YAP Gənclər Birliyinin təşəbbüsü
ilə “Sosial şəbəkələr və
müasir gənclik” mövzusunda
tədbir keçirilib
Yanvarın 26-da Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşəbbüsü ilə "Sosial şəbəkələr və müasir gənclik” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə YAP sədrinin müavini-icra katibi Əli Əhmədov ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi, inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, iqtisadi, hüquqi islahatların həyata keçirilməsi ilə bağlı ideya və prinsiplərinin Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil etdiyini söyləyib.
YAP sədrinin müavini bildirib ki, bu gün sosial şəbəkələr həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Ona görə də sosial şəbəkələrin cəmiyyət həyatına təsirləri aktual məsələlərdən biridir. Gənclər ictimai-siyasi həyatda fəal iştirak etməlidirlər. Onlar sosial şəbəkələrin yaratdığı imkanlardan düzgün istifadə etməli, mənfi təsirlərdən uzaq olmalıdırlar. Sosial şəbəkələr cəmiyyətə fayda gətirməlidir.
YAP gənclərinin hakim partiyanı layiqincə təmsil etdiklərini
vurğulayan Ə.Əhmədov hər kəsin
partiyanın sıralarında olan gənclərin
fəallığının ötən il
keçirilən prezident seçkiləri
zamanı şahidi olduğunu
qeyd edib. O, gənclərin
qarşısında mühüm vəzifələrin
dayandığını deyib.
Azərbaycan.- 2019.- 27 yanvar.- S.3.