Davosdan İlham Əliyevə tam dəstək

 

Dünyanın ən nüfuzlu iqtisadi forumunda Azərbaycan Prezidentinin islahatlar konsepsiyası yüksək qiymətləndirildi

 

İsveçrədə dünyanın aparıcı siyasətçilərinin, adamlarının, ekspertlərinin iştirakı ilə keçirilən 49-cu Davos İqtisadi Forumu bu gün başa çatır. Dövlət başçısı kimi ilk dəfə 2007-ci ilin yanvarında Davos Forumunda iştirak edən Prezident İlham Əliyev 2019-cu ildə 13-cü dəfə bu mötəbər toplantıya qatılmış oldu. Hələ 2016-cı ildə Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab forumda onuncu dəfə iştirak etdiyinə görə Davos fəxri üzvlər klubunun nişanını Azərbaycan Prezidentinə təqdim etmişdi.

110 ölkədən 3 mindən çox iştirakçını bir araya gətirən budəfəki forum "Qloballaşma 4.0: 4-cü Sənaye İnqilabı dövründə yeni arxitekturanın yaradılması” devizi altında təşkil edilmişdi. Forumun proqramına aktual qlobal hadisələrə həsr olunan müzakirələr daxil edilmişdi.

Forumda iştirak edən Azərbaycan Prezidenti bir çox beynəlxalq şirkət və dövlət, hökumət başçıları ilə görüşlər keçirdi, Rusiyanın "Rossiya 1” və Çinin CGTN televiziya kanallarına müsahibə də verdiforum çərçivəsində "Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiyada iştirak etdi.

 

Davos Forumu - ölkənin potensialının təqdim edilməsi üçün vacib platforma

 

1971-ci ildə isveçrəli professor Klaus Şvabın təşəbbüsü ilə yaradılan Davos İqtisadi Forumunun (DİF) hər il keçirilməsində əsas məqsəd dövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar, elm adamları, nüfuzlu siyasətçilər, iqtisadçılar, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etmək idi. 1979-cu ildən etibarən DİF-in mütəxəssisləri tərəfindən "Dövlətlərin qlobal rəqabətə davamlılığı” adlı məruzə hazırlanır. Bu məruzələrdə dünyanın 100-dən çox dövləti iki göstərici əsasında - potensial inkişaf və rəqabətədavamlılıq indeksi üzrə qiymətləndirilir.

Bu, yeganə forumdur ki, həm rəsmiləri, dünya liderlərini, həm də adamlarını, vətəndaş cəmiyyəti nümayəndələrini bir araya toplamaq imkanına malikdir. Bu baxımdan Davos Forumu müzakirələr, müxtəlif ölkələrdən investisiyaların cəlb edilməsi üçün və ölkənin özünün potensialının təqdim edilməsi baxımından olduqca vacib platformadır.

İlham Əliyev Davos İqtisadi Forumunun arzuolunan prezidentlərindən biridir. Dövlət başçısı ən vacib müzakirələrdə hər zaman məruzəçi kimi çıxış edir. Onun dünyada gedən siyasiiqtisadi proseslərə münasibəti ciddi marağa səbəb olur. Azərbaycan bu mötəbər forumda yaxından iştirak edərək təcrübə, imkanlar mübadiləsini ortaya qoymaqla dünyadakı mövcud problemlərin aradan qaldırılmasına töhfəsini verir.

Diqqət çəkən əsas məqamlardan biribudur ki, öz tarixi fəaliyyəti dövründə bu mötəbər tədbir yalnız iki dəfə Davosdan kənarda təşkil edilib. Böyük qürur hissi doğuran hal ondan ibarətdir ki, bu dünyəvi forum ABŞ-dan başqa yalnız Azərbaycanda - Bakı şəhərində keçirilib. 2013-cü ildə "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyinə dair strateji dialoqmövzusunda keçirilmiş Dünya İqtisadi Forumu bu dünyəvi qurum tərəfindən ölkəmizin iqtisadi inkişafında qazanılmış uğurlara verilən yüksək tarixi bir dəyər kimi də qiymətləndirilməlidir.

Azərbaycana göstərilən bu yüksək etimad həm də ölkə rəhbərinin Dünya İqtisadi Forumunda fəal iştirakı, maraqlı və strateji əhəmiyyət kəsb edən mülahizələrlə zəngin çıxışları, keçirdiyi çoxsaylı və yüksəksəviyyəli işgüzar görüşlərin nəticəsi kimi qəbul olunmalıdır.

 

Dünyanın beyin mərkəzlərinin Azərbaycana marağı artır

 

Davos İqtisadi Forumunun başlıca məqsədi qlobal vəziyyətin iqtisadi inkişafsosial tərəqqi məsələlərinin həllində dünya birliyinə kömək etmək yolu ilə yaxşılaşdırılmasıdır. Buna görə də forum qlobal inkişafın mühüm problemlərini müzakirə və həll etmək üçün dünya birliyinin işgüzar, siyasi, intellektual və digər liderləri arasında tərəfdaşlığın inkişafına kömək edir. Bu forum əlaqələrin daha optimal şəkildə qurulması, hər kəsə xeyir verəcək layihələrin ortaya çıxması və müqavilələrin bağlanması ilə şərtlənir.

Azərbaycan hər il bu forumda dövlət başçısı səviyyəsində təmsil olunur. Ölkəmiz forumda vacib tərəfdaş kimi tanınır. Dövriyyəsi milyardlarla dollar olan böyük şirkətlərin rəhbərləri Azərbaycana maraq göstərir, iqtisadi cəhətdən inkişaf edən dövlətlərin liderləri Azərbaycanın dövlət başçısı ilə görüşür, mühüm layihələr müzakirə edilir. Davos Forumunda Azərbaycanın hər il dövlət başçısı səviyyəsində təmsil olunması ölkəmizin dünya birliyinə inteqrasiyasını daha da möhkəmləndirir, iqtisadi əlaqələrimizi davamlı və etibarlı edir.

İqtisadi-sosial inkişafının yeni mərhələsini yaşayan Azərbaycan dövlətinin Davos Forumunda təmsil olunması yeni əlaqələrin qurulması, xüsusilə Qeyri-neft sektorunun inkişafı ilə bağlı Strateji Yol Xəritəsinin reallaşması yönündə maraqlı görüşlər keçirilməsi, təkliflərin verilməsi baxımından da çox önəmlidir. Yəni Azərbaycanın iqtisadi sahədə uğurlarının dünyaya təqdim olunmasında bu forum mühüm vasitədir. Dövlət başçısının həm ikitərəfli görüşlərdə, həm də interaktiv iclaslardakı çıxışları dünyanın Azərbaycana olan marağını daha da artırır, özünün inkişaf modelinə, iqtisadi göstəricilərinə və iqtisadiyyatının unikallığına görə dünya iqtisadçılarının, beyin mərkəzlərinin, eləcə də iqtisadi reytinq göstəricilərini müəyyənləşdirən beynəlxalq qurumların diqqətini cəlb edir.

 

Dövlət və hökumət başçıları, beynəlxalq şirkətlərin rəhbərləri ilə 20 görüş

 

Hər il Dünya İqtisadi Forumunda iştirak edən Prezident İlham Əliyev işgüzar səfər çərçivəsində mühüm görüşlər keçirir. Bu il dövlət başçısının mühüm görüşləri baş tutdu.

Davosa işgüzar səfər çərçivəsində dövlət başçısının Dünya İqtisadi Forumunun prezidenti Borge Brende, Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva, "Visa” şirkətinin prezidenti Rayan MakInerni, BP qrupunun baş icraçı direktoru Robert Dadli, "Equinor” (keçmiş "Statoil”) şirkətinin baş icraçı direktoru Eldar Saetre, "Suez Group” şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Gebali, "VTB-Bank”ın prezidenti və idarə heyətinin sədri Andrey Kostin, "Lazard Freres” şirkətinin baş icraçı direktoru Metyu Piqas, "The Boston Consulting Group” şirkətinin prezidentibaş direktoru Riç Lesser, "CISCO” şirkətinin icraçı vitse-prezidenti və satış rəhbəri xanım Gerri Elliott, "Procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel, "Signify” şirkətinin (keçmiş "Philips Lightning”) baş icraçı direktoru Erik Rondolat, "Microsoft” şirkətinin vitse-prezidenti, Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Mişel Van Der Bel, "LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov, "SAP SE” şirkətinin baş icraçı direktoru Bill MakDermot və Fransanın "Total” şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə ümumilikdə 16 görüşü olub.

Davosda Prezident İlham Əliyevin İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurerin, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin, Gürcüstanın Baş naziri Mamuka Baxtadze və həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanla qeyri-rəsmi görüşü baş tutub. Paşinyanla keçirilən görüş Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin təşəbbüsü ilə reallaşıb. Görüş Düşənbə və Sankt-Peterburqda MDB Zirvə toplantısı çərçivəsində baş tutmuş qeyri-rəsmi görüşlərin davamı kimi qiymətləndirilir. Eyni zamanda müzakirələr Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların gələcək istiqamətlərinin müəyyənləşməsində ümumi işin xeyrinə ola bilər.

Şirkət rəhbərləri ilə keçirilən görüşlərdə Azərbaycanda tranzit potensialının reallaşdırılması, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji sahəsində qlobal əhəmiyyətli layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb. Dövlət başçısı ölkəmizdə kənd təsərrüfatı, nəqliyyat, infrastruktur, digər sahələrdə layihələrin həyata keçirilməsi ilə bağlı əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb. Eyni zamanda Azərbaycanda inkişafın yeni mərhələsində həyata keçirilən iqtisadi islahatlardan danışaraq, informasiya-kommunikasiya texnologiyalarının tərəqqisinin prioritet sahələrdən biri olduğunu bildirib.

Azərbaycanda həyata keçirilən islahatları, yaradılan biznes mühitini və sürətli inkişafı dəstəklədiklərini bildirən şirkət rəhbərləri vurğuladılar ki, bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi idarəetmə sistemlərinin daha da təkmilləşdirilməsinə mühüm töhfə verəcək.

Təbii ki, forum çərçivəsində keçirilən çoxsaylı görüşlər əməkdaşlığın inkişafına, ölkəmizə investisiya axınının çoxalmasına, Azərbaycan məhsullarının xarici bazarlara çıxarılmasına böyük zəmin yaradır.

 

Beynəlxalq logistik mərkəzlərdən birinə çevrilməkdə olan Azərbaycan

 

Prezident İlham Əliyev KİV-ə müsahibələrində də qazanılan çox uğurlu nailiyyətlərə toxunaraq ölkəmizin inkişafını hərtərəfli şəkildə dünyaya təqdim etdi. Ölkəmiz tərəfindən həyata keçirilən iri layihələr, neft-qaz kəmərləri, İpək yolundan, iqtisadiyyatımızın şaxələnməsindən söz açan dövlət başçısı qeyd etdi ki, artıq Azərbaycan müxtəlif layihələrin reallaşmasında digər ölkələrə yardım edir. Bütün bunlar forumda iştirak edən dövlətlərin marağına səbəb olmaqla yanaşı, gələcək əməkdaşlıqlara yol açır ki, bu da ölkəmizin xeyrinədir.

Dünya İqtisadi Forumu çərçivəsində "Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiya zamanı Prezident Azərbaycanın reallaşdırdığı layihələrdən, infrastrukturdan söz açdı.

Müasir infrastrukturun yaradılmasının Azərbaycan hökumətinin ən əsas məqsədlərindən biri olduğunu söyləyən Prezident dedi ki, dövlət coğrafi vəziyyətdən faydalanaraq əsasən infrastruktura, yəni daxili infrastruktura və Azərbaycanın beynəlxalq hablardan birinə çevrilməsinə imkan verəcək infrastruktura sərmayə yatırmaqla doğru görüb: "Biz yolların, magistralların, hava limanlarının tikintisi, qazlaşdırmanın aparılması, elektrik enerjisinin generasiyası üçün ölkə daxilində infrastruktura sərmayə yatırırıq. Biz həmçinin nəqliyyat infrastrukturuna da sərmayə yatırmışıq. Bu da bizə yüklərin Şərqdən Qərbə, Şimaldan Cənuba və Cənubdan Şimala nəqlinə imkan verəcək”.

Prezident həmçinin vurğuladı ki, Azərbaycan "Şərq-Qərb nəqliyyat dəhlizi” təşəbbüsünün fəal üzvüdür və əlbəttə ki, Çin hökumətinin "Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyir. Azərbaycan özündən şimalda və cənubda yerləşən ölkələrə bu layihəyə qoşulmaq üçün imkanlar yaradır.

Onu da əlavə edək ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir. Bunun üçün dəmir yolu sistemlərinin müasirləşdirilməsi, Xəzərin sahilində 25 milyon tona qədər yük daşımaq gücündə olan ən böyük dəniz limanının tikintisi, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası bu yoldan istifadə etmək istəyənlərə yaxşı şərait yaradır.

Prezident həmçinin Azərbaycanın elektrik enerji generasiyasına çoxlu sərmayə yatırdığını və elektrik enerjisinin xalis ixracatçısına çevrildiyini söyləyərək vurğuladı ki, artıq Azərbaycan bu sahədən 10 milyonlarla dollar qazanc əldə edib.

 

Azərbaycan dördüncü sənaye inqilabına doğru qətiyyətli addımlar atır

 

Davos Dünya İqtisadi Forumunda iştirak edən Prezident İlham Əliyevin ilk görüşünü forumun prezidenti Borge Brende ilə keçirməsi, əlbəttə ki, Azərbaycanın dövlət başçısına göstərilən ehtiramın bariz nümunəsidir. Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşdə isə Azərbaycan hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyuldu. Bu məqsədlə Prezident İlham Əliyev və Borge Brende arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirildi.

Söhbət zamanı Borge Brende Azərbaycanın dördüncü sənaye inqilabına doğru qətiyyətli addımlar atdığını qeyd etdi. Prezident İlham Əliyev isə əməkdaşlıq sazişinin vacibliyini qeyd edərək dedi ki, bu sənəd tərəfdaşlıq ruhumuzu və qarşılıqlı səylərimizi davam etdirməkdə istəkli olduğumuzu nümayiş etdirir. Azərbaycan dördüncü sənaye inqilabının hədəflərinin həyata keçirilməsində çox fəal iştirak edəcək.

İsveçrəyə işgüzar səfərinin sonuncu günü, yanvarın 23-də dövlət başçısı İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurerlə görüşdü. Bu səmimi görüşdə Prezident Ueli Maurer bir daha təsdiq etdi ki, İsveçrə adamları Azərbaycanda biznes mühiti üçün yaradılan şəraitdən çox razıdırlar. Onlar Azərbaycanda iqtisadi inkişafbiznes imkanlarının genişləndirilməsi üçün əlverişli şəraitin yaradıldığını bildirirlər. Azərbaycan ilə İsveçrə arasında hava əlaqəsinin açılması da əməkdaşlığın genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Söhbət zamanı qarşılıqlı ticarətin genişləndirilməsinin vacibliyi qeyd olundu. Azərbaycanda alternativ enerjinin istehsalında İsveçrə şirkətlərinin iştirakı məsələlərinə toxunuldu. Prezident İlham Əliyev Azərbaycanda bu sahədə də geniş işlərin aparıldığını dedi və İsveçrənin təcrübəsinin ölkəmizdə öyrənilməsinin əhəmiyyətini vurğuladı.

Beləliklə, 13-cü dəfə Davosda Azərbaycan həqiqətlərini dünyaya bəyan edən Prezident İlham Əliyev 2019-cu ildə də bir daha dünyanın beyin mərkəzlərinin, tanınmış şirkətlərinin diqqətini Azərbaycana yönəltdi. Əminliklə deyə bilərik ki, cənab İlham Əliyevin Davos səfəri hər il olduğu kimi, 2019-cu ildə də Azərbaycana böyük dividendlər qazandıracaq.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.- 25 yanvar.- S.1; 4.