Yüksək beynəlxalq nüfuzun növbəti təsdiqi

 

Prezident İlham Əliyevin 49-cu Davos Forumunda keçirdiyi görüşlər Azərbaycanın güclənən mövqelərini bir daha dünya ictimaiyyətinə tanıtdı

 

Yanvarın 22-dən 25-nə qədər keçirilən 49-cu Dünya İqtisadi Forumu dünyanın siyasi-iqtisadi gündəminin əsas hadisələrindən biri oldu. Siyasətçilər, transmilli şirkətlərin rəhbərləri, tanınmış dövlət xadimləri yenə bu tədbirdə bir araya gələrək dünyanı narahat edən məsələlərlə bağlı müzakirələr apardılar.

Təbii ki, bu cür tədbirlər və əvvəldən müəyyən olunmuş mövzuların müzakirəsi sonrakı dövrlərdə dövlətlərarası siyasi münasibətlərə, qlobal iqtisadiyyatın inkişaf tendensiyalarına təsirsiz ötüşmür.

 

Ən aktual məsələlər forumun diqqət mərkəzindədir

 

Xatırladaq ki, daha çox Davos Forumu kimi tanınan bu beynəlxalq tədbirin əsası Klaus Şvabın 1971-ci ildə avropalı şirkət idarəçiləri ilə birgə təşkil etdiyi kiçik bir toplantıda qoyulub. İlk dövrlərdə Avropa İdarəetmə Forumu olaraq tanınan forum avropalı adamlarının ABŞ-da biznes həyatına uyğunlaşmalarını asanlaşdırmaq və Amerika üsullu kapitalizmin qaydalarını avropalılara öyrətmək məqsədini daşıyan seminarlar silsiləsindən ibarət idi. 1970-ci illərin ikinci yarısından etibarən əlaqədar mövzuların məşhur iqtisadçı, biznesmen və siyasətçilərin iştirakıyla geniş bir platformada ələ alınması forumu əhəmiyyətli dünya məsələlərinin müzakirə edildiyi böyük toplantılar silsiləsinə çevirdi.

Davos Forumu hər dəfə bir mövzuya həsr olunur. Forum çərçivəsində keçirilən tədbirlər, panellər həmin mövzu ətrafında təşkil edilir. 49-cu forum "Qloballaşma 4.0: 4-cü sənaye inqilabı dövründə yeni arxitekturanın yaradılması” devizi altında keçirildi. Belə bir mövzunun müəyyən olunması göstərdi ki, qloballaşan müasir dünyanın aktual məsələləri bu ilforumun diqqət mərkəzində olub. Dördüncü sənaye inqilabının özü ilə gətirdiyi çağırışlar ekologiyanın qorunması üçün tələblər, çoxqütblü dünya nizamı və getdikcə artan qeyri-bərabərliklə birgə addımlayır. Bütün bu inkişaf istiqamətləri qloballaşmanın yeni erasının təməlini təşkil edir. Buna görə də yerli, milli və beynəlxalq idarəçilikdə vaxtında yeni şəraitə uyğun adekvat addımların atılması tələb olunur. Eyni zamanda dünyada gedən sürətli dəyişikliklərlə bağlı beynəlxalq ictimaiyyət səylərini gücləndirməlidir.

Bütün bu məsələlər ətrafında 3 gün ərzində Davosda müzakirələr aparıldı. Bu dəfə dünyanın 100-dən çox ölkəsinin dövlət və hökumət rəhbərlərinin dəvət olunduğu beynəlxalq tədbirə həmçinin 1000-dən artıq qlobal şirkətin rəhbər şəxsləri, beynəlxalq qurumların və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, aparıcı media şirkətlərinin nümayəndələri qatılmışdılar. Forum çərçivəsində dünya liderləri qlobal böhranların qarşısının alınması istiqamətində perspektivlər və digər məsələləri müzakirə etdilər.

 

Davosda Azərbaycana həmişə böyük maraq var

 

Dünya İqtisadi Forumunda Azərbaycana həmişə böyük maraq olub.

Çünki Azərbaycandakı inkişaf tendensiyaları, ölkənin qlobal problemlərin həlli ilə bağlı təşəbbüsləri, xüsusən enerji təhlükəsizliyinə, dünyada sülhün bərqərar olunmasına verdiyi töhfələr beynəlxalq səviyyədə hər zaman təqdir olunub. Prezident İlham Əliyevin Davosda keçirdiyi çoxsaylı görüşlər, iştirak etdiyi sessiyalar siyasi-iqtisadi dairələr, media qurumları tərəfindən maraqla izlənilir. Eyni zamanda Prezident İlham Əliyevin iştirak etdiyi sessiyalar Davosun ən yaddaqalan tədbiri kimi bu beynəlxalq foruma öz möhürünü vurur. Bu isə ondan xəbər verir ki, Avropa siyasətçiləri, dövlət rəhbərləri, iqtisadçılar bir çox məsələlər barədə Azərbaycanın mövqeyini öyrənməyə ehtiyac duyurlar.

Prezident İlham Əliyevin Davosa builki səfər qrafiki də, ötən illərdəki kimi, zəngin oldu. Azərbaycan Prezidentinin "Visa” şirkətinin prezidenti Rayan MakInerni, BP qrupunun baş icraçı direktoru Robert Dadli, "CISCO” şirkətinin icraçı vitse-prezidenti Gerri Elliott, "SAP SE” şirkətinin baş icraçı direktoru Bill MakDermot, Dünya Bankının baş icraçı direktoru Kristalina Georgiyeva, Rusiyanın "LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov, "Total” şirkətinin baş icraçı direktoru Patrik Puyannen, "Microsoft” şirkətinin vitse-prezidenti Mişel Van Der Bel, "Signify” şirkətinin (keçmiş "Philips Lightning”) baş icraçı direktoru Erik Rondolat, "Procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel, "The Boston Consulting Group” şirkətinin prezidenti Riç Lesser, "Lazard Freres” şirkətinin baş icraçı direktoru Metyu Piqas, "VTB-Bank”ın prezidenti Andrey Kostin, "Suez Group” şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Gebali, "Equinor” (keçmiş "Statoil”) şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşlərində əlaqələr barədə fikir mübadiləsi aparıldı. Görünən odur ki, Azərbaycandakı əlverişli biznes və sərmayə qoyuluşu mühiti dünyanın tanınmış şirkətlərinin ölkəmizə marağını artırıb.

Prezident İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurerlə görüşündə də əsasən iqtisadi əlaqələrdən bəhs olundu. Prezident Ueli Maurer dedi ki, İsveçrə adamları Azərbaycanda biznes mühiti üçün yaradılan şəraitdən çox razıdırlar. Onlar Azərbaycanda iqtisadi inkişafbiznes imkanlarının genişləndirilməsi üçün əlverişli şəraitin yaradıldığını bildirirlər. Azərbaycan ilə İsveçrə arasında hava əlaqəsinin açılması da əməkdaşlığın genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Dünya İqtisadi Forumu çərçivəsində "Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda keçirilən sessiya da göstərdi ki, Azərbaycanın həyata keçirdiyi layihələr, xüsusilə yeni infrastruktur yaratması dünyada böyük maraq doğurur.

Bütün sahələr üzrə dinamik inkişaf yolunda uğurla irəliləyən Azərbaycan həm dünyanın və Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan və həm də regionda əsas söz sahibi olan ölkədir. Bu mənada Azərbaycan Prezidentinin hər il keçirilən Davos İqtisadi Forumunda iştirakı dünyanın siyasi elitasının, nəhəng biznes strukturlarının və nüfuzlu KİV-in diqqət mərkəzində olur. Bu isə ondan xəbər verir ki, Avropa siyasətçiləri, dövlət rəhbərləri, iqtisadçılar bir çox məsələlər barədə məsləhətləşmələrdə Azərbaycanın mövqeyinə ehtiyac duyurlar. 49-cu Davos Forumu bir daha təsdiqlədi ki, respublikamızın dünyada artan nüfuzu və etibarlı tərəfdaş olması iqtisadi güclər tərəfindən qəbul olunur və dövlət başçısının ümumdünya miqyaslı müzakirələrdə fikirləri, təklifləri müstəsna əhəmiyyəti ilə fərqlənir. Buna görə son forumu da Azərbaycan üçün uğurlu saymaq olar. Çünki bu toplantı Azərbaycanın yüksək nüfuzunu, dünya birliyindəki möhkəm yerini bir daha beynəlxalq ictimaiyyətə tanıtdı.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2019.- 27 yanvar.- S.1; 3.