Davosda Azərbaycan zəfəri
Prezident İlham Əliyevin həyata keçirdiyi
islahatlar beynəlxalq təşkilatlar və qlobal şirkətlər
tərəfindən yüksək qiymətləndirilir
Yanvarın 22-dən İsveçrənin Davos şəhərində 49-cu ənənəvi illik Dünya İqtisadi Forumu başlayıb. "Qloballaşma 4.0: 4-cü Sənaye İnqilabı dövründə yeni arxitekturanın yaradılması” devizi altında təşkil edilən forumun proqramına aktual qlobal hadisələrə həsr olunan müzakirələr daxildir. Bununla bağlı fikirlərini bölüşən Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Karl Şvab bildirib ki, dünyada gedən sürətli dəyişikliklərlə bağlı beynəlxalq ictimaiyyət səylərini gücləndirməlidir.
Ölkəmizə maraq həmişə
böyükdür
Beləliklə, qloballaşan müasir dünyanın əsas problemləri builki forumun diqqət mərkəzində olacaq. Dördüncü sənaye inqilabının özü ilə gətirdiyi çağırışlar ekologiyanın qorunması üçün tələblər, çoxqütblü dünya nizamı və getdikcə artan qeyri-bərabərliklə birgə addımlayır. Bütün bu inkişaf istiqamətləri qloballaşmanın yeni erasının təməlini təşkil edirlər. Buna görə də, yerli, milli və beynəlxalq idarəçilikdə vaxtında yeni şəraitə uyğun adekvat addımların atılması tələb olunur.
Xatırladaq ki, Davos Dünya İqtisadi Forumu hər il keçirilir və burada ölkələrin siyasi liderləri iştirak edir. İlk dövrlərdə Avropa İdarəetmə Forumu olaraq tanınan forum avropalı iş adamlarının ABŞ-da biznes həyatına uyğunlaşmalarını asanlaşdırmaq və Amerika üsullu kapitalizmin qaydalarını avropalılara öyrətmək məqsədini daşıyan seminarlar silsiləsi idi. 1970-ci illərin ikinci yarısından etibarən bu tədbirdə məşhur iqtisadçı, biznesmen və siyasətçilərin bir araya gəlməsi, onu əhəmiyyətli dünya məsələlərinin müzakirə edildiyi platformaya çevirdi.
Hazırda dövlət-özəl tərəfdaşlığına çalışan Dünya İqtisadi Forumu müstəqil və tərəfsiz beynəlxalq ictimai təşkilatdır. İllik toplantılarda bütün sektorları təmsil edən iştirakçılar həllərə yönəlmiş müzakirələr aparırlar. Beynəlxalq medianın iştirakı, televiziya və veb-yayımları sayəsində Davos İqtisadi Forumu geniş ictimaiyyətin diqqət mərkəzində olur.
49-cu forum 3 gün davam edəcək. Dünyanın
100-dən çox ölkəsinin dövlət və hökumət
rəhbərlərinin dəvət olunduğu budəfəki tədbirdə
1000-dən artıq qlobal şirkətin rəhbər şəxsləri,
beynəlxalq qurumların və qeyri-hökumət təşkilatlarının
təmsilçiləri, aparıcı media şirkətlərinin
nümayəndələri iştirak edirlər.
Davos İqtisadi Forumunun əhəmiyyətini
artıran mühüm göstəricilərdən biri də
dünyanın bir illik iqtisadi gündəliyinin müəyyən
edilməsidir.
Bu işə Azərbaycan da öz töhfəsini
verir. Çünki ölkəmiz artıq
dünyada etibarlı tərəfdaş kimi tanınır və
qəbul edilir. Forum çoxsaylı
mövzular üzrə sessiyalardan ibarətdir ki, onların bir
qismində müzakirə olunan mövzuların təməlində
Azərbaycanın beynəlxalq əhəmiyyət kəsb edən
məsələlərdəki aydın, dəqiq və konkret
mövqeyi dayanır.
Azərbaycan
dördüncü sənaye inqilabına doğru qətiyyətli
addımlar atır
Diqqət çəkən
başqa xüsusi məqam isə foruma qatılan siyasətçilərin
və biznes dairələrin nümayəndələrinin Azərbaycanın
dünyanın siyasi və iqtisadi sistemindəki rolunu yüksək
qiymətləndirməsi, o cümlədən bəşəriyyəti
narahat edən risklərin aradan qaldırılmasında ölkəmizin
mövqeyi ilə hesablaşmalarıdır. Azərbaycanın
malik olduğu potensial, enerji resursları daim Dünya
İqtisadi Forumunun əsas diqqət ayırdığı məsələlər
sırasına daxil olur. Ona görə
neçə illərdir ki, Dünya İqtisadi Forumunda təmsil
olunan Azərbaycana maraq həmişə böyükdür.
Bunu Prezident İlham Əliyevin keçirdiyi
görüşlər də təsdiq edir. Eyni zamanda Azərbaycanın
beynəlxalq birlikdəki mövqeyi də Dünya İqtisadi
Forumu çərçivəsində keçirilən
görüşlərin məzmunundan aydın hiss olunur.
Bu mənada Dünya İqtisadi Forumu
hər il yanvar ayında Davosda baş tutan
toplantısında Azərbaycanın təmsil olunmasında
maraqlıdır.
49-cu Davos Dünya İqtisadi
Forumunda iştirak edən Prezident İlham Əliyevin ilk
görüşünü forumun prezidenti Borge Brende ilə
keçirməsi də Azərbaycanın dövlət
başçısına olan ehtiramın və ölkəmizə
olan yüksək marağın göstəricisidir. Prezident
İlham Əliyev növbəti dəfə Dünya
İqtisadi Forumunda iştirakından və forumla Azərbaycan
arasında əməkdaşlıq əlaqələrinin
yüksək səviyyədə olmasından məmnunluğunu
ifadə etdi. Forumun dünyada gedən
transformasiya prosesinin yeni təmayülləri və
çağırışların müzakirəsi
baxımından əhəmiyyətini vurğulayan dövlətimizin
başçısı Azərbaycanın öz inkişaf
strategiyasını yenilənən beynəlxalq və regional təmayüllər
nəzərə alınmaqla qurduğunu bildirdi.
Qeyd edək ki, Davosda Azərbaycan
Hökuməti ilə Dünya İqtisadi Forumunun
Dördüncü Sənaye İnqilabı Mərkəzi
arasında ilk dəfə olaraq əməkdaşlığın
təməli qoyuldu. Bu məqsədlə Azərbaycan Prezidenti
İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti
Borge Brende arasında əməkdaşlıq sazişinin təntənəli
mübadiləsi həyata keçirildi. Prezident
İlham Əliyev Azərbaycanın dördüncü sənaye
inqilabının hədəflərinin həyata keçirilməsində
çox fəal iştirak edəcəyini bildirib.
Səfərinin əsas
məqsədi Prezident İlham Əliyevlə görüşmək
olub
Prezident İlham Əliyevin
Davosda keçirdiyi hər bir görüş bu səfərin
də ötənilkilər kimi səmərəli və məhsuldar
keçdiyini göstərdi. Çünki Prezident
İlham Əliyevlə görüşənlər dünyaca
məşhur, nüfuzlu və qabaqcıl şirkətlərin,
təşkilatların rəhbər təmsilçiləridir.
Azərbaycan Prezidentinin "Visa” şirkətinin prezidenti Rayan
MakInerni, BP qrupunun baş icraçı direktoru Robert Dadli,
"CISCO” şirkətinin icraçı vitse-prezidenti Gerri
Elliott, "SAP SE” şirkətinin baş icraçı
direktoru Bill MakDermot, Dünya Bankının baş icraçı
direktoru Kristalina Georgiyeva, Rusiyanın "LUKoil” şirkətinin
prezidenti Vahid Ələkbərov, "Total” şirkətinin
baş icraçı direktoru Patrik Puyannen, "Microsoft”
şirkətinin vitse-prezidenti Mişel Van Der Bel, "Signify”
şirkətinin (keçmiş "Philips Lightning”) baş
icraçı direktoru Erik Rondolat, "Procter and Gamble Europe”
şirkətinin prezidenti Loik Tassel və "The Boston Consulting
Group” şirkətinin prezidenti və baş direktoru Riç
Lesser ilə görüşlərində ölkəmizlə
birgə həyata keçirilən layihələrin əhəmiyyətindən,
gələcək əməkdaşlıq perspektivlərindən
söz açıldı.
Bu görüşlərdə
diqqəti çəkən xüsusi məqam isə həmin
şirkətlərin təmsilçilərinin Azərbaycan və
Prezident İlham Əliyevlə bağlı fikirləri oldu. Məsələn,
"Visa” şirkətinin prezidenti Rayan MakInerni bildirib ki, bu il
onun Davosa səfərlərinin əsas məqsədi məhz
Prezident İlham Əliyevlə görüşmək olub.
O, nağdsız ödənişlərin inkişafı
üçün Azərbaycanda tətbiq edilən vergi güzəştlərinin
və digər təşəbbüslərin çox
faydalı olacağını qeyd edərək, bunun başqa
ölkələr üçün də nümunə
olduğunu bildirib.
İslahatları
aparan bacarıqlı lider amili
"CISCO” şirkətinin
icraçı vitse-prezidenti və satış rəhbəri
Gerri Elliott isə bildirib ki, Azərbaycan regionda şirkətin
əməkdaşlıqda maraqlı olduğu ən
mühüm dövlətlərdən biridir. Şirkətin
layihələrinə göstərdiyi dəstəyə
görə Prezident İlham Əliyevə minnətdarlığını
bildirən Gerri Elliott hər bir dövlətin inkişafı
üçün lazım olan üç əsas istiqaməti
Azərbaycanda müşahidə etdiklərini
vurğulayıb. Bu baxımdan Azərbaycanda
islahatları aparan bacarıqlı liderin olmasının,
konkret inkişaf planlarının mövcudluğunun, bu
planların reallaşdırılmasını və dövlətin
inkişafını təmin edəcək hədəflərə
çatmaq üçün məsul qurumların müəyyənləşdirilməsinin
ölkənin tərəqqisində əsas amillər olduğunu
qeyd edib.
"SAP SE” şirkətinin
baş icraçı direktoru Bill MakDermot Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən
islahatların və Azərbaycanın inkişaf
proqramlarının onlarda böyük maraq
oyatdığını bildirib. Şirkətin
artıq Bakıda ofis açdığını deyən Bill
MakDermot Prezident İlham Əliyevin həyata keçirdiyi
iqtisadi siyasətin reallaşdırılmasında və rəqəmsal
iqtisadiyyatın formalaşmasında "SAP SE” şirkətinin
dəstək verməyə hazır olduğunu ifadə edib.
Qeyd edib ki, şirkət həm dövlət
sektorunda, həm də özəl sektorda rəqəmsal
iqtisadiyyatın, ümumiyyətlə, rəqəmsallaşmanın
inkişafına töhfə verə bilər. Azərbaycan dövlətinin
başçısının həyata keçirdiyi iqtisadi
siyasət onlarda bu inamı yaradır.
"Doing Business”
reytinqinin tarixində ən uğurlu və böyük nailiyyətlərdən
biri
Dünya Bankının baş
icraçı direktoru Kristalina Georgiyeva Prezident İlham
Əliyevi ölkədə aparılan uğurlu islahatlar və
Azərbaycanın Dünya Bankının "Doing Business 2019”
hesabatında 25-ci yerə yüksəlməsi münasibətilə
təbrik edib. Bildirib ki, bu, Dünya
Bankının "Doing Business” reytinqinin tarixində ən
uğurlu və böyük nailiyyətlərdən biridir.
O, bu uğurlu islahatların bundan sonra da davam etdirilməsinin
önəmini vurğulayıb.
Azərbaycan ilə əməkdaşlıqdan
məmnunluğunu bildirən Kristalina Georgiyeva onu da qeyd edib ki,
Prezident İlham Əliyevin həyata keçirdiyi struktur
islahatlarının və iqtisadi islahatların əhəmiyyəti
son illər dünyada iqtisadi artım sürətinin
azalması fonunda daha da artmaqdadır. Onun sözlərinə
görə, Dünya Bankı Azərbaycanda
reallaşdırılan iqtisadi siyasəti və islahatları dəstəkləyir.
Çünki bu islahatlar Azərbaycanda iqtisadiyyatın
davamlı inkişafına, yeni iş yerlərinin
yaranmasına mühüm dəstək verəcək.
Dünya Bankının baş
icraçı direktoru onu da bildirib ki, Azərbaycan vaxtilə
Dünya Bankından yardım alan ölkədən
qısa müddətdə donor ölkəyə çevrilib. Bu da son iyirmi ildə Azərbaycanda bütün sahələrdə
həyata keçirilən islahatların nəticəsində
mümkün olub.
Vitse-prezident Mişel Van Der
Bel dünyanın aparıcı texnoloji şirkəti olan
"Microsoft”un Azərbaycanda həyata keçirilən layihələrə
dəstəyinin bundan sonra da davam etdirəcəyini deyib.
Əlverişli
biznes mühiti xarici şirkətləri həvəsləndirir
"Procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatların müsbət nəticələr verdiyini vurğulayıb. Qeyd edib ki, ölkədə yaradılan biznes mühiti və investorlar üçün şərait başqa şirkətlər kimi, "Procter and Gamble” şirkətini də Azərbaycanda öz fəaliyyətini genişləndirməyə həvəsləndirir. Bu məqsədlə şirkət Bakıda fəaliyyətini böyütməklə Orta Asiya və digər region ölkələrinə öz məhsullarının satışını artırmaq marağındadır. Azərbaycandakı mövcud biznes mühiti bu şirkətin regional mərkəz kimi Bakını seçməsinə səbəb olub.
"The Boston Consulting Group” şirkətinin prezidenti Riç Lesser də Azərbaycanla əməkdaşlıqdan məmnun olduqlarını ifadə edib, ölkəmizdə keçirilən islahatları, yaradılan biznes mühitini və sürətli inkişafı dəstəklədiklərini bildirib.
Göründüyü kimi, öz qabaqcıl fəaliyyətləri ilə dünyada tanınan şirkətlərin rəhbərləri Prezident İlham Əliyevin həyata keçirdiyi islahatları yüksək qiymətləndirir və Azərbaycanda yeni layihələr həyata keçirməkdə maraqlı olduqlarını gizlətmirlər. Çünki həyata keçirilən son islahatlar Azərbaycandakı biznes mühitini, sərmayələrin yatırılmasını, yeni iqtisadi layihələrin həyata keçirilməsini daha da əlverişli edib. Təsadüfi deyil ki, məşhur şirkətlər də bunu görür, dəyərləndirir və Azərbaycanla əməkdaşlığa səy göstərirlər.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2019.- 24 yanvar.- S.1; 3.