Milli Məclisin Regional
məsələlər və Gənclər və idman komitələrinin yaz sessiyasında ilk
iclası keçirilib
Yanvarın 25-də Milli Məclisin regional məsələlər komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Arif Rəhimzadə 2018-ci ilin payız sessiyasının yekunlarından danışıb. Bildirilib ki, hesabat dövründə komitənin 7 iclası keçirilib, 16 məsələ müzakirə edilib, onlardan 14-ü qanun layihəsidir. Sessiya ərzində komitənin ünvanına daxil olmuş 86 təklif, ərizə və şikayətin 52-si araşdırılıb və lazımi tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib. Komitənin payız sessiyası dövründə fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Sonra komitənin 2019-cu il yaz sessiyası üçün nəzərdə tutulan qanunvericilik işləri planı müzakirə olunub və təsdiqlənib.
İşlər planına "Bələdiyyələrin statusu haqqında”, "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda, Torpaq Məcəlləsində, "Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamədə, "Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə qanun layihələri daxildir.
Ədliyyə nazirinin müavini Vilayət Zahirov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycanda bələdiyyə aktlarının hüquqi ekspertizasına diqqət artırılıb. Ötən il bələdiyyə aktlarının 2200-dən çoxunun ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı təkliflər verilib. Bələdiyyələr bu təklifləri qəbul edib, aktlarda düzəlişlər ediblər. Diqqətə çatdırılıb ki, doqquz bələdiyyə təklifləri icra etmədiyi üçün onlarla bağlı məhkəmədə iddia qaldırılıb. Bu iddialardan dördü baxılaraq təmin edilib, beş iş isə məhkəmələrin icraatındadır. Bildirilib ki, bələdiyyə qanunvericiliyinə əməl etməyən bələdiyyə sədrləri ilə bağlı inzibati tənbeh tədbirlərinin görülməsinə dair müəyyən dəyişiklik olunub.
Sonra deputatlar fikir və təkliflərini səsləndiriblər.
Müzakirələrdən sonra məsələ səsə qoyularaq qəbul edilib.
***
Yanvarın 25-də Milli Məclisin gənclər və idman komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər
verir ki, komitənin sədri Ülvi Quliyev gündəlikdəki məsələlər
barədə məlumat
verib. 2018-ci ilin
payız sessiyasının
yekunlarından bəhs
edən Ü.Quliyev bildirib ki, hesabat
dövründə komitənin
3 iclası keçirilib,
5 məsələ müzakirə
edilib. Sessiya ərzində komitəyə
daxil olan müraciətlər müvafiq
ünvanlara göndərilib,
vətəndaşlar qəbul
edilib. Komitənin payız sessiyası
dövründə fəaliyyəti
qənaətbəxş qiymətləndirilib.
Daha sonra komitənin 2019-cu il yaz sessiyası
üçün nəzərdə
tutulan qanunvericilik işləri planı müzakirə olunub və təsdiqlənib.
Daha sonra "Gənclər siyasəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib. Qeyd edilib
ki, bu gün
dünyada gedən ictimai siyasi proseslər istənilən
ictimai sferanın inkişafını stimullaşdırır.
Qanunvericilik bazasının təkmilləşdirilməsi
bu inkişafı şərtləndirən əsas
amillərdən biri olduğu üçün
hüquqi bazanın müasir tələblərə
uyğunlaşdırılması qarşıda duran önəmli vəzifələrdəndir.
"Gənclər siyasəti haqqında” Qanunda ediləcək dəyişikliklər də
məhz bu vəzifələri ehtiva edir.
Diqqətə çatdırılıb
ki, layihənin zəruriliyini əsaslandıran
iki fundamental hüquqi
sənədin biri Azərbaycan Respublikasının
Prezidentinin 2011-ci il 7 iyul tarixli 1621 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə”,
digəri isə dövlətimizin başçısının
2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş
"Azərbaycan gəncliyi
2017-2021-ci illərdə” Dövlət
proqramlarının həyata
keçirilməsi üzrə
tədbirlər planlarıdır.
Gənclərlə iş
sahəsində normativ
hüquqi bazanın təkmilləşdirilməsi və
gənclər siyasətinin
həyata keçirilməsinin
səmərəliliyinin artırılmasını
ehtiva edən bu iki sənədin
müvafiq olaraq
6.1.1-ci və 5.11.1-ci yarımbəndləri
ilə normativ hüquqi aktların gənclərlə bağlı
müddəalarının təhlili
və onların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması tədbir
kimi müəyyən
edilib.
Müzakirədən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib
AZƏRTAC
Azərbaycan.- 2019.- 26 yanvar.- S.3.