Qonaq-qaralı
Qəbələ
Qəbələnin bütün sahələrdə
əldə etdiyi uğurlara görə öyünmək
haqqı var. Bununla belə, Qəbələ deyəndə
hamımızın gözü önündə yüksək
turizm infrastrukturunun formalaşdığı, təkcə
yerli deyil, eyni zamanda xarici turistlərin də həvəslə
gəldikləri məkan canlanır.
Rayonda turizmin inkişaf
dinamikasına nəzər salaq: əgər 2008-ci ildə Qəbələyə
14,6 min turist gəlmişdisə, 2013-cü ildə bu rəqəm
45 mini keçmişdir. 2016-cı ildə Qəbələ
rayonuna gələn turistlərin sayı 99,7 min nəfər
olmuşdur ki, onların da 32,6 min nəfəri xarici turistlərdir.
2018-ci ilin son olmayan məlumatına
görə, Qəbələyə orta hesabla 300 min turist gəlib.
Onların təxminən 115 mini yerli, qalanı əcnəbi
turistlər olub. Xaricilərin əksəriyyəti Rusiya,
Türkiyə, Böyük Britaniya, İraq, Ukrayna, Latviya,
İran, Birləşmiş Ərəb Əmirlikləri,
Gürcüstan, Səudiyyə Ərəbistanı, Qətər,
İsrail, Pakistan və Misirdən gəlmişlər.
Qəbələdə turistləri
cəlb edən məkanlar çoxdur. Çuxur Qəbələ
kəndində yerləşən qədim Qəbələ
şəhərinin qalıqları, rayonun müxtəlif yerlərindəki
daş kurqanlar (eramızdan əvvəl III-I minillik), Həzrə
kəndindəki türbələr kompleksi (XIV-XV əsrlər)
görənləri heyrətə gətirir. Nic qəsəbəsindəki
nekropol (antik dövr), tarix-diyarşünaslıq muzeyi,
İsmayıl bəy Qutqaşınlının və Şəhidlərin
xatirə muzeyləri də turistlərin ən çox ziyarət
etdiyi yerlərdəndir. Qeyd etmək lazımdır ki, Nazirlər
Kabinetinin qərarı ilə rayonun 100-ə qədər tarixi
mədəni abidəsi dövlət mühafizəsinə
götürülüb. Onlardan biri - qədim Qəbələ
şəhərinin qalıqları dünya əhəmiyyətli
arxeoloji abidələr siyahısına daxildir. 8 memarlıq, 53
arxeoloji abidə ölkə, digərləri yerli əhəmiyyətlidir.
Qəbələnin yerləşdiyi
coğrafiya, burada fərqli iqlim qurşaqlarının
çuğlaşması da turistlər üçün fərqli
bir dünyadır. Rayonun ekzotik təbiəti ilə təmasda
olmaq, möcüzəli Azərbaycan mətbəxinin nemətlərindən
dadmaq və mənalı istirahət etmək Qəbələyə
gələn yerli və xarici turistlərin sayını ildən-ilə
artıran səbəblərdəndir.
Bu gün Qəbələdə
irili-xırdalı 100-dən artıq turizm obyekti fəaliyyət
göstərir. Gün ərzində həmin obyektlərdə
ümumilikdə 3 minə yaxın qonağa milli, türk və
Avropa yeməkləri, meşə gəzintisi, atla gəzinti,
balıq ovu, göldə qayıqla gəzinti, rayonun görməli
yerlərinə və tarixi abidələrinə səyahət
xidmətləri göstərilir. Bundan əlavə, turistlər
"Qəbələnd” istirahət və əyləncə mərkəzinin,
hotellərin nəzdindəki fitnes sağlamlıq mərkəzlərinin,
sauna, masaj salonu, türk hamamı və diskotekaların xidmətlərindən
də istifadə edirlər.
Ağdaşın Ləki qəsəbəsindən
Qəbələyə dəmir yolu xəttinin çəkilməsi
isə bu məkanın cəlbediciliyini daha da artıracaq.
Layihə yekunlaşdıqdan sonra Ağdaşın ərazisindən
keçməklə Qəbələnin hava limanına qədər
dəmir yolu ilə gəlmək mümkün olacaq.
Bir sözlə, nadir təbii iqlim
şəraiti, mineral bulaqları, lacivərd landşaftı ilə
seçilən, tarixi İpək yolunun üstündə yerləşən,
qədim Qafqaz Albaniyasının paytaxtı olan Qəbələ
və qəbələlilər ilin bütün fəsillərində
qonaqlarını qarşılamağa hazırdırlar.
Əli
SƏLİMOV
Azərbaycan.- 2019.- 27 yanvar.- S.7.