Gizli iqtisadiyyatın aradan
qaldırılması istiqamətində ciddi
və təxirəsalınmaz tədbirlər görülür
Mikayıl Cabbarov: "Vergi
orqanlarının məqsədi sahibkarların leqal şərtlərlə
rahat işləmələrini təmin etməkdir"
Yanvarın 22-də Vergilər
Nazirliyində ticarət fəaliyyəti ilə məşğul
olan aparıcı şirkətlərin nümayəndələri
ilə görüş keçirilib. Görüşdə
Vergi Məcəlləsində edilmiş dəyişikliklər,
ticarət sektoruna dair qanunvericiklikdə təsbit edilmiş
yeni tələblər, vergi uçotunun şəffaflaşdırılması
və mal dövriyyəsinin sənədləşdirilməsi,
dövriyyələrin və əmək münasibətlərinin
leqallaşması ilə bağlı məsələlər
müzakirə edilib.
Nazirliyin media və kommunikasiya mərkəzindən
AZƏRTAC-a bildirilib ki, vergilər naziri Mikayıl Cabbarov vergi
sistemində aparılan islahatlar barədə məlumat verib.
Bildirib ki, nazirlik vergi orqanları ilə vergiödəyiciləri
arasında şəffaf münasibətlərin qurulması ilə
bağlı açıq siyasət həyata keçirir. O,
"kölgə iqtisadiyyatı”nda fəaliyyət göstərməyin
düzgün və davamlı yol olmadığını,
"ikili” hesabatlığın təkcə vergitutma
baxımından deyil, həm də müəssisələrin
hesabatlılığı, kapitallaşması, investisiya cəlb
etməsi və bank resurslarına çıxışı
baxımından da çətinliklər və məhdudiyyətlərə
səbəb olduğunu diqqətə çatdırıb. Bu
praktikaların və davranışların, o cümlədən
əmək münasibətlərinin rəsmiləşdirilməməsi,
gəlirlərin gizlədilməsi, əməkhaqlarının
reallıqda olduğundan aşağı göstərilməsinin
təkcə dövlət üçün deyil, vətəndaşların
sosial hüquqları baxımından ciddi çətinliklər
yaratdığını qeyd edib.
Nazir ticarət sektorunun ÜDM-in
formalaşmasında yüksək xüsusi çəkiyə
malik olduğunu qeyd edib. Bildirib ki, "kölgə iqtisadiyyatı”nın
elementlərinə daha çox rast gəlinən sahələrdən
biri də məhz bu sahədir.
Mal dövriyyələrinin sənədləşməsi
və mühasibatlığın düzgün
aparılmasında mövcud olan ciddi nöqsanların aradan
qaldırılmasının vacibliyini vurğulayan M.Cabbarov
vergi orqanlarının məqsədinin sanksiyaların tətbiqi
deyil, dövriyyələrin leqallaşması, hamının bərabər,
leqal şərtlər əsasında işləməsi
olduğunu bildirib. Vergi qanunvericiliyində 2019-cu ildən
qüvvəyə minmiş dəyişikliklərin buna əyani
misal olduğunu deyən nazir ilk dəfə qanun pozuntusu
aşkarlanan zaman xəbərdarlıq mexanizminin tətbiq ediləcəyini,
vəsaitlərin bank hesablarından silinməsinin onların
dondurulması ilə əvəzlənəcəyini də diqqətə
çatdırıb.
Nazir vergi öhdəliyini azaltmaq
üçün ən müxtəlif səviyyələrdə
uzun illər ərzində formalaşmış olan bəzi
düzgün olmayan praktikalardan imtina etməyi, onların biznes
üçün fayda gətirmək əvəzinə,
sanksiyalarla üzləşmə ehtimalı
yaratdığını diqqətə çatdıraraq
2018-ci ildə bir sıra sahələrdə problemli məsələlərin
üzərinə gedildiyini, "kölgə
iqtisadiyyatı”nda fəaliyyət göstərən sahələrin
dövriyyələrinin
leqallaşdırıldığını, həmin sektorlar
üzrə bazarda qaçaq malın satış
payının dəfələrlə aşağı
düşdüyünü və eyni yanaşmanın digər
sektorlarda da tətbiq ediləcəyini bildirib.
Qeyd olunub ki, son iki ildə ticarət
sektorunda yayındırılan dövriyyənin həcminin
böyük rəqəmlərlə ölçülməsinə
baxmayaraq, bu sahədə çalışan vergiödəyicilərinin
təqdim etdiyi bəyannamələrdə əməkhaqlarının
aşağı səviyyədə göstərilməsi sual
doğurmaya bilməz. Bu halların vergidən yayınma risklərinin
aşkar əlamətlərinin mövcudluğu kimi dəyərləndirən
nazir bunun yolverilməz olduğunu qeyd edib.
M.Cabbarov Azərbaycan
iqtisadiyyatının qüdrətinin güclü sahibkarlardan
asılı olduğunu, vergi orqanlarının məqsədinin
sahibkarların biznes fəaliyyəti üçün əngəl
yaratmaq deyil, əksinə onların fəaliyyətini
stimullaşdırmaqdan, leqal şərtlərlə rahat
işləmələrini təmin etməkdən ibarət
olduğunu vurğulayıb.
Prezident İlham Əliyevin
"kölgə iqtisadiyyatı”nın aradan
qaldırılması istiqamətində ciddi və təxirəsalınmaz
tədbirlərin görülməsi ilə bağlı
dövlət qurumları qarşısında mühüm vəzifələr
qoyduğunu bildirən nazir sağlam və hamı
üçün eyni rəqabətlilik mühitinin
formalaşdırılmasının təkcə dövlətin
deyil, hər bir sahibkarın da marağına uyğun
olduğunu qeyd edib. Təklif olunan şəffaf münasibətləri
qəbul etmək istəməyən, əvvəlki kimi
qeyri-leqal fəaliyyət göstərməyə
üstünlük verənlərə qarşı isə vergi
orqanları fərqli yanaşma göstərəcək.
Tədbirdə iştirak edən
vergiödəyicilərinin vergi qanunvericiliyində
aparılmış dəyişikliklərlə bağlı
çoxsaylı sualları cavablandırılıb.
Azərbaycan.-
2019.- 23 yanvar.- S.6.