi
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib.AZƏRTACmüsahibənin mətnini təqdim edir.
- Cənab Prezident, Sizi Davosda görmək bizdə
böyük məmnunluq hissi doğurur.
- Çox sağ olun, sizi görməyə şadam.
- Ölkənizdəki neft və qaz sektorunun
inkişafı iqtisadiyyatınızın yüksək səviyyəyə
qaldırılmasına imkan verib və bu, Sizin
baxışınız nəticəsində mümkün olub.
Sualım belədir ki, bu, dayanıqlı olacaqmı?
- Siz doğru qeyd etdiniz, neft və qaz iqtisadiyyatımızın aparıcı qüvvəsidir. Biz böyük enerji şirkətlərini Azərbaycana sərmayə yatırmaq üçün cəlb etdiyimizə görə çox böyük tərəqqiyə nail olmuşuq. Lakin indi, əlbəttə ki, bizim əsas vəzifəmiz iqtisadiyyatımızı şaxələndirməkdir və neft-qazdan asılılığımızı azaltmaqdır. Bu, asan olmayacaq, çünki biz indi neft və qaz ehtiyatlarımızın işlənilməsinin aktiv inkişaf fazasındayıq. Lakin, eyni zamanda, son illərdə biz əsasən infrastruktura sərmayə yatırmışıq. Biz çoxlu sərmayə cəlb etdik, son 15 ildə təqribən 250 milyard dollar həcmində. Dünya Bankının "Doing Business” reytinqində biz 25-ci yerdəyik. Buna görə düşünürəm ki, neft-qaz sektorundan başqa digər sektorlara sərmayə yatırmaq üçün investorları cəlb etmək çətin olmayacaq.
- Cənab Prezident, başa düşürəm ki,
infrastruktur sahəsinin sizin ölkədə vacib potensialı
var. Məsələn, Siz bir neçə vacib infrastruktur layihələri
üzərində işləyə bilərsiniz. Yəni,
ölkənizdə həyata keçirilən layihələri,
eyni zamanda, digər Xəzəryanı ölkələr
arasında və hətta bu regiondan kənarda olan layihələri
nəzərdə tuturam. Bunun inkişaf üçün
qısamüddətli və uzunmüddətli təsirləri
nədir?
- Siz tamamilə düzgün deyirsiniz. Biz Azərbaycana və onun sərhədlərindən kənara sərmayə yatırmışıq. İlkin olaraq prioritet, əlbəttə ki, müasir infrastrukturun yaradılması idi. Bu infrastruktur da öz növbəsində, investorlar, biznes dairələri üçün çoxlu potensial və insanlarımız üçün rahatlıq yaradacaq. Buna görə biz əsasən elektrik enerjisinin istehsalına sərmayə yatırdıq və elektrik enerjisi idxal edən ölkədən elektrik enerjisi ixrac edən ölkəyə çevrildik və bundan çoxlu qazanc götürmüşük. Biz ölkə daxilində qazlaşdırma səviyyəsini 95 faizə qədər artırdıq. Bu da, zənnimcə, çox yaxşı nəticədir. Biz əsasən yol tikintisinə sərmayə yatırmışıq və Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, bizim yollarımız keyfiyyətinə görə dünyada 34-cü yerdədir.
Həmçinin suyun təmizlənməsi və irriqasiya sahəsində çoxlu işlər görülüb. Eyni zamanda, biz nəqliyyat infrastrukturumuza sərmayə yatırdıq ki, bu da bizə çoxlu yükləri cəlb etməyə və bir hab yaratmağa imkan verəcək. Bizim dəmir yollarımız, altı beynəlxalq hava limanımız var, bizə 15 milyon tondan 25 milyon tona qədər yük daşımağa imkan verəcək yeni Ələt Ticarət Limanımız var. Bütün növ gəmiləri istehsal etməyə və Xəzər dənizində yük daşımalarını artırmağa, eyni zamanda, Mərkəzi Asiya və Avropa ölkələri ilə əlaqələrimizi yaratmağa imkan verəcək yeni Gəmiqayırma zavodumuz var. 2017-ci ildə biz Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını etdik. Bu dəmir yolu Azərbaycan və Avropa, eləcə də Avropa və Asiya arasında çatışmayan bir bağlantı idi. Hazırda bu dəmir yolu fəaliyyət göstərir və biz yüklərin artımını görürük. İnfrastruktur bizə çoxlu yükləri cəlb etməyə və bir çox ölkələr arasında yeni vacib bağlantı yaratmağa kömək edir.
- Siz bir Prezident olaraq həmişə demisiniz ki, nailiyyətlərinizlə fəxr edirsiniz. Lakin yenə də belə bir sual yaranır ki, qısamüddətli və uzunmüddətli perspektivdə bu nailiyyətlərdən necə faydalanmaq olar. Qısa müddətdə nəticələri dərhal görmək mümkün deyil. Burada belə bir problem var, elə deyilmi?
- Bəli, siz tamamilə düz qeyd edirsiniz. Biz infrastruktur layihələrinə vəsaiti dövlət büdcəsindən yatırmışıq və biz anlayırıq ki, bu vəsaitin faydasını bir çox ildən sonra görəcəyik. Lakin əvvəl də qeyd etdiyim kimi, ilkin olaraq biz öz xalqımız üçün çox yaxşı şərait yaratmaq istəyirik. Biz infrastrukturu yeniləmək istəyirdik və biznes dairələrinin faydalana biləcəyi şərait yaratmaq istəyirdik. Eyni zamanda, Azərbaycanda nəqliyyat qovşağının yaradılması bizə Şərqdən Qərbə və Şimaldan Cənuba vacib tranzit ölkə olmaq imkanını verəcək. Bu investisiyalar gələcək üçün yatırılıb. Ola bilsin ki, biz gələcək on il ərzində yatırdığımız vəsaiti geri götürəcəyimizi gözləmirik. Lakin bizim planımız neft və qaz sektorundan başqa yeni imkanlar və gəlir mənbəyi yaratmaqdır. Bir gün neft və qaz tükənəcək, lakin coğrafiyamızı nəzərə alsaq, nəqliyyat infrastrukturu həmişə qalacaq.
- Cənab Prezident, Sizin bir çox ölkələrdə
olan həmkarlarınız uzunmüddətli perspektivə
investisiyaların yatırılmasına arzuolunmaz hal kimi baxa
bilər. Deyə bilərlər ki, əsas diqqətimizi bu
günə, lap uzağı sabaha yönəldirəm. Bir
dövlət başçısı kimi Siz bu qısamüddətli
və uzunmüddətli faydalar arasında balansın
qorunmasına necə baxırsınız?
- Qısamüddətli faydalara gəldikdə deyə bilərəm ki, bizim nisbətən qısa müddət ərzində xeyli gəlir gətirən çoxlu layihələrimiz var. Biz investisiyaların cəlb edilməsi mexanizmini yaradırıq, eyni zamanda, özəl sektorumuza çox aşağı faiz dərəcəsi ilə kreditlər ayırırıq ki, onlar da tezliklə gəlir gətirəcək sahələrə investisiya yatıra bilsinlər. Məsələn, kənd təsərrüfatı, kiçik və orta biznes kimi sahələr. Biz bunu qısamüddətli gəlir götürmək üçün edirik. Lakin uzunmüddətli investisiyalara gəldikdə əsas məqsəd elə bir infrastrukturun yaradılmasıdır ki, o, uzun zaman ərzində fəaliyyət göstərsin və ölkəni dəyişmiş olsun, dünyanın ölkəyə münasibətini dəyişmiş olsun. Çünki bu infrastruktur layihələri olmadan Azərbaycanın coğrafi mövqeyinin bir o qədər də böyük mənası yoxdur. Biz ölkələri və insanları birləşdirməyə nail olmuşuq. Sizə deyə bilərəm ki, nəqliyyatla bağlı infrastruktur layihələri regionumuzda tamamilə yeni siyasi vəziyyət yaradır. Bir-birindən asılı olan ölkələr; biri tranzit ölkəsindən asılıdır, digəri tranzit ölkəsi olur, əlbəttə ki, onlar arasında daha yaxın münasibətlər yaranır. Onlar faydaları paylaşır, onlar bütün tərəflərin uduzmadığı bir vəziyyət tapa bilir. Təkcə ikitərəfli formatda yox, çoxtərəfli formatda da. Xəzər dənizi vasitəsilə qitələrin birləşdirilməsi, Bakıda dəniz limanının tikintisi, dəmir yolu sistemimizin Avropa sistemi ilə birləşməsi yeni əməkdaşlıq formatını yaradır və qarşılıqlı asılılıq, zənnimcə, fəal siyasi dialoq üçün, müəyyən çətinliklərin, gərginliklərin azaldılması üçün və müsbət gündəliyə diqqət yetirmək üçün mühüm alətlərdən biridir. Bizim hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir. Eyni zamanda, məqsədlərimizə - siyasi, iqtisadi və maliyyə məqsədlərimizə fəal əməkdaşlıq və qarşılıqlı dəstək vasitəsilə nail olmaqdır.
- Cənab Prezident, bilirəm ki, hətta
indi digər çağırışlarla yanaşı, sizin
ölkəniz müəyyən ərazi mübahisəsi ilə
üz-üzə qalıb. Əlaqəlilik, infrastruktur, daha
yaxşı mühitin qurulması və iqtisadiyyatın
insanlarla alyansı Sizə bu problemi çözmək
üçün fürsət tapmağa imkan verəcəkmi?
- Mən əminəm ki,
bu, bizim iyirmi ildən artıqdır işğal altında
qalan torpaqlarımızın azad edilməsi üçün ən
effektiv yollardan biridir. Müstəqilliyimizin ilk illərində
biz Ermənistanın təcavüzünə və
işğalına məruz qaldıq. Bunun nəticəsində
bir milyondan çox azərbaycanlı qaçqın və məcburi
köçkünə çevrildi, torpaqlarımızın
iyirmi faizi işğal altındadır. BMT Təhlükəsizlik
Şurasının erməni qoşunlarının
torpaqlarımızdan dərhal və qeyd-şərtsiz
çıxarılmasını tələb edən və
iyirmi beş il bundan əvvəl qəbul olunan dörd qətnaməsinə
baxmayaraq, onlar icra olunmur. Buna görə də biz hədəfimiz
olan ərazi bütövlüyümüzün bərpa edilməsi
və bir milyondan artıq insanın evlərinə
qayıtması üçün daha güclü, daha
uğurlu və daha effektiv olmalıyıq. Buna görə də
özümüzü təminetmə, öz resurs və
ehtiyatlarımıza arxalanma siyasətimiz artıq bizi uğura
aparır. Biz indi yaşayış standartlarını
artırırıq, bizim yaxşı beynəlxalq nüfuzumuz
var. Qeyd
etdiyim kimi, biz demək olar ki, 250 milyard dollar investisiya cəlb
etmişik. Biz hərbi potensialımıza çoxlu sərmayə
yatırmışıq və öz qonşularımızla
çox uğurlu əməkdaşlıq formatını
yaratmışıq. Beləliklə,
torpaqlarımızın işğalını davam etdirən
ölkə bütün bunları qiymətləndirməlidir.
Başa düşməlidir ki, onlar da bu böyük əməkdaşlıq
formatının bir tərəfi ola bilərdi,
yəni, enerji, neft-qaz, nəqliyyat, bağlılıq layihələrindən
asılı olub-olmayaraq. Bütün bu layihələr onlardan
yan keçir, bir səbəbə görə: səbəb
işğaldır. İşğala son qoyulsa,
onda əlbəttə ki, bizim regionumuzda daha geniş beynəlxalq
əməkdaşlıq və davamlı sülh olardı.
- Beləliklə,
cənab Prezident, iqtisadi gücün və ölkənizin beynəlxalq
arenada nüfuzunun artmasının Sizə bu problemin həllində
kömək edəcəyinə inanırsınızmı?
- Tamamilə belədir. Biz nəticələri görürük, biz müsbət
dinamikanı görürük və səmimi desəm
görürük ki, beynəlxalq təşkilatların qətnamələri
icra olunmur və buna görə cəza olmur. Dünyada aparıcı beynəlxalq təşkilat
olan BMT Təhlükəsizlik Şurası münaqişə
ilə bağlı qətnamə qəbul edir, lakin
münaqişə həllini tapmır, qətnamələr
icra olunmur. Buna görə də biz əlbəttə
ki, beynəlxalq hüquqa arxalanmalıyıq, lakin, eyni zamanda,
biz daha güclü olmalıyıq. Biz
iqtisadi cəhətdən daha güclü olsaq, biz siyasi cəhətdən
də daha güclü olacağıq. Biz
milli maraqlarımıza əsaslanan müstəqil xarici siyasət
yürüdə biləcəyik. Həmçinin
biz xarici borcumuzun azalması üzərində çox işləmişik.
Bu gün bu borc ümumi daxili məhsulun 19 faizi
səviyyəsindədir. Bu da yaxşı
göstəricidir. Lakin daha yaxşı
göstərici xarici borcumuz və ehtiyatlarımız
arasında olan nisbətdir. Bu nöqteyi-nəzərdən
bizim sərbəst konvertasiya olunan valyuta ehtiyatlarımız
xarici borcumuzdan 4-5 dəfə çoxdur. Başqa
sözlə, biz xarici borcumuzu bir neçə aya ödəyə
bilərik və biz iqtisadi nöqteyi-nəzərdən heç
bir ölkədən asılı deyilik.
- Mən
görürəm ki, Siz öz nailiyyətlərinizlə
çox fərəhlənirsiniz. Lakin
dünyamız çox fərqli dünyadır. Çünki qeyd etdiyiniz strateji düşüncələrə
əsasən gündəlik olaraq müəyyən seçimlər
etməlisiniz. Siz qloballaşmanı necə
görürsünüz? Bu, artıq bir
zarafat deyil və bir çox məqamların təzahürüdür.
Cənab Prezident, bu böyük dəyişiklik xəritəsində
Siz öz ölkənizi necə görürsünüz? Sizin
və ölkəniz üçün olan düzgün yeri necə
tutmaq olar?
- Düşünürəm ki, Azərbaycan
təcrübəsi, bizim əldə etdiyimiz nəticələr
siyasətimizin doğru olduğunu nümayiş etdirir. Biz o qədər də sabit olmayan bir regionda
yaşayırıq. Sərhədlərimizə
yaxın zonada gərgin vəziyyət müşahidə
olunur. Biz yeni münaqişə mənbələrini,
yeni risk mənbələrini görürük. Buna görə də bizim əsas məqsədimiz Azərbaycanı
potensial risklərdən qorumaqdır. Bunun
üçün bayaq da qeyd etdiyim kimi, biz daxildə
güclü olmalıyıq. Bunun
üçün bizim qonşularımızla yaxşı
münasibətlərimiz olmalıdır və bizim belə
münasibətlərimiz var. Həmçinin dünyanın aparıcı
mərkəzləri ilə də yaxşı münasibətlərimiz
olmalıdır.
- Siz nəyi nəzərdə
tutursunuz?
- Mən aparıcı ölkələri,
aparıcı iqtisadiyyatları, dünya gündəmini müəyyən
edən ölkələri, beynəlxalq sülh və təhlükəsizliyin
asılı olduğu siyasət yürüdən ölkələri
nəzərdə tuturam. Düşünürəm ki, biz
milli maraqlarımızın, milli kimliyimizin, müstəqilliyimizin
çox güclü müdafiəsi və eyni zamanda, qeyd
etdiyim ölkələrlə yaxşı iş münasibətləri
arasında balansı tapa bilmişik. Qonşularımızla
münasibətlər prioritetdir, çünki biz regionda
yaşayırıq. Lakin, eyni zamanda, bizə
daha böyük gündəlik lazımdır. Çünki Azərbaycan coğrafi nöqteyi-nəzərdən
böyük ölkə deyil. Lakin regionda
edə bildiklərimiz, hansı töhfələri verə biləcəyimiz
nöqteyi-nəzərindən biz coğrafiyamızdan daha
böyüyük.
- Bu balansı
tapmaq üçün Sizdən nə tələb olunur? Biz artıq bunun müsbət və mənfi tərəflərini
on illərdir ki, görmüşük. Lakin
Sizə və ölkənizə ən yaxşı balansı
tapmaq üçün nə lazımdır? Yeri gəlmişkən,
bunu tapmaq o qədər də asan deyil. Siz bu balansa necə nail
olursunuz?
- Daxili və iqtisadi siyasət
baxımından, əlbəttə, düşünürəm
ki, bizim nailiyyətlərimizdən biri neft və qazdan əldə
etdiyimiz gəlirlərin düzgün idarə edilməsinə
nail olmağımızdır. Neft bizim
iqtisadiyyatımıza, bizim xalqımıza, bizim infrastruktura,
sosial problemlərin həllinə böyük dəstək
olub. Bu kimi işlərin aparılması
çox düzgün idi. Biznes dairələri,
investorlarla qarşılıqlı fəaliyyət nöqteyi-nəzərindən
biz çox yaxşı investisiya mühiti yaratdıq. Biz demək olar ki, 250 milyard dollar həcmində
investisiya cəlb etdik.
- Bəs, geosiyasi
baxımdan necə? Bu, çox vacibdir, Sizin
iqtisadiyyatınız çox yaxşı fəaliyyət
göstərir, yaxşı gəlirləriniz var, onları
düzgün yerlərə yatırırsınız. Biz hamımız bunu başa düşürük.
Lakin daha mürəkkəb məsələ var?
- Mən sizin dediyiniz suala gəlirəm.
Lakin ölkə daxilində
gördüyümüz işlərdən başlamaq istəyirəm.
Düşünürəm ki, ölkələrlə,
qonşularımızla, tərəfdaşlarımızla
qarşılıqlı əlaqə baxımından uğurlu
siyasətin, bəzən tarazlaşdırılmış siyasətin
səbəblərindən biri odur ki, biz həmişə
işimizə sadiq olmuşuq. Bəzən
bizim tərəfdaşlar, qonşularımız bizimlə
razılaşmaya bilər. Bəzən
bizim işlərimiz onların xoşuna gəlməyə bilər.
Lakin onlar həmişə bilirlər ki, biz
dediyimizi həmişə edirik. Onlar bilirlər
ki, imzamızla sözümüz eynidir. Biz
heç vaxt heç kimi məyus etməmişik. Buna görə də bu, artıq etimad məsələsidir
və Azərbaycan böyük etimad qazanan ölkədir.
Bayaq da qeyd etdiyim kimi, digər ölkələrlə
qarşılıqlı fəaliyyətdə bizim siyasətimiz
müsbət ssenariyə əsaslanır. Biz müsbət
tərəfdaş, dost olmaq istəyirik. Biz
imkanımız olduqda kömək etmək istəyirik. Bu kömək vasitəsilə biz çox güman
ki, müəyyən çətinliklərdən fayda
götürməkdən daha çoxuna nail oluruq. Buna görə düşünürəm ki, Azərbaycan
artıq müstəqil xarici siyasəti olan ölkə kimi
tanınır və daxili sabitlik, iqtisadi inkişaf bizə bu
gücü verir. Eyni zamanda, biz hər
hansı bir ölkəyə zərər vurmuruq. Biz, sadəcə,
daha yaxşı münasibətlər qurmaq, daha çox
iş görmək, insanlarımıza daha yaxşı şərait
qurmaq istəyirik, sülh və harmoniya içində
yaşamaq istəyirik.
- Cənab
Prezident, dediyiniz kimi, ölkəniz coğrafi baxımdan
çox əhəmiyyətli strateji mövqeyə malikdir. Sizin mühüm qonşularınız var: Rusiya,
Çin və digər ölkələr. Avropa
da Sizin üçün çox güclü potensialı olan
qonşudur. Eyni zamanda, ABŞ-ın son günlər və
illər ərzində çox fərqli mövqeyinin
şahidisiniz. Cənab Prezident, elə bir zamandır ki,
hamı bu mühitdə öz yeri üzərində
düşünür. Hansı böyük
ideyaları dəstəkləmək lazımdır? Ölkə daxilinə nə dərəcədə
diqqət yetirmək zəruridir? Dünyaya
nə dərəcədə açıq olmaq lazımdır?
Maraqlarımız digərləri ilə nə dərəcədə
üst-üstə düşür? Onlardan
mənim payıma düşən nədir? Bütün bu suallar bir-biri ilə
bağlıdır. Lakin lider kimi, ola
bilsin, Siz bu haqda hər gün
düşünürsünüz. Bu gün
siyasi rəhbərin ən vacib keyfiyyətlərini nədə
görürsünüz? Gələn nəsil
liderlər üçün məsləhətiniz nə
olardı?
- Əlbəttə ki,
dünya dəyişir, regionumuz dəyişir, bir çox
hadisələr baş verir. Siz onları beş
il əvvəl heç təsəvvür edə bilməzdiniz.
Buna görə, hesab edirəm ki, hər bir lider
hadisələri izləməlidir və baş verənlərə
hər zaman diqqətli olmalıdır. Biz
bir və ya iki ildən sonra dünyada nəyin baş verəcəyini
bilmirik. Lakin bugünkü geosiyasi mühitə
gəldikdə, fikrimcə, biz həmin mühitdə öz
yerimizdə qərarlaşmışıq və bu mövqe
bizi qane edir. Beynəlxalq siyasət
nöqteyi-nəzərindən, əsas məqsədimiz elə
bir xarici siyasətdən ibarətdir ki, onun ölkənin
daxili vəziyyətinə müsbət təsiri olsun,
bütün növ riskləri azaltsın. Zənnimcə,
biz buna nail olmuşuq, çünki Azərbaycanda insanlar dinc
şəraitdə yaşayır və ölkə sabitdir.
Biz gələcəkdə nəyin
olacağını bilmirik.
- Qeyri-müəyyənlik Sizi çəkindirirmi? Yaxud, bu, Sizi həvəsləndirirmi? Bu
cür hallar, eyni zamanda, həm çağırış, həm
də imkanlar deməkdir?
- Xarici siyasətin və mühitin
bizə təsir göstərməsi baxımından
düşünürəm ki, bu gün malik olduğumuz yetərlidir.
Siz hər zaman daha yaxşı hal üzərində
fikirləşə bilərsiniz. Hər zaman, hesab edə
bilərsiniz ki, beynəlxalq vəziyyət sizin
üçün daha üstün ola bilər,
lakin buna nail olmaq üçün siz, həmçinin ürəkdən
çalışmalısınız. Əgər
siz oturub gözləsəniz, bu, heç zaman baş verməyəcək.
Hazırda fikirləşirəm ki, ətrafımızda
formalaşan beynəlxalq vəziyyət pisləşməsin.
Bu, məni narahat edir. Əgər o,
yaxşılaşarsa və biz onu daha da
yaxşılaşdırsaq, töhfə versək, lap
yaxşı. Lakin əgər bu, baş verməsə,
onda bu gün olduğumuz vəziyyətdə qalsaq
yaxşıdır, çünki Azərbaycan
üçün bu günün beynəlxalq mühiti, fikrimcə,
ən münasibdir və ən yaxşısıdır.
O, bizə daxili məsələlərə, hələ də
mövcud olan daxili problemlərə, onların dinc şəkildə
həllinə diqqəti yönəltməyə imkan verir. Sizin müxtəlif ölkələrlə çətinlikləriniz,
anlaşılmazlıq, toqquşmalar, qarşıdurmalar olanda,
bu, sizin diqqətinizi başqa istiqamətə çəkir və
sizə daxili məsələlərinizlə daha çox məşğul
olmağa imkan vermir. Mənim
üçün, bir Prezident kimi, ən vacibi xalqın gündəlik
həyatı, iqtisadiyyatımız, sənayemiz, sosial problemlərimizin
həllidir. Xarici siyasətimiz onun
qoruyucusudur, ona zəmanət yaradır. Bu
günə qədər siyasətimiz uğurlu olub. Lakin gələcəkdə nə baş verəcəyini
gələcəyin özü göstərəcək.
- Cənab
Prezident, Çin Prezidenti Si Cinpin ötən ilin sonunda Sizin ad gününüz münasibətilə
Sizə təbrik məktubu göndərdi. Əminəm ki, Siz
o məktubu lazımi qaydada aldınız.
- Bəli, əlbəttə.
- Bu, təbii ki, Sizin və tərəfdaşlarınızın
müxtəlif sahələrdə göstərdiyi səylərin
təzahürüdür. Məsələn,
"Bir kəmər, bir yol” təşəbbüsü. Bu təşəbbüsün də müxtəlif təfsiri
və qavranılması var. Çinin təşəbbüsü
kimi qarşılanan həmin layihə, əslində, regional təşəbbüs
olub. O, daha çox tərəfdaşlar tərəfindən
irəli sürülmüş platformadır. Siz, Azərbaycan
Prezidenti kimi necə düşünürsünüz, bu
platforma Sizə nə verə bilər? Onun sayəsində Siz
nəyə nail ola bilərsiniz?
- Haqlısınız, Prezident Si
Cinpin, nəzakətlilik göstərib mənə ad
günüm münasibətilə təbrik məktubu göndərdi.
Mən də hər zaman onu doğum günü
münasibətilə təbrik edirəm.
Çinə bir neçə il öncə çox uğurlu rəsmi səfərimi,
Prezidentlə söhbətimi xatırlayıram. Yeri
gəlmişkən, biz bir neçə mühüm sənəd
imzaladıq və onlar əməkdaşlığımız
üçün yaxşı çərçivə
yaradır. Əlbəttə ki, səfərim
və digər görüşlər zamanı biz "Bir kəmər,
bir yol” təşəbbüsünü müzakirə etdik.
Azərbaycan onu tam dəstəkləyir və Azərbaycanın
bu təşəbbüsünün və layihənin çox
fəal üzvünə çevrilməsi üçün
biz əlimizdən gələni etmək istəyirik. Fikrimizcə, biz nəqliyyat şəbəkəsini
Avropaya qədər uzatmışıq və
Bakı-Tbilisi-Qars dəmir yolunu çəkməklə xətləri
birləşdirdik. Lakin Çindən
Avropaya doğru başlayan daşımaların çox sayda
istiqamətləri var. Buna görə, biz bu prosesdə daha
yaxından iştirak etmək arzusundayıq. Bu məqsədlə, əlbəttə ki, Mərkəzi
Asiyada, Gürcüstanda, Türkiyədə və
Avropadakı tərəfdaşlarımızla işləyirik.
Təbii ki, əsas məqsədimiz Çindən
yükləri qəbul etməkdən və onların
daşınmasını təmin etməkdən ibarətdir.
Azərbaycan daxilində hər şey
hazırdır. Hazırda Azərbaycan Xəzər
dənizində ən böyük donanmaya malikdir. Bu, əsasən, tankerlər və digər yük gəmiləridir.
Onlar Şərqdən Qərbə və geriyə
malları daşıyırlar. Əlbəttə
ki, daha çox Çin şirkətlərinin Azərbaycanda işlədiyini,
ölkəmizə sərmayə qoyduğunu, yeni imkanlar
tapdıqlarını görmək istərdik. Beləliklə, "Bir kəmər, bir yol” bizim
üçün həqiqətən çox əhəmiyyətli
layihədir. Biz onu qəti şəkildə
dəstəkləyirik və onun çatışmayan hissəsinin
yaradılmasına töhfə vermişik.
-
Çatışmayan hissə dedikdə nəyi nəzərdə
tutursunuz?
- Mən Bakıdan
başlayan və Türkiyəyə gedən dəmir yolunu nəzərdə
tuturam, çünki əvvəllər bu əlaqə yox idi və
Asiyadan gələn yüklər Azərbaycan üzərindən
Gürcüstanın Qara dənizdəki limanına
daşınırdı. Türkiyəyə dəmir yolunun çəkilməsi
ilə yüklər artıq Aralıq dənizinin sahilinə
çatdırılır və eyni zamanda, dəmir yolu ilə
birbaşa Avropaya daşınır. Buna
görə, o, xərclərə qənaət, vaxt
baxımından sürətli daşınma və bizim
üçün daha çox gəlirin əldə olunması
deməkdir.
- Siz daha çox
diqqət yetirirsiniz...
- Nəyə?
- İndicə qeyd etdiyiniz infrastruktur imkanlarına diqqət
yetirirsiniz.
- Bəli, birmənalı olaraq. Bakı–Tbilisi–Qars dəmir yolu xətti 2017-ci ilin
sonunda açıldı. Bakının dəniz
limanı ərazisində böyük mərasim təşkil
edilmişdi və biz birinci yükü yola saldıq. Yeri gəlmişkən, biz, həmçinin
Çindən yükləri artıq qəbul etməyə
başlamışıq.
- Lap yaxşı.
Cənab Prezident, mənim sualım var. Adətən yeni ideya
irəli sürüləndə və xüsusən də bu
addımı yeni formalaşan və inkişaf edən ölkə
atanda ona o qədər inamla yanaşmırlar. Bununla
bağlı araşdırmalar və debatlar gedir. Lakin
onun icrası üçün, həmçinin çox sayda həvəsləndirici
yollar var. Bu, maraqlı balansdır, elə deyilmi? Yəni, skeptik yanaşma yaradıcı fikirlərlə
əvəz edilə bilər. İnkişaf
edən ölkənin Prezidenti kimi Siz buna necə
yanaşırsınız?
- Əlbəttə, bu,
skeptik yanaşmanı doğuran təşəbbüslərdən,
layihələrdən asılıdır. Deyə bilərəm
ki, Azərbaycanın başlatdığı və ya
qoşulduğu bütün layihələr bizim tərəfdən
tamamlanıb. Azərbaycandan Aralıq dənizinə
boru kəmərinin çəkilməsi haqqında
düşünməyə başlayanda bizim də ətrafımızda
çox skeptik yanaşma müşahidə olunurdu. Bunun mümkünsüz olacağı, heç zaman
baş verməyəcəyi ilə bağlı
çoxsaylı spekulyasiya, təhlillər və məqalələr
oldu. Lakin bu, baş verdi.
- Siz həmin
şərhlərə necə baxırsınız?
- Bilirsiniz, onlardan bəziləri, sadəcə, informasiyanın çatışmadığı, mümkünsüz görünən bu layihəni icra etməkdə qətiyyətimiz barədə məlumatın olmaması ilə bağlı idi. 2000-ci ilin əvvəlində həmin layihəni başladığımız zaman Azərbaycan bu gün olduğu qədər güclü deyildi. O vaxt biz xarici maliyyə dəstəyindən çox asılı idik. Skeptik ideyaların çox böyük qismi qeyri-ədalətli yarışma cəhdləri ilə bağlı idi. Mən bunu bu cür diplomatik formada təsvir edirəm. Buna görə, biz cavab tədbiri görmədik. Biz bildirdik ki, görəcəyimiz işlə cavab verəcəyik. Biz nəticələrlə cavab verməli idik. Bakı ilə Aralıq dənizindəki Ceyhan arasında uzunluğu təxminən 2 min kilometr olan boru kəməri çəkildikdən sonra hamı gördü ki, biz skeptik düşüncəni darmadağın etdik. Eyni yanaşma, daha böyük layihə olan Cənub Qaz Dəhlizində müşahidə olundu. Bu, 7 ölkəni əhatə edən, təxminən 10-a yaxın beynəlxalq bankın, çoxsaylı şirkətlərin iştirak etdiyi, dəyəri 40 milyard ABŞ dolları olan layihədir. Bu layihəni biz başlatmışıq. Resursların həcmi, kəmərin necə tikiləcəyi, texniki çətinliklər, maliyyə mürəkkəbliyi və digər məsələlərlə bağlı çox skeptik fikirlər var idi. Biz isə dedik: biz bunu başlamışıqsa, bunu edəcəyik. İndi, demək olar ki, həmin layihə tamamlanmaq üzrədir. Buna görə, biz skeptik yanaşmaya sözlərlə deyil, atdığımız addımlarla, gördüyümüz işlə cavab verməliyik. Bundan fərəhlənə bilərik. Hazırda isə həmin layihəyə skeptik yanaşanların səsini artıq eşitmirik.
- Cənab Prezident, bu baxımdan onlara işlərinizlə
cavab verməkdə böyük müdrikliyinizi görürəm.
- Sağ olun. Bəli.
- Cənab Prezident, Çin və ölkəniz ikitərəfli
ticarət üzərində çalışıblar. Bu
günə olan məlumata görə, Azərbaycanla ticarət
aparan ölkələr arasında Çin hələ ki,
iyirmi beşinci yerdədir. Bilirəm ki, Siz və Çin rəhbərliyi
daha yaxşı iqtisadi və ticari əlaqələr yaratmaqda
çox israrlısınız. Cənab Prezident, bu sahəni
necə inkişaf etdirmək olar və insanlar arasında
onların gündəlik həyatına müsbət təsir
göstərəcək təmasları necə artırmaq
olar? Regionunuzun daha cəlbedici olması üçün nə
etmək lazımdır? Bu, həm Sizi, həm digər region rəhbərlərini
maraqlandıran sualdır...
- Bəli, haqlısınız. Biz bunun üzərində işləyirik. İnsanlar arasında təmaslara gəldikdə, bu yaxınlarda biz Çin vətəndaşları üçün viza məhdudiyyətlərini aradan qaldırmışıq. Hazırda Azərbaycana səfər etmək istəyən hər kəs öz evindəki kompüter vasitəsilə maksimum üç gün və hətta bəzən bir neçə saat ərzində elektron viza ala bilər. Bu, tərəfdaşlığımızın təzahürü olaraq, Çin vətəndaşlarının ölkəmizə səfərləri üçün daha yaxşı imkanların yaradılmasına görə edilmişdir. Ticarətimizi inkişaf etdirmək məqsədilə biz bir neçə ixrac missiyalarını Çinin müxtəlif bölgələrinə göndərmişik. Artıq yaxşı nəticələrimiz var. Biz Çində Azərbaycan şərabları evlərini açmışıq. Biri Şanxaydadır, digəri isə başqa şəhərdədir. Çində təşkil olunan böyük sərgilərdə dövri olaraq öz kənd təsərrüfatı məhsullarımızla iştirak edirik. Biz çinlilərə nailiyyətlərimizi göstərmək istəyirik və mallarımız üçün çox böyük, əhəmiyyətli, cəlbedici bazara çıxışı əldə etmək arzusundayıq. Eyni zamanda, qapılarımız Çinin iş adamları üçün açıqdır. Artıq söylədiyim kimi, biz onları daha çox sərmayədar, ticarət aparan tərəf, podratçı kimi görmək istərdik. İşləyəcəyimiz daha çox sahələr var. Əlbəttə ki, Azərbaycanda, həmçinin onun enerji sektorunda işləyən Çin şirkətləri var. Lakin hesab edirəm ki, bu, istədiyimiz qədər deyil. Bu, xüsusən də podratçı və ticari layihələrə aiddir. Fikrimcə, biz bunu birgə etməliyik və bizim üçün bu, əsas prioritetlərdən biridir. Biz bu yaxınlarda ticarət nümayəndəliklərini yaratmağa başlamışıq. Azərbaycanın ilk ticarət nümayəndəliklərindən biri Çində açıldı. Bütün bunlar ticarət sahəsində güclü tərəfdaşlığı qurmaqda, insanlar arasında təmasların yaradılmasında iradəmizi nümayiş etdirir. Bu isə, avtomatik olaraq, həyatımızın bütün başqa sahələrinə müsbət təsir göstərəcək.
- Cənab Prezident, dünyada böyük dəyişikliklər
baş verir. Siz bunu əvvəldə dediniz. Siz rəhbərin,
yəni, ölkə rəhbərinin qlobal səviyyədə ən
mühüm keyfiyyətini nədə
görürsünüz? Mən burada böyük praqmatik
yanaşmanın şahidiyəm. Sizin gərgin fəaliyyətinizdən
məlumatlıyam. Cənab Prezident, rəhbərin ən
mühüm keyfiyyəti hansıdır?
- Fikrimcə, bir neçə çox əhəmiyyətli məsələ var. Xatırladığım birinci məsələ uzunmüddətli inkişaf strategiyasının planlaşdırılmasıdır. Yəni, səyləri yalnız siyasi gündəlikdə duran tədbirlərlə məhdudlaşdırmaq lazım deyil. Siz xalqınızın 20 və ya 30 ildən sonra ölkənizi hansı səpkidə görmək arzusuna bələd olmalısınız və həmin məqsədə çatmaq üçün bu gün nə edəcəyinizi bilməlisiniz. Başlanğıcda biz uzunmüddətli infrastruktur haqqında danışırdıq. Bundan çox vaxt keçir. Lakin bu gün o, artıq öz nəticələrini verir. Fikrimcə, bu işlər, ilk növbədə, vacibdir. İkinci ən mühüm məsələ xalqa heç zaman yalan danışmamaq. Heç zaman həqiqət olmayan məsələni deməmək və icra edə bilməyəcəyiniz vədləri verməməkdir. Mənə gəldikdə, mən çalışıram və hesab edirəm ki, bu meyarlara cavab verməyi bacarıram. Eyni zamanda, səni tənqid edənlərə nail ola biləcəyin işlərlə cavab verməlisən. Əgər sənin haqqında danışan və yazan, səni tənqid edən və hücum çəkən hər kəsə cavab versən, sadəcə, vaxtını itirəcəksən, özünü o səviyyəyə salacaqsan. Lakin cavabını işlərinlə göstər. Biz, fikrimcə, buna nail olmuşuq və skeptik düşüncədə olanların hamısına, bilərəkdən bu cür davrananlara, səylərimizi sual altına almağa, qarşımızda maneə yaratmağa çalışanlara belə cavab verdik. Biz Bakıya gələn hər kəsə bunu göstəririk və onlar bilir. Onlar paytaxtın gözəlliyinin şahidi olur, bölgələrə gedirlər və nəticələri görürlər. Hesab edirəm ki, bu iki məsələ həm ölkə, həm liderin özü üçün vacibdir. Əgər o, istəyirsə ki, xalq ona inansın, etimad etsin, dəstəkləsin, bu iki məsələ hər zaman liderin gündəliyində olmalıdır.
- Sözlər deyil, işlər daha güclüdür.
Cənab Prezident, Sizinlə görüşməkdən
çox məmnun oldum. Sizə Davosda böyük uğurlar
arzu edirəm.
- Sağ olun.
***
Sonra Prezident İlham
Əliyev CGTN televiziya kanalının xatirə kitabına
ürək sözlərini yazdı.
Azərbaycan.-
2019.- 23 yanvar.- S.1; 4.