Azərbaycan 3088 çeşiddə məhsul ixrac edir
Şahin Mustafayev:
"Prezidentin məqsədyönlü siyasəti nəticəsində
respublikamız dünyanın ən çox islahat aparan
ölkəsi elan olunub”
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclası keçirilib.
Azərbaycanın yeni rekordu
İqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, 2018-ci ildə beynəlxalq müstəvidə uğurlar əldə olunub, ölkəmizin dünyada artan nüfuzu daha da güclənib. Dövlət başçısı tərəfindən iqtisadi inkişaf baxımından uğurlu il kimi qiymətləndirilən 2018-ci ildə makroiqtisadi sabitlik təmin olunub, iqtisadi artım 1,4% təşkil edib, qeyri-neft sektoru 1,8%, sənaye istehsalı 1,5%, qeyri-neft sənaye məhsulu 9,1%, kənd təsərrüfatı 4,6%, əhalinin nominal gəlirləri 9,2% artıb. Əsas kapitala 17,2 mlrd. manat investisiya qoyulub ki, bunun da 65,5%-i və ya 11 mlrd. manatdan çoxu qeyri-neft sektoruna yönəldilib. 2018-ci ilin yanvar-noyabr aylarında xarici ticarətdə müsbət saldo 8,6 mlrd. dollar təşkil edib, ixrac 36% artaraq 19 mlrd. dollara çatıb. 2018-ci ildə ölkənin valyuta ehtiyatları 3 mlrd. dollar artıb və hazırda 45 mlrd. dollar təşkil edir. Ötən il 118 min daimi iş yeri açılıb. Xarici borcun ÜDM-ə nisbəti 19%-dək enib.
Ötən il iqtisadiyyatda xüsusi əhəmiyyət kəsb edən "Cənub qaz dəhlizi”nin rəsmi açılışı olub,
TANAP layihəsi fəaliyyətə başlayıb, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, "Star” neft emalı zavodu istifadəyə verilib. 2018-ci ilin sentyabrında orbitə buraxılan və kommersiya baxımından çox əlverişli layihə hesab edilən Azərbaycanın üçüncü peyki - "Azerspace-2” ölkəyə böyük həcmdə valyuta gətirəcək.
Nazir vurğulayıb ki, Azərbaycanın əldə etdiyi nailiyyətlər nüfuzlu beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatların, yürüdülən məqsədyönlü siyasətin nəticəsidir ki, "Doing Business 2019” hesabatında ölkəmiz yeni rekorda imza atıb, 10 ən islahatçı dövlət siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub və əvvəlki illə müqayisədə 32 pillə irəliləməklə 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında lider mövqeyə yüksəlib.
2018-ci ildə infrastrukturun inkişafı istiqamətində mühüm işlər görülüb, Ələt-Astara-İran avtomobil yolu istifadəyə verlib, 2000 km magistral, şəhərlərarası və kənd yolları çəkilib. Hazırda turizmin inkişafında mühüm önəm kəsb edən Ləki-Qəbələ dəmir yolunun tikintisinə başlanılıb, "Şahdağ” kurortuna dəmir yolunun çəkilişi üçün isə layihə sənədləri hazırlanır.
Şahin Mustafayev qeyd edib ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası başa çatdırılıb. Dövlət başçısının tapşırığına əsasən, növbəti dövlət proqramının layihəsi hazırlanır və artıq işlər başa çatmaqdadır. Ötən il sahəvi dövlət proqramlarında, eləcə də "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və strateji yol xəritələrində İqtisadiyyat Nazirliyinin icraçısı və əlaqələndiricisi olduğu tədbirlərin icrası davam etdirilib.
Nazir qeyd edib ki, dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, 2018-ci ildə də yeni sənaye müəssisələri açılıb, mövcud müəssisələrin istehsal gücü artırılıb, bir sıra mühüm sənaye obyektlərinin tikintisinə başlanıb. Qeyri-neft sənayesinin istehsal və ixrac potensialının artırılmasında effektiv mexanizmlər - sənaye parkları və məhəllələrinin təşkili işləri davam etdirilib.
Sənaye
parklarına 2,9 milyard ABŞ dolları
investisiya qoyulub
Ötən il
Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt
Kimya Sənaye Parkında "SOCAR Polymer” MMC-nin polipropilen
zavodu, inşaat kimyəviləri zavodu, "Tabaterra” QSC-nin
tütün məmulatları istehsalı fabriki, əlvan
metallar və ferroərintilər zavodu açılıb. Bundan başqa, 2018-ci ildə parkın ərazisində
elektron təhsil avadanlıqları, şüşə və
saxsı məmulatların istehsalı müəssisələri
fəaliyyətə başlayıb. Bu
günlərdə isə sənaye parkının daha bir
rezidenti - "SOCAR karbamid” zavodu istifadəyə verlib. 2019-cu ildə daha 5 müəssisənin istismara
verilməsi nəzərdə tutulur.
"Yaşıl iqtisadiyyat”ın və
təkrar emal sənayesinin inkişafında mühüm rolu
olan Balaxanı Sənaye Parkında 2018-ci ildə taxta
tullantılarının emalı və kömür, plastik
torlar, qablaşdırma və etiket, maqnezium oksid panellərin,
işlənmiş avtomobil şinlərinin emalı və tullantı
taxtalardan pellet və taxta unu istehsalı, avadanlıq və dəzgahların
bərpası sahələri üzrə 6 rezident qeydiyyata
alınıb. Hazırda Balaxanı Sənaye Parkının 14
rezidenti var və onlar tərəfindən 37,3
mln. manat investisiya yatırılıb.
2018-ci ildə Mingəçevir
Sənaye Parkında iplik istehsalı üzrə 2 müəssisə
- pambıq-poliester və "OpenEnd” üsulu ilə iplik
istehsalı fabrikləri istifadəyə verilib, 750 iş yeri
açılıb. İnvestisiya dəyəri 144 mln. manat olan fabriklərin yaradılmasına 10 mln. manat güzəştli kredit verilib. Müasir texnologiyalar əsasında qurulmuş fabriklər
Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın
aparıcı şirkətlərinin avadanlığı ilə
təchiz edilib. Fabriklərdə pambıq
mahlıcından ildə 20 min ton iplik istehsal olunacaq.
Gəmiqayırma sahəsində
ixtisaslaşmış Qaradağ Sənaye Parkında fəaliyyət
göstərən Bakı Gəmiqayırma Zavodunda 2 min nəfər
işlə təmin olunub. Bu il "Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi” üçün dəyəri
82 mln. ABŞ dolları təşkil edən 2
Ro-Pax tipli unikal gəminin və dəyəri 28 mln. ABŞ dolları təşkil edən 2 neft tankerinin
təhvil verilməsi planlaşdırılır.
Pirallahı Sənaye
Parkında investisiya dəyəri 100 mln. ABŞ
dollarından artıq olan əczaçılıq, şpris və
uşaq bezlərinin istehsalı müəssisələrinin
yaradılması işləri aparılır. 2019-cu ilin birinci rübündə istifadəyə
verilməsi nəzərdə tutulan şpris zavodu daxili tələbatı
ödəməklə yanaşı, əlavə ixrac
imkanları da yaradacaqdır. 2019-cu ilin
birinci rübündə Azərbaycan-Rusiya birgə müəssisəsi
olan "R-Pharm” MMC tərəfindən dərman vasitələrinin
qablaşdırılmasına başlanması nəzərdə
tutulur.
İqtisadiyyat naziri diqqətə
çatdırıb ki, sənaye parklarının ümumi
investisiya portfelinin həcmi 3,8 mlrd. ABŞ dolları təşkil edir. İndiyədək
sənaye parklarına 2,9 mlrd. ABŞ dolları həcmində investisiya qoyulub.
Təkcə 2018-ci ildə rezidentlər tərəfindən
450 mln. ABŞ dolları sərmayə
yatırılıb. Sənaye parklarında
40, o cümlədən 2018-ci ildə 11 rezident qeydiyyata
alınıb. Bu rezidentlərin 21-i
artıq istehsal fəaliyyətinə başlayıb.
Tikintidə və istehsalatda 10 minə yaxın iş yeri
yaradılıb. Növbəti mərhələdə
1 mlrd. ABŞ dollarınadək investisiya qoyuluşu, 7000-ə
yaxın iş yerinin açılıması gözlənilir.
2018-ci ildə sənaye məhəllələrinin
yaradılması prosesi davam etdirilib. Qeyd edək ki, ilk sənaye
məhəlləsi 2017-ci ildə Neftçalada istifadəyə
verilib. Ötən il
açılışı olmuş və kiçik və orta
sahibkarlığın inkişafında əhəmiyyətli
rolu olan Masallı Sənaye Məhəlləsində
hazırda 10 müəssisə fəaliyyət göstərir.
Sənaye məhəlləsinə sahibkarlar tərəfindən
5,3 mln. manat investisiya
yatırılıb və 200-dən çox iş yeri
açılıb. Hacıqabul Sənaye Məhəlləsində
tikinti-quraşdırma işləri başa
çatdırılıb, Sabirabad Sənaye Məhəlləsində
isə tikinti işləri davam etdirilir.
"Cocuq Mərcanlı”
brendi
Ümumilikdə istifadəyə
verilən 2 sənaye məhəlləsinə 50 mln. manatdan
çox özəl investisiya yatırılıb, 700-dək
iş yeri yaradılıb. Digər 2 sənaye məhəlləsinin
istifadəyə verilməsi ilə açılan iş yerlərinin
sayı 1800-ə çatdırılacaq, 77 mln. manat
özəl investisiya yatırılacaqdır.
Prezident İlham Əliyevin
tapşırığına əsasən, ölkəmizin digər
regionlarında da sənaye zonalarının təşkili
istiqamətində araşdırmalar aparılır. Bu il
Naxçıvan Muxtar Respublikasında Şərur Sənaye Məhəlləsinin
yaradılmasına başlanılacaq.
Şahin Mustafayev sənaye
zonalarına yeni rezidentlərin cəlb olunması
üçün təbliğat işlərinin, yeni sənaye
parkları və məhəllələrinin yaradılması
istiqamətində işlərin sürətləndirilməsi
barədə nazirliyin aidiyyəti strukturlarına müvafiq
tapşırıqlar verib.
Ənənəvi sənaye
sahələrindən olan xalçaçılığın
inkişafı məqsədilə indiyədək 20 rayonda
xalça fabriki açılıb. Bu il daha 11
xalça fabriki istifadəyə veriləcəkdir.
5 yun və boyaq maddələrinin
qəbulu məntəqəsinin tikintisi davam edir və 2019-cu
ildə fəaliyyətə başlayacaqdır. Sumqayıt
Kimya Sənaye Parkında Yunəyirici Boyaq Fabrikinin tikintisi
aparılır.
Prezident İlham Əliyevin yeni həyat
bəxş etdiyi və "Böyük
Qayıdış”ın rəmzinə çevrilən Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndində əhalinin məşğulluğunun
təmin edilməsi məqsədilə yem emalı müəssisəsi
tikilib, türk iş adamları ilə birlikdə kiçik
istixanalar və arıçılıq təsərrüfatları
yaradılıb. Arıçılıq təsərrüfatları
lazımi avadanlıqlarla, istixanalar damcılı suvarma sistemləri
ilə, avadanlıq, toxum, dərman preparatları və s. ilə
təmin edilib. Bu layihələrin
reallaşdırılması nəticəsində istehsal olunan
məhsullar "Cocuq Mərcanlı” brendi ilə satışa
çıxarılır. Hazırda
ümumi sahəsi 750 m2 olan suvenir istehsalı müəssisəsinin
tikintisi işləri davam etdirilir. Cocuq Mərcanlı kəndində
ailə təsərrüfatlarına, kiçik və orta
sahibkarlara dəstək məqsədilə İqtisadiyyat
Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi tərəfindən bal
emalı mobil emalatxanasının yaradılması işləri
həyata keçirilir.
Ötən il 9,3 milyon ton tranzit yük daşınıb
Əlverişli coğrafi
mövqeyi olan Azərbaycanın tranzit potensialının
reallaşdırılması Prezident İlham Əliyevin
iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur. Kollegiya
iclasında qeyd edilib ki, əvvəlki illərdə olduğu
kimi, 2018-ci ildə də ölkənin nəqliyyat-tranzit
imkanlarının təşviqi tədbirləri davam etdirilib.
İndiyədək Türkmənistan,
Gürcüstan, İran, Türkiyə və Çində
Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin
imkanlarının təbliği ilə bağlı tədbirlər
keçirilib.
2018-ci ilin may ayında dövlət
başçısının iştirakı ilə
açılmış Bakı Beynəlxalq Dəniz Ticarət
Limanı regionun mühüm nəqliyyat və logistika mərkəzinə
çevrilməsində və tranzit imkanlarının
genişləndirilməsində xüsusi əhəmiyyət kəsb
edir. Hazırda liman ərazisi daxil olmaqla azad
ticarət zonası tipli xüsusi iqtisadi zonanın
yaradılması işləri davam etdirilir.
2018-ci ildə ölkə ərazisindən
9,3 mln. ton tranzit yük
daşınıb. Ötən il
"Şimal-Cənub nəqliyyat dəhlizi” ilə
daşınan yüklərin həcmində artım
müşahidə olunub, 158 min ton yük daşınıb. Cənub-Qərb dəhlizi üzrə daşınan
yüklərin həcmində də əhəmiyyətli dərəcədə
artım qeydə alinib.
3 ildə
sahibkarlara 6766 lisenziya verilib
Kollegiya iclasında vurğulanıb
ki, Prezident İlham Əliyevin dərin islahatlar ili
kimi qiymətləndirdiyi 2018-ci ildə özəl sektorun
inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi
istiqamətində sistemli tədbirlər, islahatlar davam
etdirilib.
2018-ci ildə sahibkarlara 2048
lisenziya verilib ki, bunun da 1384-nü yeni, 664-nü isə
müddətsiz lisenziyalarla əvəzetmə təşkil
edir.
Ümumilikdə isə İqtisadiyyat Nazirliyi tərəfindən
"ASAN xidmət” mərkəzləri vasitəsilə 2 noyabr
2015-ci il tarixindən 1 yanvar 2019-cu il tarixinədək
sahibkarlara 6766 lisenziya verilib. Ötən ilin
martında "Lisenziyalar və icazələr” portalı
yaradılıb və portal vasitəsilə artıq 587 elektron
lisenziya verilib.
2018-ci ildə "Qrant
haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq
olaraq İqtisadiyyat Nazirliyi tərəfindən kommersiya
qurumlarının və publik hüquqi şəxslərin 17
qrant müqaviləsi qeydiyyata alınıb.
"Sahibkarlıq sahəsində
aparılan yoxlamaların dayandırılması haqqında”
qanunun tətbiqindən sonrakı 38 ay ərzində vergi
yoxlamaları istisna olmaqla, cəmi 640, 2018-ci il ərzində
isə 483 yoxlama keçirilib. Müqayisə
üçün qeyd edək ki, yoxlamaların
dayandırıldığı 2015-ci ilin 1 noyabrından əvvəlki
38 ay ərzində sahibkarlıq subyektlərində 185 mindən
çox yoxlama keçirilib.
İnvestisiya təşviqi sənədinin
iqtisadiyyata sərmayələrin cəlb edilməsində əhəmiyyətli
mexanizm olduğunu qeyd edən Şahin Mustafayev bildirib ki, indiyədək
sahibkarlara investisiya dəyəri 2,8 mlrd. manatdan çox olan layihələr üzrə
333 investisiya təşviqi sənədi və bu investisiya təşviqi
sənədləri əsasında 2188 təsdiqedici sənəd
verilib. Layihələrin 41%-i kənd təsərrüfatı,
59%-i isə sənaye sahələrini əhatə edir. Bu
layihələrin reallaşması nəticəsində 22 minə
yaxın iş yerinin açılacağı gözlənilir.
2018-ci ildə isə
sahibkarlara investisiya dəyəri 801 mln. manat olan
layihələr üzrə 107 investisiya təşviqi sənədi
və bu investisiya təşviqi sənədləri əsasında
1058 təsdiqedici sənəd təqdim edilib.
Ötən il Bakıda və ölkə
regionlarında 2,5 mindən çox dinləyicinin
iştirakı ilə biznes planlarının və investisiya
layihələrinin hazırlanması, marketinq, menecment, brendləşdirmə,
ekoloji təmiz kənd təsərrüfatının inkişafı
və s. mövzularda 88 tədbir keçirilib, məsləhət
xidmətləri göstərilib.
Kreditlərin 64,3 faizi regionların payına düşür
İqtisadiyyat Nazirliyi tərəfindən
vətəndaşlara 54 elektron xidmət göstərilir. Nazirlik tərəfindən
göstərilən elektron xidmətlərin böyük əksəriyyəti
artıq "E-hökumət” portalına (www.e-gov.az) inteqrasiya
olunub. Hazırda digər elektron xidmətlərin
"E-hökumət” portalına inteqrasiya olunması istiqamətində
tədbirlər görülür.
Kollegiya iclasında özəl
sektorda həyata keçirilən layihələrə dövlət
dəstəyi tədbirlərinin gedişi də müzakirə
olunub.
Bildirilib ki, özəl sektorun uzunmüddətli və əlverişli
şərtlərlə maliyyə resurslarına
çıxışının təmin olunması
üçün hər il olduğu kimi,
ötən ildə də sahibkarlığın güzəştli
kreditləşdirilməsi davam etdirilib. 2018-ci ildə
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın
İnkişafı Fondu tərəfindən sahibkarların
maarifləndirilməsi, nümunəvi investisiya layihələrinin
təqdim olunması, güzəştli kreditlərin verilməsi
ilə bağlı 600-dən çox sahibkarın
iştirakı ilə 21 işgüzar forum keçirilib,
müvəkkil kredit təşkilatları vasitəsilə
ümumi dəyəri 617,8 mln. manat olan 999
investisiya layihəsinin maliyyələşdirilməsinə
160,2 mln. manat güzəştli kredit
verilib. Bu kreditlərdən istifadə etməklə investisiya
layıhələrinin reallaşdırılması 9000-dək
yeni iş yerinin açılmasına imkan yaradır.
Verilmiş kreditlərin 64,3%-i respublikanın regionlarının, 35,7%-i isə
Bakı şəhərinin qəsəbələrinin
payına düşür. Güzəştli kreditlərin 70,3%-i aqrar sektorun, 29,7%-i müxtəlif sənaye
məhsullarının istehsalı və emalı sahələrinin
inkişafına yönəldilib.
Son illər fond tərəfindən
maliyyələşdirilən 35 istehsal, emal və infrastruktur
müəssisəsi 2018-ci ildə fəaliyyətə
başlayıb. 2019-cu ildə daha 39 müəssisənin
açılması gözlənilir. Ümumilikdə
isə, indiyədək layihələrinin ümumi dəyəri
5 mlrd. manatdan çox olan 36 minə
yaxın sahibkara 2,3 mlrd. manatadək güzəştli
kredit verilib.
Daha 10 aqropark
istifadəyə veriləcək
Şahin Mustafayev dövlət
başçısının tapşırığına
uyğun olaraq, aqroparkların, iri fermer təsərrüfatlarının
yaradılması və mövcud aqroparkların genişləndirilməsi
istiqamətində tədbirlərin davam etdirildiyini diqqətə
çatdırıb. Bildirilib ki, hazırda dövlətin dəstəyi ilə
ölkənin 33 rayonu üzrə 257 min hektar ərazidə dəyəri
2,2 mlrd. manat olan 51 aqropark və iri fermer təsərrüfatının,
o cümlədən 15 rayonda 39,6 min hektar ərazidə 17
müasir cins heyvandarlıq kompleksinin və 29 rayonda 217,4 min
hektar ərazidə 34 iri bitkiçilik təsərrüfatlarının
yaradılması təşviq olunur. Artıq 17
aqropark fəaliyyət göstərir. 2019-cu
ildə isə daha 10 aqroparkın istifadəyə verilməsi
nəzərdə tutulur.
2018-ci ildə dövlət dəstəyi
hesabına xarici ölkələrə 11 ixrac missiyası təşkil
edilib, Azərbaycan şirkətləri xarici ölkələrdə
təşkil olunmuş 11 beynəlxalq sərgidə vahid
ölkə stendi ilə iştirak ediblər. Bu tədbirlər
çərçivəsində ABŞ, Almaniya, BƏƏ,
Çexiya, Qətər və digər ölkələrə
Azərbaycan istehsalı olan meyvə-tərəvəz, nar
şirəsi, şərab, ət məhsulları, quru süd,
fındıq, qənnadı məhsulları, bal, çay, həmçinin
Naftalan nefti, tikinti materialları, mebel və digər məhsulların
ixracına dair 50-dən çox müqavilə imzalanıb və
razılaşma əldə olunub. Bundan başqa,
"Buta Airways” təyyarələrində ixracı təşviq
edən reklam nümayiş olunub, təyyarələrdə təklif
olunan Azərbaycan məhsullarının siyahısı
genişləndirilib. "SOCAR
GeorgiaPetroleum” şirkətinin yanacaqdoldurma məntəqələrində
stendlər yerləşdirilib.
2019-cu ildə 19 xarici ölkəyə
25 ixrac missiyası həyata keçiriləcək, 11 beynəlxalq
sərgidə Azərbaycan vahid ölkə stendi
ilə təmsil olunacaq, ixracla məşğul olan sahibkarlara
maliyyə dəstəyi daha da gücləndiriləcəkdir.
Ölkəmizin rəqabətqabiliyyətli
məhsullarının ixracının təşviq edilməsi
məqsədilə 2018-ci ildə xarici ölkələrdə
5 "Azərbaycan Ticarət Evi” açılıb. Bu il
yanvarın 15-də BƏƏ-nin Dubay şəhərində
açılan "Azərbaycan Ticarət Evi” ölkəmizin
xaricdə yaradılmış sayca 7-ci ticarət evidir. Ticarət evlərində daimi fəaliyyət
göstərən sərgilərdə Azərbaycan şirkətlərinin
istehsal etdiyi məhsullar nümayiş olunur. Bu il Rusiyada, BƏƏ-nin Abu-Dabi şəhərində
və Qazaxıstanda "Azərbaycan Ticarət Evi”nin
açılması nəzərdə tutulur.
2018-ci ildə Çində
2 "Azərbaycan Şərab Evi” açılıb. Xarici ölkələrdə
Azərbaycanın şərab evlərinin yaradılması
prosesi bu ildə də davam etdiriləcəkdir.
Görülmüş tədbirlər
nəticəsində 2018-ci ildə qeyri-neft ixracı 9,8%, o
cümlədən kənd təsərrüfatı və emalı
məhsullarının ixracı 13,8%, sənaye məhsullarının
ixracı 6,2%, xarici ticarət fəaliyyəti ilə məşğul
olan sahibkarlıq subyektlərinin sayı 56,2% artıb. Ötən
il Azərbaycandan 3088 çeşiddə məhsul
ixrac edilib.
Kollegiya iclasında qeyd edilib
ki, Azərbaycanın turizm potensialı, ölkədəki
siyasi sabitlik və təhlükəsizlik turizm sektorunun
inkişafı üçün geniş imkanlar açır. Bu
imkanların reallaşdırılması üçün
dövlət başçısının
tapşırığına uyğun olaraq bu sahədə
ardıcıl tədbirlər görülür.
Şahin Mustafayev ölkədə
aparılan sosial-iqtisadi siyasət istiqamətində Heydər
Əliyev Fondunun fəaliyyətinin xüsusi önəmini
vurğulayıb. Birinci vitse-prezident, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə reallaşdırılan sosial layihələr minlərlə
insanın həyat şəraitinin yaxşılaşması
üçün yeni imkanlar açır. Heydər
Əliyev Fondunun digər layihələri kimi, "Məktəbəqədər
təhsil müəssisələrinin inkişafı”
proqramının uğurlu icrası sosial sahənin
inkişafına mühüm töhfədir.
8 rayonda "KOB
Dostu” fəaliyyət göstərir
İclasda İqtisadiyyat
Nazirliyinin tabeliyində Kiçik və Orta
Sahibkarlığın İnkişafı Agentliyinin hesabatı
da dinlənilib. Agentliyin idarə heyətinin sədri Orxan Məmmədov
məlumat verib ki, 2018-ci ildə kiçik və orta biznesin
inkişafının qanunverici bazasının möhkəmləndirilməsi
istiqamətində bir sıra tədbirlər
görülüb, KOB sektorunda yeni dəstək modellərinin
tətbiqinin stimullaşdırılması məqsədilə
Vergilər Məcəlləsinə dəyişiklliklər
edilib, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin
bölgüsü meyarları təsdiq olunub, KOB-ların
kommunal xidmətlərə qoşulması prosedurları,
tikintiyə icazə və tikinti obyektinin istismarına icazə
qaydaları sadələşdirilib.
Artıq 8 rayonda - Masallı,
Siyəzən-Şabran, Xaçmaz, Gəncə, Yevlax, Quba və
Qusarda "KOB Dostu” fəaliyyət göstərir. Fevral
ayında Sumqayıt, Abşeron və Qəbələdə
KOB dostları fəaliyyətə başlayacaq. İndiyədək KOB dostları tərəfindən
sahibkarlıq subyektləri ilə 120-yə yaxın
görüş keçirilib, təkliflər dinlənilib və
suallar cavablandırılıb.
Hazırda agentliyin digər layihəsi olan KOB evlərinin yaradılması üzrə işlər aparılır. KOB evlərinin yaradılması ilə KOB-lara göstəriləcək xidmətlərin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənəcəkdir. Ümumilikdə KOB evlərində sahibkarlara vahid məkan prinsipi əsasında 34 dövlət qurumunun 110-a yaxın xidməti göstəriləcək. Eyni zamanda, elektron formada vahid platforma üzərindən xidmətlərin göstərilməsini təmin edəcək "e-KOB evi” portalının yaradılması istiqamətində işlər davam etdirilir.
Kollegiyanın sədri Şahin Mustafayev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının çıxışından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və yüksək səviyyədə icrası üçün nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, bu vəzifələrin icrası ilə bağlı tədbirlər planının hazırlanması qərara alınıb. İclasda İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2019-cu il üçün iş planı təsdiq olunub, cari məsələlər müzakirə edilib.
Kollegiya iclasında həmçinin Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunmuş nazirlik əməkdaşlarına medallar təqdim edilib.
Elçin CƏFƏROV
Azərbaycan.-
2019.- 23 yanvar.- S.6.