Avetik Çələbyan: “Paşinyan İlham
Əliyevlə görüşmək üçün
fürsət axtarırdı və görüşə qaça-qaça getdi”
Ermənistanda belə hesab edirlər
ki, Qarabağ
danışıqları məhz Azərbaycan Prezidentinin
maraqlarına uyğun aparılır
Cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Davos Dünya İqtisadi Forumu çərçivəsində qeyri-rəsmi görüşü baş tutub. Düşənbə və Sankt-Peterburqda MDB zirvə toplantısı çərçivəsində baş tutmuş qeyri-rəsmi görüşlərin davamı kimi qiymətləndirilən bu ünsiyyət Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin təşəbbüsü ilə keçirilib. Müəyyən parametrlər baxımından həmin görüşlər sonuncu da daxil olmaqla, vacib əhəmiyyət kəsb edir.
Ekspertlərə görə, baş tutan bu danışıqlar tərəflərin Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqeyinin müəyyən edilməsi və prosesin fəallaşdırılması baxımından faydalı sayıla bilər. Burada diqqət həm də ilk növbədə ona yönəldilir ki, belə görüşlər Azərbaycanın danışıqlar prosesində şərtlərinin qəbul olunduğunu aydın göstərir. Söhbət ondan gedir ki, məhz belə görüşlər münaqişə tərəflərinin Azərbaycan və Ermənistan olduğunu təsdiq edir. Bununla da Qarabağ separatçılarının danışıqlarda tərəf kimi qəbul edilməsi ilə bağlı Ermənistanın niyyətlərinin üzərindən xətt çəkilir.
Hazırda danışıqlar prosesi Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində aparılır. Belə ki, bu il yanvarın 16-da Parisdə, 2018-ci il dekabrın 3-də isə Milanda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçirilib.
Qarşıdan gələn dövrdə də xarici işlər nazirləri səviyyəsində danışıqlar aparılması nəzərdə tutulub. Tam formatda dövlət başçıları səviyyəsində görüş, bir qayda olaraq, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təşkil olunur. Amma buna qədər qeyri-rəsmi görüşlərin keçrilməsi də məqbul sayılır.
Məhz bu görüşlər bir daha təsdiq edir ki, Dağlıq Qarabağ münaqişəsində tərəflər qismində Ermənistan və Azərbaycan çıxış edir. Halbuki, Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdə verdiyi bəyanatlarda bildirirdi ki, separatçılar üçüncü tərəf olaraq danışıqlarda iştirak etməlidir. Amma indiki reallıq göstərir ki, İlham Əliyevin qətiyyətli addımları bunların hamısını puça çıxardı və Paşinyan artıq Bakının şərtləri əsasında görüşlərə qatılır.
Davos Forumu çərçivəsində İlham Əliyevlə Nikol Paşinyan arasında görüş bəzi erməni politoloqlar tərəfindən böyük narahıtlıqla qarşılanıb. Məsələn, politoloq Ayk Martirosyan son zamanlar beynəlxalq tədbirlər çərçivəsində Paşinyanın İlham Əliyevlə planlaşdırılmamış görüşlərinin intensivləşməsini və müzakirələrin əsas detallarının məxfi saxlanmasını narahatlıqla qəbul edir.
Onun fikrincə, son görüşün heç də qeyri-rəsmi görüşə xas olmayan qədər uzun çəkməsi və danışıqların tam məzmununun ictimaiyyətə açıqlanmaması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Paşinyanın Ermənistanın ziyanına hansısa qərar verməyə hazırlaşması ilə əlaqəlidir: "Çünki əvvəlki illərdən fərqli olaraq, indi Ermənistanda vəziyyətin dəyişməsi fonunda Paşinyanın bu məxfiliyi anlaşılan deyil. Əliyevlə görüşün niyə baş tutduğu anlaşılan deyil. Axı, bütün bunların Ermənistan üçün faydası nədədir? Niyə bu görüş barədə məlumat əvvəlcədən elan edilməmişdi, yaxud niyə müzakirələrin bütün məzmunu ictimaiyyətə açıqlanmır? Levon Ter-Petrosyan, Koçaryan və Serj Sarkisyan dövründəki məxfiliyin səbəbləri aydın idi. Amma indi səbəb yoxdur. Niyə şəffaflıq şəraitində bu şəffaflığın özünü görmürük? Niyə Paşinyanla Əliyevin görüşləri bu qədər intensivdir? Axı, Ermənistan tərəfi nəyə nail olmaq istəyir?”.
Ermənistanın Milli Gündəm Partiyasının rəhbəri Avetik Çələbyan isə vurğulayır: "Baş nazir Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək üçün fürsət axtarırdı və Davosda da bu fürsəti, görünür, tapa bildi, görüşə qaça-qaça getdi”.
Onun sözlərinə görə, Paşinyanın Azərbaycan başçısı ilə görüşmək istəyi Ermənistanda maraq doğurub: "Paşinyan bu görüş barədə cəmiyyəti maraqlandıran suallara cavab verməlidir. O, İlham Əliyevlə niyə görüşmək istəyirdi? Bu, gözlənilməz görüş oldu. Davosda baş tutan görüş saat yarım davam etdi. Əlbəttə, bundan hələ bir gün əvvəl o, İlham Əliyevlə görüşmək üçün bəhanə axtarırdı”. O bildirir ki, əslində Rusiya və Qərbdən gözlədiyini ala bilməyən Paşinyan özü üçün ən yaxşı çıxış yolunu Azərbaycanla barışmaqda görür.
Elə ekspertlər də vurğulayır ki, bu gün Ermənistanın yeganə xilas yolu məhz işğal siyasətini sona çatdırmaqdır. Əks təqdirdə Azərbaycanın təcrid siyasəti Ermənistanın bir dövlət olaraq tam tənəzzülü ilə nəticələnəcək. İndi Azərbaycanın, elə dünyanın da əsas gözləntiləri bundan ibarətdir ki, Ermənistanın yeni hakimiyyəti sağlam düşüncə əsasında hərəkət edib təcavüz siyasətinə son qoyacaq. Əks halda Ermənistanı yeni böyük zərbələr gözləyir.
Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan rəhbərlyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial və ardıcıl mövqeyi bu gün artıq sözügedən münaqişə ilə əlaqədar regionda tamam yeni bir vəziyyət yaradır. Məhz bu durumda münaqişənin tezliklə Azərbaycanın istəklərinə uyğun şəkildə çözümü də tamamilə gözlənilən hal sayılır.
Elçin CƏFƏROV
Azərbaycan.-
2019.- 25 yanvar.- S.1; 7.