“Gənclərin
məşğulluğu: işəgötürənlərin
baxışı, çağırışlar və
perspektivlər” mövzusunda konfrans keçirilib
23 yanvar 2019-cu il tarixdə Bakı
şəhərində Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının və Beynəlxalq Əmək Təşkilatının
birgə təşkilatçılığı ilə "Gənclərin
məşğulluğu: işəgötürənlərin
baxışı, çağırışlar və
perspektivlər” mövzusunda konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə
açan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti
Məmməd Musayev qeyd etdi ki, əsası ulu öndər Heydər
Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi
inkişaf strategiyasının ölkə Prezidenti cənab
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi
nəticəsində ölkəmizin iqtisadi qüdrəti
günbəgün yüksəlir. Aparılan uğurlu
sosial-iqtisadi siyasət nəticəsində ölkəmiz son
illər sürətli inkişafa nail olmuş,
xalqımızın rifah halı yaxşılaşmış,
dövlətimizin dünyada nüfuzu artmışdır.
Aparılan islahatlar dünyanın aparıcı iqtisadi mərkəzləri
tərəfindən də yüksək qiymətləndirilmişdir.
Uğurlu sosial-iqtisadi siyasət nəticəsində
yoxsulluğun və işsizliyin səviyyəsi 5 faiz həddinə
düşmüş, ölkəmizdə əsaslı surətdə
infrastruktur layihələri həyata keçirilmiş, biznes
mühitinin əlverişliyinin artırılması istiqamətində
davamlı islahatlar aparılmaqdadır. Hazırkı mərhələdə
qarşıda duran başlıca məqsədlərdən biri
milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi
və dünya iqtisadi sisteminə səmərəli
inteqrasiyasına nail olmaqla, ölkəmizin dinamik sosial-iqtisadi
inkişafının davamlılığını təmin
etməkdir.
Azərbaycan Sahibkarlar
Konfederasiyasının əsas məqsədi öz üzvlərinin
mövcud potensialından istifadə edərək dövlət-özəl
sektor əməkdaşlığı mexanizmləri vasitəsi
ilə respublikamızda daha əlverişli biznes mühitinin
yaradılması prosesində və dayanıqlı
inkişafın təmin olunmasında yaxından iştirak etməkdir.
Hər bir dövlətin
makroiqtisadi siyasətinin əsas məqsədlərindən
biri əməkqabiliyyətli əhalinin məşğulluğunu
yüksək səviyyədə təmin etməkdən ibarətdir.
Məşğulluq siyasəti, xüsusilə gənclərin
məşğulluğu dövlətin sosial-iqtisadi siyasətinin
əsas istiqamətlərindən biridir.
M.Musayev cıxışının
sonunda iştirakçıların nəzərinə
çatdırdı ki, bu gün ölkələrin zənginliyi
onların insan ehtiyatlarının səviyyəsi ilə
müəyyən olunur. Məhz bu səbəbdən də
respublikamızda gənclərin məşğulluğunun təmin
edilməsi, onların peşəkar səviyyədə bilik və
bacarıqlarının artırılması, ölkədə
daha güclü kadr potensialının yaradılması, gənc
sahibkarlar üçün əlverişli biznes mühitinin
formalaşdırılması kimi mövzulara toxunan belə tədbirlərin
keçirilməsi mühüm əhəmiyyətə
malikdir.
Daha sonra çıxış edən
əmək və əhalinin sosial müdafiəsi nazirinin
müavini Mətin Kərimli konfransın mövzusunun əhəmiyyətinə
toxunaraq, Azərbaycan dövlətinin bu sahədə həyata
keçirdiyi tədbirlər barədə məlumat verdi. Nazir
müavini qeyd etdi ki, aparılan uğurlu sosial iqtisadi siyasət
nəticəsində Azərbaycan məşğulluq sahəsində
göstəricilərinə görə dünyada ən
yaxşı mövqelərdən birinə malikdir. O bildirdi ki,
hazırda həyata keçirilən özünəməşğulluq
layihəsi vətəndaşların daha çox iş yerləri
ilə təmin edilməsinə imkan verir.
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri Səttar
Möhbalıyev çıxış edərək, Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası ilə Azərbaycan
Sahibkarlar Konfederasiyası arasında həyata keçirilən
uğurlu əməkdaşlıqdan danışdı və
sahibkarlıq subyektlərində işçilər
üçün əlverişli və təhlükəsiz əmək
şəraitinin yaradılmasının əhəmiyyətini,
sosial məsuliyyətin vacibliyini, gənc sahibkarların sosial
məsələlərin həllində rolunu vurğuladı.
Təhsil nazirinin müavini
İdris İsayev çıxış edərək, gənclərin
məşğulluğunun keyfiyyətli təhsillə
birbaşa əlaqədar olduğunu qeyd edərək, Təhsil
Nazirliyi tərəfindən aparılan islahatlar barədə məlumat
verdi.
Daha sonra Milli Məclisin Gənclər
və idman komitəsinin sədri Ülvi Quliyev, Dövlət
İqtisad Universitetinin rektoru Ədalət Muradov, Odlar Yurdu
Universitetinin rektoru Əhməd Vəliyev, Birləşmiş
Millətlər Təşkilatının Azərbaycandakı
rezident əlaqələndiricisi Qulam İshaqzai
çıxış edərək dünyada gənclərin məşğulluğu
sahəsində möcud olan problemlər və gələcək
perspektivlər, habelə gənclər arasında
sahibkarlığın inkişafı ilə bağlı fikirlərini
bildirdilər.
Çıxışlardan sonra Beynəlxalq
Əmək Təşkilatının Şərqi Avropa və
Mərkəzi Asiya ölkələri üzrə ofisinin rəhbəri
Olqa Kulayeva və həmin ofisin əməkdaşı Mixail
Puşkin "Əməyin gələcəyi” mövzusunda
qlobal hesabatı təqdim etdilər.
Konfrans təşkilatçıları,
tədbirin təşkilinə, eləcə də
bütövlükdə ölkəmizdəki əmək
münasibətlərinin tənzimlənməsi və məşğulluq
siyasətinin formalaşmasına göstərdikləri dəstəyə
görə Beynəlxalq Əmək Təşkilatına təşəkkürlərini
bildirdilər.
Konfransın əsas hissəsi
başa çatdıqdan sonra tədbir panel sessiyaları ilə
davam etdirildi.
Gənclərin məşğulluğu
təhsil səviyyəsini ən qabarıq formada əks etdirən
sahədir. Məhz bu səbəbdən də konfransın
panel sessiyalarından birincisi "Əmək bazarının tələbləri,
təhsil, təlim və bacarıqların inkişafı”
mövzusuna həsr olunmuşdur.
Konfransın ikinci paneli "Gənclər
arasında sahibkarlğın inkişafı” mövzusuna həsr
edilmişdir.
Konfransın sonuncu paneli
"Əlverişli qanunvericilik və əmək münasibətləri”
mövzusuna həsr olunmuş, bu paneldə
sahibkarlığın inkişafı və əmək
münasibətləri üçün mövcud qanunvericilik
aktları müzakirə edilmişdir.
Qeyd olunan panel sessiyalarındakı
müzakirələrdə Azərbaycan Sahibkarlar
Konfederasiyasının, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin, Həmkarlar Konfederasiyasının,
Təhsil Nazirliyinin, Peşə Təhsili üzrə Dövlət
Agentliyinin, Beynəlxalq Əmək Təşkilatının,
Gənclər və İdman Nazirliyinin və digər dövlət
orqanlarının, habelə özəl şirkətlərin
nümayəndələri iştirak ediblər.
Bununla da konfrans öz işini başa
çatdırıb.
Azərbaycan. - 2019.- 25 yanvar.- S.3.