Xilmilli

 

Qobustan rayonunun Xilmilli kəndini daha çox məşhur edən bu yerin təbiəti, saf havası və ilk sakinləri olan malakanlardır. Kənd tam orta məktəbin tarix müəllimi Əlfi Orucov deyir ki, təxminən 200 il əvvəl bu yerlərin hamısı Qozluçay adlandırılıb: "Lakin buradan bir qədər yuxarıda yerləşən Sündü və Nabır kəndləri arasında Xilə adlanan kənd olub. Sonradan Xilənin sakinlərinin bir hissəsi daha yaxşı və rahat həyat arzusu ilə Bakının Əmircan kəndinə köç edib. Bir qismi isə aşağı kəndlərdə məskunlaşıblar. Sonradan həmin kənd dağılaraq sıradan çıxıb. Hazırkı Xilmilli toponiminin etimoloji mənasının da məhz elə "Xilə” adı ilə bağlılığı ehtimalı böyükdür”.

Malakanların hazırkı Xilmilliyə gəlişləri təxminən 1835-ci ildən sonrakı dövrə aiddir. Onlar əvvəlcə Altıağaca, oradan da digər ərazilərə, o cümlədən Xilmilliyə köçüblər. İlk mərhələdə Sankt-Peterburqdan xüsusi göstərişlə gələn mütəxəssislər kəndin planını tutublar. Sonradan ilk infrastruktur yaradılıb. Bunun ardınca sakinlər yeni yaşayış məntəqələrinə köçürülüblər. Malakanların burada məskunlaşma tarixi isə 1840-cı ilə təsadüf edir. O dövrə kimi bu ərazi ətraf kənd sakinlərinin otlaq sahələri idi.

Tarixi abidələri o qədər çox olmasa da, kəndin aşağı hissəsində böyük karvansara olub. Onun XV-XVI əsrlərdə tikildiyi bildirilir. Şimal bölgələrimizə səfər edən insanlar həmin karvansarada dincəliblər.

Təxminən 1990-cı illərə qədər kənd sakinlərinin etnik tərkibində ruslar üstünlük təşkil edib. O vaxtlar kənddə fəaliyyət göstərən iki məktəbdə 650 nəfərdən çox şagird təhsil alıb. Təsərrüfatların sayı 600-dən çox olub. Hazırda isə kənddə müasir standartlara cavab verən 360 şagirdlik yeni məktəb fəaliyyət göstərir. Məktəbdə 295 nəfər şagirdin təlim-tərbiyəsi ilə 26 müəllim məşğul olur.

Lakin sonradan sakinlərin bir qismi, xüsusən də gənclər kəndi tərk edərək iri şəhərlərə, xüsusən Rusiya Federasiyasına gediblər. Buna baxmayaraq hələ də qalanlar var.

Bu gün Xilmillidə malakan və müsəlman icmaları mövcuddur. Bütün sakinlər bir-birinə qaynayıb-qarışıblar. Xeyir və şər məclislərində bir yerdə olurlar. Hətta kənd sakinlərindən malakanlarla ailə qurub oğul-uşaq sahibi olanlar var. Tolerantlığın nümunələrindən biri məhz bu kiçik kənddə müşahidə edilir. Təxminən 1991-ci ilə qədər kənd məktəbində dərslər əsasən rus dilində tədris olunurdu. Hətta burada yaşayan azərbaycanlılar da rus dilində təhsil alırdılar. Lakin sonradan kənddəki azərbaycanlıların sayı artdığından burada dərslər Azərbaycan dilində tədris olunmağa başlayıb. İndi rus uşaqları da heç bir çətinlik çəkmədən bu məktəbdə təhsil alırlar.

Maraqlı məqamlardan biri də kəndi tərk etmiş xilmillililərin doğma torpağı yaddan çıxarmamalarıdır. Hətta vaxtı ilə burada kolxoz sədri işləmiş Timofey Nikolayeviç ahıl yaşda olmasına baxmayaraq ildə bir dəfə Xilmilliyə gəlir. Səbəbini də ömrünün ən gözəl anlarının, unudulmaz xatirələrinin bu kəndə bağlı olması ilə əlaqələndirir.

Böyük Vətən müharibəsində bu kəndin iki oğlu Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Onlardan biri - Frolov bu adı 1943-cü ildə ölümündən sonra alıb. İlyasov soy adlı digər qəhrəman isə 1982-ci ildə dünyasını dəyişib.

Kəndin malakan icmasının rəhbəri Yekaterina Çaplyeva deyir ki, burada doğulub və elə ömrünün sonuna kimi də burada yaşayacaq. Hazırda pensiyaçı olsa da, zamanında kolxozda ayrı-ayrı vəzifələrdə işləyib. Yekaterina Çaplyeva kövrələrək keçmiş günləri xatırlayır: "O günlər tamamilə fərqli idi. Həyat qaynayır, insanların üzündən gələcəyə inamdan doğan sevinc, fərəh süzülürdü. Lakin SSRİ-nin dağılmasından sonra yaranan çətinlikləri bəzi insanlar həzm edə bilmədilər. Çoxları kəndi tərk etmək məcburiyyətində qaldı. İndi malakanların sayı azalsa da, yenə gələcəyə inamımız böyükdür. Azərbaycanlılarla bir ailə kimi yaşayırıq. Dövlət də qayğımıza qalır. Bütün mərasimlərimiz, milli bayramlarımız yüksək səviyyədə qeyd olunur”.

Xilmilli kənd inzibatı ərazi dairəsi üzrə nümayəndə Adil Bayramov isə deyir ki, kənd 330 təsərrüfat və 2043 sakindən ibarətdir. Kəndin sərhəd daxilində olan ümumi ərazisi 18 min 280 hektardır. Rayon mərkəzindən 24 kilometr aralıda yerləşən bu ucqar kəndin əkinə yararlı torpaqlarının sahəsi 5258 hektardır. 1996-cı ildə aparılmış aqrar islahat nəticəsində kənd sakinlərinin hər birinə 3,3 hektar torpaq düşüb.

Kənd əhalisi əsasən əkinçilik və heyvandarlıqla məşğul olur. Heyvandarların müəyyən qismi köçəri həyat tərzi keçirir. Kənd təsərrüfatının inkişafına olan diqqət və qayğı nəticəsində əhali öz pay torpaqlarından səmərəli istifadə edir.

 

Əli SƏLİMOV

 

Azərbaycan.- 2019.- 25 yanvar.- S.6.