Azərbaycan-İnquşetiya əlaqələri daha da inkişaf
edir
Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə yanvarın 26-da orada səfərdə olan İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurovla görüşüb. Bu barədə AZƏRTAC-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, Şeyxülislam A.Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Prezidentinin yardımı sayəsində yenidən bərpa olunaraq dindarların ixtiyarına verilən məscid binasının açılışında iştirak edib. Azərbaycanın Rusiya, Qafqaz, Şimali Osetiya-Alaniya ilə ənənəvi tarixi mədəni-mənəvi əlaqələri baxımından xüsusi əhəmiyyət daşıyan bu hadisə ilə bağlı Vladiqafqazda konfrans keçirilib.
Şeyxülislamla
görüşü zamanı bu tədbirləri yüksək dəyərləndirən
İnquşetiyanın rəhbəri Y.Yevkurov
qardaşı saydığı Azərbaycan Prezidenti
İlham Əliyevə salamlarını və
ən xoş arzularını
çatdırmağı QMİ sədrindən xahiş edib. Görüşdə Azərbaycan-İnquşetiya
dini-mənəvi əlaqələrinin daha
da inkişaf etdirilməsi,
xalqlarımızın ümumi mənafeləri
naminə əməkdaşlıq, ümumqafqaz
əhəmiyyətli məsələlər ətrafında fikir mübadiləsi və məsləhətləşmələr
aparılıb.
Azərbaycan.- 2019.- 27 yanvar.- S.3.