Abidələşən düha

 

Tarixləşən heykəllər

 

Bəşəri dəyərlərin fövqündə dayanan, şöhrəti əsrləri kölgədə qoyan Azərbaycan şairi İmadəddin Nəsimi... O, Sözlə öz pünhan duyğularının, fəlsəfi düşüncəsinin rəsmini çəkdi. Bütün zamanlarda rəssamlar, heykəltəraşlar, şairlər, yazıçılar, bəstəkarlar İmadəddin Nəsimi obrazını yaratmaq üçün mütləq bu rəsmi "oxumalıdırlar”. Yoxsa Nəsimini "görə bilməzlər”...

 

Zamana meydan oxuyan şair

 

...Orta əsr dərvişlərinin yundan hazırlanan geyimində, əlləri arxadan birləşib, başı azca sağa yönlənib. Məğrur duruşu ilə o, sanki zamana meydan oxuyur. Mütəfəkkir şairin simasından bu məşhur:

 

Məndə sığar iki cahan, mən bu cahana sığmazam,

Gövhəri laməkan mənəm, kövnü məkana sığmazam,-

 

misralarını oxumaq olar. İmadəddin Nəsimi bu möhtəşəm görünüşü ilə qırx ildir ki, Bakının mərkəzi küçələrindən birində qərar tutub. Heykəl iki istedadlı heykəltəraşın - Tokay Məmmədov və İbrahim Zeynalovun birgə işidir.

"İmadəddin Nəsimi”ni seyr etdikcə düşünürsən ki, qüdrətli şairin söz dünyasına, fəlsəfi düşüncəsinə bələd olmadan belə möhtəşəm abidə yaratmaq mümkünsüzdür. Yaşadıqları XX əsrin 70-ci illərindən XIV əsrin Nəsimisini "görmək”, onun xarici görünüşünüdaxili aləmini, həm dövrünə uyğunluqlarını, həm də özünəməxsusluqlarını təsirli bir şəkildə canlandırmaq müəlliflərdən istedadlı olduqları qədər də, dərin bilgi, məlumatlılıq tələb edirdi.

Müəlliflər şairin heykəlini çox əlamətdar bir vaxtda yaratmağa başladılar. Ötən əsrin 70-ci illəri idi. Bakı şəhərsalmanın coşqun çağlarını yaşayırdı. Yeni binalar tikilir, parklar, müəssisələr salınırdı. Həmin vaxtlar UNESCO Azərbaycanın dünyaya bəxş etdiyi dühalarından birinin - şair İmadəddin Nəsiminin 600 illiyinin keçirilməsi barədə qərar verdi. Tədbirlər planında şairə məmləkətində heykəl ucaldılması da nəzərdə tutulurdu.

1973-cü ildə böyük mütəfəkkirin 600 illiyi dövlət səviyyəsində qeyd olundu. Nəsimi haqqında elmi əsərlər, monoqrafiyalar yazıldı. Həmin il dövlət sifarişi ilə Həsən Seyidbəyli "Nəsimi” filmini çəkdi, Fikrət Əmirov "Nəsimi dastanı” baletini başa çatdırdı, İsa Muğanna "Məhşər” romanını, Qabil "Nəsimi” poemasını yazdı. Sonradan müəlliflərə dövlət mükafatları da təqdim edildi. Heykəltəraşlıq sahəsində də şair unudulmadı. Nəsiminin heykəlini yaratmaq sifarişi monumental abidə ustası Tokay Məmmədova həvalə olundu. Əsərin qısa müddətdə hazırlanması tələb olunduğundan heykəltəraş bu işi başqa bir istedadlı həmkarı - İbrahim Zeynalovla yerinə yetirdi. Heykəlin 69 santimetrlik modeli və 2 metrlik maketi düzəldildi.

 

Əsərin müəllifləri...

 

6,5 metr hündürlükdə monumental əsər şairin yaradıcılığına və şəxsiyyətinə böyük ehtiramla, yüksək peşəkarlıqla hazırlandı. Başqa cür olacağını da kimsə gözləmirdi. Çünki hər iki heykəltəraş öz sənətinin peşəkarı idi. Tokay Məmmədov da, İbrahim Zeynalov da bu əsərə qədər heykəltəraşlıq sənətində təqdirəlayiq yol keçmişdilər.

Tokay Məmmədov 1927-ci il iyulun 18-də Bakıda dünyaya gəlmişdi. Atası Həbib Məmmədov texniki elmlər doktoru, anası Zivər xanım Azərbaycanın ilk qadın heykəltəraşı idi. Tokay Məmmədovun bu sənətdə ilk müəllimi də anası oldu. Hələ uşaqlıq illərində onu gələcəyin rəssam-heykəltəraşı hesab edirdilər. Bu sənət üzrə əvvəl Bakıda, sonra Leninqradda (indiki Sankt-Peterburq) təhsil aldıqdan sonra Tokay Məmmədov Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində pedaqoji fəaliyyətə başladı. O, mərmər, tunc, gips materiallardan yüzlərlə portret yaratdı. Həmin əsərlərdə heykəltəraş qəhrəmanlarının xarici görünüşü ilə bərabər daxili aləmini təsirli şəkildə təsvir edə bildi. Onun Azərbaycanın şöhrətli bəstəkarı Üzeyir Hacıbəyli, xalq rəssamı Rüstəm Mustafayev, rəssam Vəcihə Səmədova, yazıçı Süleyman Rəhimov, polyak bəstəkarı Şopen, Avstriya bəstəkarı Motsart kimi dahilərin büst-portretləri bu qəbildəndir.

Heykəltəraşın yaradıcılığı monumental heykəllərlə də zəngindir. Həmin əsərlərdə Azərbaycanın dövlət, ədəbiyyat, elm xadimləri və qəhrəmanlarının surətləri əksini tapdı.

"İmadəddin Nəsimi” heykəlinin həmmüəllifi İbrahim Zeynalov da Bakıda 1934-cü ildə dünyaya göz açıb. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra təhsilini Leninqradda Rəssamlıq Akademiyasında davam etdirib. 1971-1973-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim, 1973-1993-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dosent, professorkafedra müdiri vəzifələrində çalışıb. Sonralar Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru olub.

İbrahim Zeynalov tarixi şəxsiyyətlərimizin, eləcə də Mücirəddin Beyləqani, Əcəmi Naxçıvani, Şah İsmayıl Xətai, İsmayıl bəy Qutqaşınlı, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov və Hacı Zeynalabdin Tağıyevin unudulmaz obrazlarını dəyərli abidələrə çevirdi. Həmmüəllifi olduğu "İmadəddin Nəsimi” heykəli də belə böyük sənətkarlıqla yaradılmış əsərlərdəndir.

İbrahim Zeynalovun yaradıcılığı ilə tanışlıq onun Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, xalqımızın unudulmaz qəhrəmanları barədə geniş və əhatəli məlumatlara malik olduğunu, bunları ustalıqla öz daş əsərində əks etdirdiyini söyləməyə əsas verir. Bu baxımdan "İmaddəddin Nəsimi” heykəlinin birinci müəllifi kimi Tokay Məmmədovun adının çəkilməsi, İbrahim Zeynalovun onun kölgəsində qalması inandırıcı görünmür.

 

Nəsiminin heykəli təmirdən sonra

 

Gərgin zəhmət, böyük əziyyətlər və ən əsası, şairə sevgidən yoğrulan heykəl 2008-ci ilin aprelində yerindən götürüldü. 2010-cu ildə bağ-park kompleksi ilə bərabər "İmadəddin Nəsimi” də yenidən şəhərin mərkəzinə "döndü”. Heykəl və park sahmana salındı.

Heykəltəraşlıqda monumental abidələrlə ətrafda olan tikililər arasında standartlara uyğun məsafənin saxlanılması əsas şərt sayılsa da, "İmadəddin Nəsimi”də buna əməl edilmədi. Adətən belə vəziyyət abidənin təsiredici estetik qüvvəsini zəiflədir. İllər keçdikcə, arxitektura baxımından az da olsa, monumental əsərə xələl dəydi. Yeni tikililər görüm nöqtəsini zəiflətsə də, bu modern binaların əhatəsində belə "İmadəddin Nəsimi” öz möhtəşəmliyini hifz edir.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2019.- 27 yanvar.- S.6.