58 beynəlxalq turnirə evsahibliyi, 236 yarışda iştirak, 263 qızıl medal

 

Azərbaycan idmançıları ötən ili möhtəşəm nailiyyətlərlə başa vurdular

 

İdmançılarımız dünyanın ən mötəbər turnirlərində uğurla çıxış edərək ölkəmizin adını daim uca tuturlar. Atletlərimiz müxtəlif yarışlarda idmanın olimpiyaqeyri-olimpiya növləri üzrə ölkəmizi şərəflə təmsil edir və Azərbaycanın idman şöhrətini qaldırırlar.

2018-ci ildə idmançılarımız qatıldıqları beynəlxalq yarışlarda 753 medal qazanıblar. Medallardan 263-nün əyarı qızıl, 230-u gümüş, 260-ı bürüncdür. Ölkəmizdə 58 beynəlxalq idman tədbiri keçirilib. Milli komandalarımız isə 236 beynəlxalq turnirə qatılıb.

Azərbaycanın keçən il "Formula-1” Azərbaycan Qran-prisinə, velosiped idmanının BMX növücüdo üzrə dünya çempionatlarına, gimnastika üzrə dünya kuboklarına, Avropa çempionatına və digər mötəbər yarışlara uğurla evsahibliyi etməsi, atletlərimizin beynəlxalq turnirlərdə qazandıqları parlaq qələbələr ölkəmizin idman tarixinə qızıl hərflərlə yazıldı.

 

Yeniyetmə olimpiyaçıların zəfəri

 

Yola saldığımız ildə ən yaddaqalan idman hadisələrindən biri atletlərimizin Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında qazandıqları uğurdur. Oktyabrın 6-18-də keçirilmiş Olimpiadada 17 idmançıdan ibarət Azərbaycan milli komandası 6 medal (2 qızıl, 1 gümüş, 3 bürünc) əldə edib.

Cüdoçu Vüqar Talıbov (66 kq) və sərbəst güləşçi Turan Bayramov (65 kq) oyunların çempionu olublar. Ağır atlet Tərmenxan Babayev (85 kq) ölkəmizin aktivinə Olimpiadanın gümüş medalını yazdırıb. Milli komandamızın bürünc medallarını isə taekvondoçu Cavad Ağayev (63 kq), güləşçi Şahanə Nəzərova (43 kq) və boksçu Nurlan Səfərov (60 kq) qazanıblar.

Bədii gimnast Yelizaveta Luzan Olimpiadada qarışıq komandanın tərkibində çıxış edibçempion adına layiq görülüb. Lakin Beynəlxalq Olimpiya Komitəsinin qərarına uyğun olaraq, bu medal milli komandamızın hesabına yazılmayıb və qarışıq komandaların aktivinə əlavə edilib.

Olimpiadanın yarışlarında 241 dəst medal uğrunda 206 ölkədən təxminən 4 min idmançı mübarizə aparıb. Azərbaycan milli komandası Olimpiadanın medal sıralamasında Norveçlə 34-35-ci yeri bölüşüb.

 

Sürət paytaxtı

 

Keçən il Azərbaycan bir sıra nüfuzlu turnirlərə evsahibliyi edib. Sözsüz ki, bunların sırasında planetin bir nömrəli avtomobil yarışı - "Formula-1” Azərbaycan Qran-prisi xüsusi yer tutur. Aprelin 27-29-da üçüncü dəfə Bakıda keçirilən "Formula-1” dünya çempionatının 4-cü mərhələsi olan Azərbaycan Qran-prisində ən məşhur 20 pilot 10 komandanın tərkibində 6 kilometr məsafədən ibarət 51 dövrəlik mərhələnin qalibi uğrunda yarışdı. Gərgin keçən mübarizə sürət həvəskarlarının böyük marağına səbəb oldu. 500 milyondan artıq tamaşaçı auditoriyasına malik yarışı 68 ölkədən gəlmiş çoxsaylı azarkeşlər Bakıda tribunalardan izlədilər.

Pilotlar ümumu məsafəsi 306 kilometr və 20 çətin döngəsi olan trekdə 51 dövrə vurdular. Trekin ən geniş yerinin eni 13 metr, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edirdi. 30 mindən çox tamaşaçının yarışları yerində izləməsi üçün hər cür şərait yaradılmışdı.

Maraqlı və gərgin keçən yarışın yekununda "Mercedes” komandasının üzvü Luis Hamilton 1 saat 43 dəqiqə 44,291 saniyəlik nəticə ilə Azərbaycan Qran-prisinin qalibi oldu. İkinci yeri "Ferrari” komandasının sürücüsü Kimi Raikkonen, üçüncü yeri isə "Force India” komandasının pilotu Serxio Peres tutdular.

 

Gimnastika üçün daha bir uğurlu il

 

Ötən il gimnastikada da bir çox uğurlu nəticələr əldə edilib. Gimnastika növləri üzrə yığma komandalarımız beynəlxalq yarışlarda 26-sı qızıl, 15-i gümüş 44-ü bürünc olmaqla 85 medal qazanıb növbəti dəfə güclü olduqlarını nümayiş etdiriblər.

2018-ci ildə Bakıda gimnastikanın 3 növü üzrə dünya kuboku təşkil olundu. Əvvəlcə 25 ölkədən 100-dən çox gimnastın iştirakı ilə idman gimnastikası üzrə dünya kuboku baş tutdu. Növbəti aylarda təşkil olunmuş bədii gimnastika üzrə dünya kubokunda 26 ölkə, ilk dəfə təşkil olunan akrobatika gimnastikası üzrə dünya kubokunda isə 7 ölkə iştirak etdi.

Keçən il Milli Gimnastika Arenası dünya kubokları ilə yanaşı, bədii gimnastika üzrə "AGF Junior Trophy”, "GymBalabeynəlxalq turnirlərinə, həmçinin Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən tanınan aerobika gimnastikası üzrə açıq Azərbaycan çempionatına evsahibliyi etdi.

Bakıda ilk dəfə keçirilən batut gimnastikası, ikili mini-batut tamblinq üzrə Avropa çempionatı 2018-ci ilin ən yaddaqalan yarışlarından oldu. 25 ölkə, 400-dən çox gimnastın qatıldığı çempionatda Veronika Zemlyanaya-Svetlana Makştaryova sinxron cütlüyü gümüş medala sahib oldu. Mixail Malkin isə fəxri kürsünün ən yüksək pilləsinə qalxdı.

İlin ən yaddaqalan yarışlarından biri İspaniyada keçirildi. Qvadalaxara şəhərində bədii gimnastika üzrə qitə birinciliyində gənc gimnastımız Arzu Cəlilova, qrup hərəkətləri komandalarının mübarizəsində isə beşliyimiz - Aliyə Paşayeva, Siyana Vasileva, Zeynəb Hümmətova, Diana Əhmədbəyli Ayşən Bayramova bürünc medala sahib oldular.

Gimnastlarımız 1-ci "European Gym for Life Challenge” turnirində çıxış edərək 37 komanda arasında ən yaxşılardan biri kimi qızıl medala layiq görüldülər.

 

Karateçilər medal estafetini davam etdirdilər

 

2018-ci ildə karateçilərimiz uğurlu çıxışları ilə yadda qaldılar. Rəsmi beynəlxalq yarışlarda, dünya Avropa çempionatlarında, eləcə dünya kuboku, premyer liqa, A seriyası yeniyetmələr liqası kimi mötəbər turnirlərdə 29-u qızıl, 38-i gümüş 47-si bürünc olmaqla 132 medal qazanıldı.

Soçidə keçirilən Avropa çempionatında yeniyetmə gənclərin rekord nəticə göstərməsi, İrina Zaretskanın ilk dəfə qadınlar arasında dünya çempionu olması, Rafael Ağayevin öz medal rekordunu yeniləməsi, Sahib Əhədovun para-karate dünya çempionatında ikinci yeri tutması digər nəticələrə görə karateçilərimizin dünya reytinqində daha üstün mövqelərə yüksəlməsini keçən ilin əhəmiyyətli idman hadisələrindən biri kimi qiymətləndirmək olar.

 

Güləşdə növbəti dünya çempionluğu

 

Güləşçilərimiz 2018-ci ildə beynəlxalq turnirlərdə 285 medal (72 qızıl, 84 gümüş, 129 bürünc) qazandılar. Qitə dünya çempionatlarında, eləcə Yeniyetmələrin Olimpiya Oyunlarında 89 medal əldə edildi. Ötən il sərbəst güləşçilər 157 dəfə, yunan-Roma güləşçiləri 93 dəfə, qadınlar isə 35 dəfə fəxri kürsüyə qalxdılar.

Böyüklərin Avropa çempionatında qazanılmış 18 medal Azərbaycan güləşinin tarixində növbəti rekord oldu. Dünya çempionatında əldə olunmuş 5 medal daha çox yunan-Roma güləşçilərini sevindirdi. Çünki komanda hesabında 4-cü yeri tutan "klassiklərdünya kubokuna qatılmaq hüququ qazandılar.

Macarıstanın paytaxtı Budapeştdə təşkil olunmuş dünya çempionatında yunan-Roma güləşçilərimiz inamla çıxış etdilər. Güləşçimiz Eldəniz Əzizli dünya çempionu tituluna sahib oldu. O, ilk mərhələdə macarıstanlı rəqibini cəmi bir dəqiqədə məğlub etdi. Həmyerlimiz çinli rəqibini ilk hissədə mübarizədən kənarlaşdırdı. Uğurlu çıxışını davam etdirən Eldəniz yapon güləşçini vaxtından əvvəl üstələyərək adını yarımfinala yazdırdı. O, yarımfinalda Gürcüstan pəhləvanını məğlub etdi. Güləşçimiz final görüşündə Qırğızıstan təmsilçisinə qalib gələrək dünya çempionu adını qazandı. Bu, pəhləvanımızın ilk dünya çempionluğudur. Digər güləşçimiz Rəsul Çunayev isə bürünc medalla kifayətləndi. Bununla yığmamız dünya çempionatını komanda hesabında 4-cü yerdə başa vurdu.

 

Dünya cüdosunun nəbzi Bakıda vurdu

 

Başa çatmış ili cüdo üçün uğurlu hesab etmək olar. Cüdoçularımız 39 beynəlxalq turnirdə iştirak edib 177 medal qazandılar. Medallardan 48-i qızıl, 46-sı gümüş, 83-ü bürüncdür. 124 ölkədən 755 idmançının mübarizə apardığı dünya çempionatının Bakıda yüksək səviyyədə keçirilməsi üçün yaradılmış nümunəvi şərait cüdoçuların gücünü nümayiş etdirməsinə imkan verdi. Bir sözlə, ölkəmiz təşkilatçılıq bacarığı ilə dünya çempionatının Azərbaycan standartını müəyyənləşdirdi.

Bu il isə ölkəmiz daha bir neçə mötəbər turnirə evsahibliyi edəcək. Bakı Avropa Gənclər Olimpiya Festivalı keçirəcək, UEFA Avropa Liqasının final matçını qəbul edəcək.

Ötən il dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın idman uğurları beynəlxalq idman qurumları tərəfindən yüksək qiymətləndirilir: "Gələn il Bakıda Avropa Gənclər Olimpiya Festivalı keçiriləcəkdir. Bu, gənclər arasında Avropa Oyunlarının bir növüdür. Biz bu yarışa da ciddi hazırlaşırıq. Bizdə əldə edilmiş təcrübə deməyə əsas verir ki, bu yarış yüksək səviyyədə keçiriləcək”.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2019.- 26 yanvar.- S.1; 6.