Dərs yükə çevriləndə
Təhsil proqramının ağırlığından
müəllimlər, şagirdlər, valideynlər də
şikayətçidirlər, amma problemlər bununla bitmir...
Müasirləşən dünyada yaşam şərtləri demək olar ki, hər gün dəyişir. Bütün sahələrdə ənənəvi dəyərlər yeniləri ilə əvəz olunur və artıq bu, zamanın tələbinə çevrilib. Dəyişən şərtlərə uyğun tədris prosesi də təkmilləşmək məcburiyyətindədir. Bu gün inkişaf etmiş ölkələrin təhsil sistemində şagirdlərin psixoloji inkişafı, dünyagörüşü, tədrisin daha kreativ, modern, əyləncəli üsullarla aparılması əsas sayılır. Təhsilin inkişafı, yeni təlim metodlarının tətbiqi, nəticəyönümlü tədrisə maraq və şəxsiyyət yetişdirilməsi kimi mühüm strateji amillər ilk yerdə durur.
Məsələn, uşaqlar müasir üsullarla bağça və ibtidai siniflərdə əyləncəli zəka oyunları oynayır və yaşa uyğun bilikləri zövq alaraq öyrənirlər. Riyaziyyat və digər dəqiq elmlərdə mücərrəd anlayışları öyrətməyin ən səmərəli yolunun musiqi, dram, ya da idman olduğu düşünülür. Əslində, elmi və elmi olmayan öyrənmə üsulları arasında qurulan bu tarazlıq uşaqların daha yaxşı bilik əldə etməsinə və tətbiq edə bilməsinə yardımçı olur.
Bəs hazırda Azərbaycanda orta təhsil sistemi növbəti pilləyə, özü də inkişaf etmiş ölkələrin ali təhsil proqramına adekvatdırmı? Orta məktəblərdə tədrisin üsul və metodlarına yanaşma tərzində yeniliklər tətbiq olunurmu? Bu istiqamətdə olan çatışmazlıqlar nələrdir? Yeni hazırlanan "Ümumi təhsil haqqında” qanun layihəsində tədrisin modernləşdirilməsi ilə bağlı hansı məsələlər öz əksini tapıb? Bu və buna bənzər suallara təhsil mütəxəssisləri ilə aydınlıq gətirməyə çalışmışıq.
Nəticələrin əldə olunması müəllimin
hazırlıq səviyyəsindən asılıdır
İlk həmsöhbətimiz 21 yaşından müəllimlik fəaliyyətinə başlayan və ömrünün 50 ilə yaxın bir dövrünü pedaqoji fəaliyyətə həsr etmiş Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidir.
Ali qanunverici orqan tərəfindən məhz bu yöndə mühüm sənədlərin qəbul olunmasında əhəmiyyətli rolu olan və yüksək pedaqoji təcrübəyə sahib akademik bu sahədəki problemlərə və çatışmazlıqlara dərindən bələddir.
İsa Həbibbəyli deyir ki, Azərbaycan təhsil sistemi son illərdə daha da yeniləşmiş və təkmilləşdirilmişdir. Bu nailiyyətlərin başlıca səbəbi Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət quruculuğu siyasətində elm və təhsilin inkişaf etdirilməsi məsələsinin mühüm yer tutmasıdır. "Təhsil haqqında” qanun və həmin qanuna son vaxtlar edilmiş dəyişikliklər ölkədə təhsilin bütün pillələrinin inkişaf etdirilməsinə stimul verir: " Dövlət səviyyəsində qəbul edilmiş "Milli təhsil strategiyası” ölkəmizdə təhsilin yeni hədəflərə doğru istiqamətləndirilməsi üçün meydan açır. Son illərdə Milli Məclisdə qəbul edilmiş "Məktəbəqədər təhsil” və "Peşə təhsili haqqında” qanunlar təhsilin bu pillələrinin dünya təcrübəsi və ölkə reallıqları əsasında yenidən qurulmasına təkan verib”.
Hazırda Milli Məclisdə müzakirə prosesində olan "Ümumi təhsil haqqında” qanun layihəsində orta məktəblərin inkişafı ilə əlaqədar əhəmiyyətli müddəalar olduğunu söyləyən İsa Həbibbəyli deyir ki, Təhsil Nazirliyinin təqdim etdiyi və hər il geniş ictimaiyyətlə birlikdə müzakirəsini keçirdiyi illik hesabatlar bu sahədəki dinamik inkişafı ardıcıl olaraq izləməyə imkan verir. Haqqında bəhs olunan qanunvericilik sənədləri və təhsilin idarə olunmasının baş qərargahı olan Təhsil Nazirliyinin həyata keçirdiyi islahatlar, akademikin fikrincə, məktəb-müəllim-şagird-valideyn münasibətlərini normal məcrada inkişaf etdirməyə bələdçilik edir: "Hazırda tədris prosesində innovativ imkanlardan geniş istifadə olunur, şəxsiyyətin inkişafına və keyfiyyətə əsaslanan təlimə üstünlük verilir. Bu istiqamətdə nəticələrin əldə olunması isə müəllimin hazırlıq səviyyəsindən və pedaqoji-metodiki bacarıqlarından asılıdır”.
Proqram yeniləşməli və sadələşdirilməlidir
İsa Həbibbəyli də təsdiq edir ki, təhsil proqramlarının ağırlığından müəllimlər, valideynlər, şagirdlər, hər biri şikayət edir və bu halda təhsil proqramları məsələsinə, kurikulumlara yenidən qayıtmağa ciddi ehtiyac var: "Etiraf etmək lazımdır ki, müstəqilliyin başlanğıc illərində və bir qədər sonra hazırlanmış tədris proqramlarında tələskənliyə yol verilmişdir. Təhsil proqramları və buna uyğun olaraq dərsliklər yeniləşdirilməli və sadələşdirilməlidir. Azərbaycançılıq baxımından da təhsil proqramları və dərsliklər müasir tələblərə heç də tam cavab vermir. Yaxşı cəhətdir ki, hazırda Təhsil Nazirliyində təhsil proqramlarının sadələşdirilməsi və millilik zəminində yeniləşdirilməsi istiqamətində iş aparılır. Yaxşı olar ki, yeni hazırlanmış proqramlar geniş təhsil ictimaiyyətinin müzakirəsinə verilsin. Biz həmin yeniləşdirilmiş proqramları və dərslikləri Təhsil Nazirliyi ilə birlikdə Milli Məclisin Elm və təhsil komitəsində deputatların iştirakı ilə müzakirə etməyi faydalı hesab edirik və buna hazırıq”.
Sinif otağında bağçadakından daha çox
oyuncaq var idi...
İsa Həbibbəylinin
fikrincə, "əzbərləmək bilik qazanmaq deyil və
əzbər öyrənilən nə varsa, bir vaxtdan sonra
yaddaşlardan silinib gedir, dünyagörüşünə
çevrilə bilmir”. Akademik həmçinin qeyd edir ki, dərsdə
öyrədilənləri əzbərlətmək yox, dərk
olunmuş şəkildə mənimsətmək
lazımdır. Tələbkarlıq adı altında
yaradılan psixoloji gərginlik şüurlu dərkolunma
prosesinə mane olur. Məktəbdə, dərslərdə
şagird özünü sərbəst və rahat hiss etməli,
diqqətini bilik öyrənməyə yönəltməlidir.
Dərk olunmuş təlim şagirdi həm də
həyata hazırlayır: "Əlbəttə, dünyada
yaş səviyyəsindən asılı olaraq tədris
prosesində müxtəlif vasitələrdən istifadə
edilir. İbtidai siniflərdə əyləncəli
üsullardan istifadə etmək fayda verə bilər. Məsələn,
2005-ci ildə Amerika Birləşmiş Ştatlarında
Çikaqo yaxınlığındakı Oyk-Park məktəbində
Nobel mükafatı laureatı, yazıçı Ernest
Hemenqueyin vaxtilə birinci sinifdə oxuduğu sinif
otağına baxmağa getmişdim. Sinif otağında bizim
bağçalarda olduğundan da çox oyuncaqlar var idi.
Öyrəndim ki, şagirdlər sinifdən-sinfə
keçdikcə oyuncaqların sayı azaldılır və
onları digər texniki vasitələr, məsələn,
kompüterlər əvəz edir. Fikrimcə, yuxarı siniflərdə
əyləncəli tədris üsulu fayda verə bilməz. Bu
yaş həddi üçün dialoq, müqayisə, təhlil
üsulları daha məqbul sayıla bilər”.
Akademik onu da diqqətə çatdırır ki, təhsildə yeni üsul və vasitələrdən istifadə etmədən müasir səviyyəyə gəlib çatmaq mümkün deyil. Müəllim daim tədris üçün yeni üsul və vasitələrin sorağında olmalıdır: " Bununla belə, təhsil sistemində sınaqlardan çıxmış davamlı ənənələrdən də yaradıcı şəkildə istifadə olunması unudulmamalıdır. Yeniləşmə ilə ənənəvi tədris üsullarının ortaq balansı tapılmalıdır. Ultra yenilikçilik lazımi səmərə vermir”.
Orta təhsil pilləsində
sistemli islahatlar aparılacaq
"Ümumi təhsil
haqqında” yeni qanun layihəsi artıq parlamentdə birinci
oxunuşdan keçib. Qanun layihəsində yuxarıda sadalanan məsələlərin
hansı formada əksini tapmasına aydınlıq gətirən
Milli Məclisin Elm və təhsil komitəsinin sədri məlumat
verir ki, yeni sənəd bu istiqamətdə ölkəmizdə
aparılan təhsil siyasətini, məktəbin idarə
olunmasını və tədrisin təşkili ilə əlaqədar
məsələləri özündə əks etdirir:
"Burada dövlət ümumi təhsil müəssisələri
ilə yanaşı, özəl təhsilin və bələdiyyə
təhsilinin də fəaliyyətini tənzimləyən
müddəalar var.
Həmçinin qanun layihəsində
təqvim ilinin sonuna qədər 6 yaşı tamam olanların
birinci sinfə qəbul edilməsi, 5 yaşından məktəbəhazırlıq
qruplarının təşkili, X-XI siniflər
üçün tədrisin təmayüllü qruplarda
aparılması, məktəblərə yerləşdiyi ərazi
prinsipinə görə şagird qəbulunun aparılması,
vahid geyimin tətbiqi və digər məsələlər ilk
dəfə olaraq öz əksini tapıb.”
İsa Həbibbəyli hesab
edir ki, "Ümumi təhsil haqqında” qanunun qəbul edilməsi
ilə tam orta təhsil pilləsində sistemli islahatlar
aparılacaq və əhəmiyyətli nəticələr əldə
olunacaq.
Təhsilin məzmunu,
bu günü və gələcəyi
Keyfiyyətli tədris təhsil
verənin bilik və bacarığını necə tətbiq
etməsi ilə birbaşa bağlıdır. Bu sahədəki
üstün təcrübəsi sayəsində sadə müəllimlikdən
ən yüksək postlardan birinə qədər yüksələn
- təhsil nazirinin müavini, psixologiya üzrə fəlsəfə
doktoru Məhəbbət Vəliyeva təhsilin məzmunu, bu
günü və gələcəyi ilə bağlı
atılacaq addımlardan məlumat verir.
Məhəbbət Vəliyeva
bildirir ki, Azərbaycan Respublikası Prezidetinin sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət strategiyası”nda
müəyyən olunmuş istiqamətlər üzrə ciddi
islahatlar aparılır. Təhsil alanlarda yeni məzmunlu səriştənin
formalaşdırılması, müəllimlərin peşəkarlıq
səviyyəsinin artırılması, məktəblərin
maddi-texniki bazasının, infrastrukturunun yenilənməsi,
müasir tələblər baxımından təhsil müəssisələrinin
idarə olunması, maliyyə sisteminin təkmilləşdirilməsi
həyata keçirilir: "Bu gün səriştə əsaslı
məzmuna sahib olan hər bir təhsil alan,
nəinki nəzəri biliklərlə silahlanmış
olmalı, eyni zamanda, onu təcrübədə, həyatda tətbiq
etməyi bacarmalıdır. Bu mənada əsas
baza hissəni saxlamaqla, təhsilə dünyada
sınanılan elmi yenilikləri, rəqəmsal
bacarıqları, innovasiyanı tətbiq etməliyik. Hazırda beynəlxalq təcrübəni öyrənib,
yerli kontingentə tətbiq etmək Təhsil Nazirliyi
qarşısında duran ən zəruri vəzifələrdən
biridir”.
Prioritet vəzifə:
müasir təhsil verənlərin hazırlanması
Nazir müavini qeyd edir ki, bu gün
şagirdlərimizin beynəlxalq elmi yarışlarda daha
yaxşı nəticələr əldə etməsi təhsilimizin
inkişaf etdiyini göstərir, amma bu o demək deyil ki, hər
şeyə nail olunub: "Başa düşürük ki, biz
inkişaf etdikcə, inkişaf etmiş ölkələrin təhsil
sistemi daha irəli gedir və onlara çatmağa
çalışırıq. Bu mənada yeniliklərə
daha çox sürətlə yiyələnmək vasitələrindən
biri, təhsil sahəsində texnologiyaların tətbiqidir.
Son illər məktəblərimizdə yaradılan yeni şərait,
infrastruktur, İKT avadanlıqları ilə təchizat işi
xeyli yaxşılaşır, amma bununla yanaşı,
bütün bu yeniliklərdən istifadə etməyi, onu
gündəlik həyatda tətbiq etməyi bacaran təhsil verənlərə
və onların hazırlığına ehtiyac var.
Qarşıda duran prioritet vəzifələrdən biri də
məhz müasir təhsil verənlərin
hazırlanmasıdır”.
Təhsil prosesini uşaqlar
üçün maraqlı və əhəmiyyətli etməyin
yollarından birinin də texnologiyadan bacarıqla istifadə
etmək olduğunu söyləyən Məhəbbət Vəliyeva
deyir ki, məlumat bolluğu olan dövrdə, heç bir
İKT avadanlığı istifadə etmədən, quru dərs
keçməklə şagirddə maraq yaratmaq mümkün
deyil: "Bugünkü gənclər texnologiyanın ən
geniş istifadəçisidir və buna maraq göstərirlər.
Bunlar şagird üçün bir öyrənmə
vasitəsi olmalıdır. Müəllim məzmunu
düşünüb, İKT tətbiq etməklə
şagirdlərə ötürməlidir. Artıq
bu ilin sentyabr ayından etibarən məktəblərimizdə
yeni innovativ yanaşmaların tətbiqinə
başlayacağıq. Bunun üçün pilot məktəblər
müəyyənləşdiriləcək. Oradakı
təcrübə sınaqdan keçdikdən sonra paralel olaraq
ölkənin başqa məktəblərinə də
ötürüləcək”.
Fərqli
düşünən valideyn və şagirdlər...
Məhəbbət Vəliyeva
məlumat verir ki, beynəlxalq təcrübədə
şagirdlər məktəbdənkənar vaxtda tamamilə
müasir və gələcəkdə onlara lazım olacaq
bacarıqlara yiyələnirlər. Azərbaycanda da qabaqcıl məktəblərdə
təhsil alan şagirdlər dərslərlə
yanaşı, beynəlxalq olimpiadalara, idman,
yaradıcılıq müsabiqələrinə
hazırlaşırlar. Və bilirlər ki, bu bacarıqlara yiyələnmək
onların gələcəkdə mütəxəssis kimi
formalaşmasında, həyatda öz yerlərini
tapmalarında böyük rol oynayır: "Təəssüf
ki, fərqli düşünən valideyn və şagirdlər
də var ki, onların əsas məqsədi yalnız ali məktəbə hazırlıqdır. Təhsil Nazirliyi olaraq hazırda məktəbin
imkanlarından və resurslarından düzgün istifadə
etməyin yollarını düşünürük. 11-ci sinfi bitirib həyata atılan gənc, nəzəri
biliklərə malik olmasa belə, həyatda ona lazım olan
bacarıqlara yiyələnməlidir. Amma
bu bacarıqlar yalnız 45 dəqiqə dərs müddətində
şagirddə formalaşdırıla bilməz. Bunun üçün dərsdən sonra müxtəlif
fəaliyyətlərin mövcud olması lazımdır.
Elə bu məqsədlə də nazir Ceyhun Bayramovun əmri
ilə bu il məktəblərin reytinq
göstəriciləri yalnız buraxılış imtahanlarının
nəticəsinə əsasən deyil, o cümlədən də
şagirdlərin olimpiadalarda, bilik yarışlarında,
müsabiqələrdə iştirakı əsasında gətirilən
uğurların ölçülməsi nəticəsində
müəyyənləşəcək. Bu il
ölkə üzrə müxtəlif yaş qruplarında olan
şagirdlər idmanın 4 növü üzrə müsabiqələrdə
iştirak edəcəklər. Həmçinin
yaradıcılıq müsabiqələrinin, sərgilər,
bədii qiraət, teatr tamaşalarının göstərilməsi
nəzərdə tutulur. Bunlar şagirdlərin
başqa imkanlarının da üzə
çıxarılmasına kömək edəcək”.
Müəllim dərsə
yaradıcı yanaşmırsa...
"Əgər müəllim dərsə
yaradıcı yanaşmırsa, ona vacib, canlı bir proses kimi
baxmırsa, o zaman dərs çox quru, sönük keçəcək
və bu, uşaqda maraq yaratmayacaq, onda heç bir əqli
proseslərin formalaşmasına kömək etməyəcək”
- söyləyən nazir müavini vurğulayır ki, 21-ci əsrin
vacib bacarıqları arasında, şagirdlərdə
başqaları ilə ünsiyyət, vaxtında və
düzgün qərar vermə, yeniliklərə açıq
olma, texnologiyadan istifadə, müxtəlif mənbələrdən
aldığı məlumatı mənimsəyib yenidən təqdim
etmə bacarığı formalaşdırılmalıdır.
Şagirddə tədqiqatçılıq
bacarığı olmalıdır və o, sadəcə bir
kitab, nağılla kifayətlənməməlidir ki, bunun
üçün müəllimdən böyük
yaradıcılıq tələb olunur.
Dərs
yükünün ağırlığından şikayət
Nazir müavini bildirir ki, dərs
yükünün ağırlığından şikayət
edən valideynlər var və onların arasında haqlı
olanlar da mövcuddur. Təbii ki, dərs proqramının
öhdəliklərini yerinə yetirmək lazımdır, amma
proqramın tələblərini hansı müəllimin necə
yerinə yetirməsi artıq fərdlərə aiddir. Çünki müəllim dərslikdəki
tapşırığı anlaşılan dilə çevirməklə,
dərsi yaradıcı qurmaqla, müxtəlif vasitələrdən
istifadə etməklə şagirdə çatdırır və
bununla da həm keyfiyyətə nail olur, həm də dərslikdən
başqa alternativ öyrənmə üsullarını
şagirdə təqdim edir. Nəticədə proses ona ağır
və yüklü görünmür. İkinci
qrup müəllimlər var ki, dərslikdə verilən
materialla kifayətlənir və alternativ vasitələr
axtarmır. Nə şagird yüklənir,
nə də müəllim əlavə əziyyət çəkir,
amma şagirdin hansı səviyyədə faydalanmasına gəldikdə,
aydın məsələdir ki, bu, birinci ilə müqayisədə
çox da yaxşı nümunə deyil. Üçüncü
kateqoriya müəllimlər isə nəinki dərsliklə
kifayətlənir, eyni zamanda, dərslikdən əlavə
lazımsız resurslardan istifadə edir. Bəzən
müəllim heç bir mənbədə məlum olmayan,
müəllifi tanınmayan, etibarsız mənbələri
sinifə gətirməklə şagirdlərin fəaliyyətini
"genişləndirir”, başqa tərəfdən də
çoxsaylı ev tapşırıqları verməklə
onları yükləyir. Bu da müəyyən
uşaqlar üçün həm maraqsız, həm də
yorucu görünür. Bəzən
müşahidə edirik ki, sosial şəbəkələrdə
hansısa mətndən bir parça qoyublar və
böyük tənqid atəşinə tutulur ki, Təhsil
Nazirliyi hara baxır? Günah həmin vəsaiti
dərsdə tətbiq edən müəllimdədir”.
Öyrənmə
prosesini rəngarəng etmək lazımdır
Əlavə tapşırıqlarla
şagirdlərin yüklənməsi məsələsinə
də aydınlıq gətirən Məhəbbət Vəliyeva
söyləyir ki, birinci sinif şagirdinin yazı yazmaq
bacarığı vacibdir: "Digər tərəfdən də
rəqəmsal texnologiyanın tətbiqindən
danışırıq və başa düşürük ki,
orada xəttin gözəlliyi o qədər də önəmli
deyil və bu mənada şagirdlərdə vacib bacarıqlar
formalaşdırılmalıdır. Müəllimlər
şagirdə fərdi yanaşmalıdır, onların maraq
dairələrini öyrənib, tədris prosesini hər birinin
ehtiyacına uyğun qurmalıdır. Bunun
üçün müəllimdən əlavə vaxt, öz
üzərində işləmək, yaradıcılıq,
öz peşəsinə vurğunluq tələb edilir. Amma təəssüf ki, heç də bütün
müəllimlərimiz peşəsinin vurğunu deyil. Belə olduqda müəllimlər şagirdin nəticə
əldə etməsinin yeganə yolunu onu yükləməkdə
görürlər. Düşünürlər
ki, şagird çox yazarsa, eyni tapşırığı bir
neçə dəfə yerinə yetirərsə, onda vərdiş
formalaşdıracaq və biliyi möhkəmlənəcək.
Amma bu, yanlış yoldur. Şagirdin
öyrənmə prosesini maraqlı etmək üçün
onun rəngarəngliyinə çalışmaq
lazımdır”.
Savadsız müəllimi
sistemdən kənarlaşdıranda...
Nazir müavini onu da diqqətə
çatdırdı ki, müəllimlərin diaqnostik qiymətləndirilməsi
zamanı məlum oldu ki, bu gün məktəblərimizdə
öz ixtisasını 20-30 faiz bilən müəllimlər
var. Bu müəllimlər zamanında, müxtəlif şəraitlərdə
təhsil sisteminə daxil olub və indi də
çalışırlar: "Qiymətləndirmədə
aşağı nəticə göstərən müəllimlər
üçün nazirlik əlavə olaraq ixtisasartırma təlimləri
təşkil etdi və onlardan bəziləri öz nəticəsini
həqiqətən, yaxşılaşdırdı. Elə
müəllimlərimiz də var ki, bu gün öz
ixtisasları üzrə 0-9 bal arası nəticə
göstəriblər. Aralarında da elələri
var ki, bu yaşdan sonra onları yenidən hazırlamaq
mümkün deyil. Bundan sonraki dövr
sertifikatlaşdırma mərhələsidir ki, bu da həmin
müəllimlərin öz üzərində ciddi
çalışmasını tələb edir. Bundan bir ajiotaj, narahatçılıq da yaratmaq
lazım deyil. Əlbəttə ki, heç bir valideyn istəməz
ki onun övladına savadsız müəllim dərs desin. Bir savadsız müəllimi sistemdən kənarlaşdıranda
da, o müəllim harasa şikayət edəndə də,
hamı bunu anlayışla qəbul etməlidir”.
Uşaqların
psixi inkişafla bağlı yaş dövrləri hökmən
nəzərə alınmalıdır
O da həqiqətdir ki, təhsil
sisteminin məqsədi gənc nəslə yalnız bu və
ya digər fənnə aid biliklərin verilməsi deyil, həm
də hərtərəfli şəxsiyyət yetişdirməkdir
və burada da psixoloji məqamlara daha çox diqqət yetirilməlidir.
Şəxsiyyətin
formalaşması və inkişafı haqqında yeni konseptual
model yaratmış, təlim prosesində mənimsəmənin
effektivliyini artırmaq üçün öyrənmənin dərketmə
modelini irəli sürmüş Milli Məclisin Elm və təhsil
komitəsinin sədr müavini, AMEA-nın müxbir
üzvü Bəxtiyar Əliyevə bu istiqamətdə
suallarımızı ünvanladıq.
36 illik pedaqoji fəaliyyətlə məşğul
olan Bəxtiyar Əliyev zəngin təcrübəsinə əsaslanaraq
bildirir ki, təhsilin şəxsiyyətyönümlü və
humanistləşdirilməsi həyata keçirilən
islahatların əsas məzmununu təşkil edən məsələlərdəndir:
"Təkcə yüksək bilik, bacarıq, vərdişlərə
yiyələnmiş mütəxəssisin deyil, vətəndaş
mövqeyində olan, vətənini sevən və öz
müstəqil dövləti üçün düşünən,
milli dövlətçiliyə töhfəsini verən şəxsiyyətin
formalaşdırılması vacib məsələlərdən
biri kimi təhsildə qarşıya hədəf qoyulub. Çünki milli identiklik olmadan, milli dövlət
qurmaq mümkün deyil. Bu baxımdan
bütün ümumi təhsilin səviyyələrində,
uşaqların psixi inkişafı ilə bağlı yaş
dövrləri və xüsusiyyətləri hökmən nəzərə
alınmalıdır. Hər bir yaş
dövründə uşağın hafizəsinin, diqqətinin,
təfəkkürünün, təxəyyülünün
xüsusiyyətləri var. Biz bunları nəzərə
almadan, tərbiyə və təlim prosesini düzgün qura
bilmərik”.
Müəllimin dərsə,
təlim-tərbiyə prosesinə münasibəti dəyişib
"Azərbaycanda təhsil
islahatları müvafiq dövlət proqramı əsasında,
Prezident İlham Əliyevin imzaladığı "Azərbaycanda
təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”na uyğun olaraq 2013-cü
ildən həyata keçirilir və artıq bu istiqamətdə
xeyli işlər görülüb”- söyləyən
professor Bəxtiyar Əliyev bildirir ki, qarşıya qoyulan hədəflərdən
bir çoxuna nail olunub. Artıq 500 baldan
çox nəticə göstərən abituriyentlər müəllimlik
peşəsini seçirlər. Bu isə o
deməkdir ki, ixtisasın məzmunu dəyişdirilib və
müəllimin cəmiyyətdə olan nüfuzu geri
qaytarılıb. Bununla paralel müəllimlərin
diaqnostik qiymətləndirilməsinin aparılması, məktəb
direktorlarının imtahanlarla seçilməsi,
ixtisasartırmaların günün tələbləri və
müvafiq standartlar əsasında qurulması
bütövlükdə məktəbə və müəllimin
dərsə, təlim, tərbiyə prosesinə münasibətini
dəyişib.
Əksər
hallarda uşaqlar təhsilə hazır deyildilər
Deputat deyir ki, söhbət
artıq kəmiyyətdən yox, keyfiyyətdən gedir. Real gerçəklikdə təhsilin
fasiləsizliyi təmin edilib və 5 yaşlı
uşaqların məktəbə hazırlığı məktəbəqədər
təhsil müəssisələrində və ya ümumtəhsil
məktəblərində həyata keçirilir: "Təcrübə
göstərirdi ki, əksər hallarda uşaqlar məktəbdə
təhsilə hazır deyildilər və bu
hazırlığı, uyğunlaşmanı uğurla
keçmədən onların təlim nailiyyətləri
qazanması, eyni zamanda, əxlaqi normaları mənimsəməsi
çətin idi. Hazırda məktəbəqədər
təhsilə hazırlıq təqribən 75 faizə
yaxın uşaqla əhatə olunub. Halbuki,
10 il əvvəl ölkə üzrə bu göstərici 5
faiz idi və bu, qısa bir müddətdə əldə
olunan inqilabi dəyişiklik, yenilikdir”.
Köhnəliklə
yeniliyin mübarizəsi
Orta məktəblərdə
hazırda istifadə olunan dərsliklərin həddindən
çox mürəkkəb olması, bu məsələdə
uşaqların yaş səviyyəsinin nəzərə
alınmaması ilə bağlı səslənən tənqidlərə
münasibət bildirən Bəxtiyar Əliyev nəzərə
çatdırır ki, dərsliklər və təlim-tərbiyə
prosesi müasir tələblərə
uyğunlaşdırılmalıdır. Yəni, hazırlanmış
dərsliklər o qədər mürəkkəb
olmamalıdır ki, uşağın psixi inkişafını
ləngitsin, yaxud da o qədər asan olmamlıdır ki, onun
inkişafına təkan verə bilməsin: "Həmçinin
dərsliklər şagirdin psixi inkişaf səviyyəsinə
uyğun tərtib olunmalı, onların müstəqil və tənqidi
düşünmək qabiliyyətini inkişaf etdirməlidir.
Biz burada çox informasiya vermək yox, müstəqil
düşünmə, qərar qəbul etmə və tənqidi
yanaşmanı nəzərdə tuturuq. Belə
olduqda həmin şagirdlər müstəqil surətdə
materialları oxuya, mənimsəyə və tədqiq edə
bilərlər. Bəzən isə
informasiya ötürülür. Məsələn,
kifayət qədər informasiya var, amma şagirdlər onu qəbul
edə, bu bacarıq vərdişinə yiyələnə
bilmirlər. Çünki tənqidi və
müstəqil düşüncə yoxdur”.
Deputat deyir ki, hazırda təhsildə
hədəf hər bir şagird, tələbənin öz
potensial yaradıcı imkanlarını özü aşkar etmək
və onu gerçəkləşdirməyi bacarmasıdır. Müəllim
isə bu işdə ancaq köməkçi olmalıdır.
Ona görə də ənənəvi təhsildən fərqli
olaraq, hansı ki, şagirdə yalnız biliyin
ötürülməsi üçün bir obyekt kimi baxılırdı,
bu gün isə artıq təhsil alana təhsilin
fəal subyekti kimi baxılır. Belə olan
halda müəllim yalnız köməkçidir, istiqamət
verəndir. Əsas işi görən, o fəallığı
göstərən isə bu prosesin mərkəzində dayanan
təhsil alandır. Təhsil sahəsində
keçirilən islahat ona gətirib çıxarıb ki,
müəllim artıq təhsilalanın özünün fəallığını
təmin edir və buna köhnəliklə yeniliyin mübarizəsi
kimi də baxmaq olar.
Uşaqların
şəxsiyyət kimi formalaşması
Təhsil Nazirliyi tərəfindən
"Sağlam təhsil-sağlam millət” adlı pilot proqramın
həyata keçirildiyini diqqətə çatdıran
AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev bildirir ki,
həmin proqramda şagirdin neçə saat dərslə məşğul
olması, fasilələrin müddəti, nə qədər fəal
olmaları və digər müddəalar nəzərdə
tutulub: "Çünki uşaqlarda fizioloji inkişaf prosesi
gedir və uzun müddət hərəkətsizlik onların
fiziki inkişafına müəyyən problemlər
yaradır. Bir tərəfdən bədən,
digər tərəfdən də beyin məşq etməlidir.
Eyni zamanda, psixoloji xidmət təşkil olunur,
təlim fəaliyyəti zamanı yaşanan emosional
halların təlim müvəffəqiyyətlərinə təsiri,
uşaqların şəxsiyyət kimi formalaşmasına maneə
törədəcək halların aradan qaldırılması,
sağlam sosial, psixoloji mühitin məktəblərdən ailələrə
daşınmasına xidmət etmək əsas
götürülür.
Ali məktəblərin
məzmun və keyfiyyəti dəyişəcək
Bəxtiyar Əliyev hesab edir
ki, "Ali təhsil haqqında” qanun layihəsi yaxın zamanda
hazırlanıb təsdiq edilərsə, təhsil sahəsindəki
qanunvericilik bazası tam təmin edilmiş olacaq. Artıq tədbirlər
planı da hazırlanıb və bunlar ali
məktəblərin bütün məzmun və keyfiyyətini
dəyişəcək: "Deməliyik ki, hazırda ali məktəblərimizin
heç də hamısı beynəlxalq standartlara və tələblərə
cavab vermir. Bu isə yüksək ixtisaslı,
peşəkar kadrların və vətəndaşın
formalaşmasına, hazırlanmasına imkan vermir”.
Deputat deyir ki, təhsil sahəsində
müəyyən problemlər də var, amma onların həlli
üçün təsirli, ardıcıl bir siyasət həyata
keçirilir və 2020-ci ildə bu hədəflərə
nail olunacaq. Belə olan halda isə yaxın zamanda Azərbaycan təhsili
dünyaya mütərəqqi modellərdən birini təqdim
edəcək.
Pedaqoji fakültələrin
buraxılışları ürəkaçan deyil
Reallıqdır ki, orta məktəblərdə
təhsilin müasir metodlarla tədrisinə daha yaxşı
nail olunması üçün müəllimlərin təkmilləşdirilməsinə
də böyük ehtiyac var.
Dəfələrlə
müxtəlif nominasiyalarda ilin ən yaxşı müəllimi
seçilmiş və Azərbaycan dili üzrə kurikulum
layihəsində milli məsləhətçi kimi fəaliyyət
göstərmiş təhsil eksperti, filologiya üzrə fəlsəfə
doktoru Şəmil Sadiq bu sahədə pedaqoji fakültələrin
buraxılışlarının ürəkaçan
olmadığını vurğulayır.
O deyir ki, məhz bu amil orta məktəblərdə
yeniliklərin tətbiq olunmasını ləngidir: "Azərbaycan
dinamik inkişaf edən dövlətdir və dünyaya
inteqrasiyada heç vaxt ləngimir. 2006-ci ildən
yeni kurikulum layihəsinin həyata keçməsi, dərsliklərin
yenidən hazırlanması, müəllimlər
üçün yüzlərlə treninqin keçirilməsi
bunun əyani sübutudur. Lakin etiraf etmək
lazımdır ki, müəllimlərin təkmilləşməsi,
zamanın tələbinə uyğunlaşdırılması
çox ağır prosesdir. İstər
"Təhsil haqqında” qanun, istərsə də fənn
kurikulumları yetərincə mütərəqqidir, lakin bunun
icrasında problemlər hələ də qalmaqdadır. Zənnimcə, bunun əsas amili universitetlərin
pedaqoji fakültələrinin
buraxılışlarının ürəkaçan
olmamasındadır. Bu da Təhsil
Nazirliyinin orta məktəblərdə köklü
islahatları tam miqyasda aparmaq istəyini həyata keçirməkdə
çətinlik yaradır. Bu gün məktəblərimizdə
texnoloji imkanlar, infrastruktur çox inkişaf edir, fərdi
yanaşma tələbləri daim vurğulanır. Amma bunun müqabilində universitetdən məktəbə
gələn gənc kadrlar bu tələblərə demək
olar ki, cavab verə bilmirlər”.
Universitet təhsilinin pedaqoji sahədə
ümidləri doğrultmadığını və müəllimlərin
müəyyən səviyyəyə gəlib
çatmasının xeyli zamana və əlavə xərclərə
başa gəldiyini söyləyən Şəmil Sadiq bildirir
ki, ən mükəmməl tədris modellərindən
sayılan Finlandiya təhsilinin birinci uğuru müəllimlərin
hazırlanmasındakı düzgün metodlardır: "Bu
problemin bir əsas qaynağı da valideynlərdir ki, onlar da
zamanın tələblərinə uyğunlaşmasa, biz təhsili
istədiyimiz səviyyəyə qaldıra bilmərik. Günümüzün şagirdi çeviklik, praktik
zəka və analitik olmağı tələb edir, amma təhsil
verənlər buna cavab verə bilməyəndə yazılan
bütün qanunların, layihələrin tələbəni
ödəyə bilmirik. Onun
üçün də düşünürəm ki,
qarşıdakı illərdə müəllimlərin təkmilləşdirilməsi
üçün ciddi və davamlı layihələrə
ehtiyac var”.
Uşaqlar bilgi
yüklü robota çevrilə bilər
"Birmənalı şəkildə
deyə bilərəm ki, bugünkü orta məktəb tədris
proqramı insan yetişdirmək üçün çox
ağırdır” - deyən fəlsəfə doktoru izah edir
ki, daha çox bilgi yönümlü təhsil sisteminə
malik olduğumuzdan şagirdlərin yükünün
ağırlığı xüsusi diqqət cəlb edir. Dünya təhsil
sistemində yanaşmalar çoxdan dəyişib. Artıq elm, bilik öyrənməyin yeri universitetlər,
elm mərkəzləridir. Məktəb isə
ilk olaraq tərbiyə müəssisəsi olmalıdır.
O tərbiyə ki, içində milli ideologiya, əxlaqi dəyərlər,
insani münasibətlər, özünüifadə,
bacarıqlar və digər meyarlar daşısın: "Lakin
bu gün bizim şagird, valideyn və müəllimi sadəcə,
universitet birləşdirir. Hər kəs bu
yarışın içindədir. Tədris
proqramı vətəndaş yetişdirməyə köklənmədikcə,
bu acınacaqlı durumu davamlı yaşayacağıq. Uşaqlar bilgi yüklü bir robota çevriləcək
ki, bu da milli dövlətçilik yönündə zərərli
addımdır”.
Şagirdi necə
yaxşı vətəndaş etməli
Şəmil Sadiq qeyd edir ki,
universitetlərə qəbul proqramının yaddaş
yüklü olması müəllimləri öz müqəddəs
funksiyalarını unudub şagirdlərə bilik əzbərlətdirməklə
məşğul edir ki, bu da heç bir halda ümummilli və
bəşəri məqsədləri ifadə etmir.
Bugünkü təhsil,
toxunaraq öyrənməyi tələb edir, nəzəri
biliklərin əzbərlədilməsini yox. Hər bir uğurlu insan məktəbdə
əzbərlədiyi tərifə görə deyil, əldə
etdiyi bacarığa görə həyatda yaşamını
asanlaşdırır və cəmiyyətə də
faydalı olur: "Nəzəriyyələr önəmlidir,
amma o nəzəriyyələr praktika zamanı mənimsəniləndə
daha davamlı olur. Şagird qrammatikanı mənimsəyib,
düzgün və səlis danışmırsa, tarixi
faktları əzbərləyib millətini tanımırsa,
biologiyadan beş alıb bir dostunun qolu
çıxdığı zaman ona ilk tibbi yardım göstərmək
bacarığı yoxdursa, fizikanın düsturlarını, təriflərini
öyrənib bir məftili o birinə bağlaya bilmirsə,
riyazi düsturu əzbərləyib, ailə büdcəsini
idarə etməyə qadir deyilsə, bütün şair və
yazıçılarımızın həyat və
yaradıcılığını öyrənib, insani dəyərlərə
hörmət etmirsə, sevməyi, sevilməyi bacarmırsa,
ünsiyyət problemindən əziyyət çəkirsə,
o insan ölkəyə necə yaxşı vətəndaş
olacaq?!”.
Qiymət, imtahan, valideyn qorxusu...
Fəlsəfə doktoru söyləyir ki, Təhsil Nazirliyinin son dövrlərdə müəyyənləşdirdiyi ən böyük tələblərdən biri həyati bacarıqlara uyğun tədrisdir. Lakin hələ də müəllimlərimizin əksəriyyəti ya bu yöndə işləyə bilmir, ya da valideynlərimiz tərəfindən buna imkan verilmir: "Bir müəllim dərsini oyun və əyləncə əsasında keçməyə cəhd edəndə təəssüflər olsun valideynlərimiz bunu klassik baxışla qəbul etmir, "bu necə dərsdir, bizim vaxtımızda belə deyildi” deyib, müəllimi kreativ təşəbbüsündən çəkindirməyə cəhd edir. Tədrisə yanaşma çoxdan dəyişilməlidir, şagird məktəbdə xoşbəxt olmalıdır, ola bilmirsə, demək, məktəb işini düzgün qura bilməyib. Bizim şagirdlər bu gün məktəbə çox hallarda getməyə məhkum olduqları yer kimi baxırlar, ona görə də öyrəndikləri ruhlarına hopmur. Bunun yeganə səbəbi ağır düsturların, mühazirə xarakterli çıxışların, məcburi öyrədilmə cəhdlərinin problemidir”.
Araşdırmadan da göründüyü kimi, təkcə orta məktəblərdə təhsilin modern üslubda tədrisi bu sahədəki çatışmazlıqları aradan qaldırmayacaq. Paralel olaraq ali məktəblərə qəbul proqramında da dəyişikliklər mütləqdir. Əks təqdirdə, bilgi yüklü qəbul proqramı, müasir üsulla təhsil almış şagirdin standartları ilə üst-üstə düşməyəcək və o, yenidən əzbər öyrənməyə meyillənəcək.
O da həqiqətdir ki, yaxşı təhsil nə universitet məzunu olmaq, nə də yüksək bilik sahibinə çevrilməklə ölçülür. Burada əsas olan təhsil aldığın, ya da işlədiyin sahədə özünü rahat və xöşbəxt hiss edə bilməndir. Onun üçün də şagirdi qiymət nigarançılığına, imtahan təlaşına, valideyn qorxusuna öyrətməkdən əl çəkilməli, onu maraqlandıracaq yollar aranmalıdır...
Yasəmən MUSAYEVA
Azərbaycan.-
2019.- 24 yanvar.- S.5-6.