Naxçıvanlı rəssamlar Bəhruz Kəngərli muzeyini ziyarət ediblər

 

Azərbaycanın milli rəsm sənətinin görkəmli simalarından olan, ilk realist fırça ustası Bəhruz Kəngərlinin anadan olmasının 127 illiyi münasibətlə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri Bəhruz Kəngərli Muzeyini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, rəssamlar əvvəlcə Naxçıvan şəhərindəki Bəhruz Kəngərli adına Rəssamlar Parkında rəssamın abidəsi önünə gül dəstələri düzüblər. Sonra muzey ziyarət olunub.

Muzeylə tanışlıq zamanı məlumat verilib ki, Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə yaradılıb. 2002-ci il iyun ayının 18-də ümummilli lider Heydər Əliyevin iştirakı ilə muzeyin açılışı olub. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasında da bir sıra işlər görülüb, Bəhruz Kəngərlinin Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan bir çox əsərlərinin surəti çıxarılaraq Bəhruz Kəngərli Muzeyinə verilib. İlk dəfə olaraq rəssamın əsərlərinin tam külliyyatı albom-kataloq şəklində nəşr edilib. Eyni zamanda, muxtar respublikada yubiley münasibətilə poçt markası buraxılıb, görkəmli rəssamın həyat və fəaliyyətinə həsr olunmuş sənədli film hazırlanıb və Bəhruz Kəngərli Muzeyinin yerləşdiyi bina yenidən qurularaq 2013-cü ildə istifadəyə verilib. Bu gün muzeydə realist rəssamın zəngin irsinə aid yüzlərlə eksponat mühafizə olunur.

Bildirilib ki, 30 il ömür sürən Bəhruz Kəngərli zəngin irs qoyub, yeddi il yaradıcılıq fəaliyyəti ilə məşğul olsa da, 2 minə qədər rəsm əsəri yaradıb. O, realist portret və mənzərə rəsm yaradıcılığının, eləcə də Azərbaycan boyakarlığında realizmin əsasını qoymaqla Azərbaycan bədii sənət xəzinəsinə dəyərli nümunələr bəxş edib, onu yeni ictimai məzmun və janr, yeni təsvir metodu və ifadə vasitələri ilə zənginləşdirib. Azərbaycan boyakarlığında realizmin əsasını qoyan Bəhruz Kəngərlinin əsərlərində zəngin lirika, nikbin əhvali-ruhiyyə duyulur. Bu isə rəssamın vətənə, təbiət gözəlliklərinə bəslədiyi sönməz məhəbbətindən qaynaqlanır.

Diqqətə çatdırılıb ki, muzeyin saytı bu mədəniyyət ocağının ekspozisiyası ilə dünyanın istənilən yerindən tanış olmaq imkanı yaradır. Buna görə də həm Bəhruz Kəngərli Muzeyi, həm də Rəssamlar Parkı yerli sənətsevərlər, eyni zamanda, turistlərin mütəmadi ziyarət etdiyi məkanlardan biridir.

 

Azərbaycan.- 2019.- 24 yanvar.- S.8.