Mükəmməl infrastruktur layihələri Azərbaycana iqtisadisiyasi dividendlər qazandırır

 

Prezident İlham ƏLİYEV: "Bizim planımız neftqaz sektorundan başqa yeni imkanlar və gəlir mənbəyi yaratmaqdır”

 

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumunda bir sıra işgüzar görüşlər keçirib. Bu görüşlərdə diqqəti çəkən məqam isə dövlət başçısının dünyanın nəhəng transmilli şirkət rəhbərləri ilə təmasda olmasıdır.

Təqdirəlayiq haldır ki, həmin görüşlərin təşəbbüsçüləri elə həmin şirkət rəhbərləridir. Bu fakt onu göstərir ki, aparılan uğurlu iqtisadistruktur islahatlar sayəsində Azərbaycan dünyanın biznes elitası üçün cəlbedici ölkəyə çevrilib.

Həmin görüşlərin bir özəlliyi də sözügedən şirkətlərin Azərbaycan iqtisadiyyatının infrastruktur layihələrinə investisiya qoymaq marağının olmasıdır. Həmin maraqlar Bakının işıqlandırılmasından tutmuş dövlət strukturlarını son texnologiyalarla təchiz edərək elektron hökumətin yaradılması, eləcə dünyanın gələcək inkişafının təminatçısı olacaq süni intellektin ölkəmizə də tətbiqi sahələrini əhatə edir. Dövlət başçısı görüşlərində Azərbaycanda mükəmməl nəqliyyat və digər sahələr üzrə infrastrukturun yaradılması sayəsində ölkəmizin dünya üçün coğrafiyasından daha böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir. Həqiqətən, nəqliyyat infrastrukturu layihələrinin uğurla icra edilməsi nəticəsində bu gün Azərbaycan-Avropa, eləcə də Avropa-Asiya arasında çatışmayan körpü yaranıb. Belə hal ölkəmizin dünyada həm də siyasi nüfuzunu artırıb.

Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına verdiyi müsahibəsində ölkəmizin bu sahədə qarşıya qoyduğu hədəfləri açıqlayaraq demişdir: "Biz infrastruktur layihələrinə vəsaiti dövlət büdcəsindən yatırmışıq və biz anlayırıq ki, bu vəsaitin faydasını bir çox ildən sonra görəcəyik. Lakin, əvvəl də qeyd etdiyim kimi, ilkin olaraq biz öz xalqımız üçün çox yaxşı şərait yaratmaq istəyirik. Biz infrastrukturu yeniləmək istəyirdik və biznes dairələrinin faydalana biləcək şərait yaratmaq istəyirdik. Eyni zamanda, Azərbaycanda nəqliyyat qovşağının yaradılması bizə Şərqdən Qərbə və Şimaldan Cənuba vacib tranzit ölkə olmaq imkanını verəcək. Bu investisiyalar gələcək üçün yatırılıb. Ola bilsin ki, biz gələcək on il ərzində yatırdığımız vəsaiti geri götürəcəyimizi gözləmirik. Lakin bizim planımız neftqaz sektorundan başqa yeni imkanlar və gəlir mənbəyi yaratmaqdır. Bir gün neftqaz tükənəcək, lakin coğrafiyamızı nəzərə alsaq, nəqliyyat infrastrukturu həmişə qalacaq”.

Ölkəmizin Asiya ilə Avropa arasında körpü rolunun oynamasında Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilməsi xüsusi önəm daşıyır. Bu dəmiryolu Şərqdən Qərbə və əks istiqamətə malların daşınmasını xeyli asanlaşdırıb. Həmin yolun əhəmiyyəti ondan ibarətdir ki, bu, həm iqtisadi cəhətdən sərfəlidir, həm də vaxt itkisinin qarşısını alır. Marşrutun qısa olmağı maya dəyərini aşağı salır, yüklər alıcıya vaxtında çatdırılır. Belə hal həm mal göndərənə, həm də mal qəbul edənə sərfəlidir.

Onu da qeyd edək ki, "Şərq-Qərb nəqliyyat dəhlizi”nin uğurlu fəaliyyəti üçün Orta Asiya ölkələri ilə əməkdaşlıq genişləndirilir. Bu məqsədlə Türkmənistan, Əfqanıstan və Tacikistanla səmərəli əməkdaşlıq edilir. Həmin ölkələrdən Azərbaycan üzərindən Avropaya və əks istiqamətə mal göndərilir. Hazırda Qırğızıstanla da bu məqsədlə danışıqlar aparılır. Yaxın gələcəkdə həmin ölkənin də "Şərq-Qərb nəqliyyat dəhlizi”ndən istifadə edəcəyi şübhəsizdir. Qazaxıstan isə bu sahədə ənənəvi tərəfdaşımızdır.

Məlum olduğu kimi, Azərbaycan təkcə tranzit ölkəsi deyil, həm də nəqliyyat qovşağıdır. Şərqdən Qərbə gedən marşrutla yanaşı, Şimal-Cənub marşrutunda da ölkəmiz əsas rol oynayır. Ötən il bu nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 10 dəfə artıb. Daha çox yükün daşınması üçün ölkə daxilindəki dəmiryollarının yenidən qurulması prosesinə başlanılıb. Yenidənqurma başa çatdıqdan sonra Şimal-Cənub dəhlizindən daha çox yükün daşınması mümkün olacaq.

Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycanın təşəbbüsü ilə yaradılan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ölkəmizi bir çox dövlətlərlə sıx bağlayacaq. Bu qarşılıqlı fayda əsasında əməkdaşlıq ölkəmizin siyasi nüfuzunu daha da qaldıracaq. Dünya praktikasında son illər cərəyan edən siyasi proseslərə nəzər yetirdikdə görürük ki, dövlətlərarası münasibətlərdə iqtisadi amillər əsas rol oynayır. Hər bir ölkə hətta mübahisəli məsələləri belə, danışıqlar yolu ilə həll etməyə çalışır. Bu, bir daha onu göstərir ki, müasir dünyada iqtisadi maraq siyasi ambisiyadan üstündür.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2019.- 26 yanvar.- S.1; 3.