Yol infrastrukturu yenilənir
Ölkənin cəlbedici turizm məkanı olan Quba rayonu gündən-günə gözəlləşir, sürətlə inkişaf edir. Təkcə onu demək kifayətdir ki, Prezident İlham Əliyev Quba rayonuna 11 dəfə səfər etmişdir.
Dövlət başçısının ötən ilin oktyabr ayının 11-dəki səfəri də zəngin olmuşdur. Həmin gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Zərqava-Qasımqışlaq-Çayqışlaq-Xaspolad-Aspərəsti yolunun, Quba Rayon Mərkəzi Xəstəxanasının yeni binasının, "Günəş” körpələr evi-uşaq bağçasının, "ABAD Factory” istehsalat kompleksinin, "Qubaekoaqrar” MMC kənd təsərrüfatı mallarının istehsalı zavodunun açılışında iştirak etmişlər.
Səfərdən sonra Prezident İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi, Quba şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, rayonun Alekseyevka kəndində yeni ümumtəhsil məktəbinin inşası və Susay-Xınalıq avtomobil yolunun tikintisi ilə bağlı 4 sərəncam imzalamışdır. Ölkə rəhbəri bu il yanvarın 7-də Susay-Xınalıq avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında daha bir sərəncam imzalamışdır.
Bu da təsadüfi deyil. 2007-ci ildə istifadəyə verilmiş Quba-Xınalıq avtomobil yolu təbii amillərin təsiri, qar uçqunlarının, torpaq sürüşmələri və iri qaya parçalarının tökülməsi səbəbindən tez-tez bağlanırdı. Bu da əlavə çətinliklər yaradırdı. Əhalinin alternativ yolla gediş-gəlişini təmin etmək üçün Quba-Susay avtomobil yolunun davamlı olaraq əlavə 30 kilometr uzunluğunda Susay-Xınalıq, həmçinin bu yoldan 4,8 kilometr məsafədə yerləşən Qırız kəndinə gedən avtomobil yolunun tikintisində xeyli iş görülmüşdür. Başqa sözlə, yerli əhali üçün böyük narahatlıq yaradan 23 kilometr uzunluğunda, 10 kəndi birləşdirən Hacıhüseynli-Gənclər qəsəbəsi avtomobil yolu və bu yola birləşən digər yollar təmir edilərək istifadəyə verilib. Quba-Xaçmaz avtomobil yolunun 14 kilometrlik hissəsi yenidən qurulub. Bakı-Quba avtomobil yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsi, İdrisiqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq yolunun ətrafında yaşıllıq zolaqları salınıb.
Qısa müddət ərzində Quba-Qusar yolundan Alpan, Uzunmeşə, Susay kəndlərinə gedən istiqamətdə min kubmetrlərlə torpaq işləri görülüb, sərt döngələr yarılaraq hamarlanıb, yol yatağı genişləndirilib, Xucbala-Alpan yolunun müəyyən hissəsinə birinci qat asfalt döşənib.
Yol üzərində tikiləcək körpülərin, suötürücülərin yerləri hazırlanıb, borular gətirilib, Alpan çayı üzərində körpünün salınması üçün hazırlıq işlərinə başlanılıb.
Quba-Qonaqkənd avtomobil yolunun yenidən qurulması ilə bağlı hazırlıq işləri aparılır. Hazırda tikinti və yenidənqurma Qamqam və Təngəaltı istiqamətində görülür. İkizolaqlı yolun hərəkət hissəsi 7 metr olacaq.
Xırt kəndində inşası yarımçıq qalmış körpünün tikintisi davam etdirilir. Çayqovuşanda da yeni körpü inşa olunacaq.
Akif ƏLİYEV
Azərbaycan.-
2019.- 25 yanvar.- S.6.