İki cahan günəşi
Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhərü-laməkan mənəm, kövnü-məkana sığmazam...
Onun bu beytlə başlanan məşhur qəzəlini ilk dəfə oxuyanda orta məktəb şagirdi idim. Olardı 13, ya 14 yaşım...
Dilimə çətin yatan bəzi kəlmələrin qəlizliyinə rəğmən, ahəngi, sözlərin çəkisi, düzümü könlümü necə ovsunlamışdısa, bir neçə saatlıq əziyyətdən sonra bütün qəzəli əzbər bilirdim...
Sonralar yadımdan çıxan beyt və misraları oldu, amma bu giriş beyt yaddaşımda diri qaldı...
Şairin yüz minlərlə heyranının hafizəsində dolaşdığı kimi...
Ömrün müxtəlif məqamlarında - həmin qəzəli təkrar-təkrar oxudum, bu dəfə məqsədim əzbərləmək yox, misraların ruhunu duymaq, onları anlamaq idi.
Bilmirəm, tam mahiyyətində, Onun özünün qavradığı mənada anlaya bildimmi?!.
Bir neçə gün əvvəl "Sığmazam” qəzəlini bir daha tapdım, hər misranın üzərindən az qala zərrəbinlə keçdim...
Onu kəlmə-kəlmə, misra-misra, beyt-beyt yaşamağa çalışdım...
Və ilk dəfə başa düşdüm ki, bu qəzəli 14 yaşında oxuyan Hüseynbala ilə bugünkü Hüseynbala arasında çox böyük təfavüt var...
Onu bu ərəfədə oxuyub hiss etməyə çalışan da tamam özgə bir Hüseynbala imiş...
Əminəm ki, bu başqa oxucuların da qənaətidir. Bu qəzəlin şərhi-bəyan etdiyi mətləblər yaşa, insan ömrünün müxtəlif dönəmlərinə görə dəyişir. Yaş artdıqca, həyat təcrübəsi genişləndikcə, dünyaya baxış dəyişdikcə onun dürlü-dürlü hikmətləri üzə çıxır.
Sözün qüdrəti də elə bu deyilmi?!.
***
Və bu il belə bir qüdrəti yaradan söz adamının anadan olmasının 650-ci ildönümü tamamlanır. Bu münasibətlə, Prezident İlham Əliyev 2019-cu ili ölkəmizdə "Nəsimi ili” elan edib.
Bu il Azərbaycanda söz ilidir, düşüncə bayramıdır!..
Bu xəbəri ilk dəfə mətbuatdan oxuyanda fərəhimdən yerə-göyə sığmadım desəm, mübaliğəyə varmaram. Bundan bir neçə ay əvvəl də ölkə rəhbərimiz Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi barədə sərəncam imzalamışdı. Eləcə də Heydər Əliyev Fondunun dəstəyi ilə ötən ildən Azərbaycanda və dünyanın ayrı-ayrı ölkələrində Nəsimi festivallarının keçirilməsinə başlanıb və bu tədbirlər davam etdirilir.
2019-cu ilin bütünlüklə böyük şairə həsr olunması isə bu istiqamətdə atılan addımların davamı olmaqla çox möhtəşəm tarixi hadisədir. Nəsimi sözünə, onun öz poetik inciləri ilə inkişaf etdirdiyi ana dilimizə, bu iki cahan günəşinin təlqin etdiyi bəşəri ideyalara verilən yüksək dəyərdir.
***
2019-cu il - "Nəsimi ili” ictimai fikir tariximizin daha iki möhtəşəm faktı ilə də əlamətdardır. Bu il Azərbaycanın ən böyük maarifçilərindən sayılan Cəlil Məmmədquluzadənin anadan olmasının 150 ili tamam olur. 2019-cu il həm də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50-ci ildönümüdür.
Ötən il böyük sevgi və coşqu ilə qeyd etdiyimiz "Cümhuriyyət ili”nin məzmununu tamamlayan bu faktların hər biri milli mədəniyyət və dövlətçilik tariximizdə müstəsna əhəmiyyət daşıyır.
Bir-biri ilə rəmzi şəkildə bağlıdır...
Cəlil Məmmədquluzadə maarifçiliyi Nəsimidən üzü bəri yol gələn məşəlin gur alovudur...
Azərbaycan Xalq Cümhuriyyəti bu işıqdan şölələnən istiqlal çırağıdır...
Heydər Əliyev şəxsiyyəti bu çırağı zirvələrə ucaldıb, həm də bütün dünya azərbaycanlılarını onun sönməz nuru ətrafında bir araya gətirən öndərdir...
***
1973-cü ildə İmadəddin Nəsiminin anadan olmasının 600-cü ildönümü münasibətilə keçirilən tədbirləri çox yaxşı xatırlayıram. Yubileyin böyük şairin şanına layiq keçirilməsini ölkənin yeni rəhbəri Heydər Əliyev xüsusi diqqətdə saxlayırdı.
Həmin dövrdə Bakıda yeni təşkil edilmiş inzibati rayonlardan birinə şairin adı verildi. Ulu öndərin səyləri nəticəsində Nəsiminin adını YUNESKO görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil etdi. Beləcə şairin 600 illiyi təkcə ölkə hüdudları daxilində deyil, beynəlxalq miqyasda da qeyd olundu.
Nəsimi ilə bağlı həyata keçirilən tədbirlər təkcə yubiley dövrü ilə məhdudlaşıb qalmadı. Bu tədbirlər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə növbəti illərdə də davam etdirildi. Unudulmaz rejissorumuz Həsən Seyidbəyli Azərbaycanın xalq yazıçısı İsa Hüseynovun (Muğanna) ssenarisi əsasında "Nəsimi” filmini ərsəyə gətirdi. Film qısa müddətdə dünyanın bir çox ölkələrində böyük əks-səda doğurub qəlbləri fəth etdi, nüfuzlu mükafatlar qazandı. Bu kino İmadəddin Nəsiminin şəxsində türk dünyasının böyük bir mütəfəkkirini müasir dünyaya tanıtdı.
Üstəlik, tamaşaçılar baş rolun ifaçısı, o zaman hələ çox gənc olan dəyərli aktyorumuz Rasim Balayevin şəxsində parlaq bir istedadı kəşf etdilər.
Orasını da xatırladım ki, bu film "Kodak” kinolentinə çəkilən ilk Azərbaycan kinosudur. Məhz Heydər Əliyevin istəyi və köməyi sayəsində lent xaricdən, o vaxtın dili ilə desək, "qızıl pulla”, yəni xarici valyuta ilə alınmışdı ki, film keyfiyyətli olsun, Nəsiminin özünə və sözünə layiq çəkilsin.
1979-cu ildə xalq rəssamları İbrahim Zeynalov və Tokay Məmmədovun müəllifliyi ilə paytaxtın mərkəzində böyük şairin möhtəşəm abidəsi ucaldıldı. Nəsimi irsinin ölkəmizdə sistemli tədqiqi və təbliğinə başlandı. Şairin yaradıcılığı alimlərimizin üzə çıxardıqları yeni əlyazma nüsxələri əsasında öyrənildi. Ölkədə nəsimişünaslıq elmi məktəbi formalaşdı. Bu tədqiqatlar Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açdı.
***
Heydər Əliyevin Nəsimi şəxsiyyətinə yüksək sevgi və ehtiramı ondan irəli gəlirdi ki, onun ictimai fikir tariximizdəki əzəməti bu böyük dövlət adamına əyan idi.
Ulu öndər Nəsimi sözünün qüdrətini aydın dərk edirdi...
Millətin, dövlətin, bir qədər də geniş götürsək, ümumən külli-bəşəriyyətin belə şəxsiyyətlərlə ucaldığının, dünyanın, insanın kamilliyə doğru ancaq belə mütəfəkkirlərin kəlmələri izində rəvan addımlaya biləcəyinin fərqində idi...
Bu gün İlham Əliyevin Nəsimi şəxsiyyətinə yanaşması da eyni münasibətin davamıdır...
Xatırlayırsınızmı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2013-cü ilin avqustunda Qəbələdə keçirilən sammitindəki çıxışı zamanı Azərbaycan Prezidenti nə söyləmişdi?!
"XXI əsr türk dünyası əsri olmalıdır”...
Ölkə rəhbərimizin bu çağırışı bir çox müsəlman ölkələrində yaşanan xoşagəlməz hallara, qarışıqlıqlara, vətəndaş müharibələrinə rəğmən türkdilli coğrafiyada özünü göstərən inkişaf proseslərinə əsaslanır. Bunu böyük sərvət kimi dəyərləndirən İlham Əliyev hesab edir ki, belə bir inkişaf qorunmalıdır, türk dünyasında izlənən müsbət meyillər daha da gücləndirilməlidir. Başqaları üçün bir nümunəyə çevrilməlidir.
Azərbaycan bu çağırışa qədər də, ondan sonra da bununla bağlı bütün işlərin zəhmətini çəkib, çəkir və yəqin ki, bundan sonra da üzərinə düşən tarixi-mənəvi missiyanı şərəflə yerinə yetirəcək.
İmadəddin Nəsimi kimi mütəfəkkirlərimiz isə bizim üçün həm də ona görə dəyərlidirlər ki, türk dünyasının mənəvi nailiyyətləri, bu coğrafiyanın müsəlman aləmində yaratdığı mütərəqqi fərq belə dühaların yaradıcılığından başlanır, bu irsin işığından yola çıxır...
2007-ci ildə türk dünyasının daha bir fikir adamı - Mövlana Cəlaləddin Ruminin 800 illik yubileyi də böyük təntənə ilə qeyd edilmiş və mükəmməl bir düşüncə xəzinəsinin qapılarını dünyanın üzünə açmışdı.
***
Rumi də, onun ruhunun əkiz tayı Şəms Təbrizi də, Nəsimi də, mürşidi Fəzlullah Nəimi və başqa sufilər də eyni bir günəşin zərrələridir...
Müasir türk və o cümlədən Azərbaycan mədəniyyəti bu gün sivilizasiyaların toqquşması mühitində o qədər də birmənalı qəbul olunmayan ortodoksal islama yox, bu cür zərrələrin nuru sayəsində milliləşmiş, daha modern tərzli dini baxışa əsaslanır...
Ona görə bu mədəniyyətin özülü möhkəmdir, sağlamdır, həyata, dünyaya, insana baxışı aydındır, qəlbə nur kimi hopur...
Tarixi bəlgələri vərəqləyək... Türk mifologiyasının tədqiqatçıları da təsdiqləyərlər ki, ərəblər islamı gətirənə qədər bu torpaqlarda etnik təfəkkürdə meydana çıxan bütün sualların izahını verəcək gücə malik mükəmməl bir epos mədəniyyəti formalaşmışdı. Elə Ana Kitabımız olan "Kitabi-Dədə Qorqud” dastanlarını götürək. Vətənə, həyata, insana, valideynə, qadına, övlada, təbiətə, yurdun düşmənlərinə münasibətin bundan da parlaq örnəyi olarmı?!
Məhz elə bu mükəmməlliyə görə də təxminən XI əsrə qədər türklər islam dinini, demək olar ki, mənimsəməmişdilər.
Çünki islam ideologiyası bu torpaqlarda düşüncə boşluğu ilə üzləşmirdi...
Türk təfəkkürü onun qarşısına çox parlaq idrak sistemi ilə çıxırdı...
Sonrakı tarixi mərhələlərdə isə bu təfəkkür islamı özləşdirərək qəbul etdi...
İslami dəyərləri min illərdən süzülüb gələn mifoloji dünyagörüşü işığında mənimsədi, bu dəyərləri daha da mükəmməlləşdirdi, insaniləşdirdi, əxlaq, irfan mənziləsinə yetirdi...
İmadəddin Nəsiminin də təmsil etdiyi sufi ideyaları, baxın, bunun təcəssümüdür...
***
Digər böyük sufilər kimi, Nəsimiyə görə də Allahla insan arasındakı ünsiyyət birbaşadır. İnsan bu yolu, bir qayda olaraq, intuisiyasının gücü ilə keçir. Bu baxımdan ortodoksal islamla sufilik arasında ziddiyyət var. Sufilər həqiqətin dərkində heç bir vasitəni qəbul etmirlər.
Onun və digər hürufilərin yaradıcılığında ərəb hərflərinin simvollaşdırılmasına gəlincə, xüsusi qeyd etmək lazımdır ki, hürufizm sırf türk-oğuz təfəkkürünün bəhrəsi kimi meydana çıxmışdı. Bu, öz dövründə sufizmin ən geniş yayılmış qollarından sayılırdı.
Nəsimi isə hürufi sufizminin əsas ideoloqu və təbliğatçılarından olaraq sufizmi təkcə özünün deyil, ümumilikdə cəmiyyətin xilası üçün qəbul edirdi, hər yerdə yaymağa çalışırdı.
Sufizm Nəsimi üçün haqq-ədalətdir, vicdandır, elmdir, insanın cəhalətdən qurtuluşudur...
Ona görə ictimai-siyasi motivlər, insan azadlığı ideyaları, zülmə, zorakılığa, nadanlığa etiraz Nəsimi poeziyasında bu qədər aktualdır.
***
Nəsiminin
yaydığı hürufizm xüsusi təriqət olmaqdan
çox universal ideyalar sistemidir. Heç bir sufi məktəb
nə ona qədər, nə də ondan sonra insanı
hürufilərdə olduğu qədər Allaha yaxın hesab
etməmişdi. İnsanın kamillik məqamına
yetişərək Allaha qovuşa biləcəyinə bu qədər
inanmamışdı.
Ərşlə fərşü kafi
nun məndə bulundu cümlə çün
Kəs sözünüvü əbsəm
ol, şərhü bəyanə sığmazam...
Bütün bu məqamları
xatırlamaqda məqsədim Nəsimi sözünün
axıb gəldiyi iki böyük mənəvi ümmana nəzər
salmaqdır. Bunlardan biri türk mifologiyasıdır. Digəri
isə islam fəlsəfəsidir. Nəsimi
bu iki fikir dəryası arasında bir körpüdür,
bağlantıdır...
Ona görə Nəsimi sözü
bu qədər qüdrətlidir, durudur, cəlbedicidir...
Məhz bu cür mütəfəkkirlərimizin
yaratdıqları ənənələrin gücüdür,
verdiyi imkanlardır, formalaşdırdığı enerjidir
ki, Azərbaycan bu gün mədəniyyətlərin dialoqu
meydanına mükəmməl bir düşüncə sistemi
ilə əlidolu çıxa bilir...
Belə bir düşüncənin
parlaqlığı ilə bütün dünyanın diqqətini
çəkir.
Yer üzündə mədəniyyətlərarası
dialoq məkanı kimi tanınır. Qloballaşan
dünyamızda multikulturalizm, fərqli mədəniyyətlərə
hörmət, sülh və tolerantlıq kimi bəşəri
ideyaların yayılmasına çalışır.
İslam dünyasının
çeşidli təhdidlərlə üz-üzə
qaldığı indiki çağlarımızda əsl
islami dəyərlərə sahib çıxır. İslam həmrəyliyi
ideyalarını aktuallaşdırır. Bütün
müsəlman ölkələrini bu ideya ətrafında bir
araya gətirir. Amma bunu da digər mədəniyyətlərə
qarşı kor-koranə birləşməkdən, onları
qaralamaqdan ötrü deyil, dini inancımızın
düşüncə işığını yaymaq
üçün edir. İslam fəlsəfəsinin ilahi
hikmətini dünyaya təqdim etməyə can atır.
İslamın, əfsuslar ki, bir
çox bədxahların düşüncələrə
yeritmək istədikləri sayaq ancaq terror, zorakılıq,
xurafat, ətalət deyil, sülh, barış, kitab, elm, təhsil,
kamillik dini olmasını sübuta yetirməyə yönəlir...
Və bu, Azərbaycanda ona görə
uğurlu alınır ki, Nəsimi kimi örnəklərimiz
var...
Dövlətimizin bu istiqamətlərdə
həyata keçirdiyi fəaliyyət belə mütəfəkkirlərimizin
zəngin irsinə əsaslanır. Zamanın qədim
qatlarına doğru uzanan fikir rişələrindən
qidalanır.
Ötən il Azərbaycan
Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü
ildönümünü qeyd etdik. İndi bir
anlıq diqqət yetirək. Müsəlman Şərqinin
ilk demokratik, azad respublikasını da bu qədər xalq
arasında məhz bizim qurub-yaratmağımız, bir əsrdə
ikinci dəfə yüzlərlə şəhidimizin müqəddəs
qanı bahasına yenidən istiqlalımıza
qovuşmağımız da elə Nəsimi kimi
dühalarımızın təlqin etdikləri azadlıq
ideyalarının təntənəsi deyilmi?!.
Və Azərbaycan bu cür ənənələrin
gücü ilə, dövlət rəhbərimizin də bəyan
etdiyi kimi, XXI əsrin həqiqətən türk əsrinə
çevrilməsinə töhfələrini verir. Qədim
türk təfəkkürü və əsl islami dəyərlərin
ruhunu gələcək nəsillər üçün daha
gözəl bir dünyanın qurulmasına, sülhə,
insanların vəhdətinə, inkişafa, tərəqqiyə
yönəldir.
"Nəsimi ili” də bunun bir nümunəsidir...
***
Əmir Teymurun törəmələrindən
Hüseyin Bayqaranın vəziri Kəmaləddin Hüseyin
vaxtilə "Məcalisül-üşşaq” ("Aşiqlər
məclisi”) əsərində yazırdı ki, "Nəsiminin
könül dənizi dalğalananda onun kəlmə və hərfləri
incilər kimi kənara dağıldı”. Nəsiminin
izhar etdiyi mətləblərin bəzən yanlış
anlaşılması, görünür, bununla
bağlıdır. Zatən özü də bunu irəlicədən
duyurdu və söyləyirdi ki:
Heç kimsə Nəsimi
sözünü kəşf edə bilməz,
Bu, quş dilidir, bunu Süleyman bilir
ancaq...
Əfsuslar olsun ki, orta məktəb
illərində və sonralar elə bizə də Nəsimini
daha çox gözəllik və məhəbbət şairi
kimi təqdim edirdilər. Əlbəttə, onun
yaradıcılığında bu motivlər çox
güclüdür, amma əsas deyil...
Bütün şeirləri
ilə təsəvvüf şairi olan bu böyük sufinin
dinsiz şair kimi qələmə verilməsi, islami dəyərlərə
qarşı qoyulması meyilləri də ortada idi. Amma irfan elmi ilə Nəsimi
yaradıcılığı arasında az-çox paralellik
aparanda görürsən ki, bu iki mənəvi dəyər nəinki
qarşı-qarşıya dayanır, əksinə, iki nur seli
kimi qovuşaraq insanı kamilliyə doğru aparan yola
işıq saçır...
***
Nəsimi sözü indiyə qədər
yer üzünə gəlib-keçmiş ən böyük
həqiqətlərdən biridir...
Zəmanəsinin digər
böyük sufi alimləri kimi, Nəsimi də
bəndəni daima Allaha yaxınlaşdırır...
Məqama - kamillik mərtəbəsinə
qaldıraraq Haqqa qovuşdurur...
Nəsiminin dinə
yanaşması bütün böyük maarifpərvərlərin
münasibətinin eynisidir. O, dinə, inanca qadağalar sistemi,
qorxu kabusu kimi yanaşmır. Dini insanın mənəvi
dünyasını saflaşdıran, onu fani istəklərdən,
azğın ehtiraslardan, pis əməllərdən çəkindirən
əxlaq-tərbiyə məktəbi kimi dəyərləndirir.
İnsana Allahdan
qorxmağı deyil, bu müqəddəs məbudu sevməyi,
belə bir ilahi eşqi itirmək qorxusu ilə
yaşamağı təlqin edir. Allahın ən
gözəl sifətlərini insanın nəcib əməllərində
arayır, Rəbbin əlamətlərini insan əlinin yer
üzündə yaratdığı gözəlliklərdə
axtarır.
Nəsimi fəlsəfəsinə
görə, insan öz simasındakı gözəlliklərdə
onu yaratmış Rəbbin nişanələrini
daşıyır. Şair bu nişanəni sevgilisinin
simasında görür, ona bu eşqlə bir könüldən
min könülə elə dəlicəsinə aşiq olur ki,
pərvanə kimi bu sevginin oduna yanıb-yaxılmaq istəyir.
Səmi-ənvarı təcəllidir
cəmali-dilbərin
Ey könül, pərvanətək gəl
yan bu şəmin narına...
***
Nəsimi hikməti dərk tələb
edir...
Hansısa ideyanın
ardınca getmək istəyirsənsə, onu birinci tamam-kamal dərk
etməlisən. Dünya və insanlar üçün
faydasını anlamalısan. Kor-koranəlik,
cahillik, nadanlıq bu fəlsəfəyə yaddır. Nəsimi hikməti öyrədir ki, inanc da Allah
ideyasının düzgün dərkindən başlanır.
Əgər biri əzəldən, mənadan,
irfandan uzaqdırsa, Allahı yanlış dərk edirsə,
ona Quran ayətlərindən, təfsirdən, kəlamlardan xəbər
verməyin də heç bir mənası yoxdur.
Çünki Allahı düzgün dərk etməyən
insan Onun kəlamlarını da yanlış anlayacaq, mənadan,
mahiyyətdən iraq düşəcək.
Günümüz üçün də
nə qədər tanış mənzərədir, deyilmi?!.
Bir neçə hədis, rəvayət
əzbərləyəndən sonra özünü din bilicisi
sanıb başqalarına ağıl öyrədənləri,
dini təlqinlərin, hökmlərin əsl məramını,
tərbiyəvi gücünü bir kənara qoyub mənasız
təfərrüatlarla, zahiri göstərilərlə
yanlış istiqamətlərə yönələnləri
azmı görmüşük?!
Nəsimi belələrinə
qarşıdır. Onun əsas hədəfi cəhalətdir...
O, insan kimi ülvi varlığın
kamilliyə doğru aparan aydın bir yol varkən cəhalət
girdabında batdıqca batmağı özünə rəva
görməsini qəbul edə bilmir. İnsanı pisi
yaxşıdan ayırmağa, xalis altun olan mərifəti
özündə ali bir dəyər kimi
aşılamağa və örnəyi mərifət sahiblərinin
hünərindən götürməyə səsləyir. Çünki zoğaldan saf dinar gözləmək
mümkün deyil. İnsanın
qızıl zinəti yalnız onun mərifətidir.
Mərifətdir xalis altun, sikkəsi
fəzü hünər,
Altunu tanı, zəğəldən
ari dinar istəmə!
***
Nəsimi özü zəmanəsinin
mükəmməl savada malik kəslərindən idi. Doğma ana dilimizlə
yanaşı, fars və ərəb dillərini
də yaxşı mənimsəmişdi. Dövrünün
hikmət, məntiq, əruz, qafiyə, tarix, nücum, fiqh, təbiətşünaslıq
kimi elm sahələrini yaxşı bilirdi. Çox gənc yaşlarından Yaxın və Orta
Şərqin elm və fəlsəfi irsinə aşina idi.
Bu biliklərin köməyi ilə kamala
yetmiş Nəsimi elə elmi-fəlsəfi sistem
axtarırdı ki, onun köməyi ilə
başqalarını da tərbiyələndirə bilsin.
Onlara özlərini yeni məzmunda dərk etməyi
öyrətsin.
Və arzuladığı
sistemi formalaşdırmaqdan ötrü Nəsimi ən
çox gənclərə üz tuturdu. Cavanları
oxumağı, təhsil almağı özlərinin həyat
amalına çevirməyə səsləyirdi. Əski təlimlərdən əl çəkib onun
kimi mütəfəkkirlərdən dərs almağa dəvət
edirdi.
Şair insanda gözəl əxlaqın
tərbiyəsi üçün, hər şeydən əvvəl,
mənəvi, maddi və fiziki çətinliklərə
dözmək qabiliyyətini mühüm sayırdı. Hesab edirdi ki,
şəxsiyyət bu yolla özündəki bütün mənfi
sifətləri aradan qaldıra və layiq olduğu məqama
yüksələ bilər.
Nəsimi insanı belə ülviləşdirir,
ucaldır. Böyük şairə görə, "insan həm
inci, həm sədəf, həm yaradıcı, həm
qızılgül, həm də yasəməndir. Bütün gözəlliklər, varlıq, yer və
göy ona xidmət üçün yaranıb”.
Nəsimi sənəti
bütövlükdə insan gözəlliyinə, insan
qüdrətinə heyranlıqla doludur...
Onun şeirləri insan kamilliyinin
himni kimi səslənir, bu məqama can atan insanı tərənnüm
edir...
Bu misraların gözəlliyi,
qüdrəti Yer üzündəki bütün insanlara deyil,
yalnız özünü tanımış, dərk etmiş
kamil kəslərə xasdır. Məhz buna görə
şair kamil insanı "canımın cananəsi”
adlandırır, ona səcdə etməyin vacibliyini göstərir.
Kamil insanın gözəlliyinə səcdə
etməyənlər, onun qarşısında heyranlıq hissi
keçirməyənlər isə, şairin fikrincə, haqq
yolundan azmışlardır. Ancaq şair
onların da islahına çalışır, təlqinlərinin
gücü ilə belələrini haqq yoluna gətirmək istəyir.
***
Bir qədər də Nəsiminin dili
haqqında...
Azərbaycan Milli Elmlər
Akademiyasının Dilçilik İnstitutu İmadəddin Nəsiminin
adını daşıyır. Bu, onun Azərbaycan ədəbi
dil tarixinin inkişafındakı müstəsna rolu ilə
bağlıdır.
Günü bu gün də
istifadə etdiyimiz ədəbi dilimizin əsas lüğət
fondunun Nəsimi yaradıcılığından
başlandığını müxtəlif şəxslərdən
eşitmişdim, ayrı-ayrı mənbələrdə də
belə bir məqam rastıma çıxmışdı. İxtisasca
dilçi olmadığımdan nələrdəsə
yanıla bilərəm, amma bildiyim qədər rus
dilçiliyində oxşar başlanğıc nöqtəsi
Nəsimidən bir neçə əsr sonra yaşamış
A.S.Puşkin hesab olunur.
Maraq güc gəldi, bu qeydləri
qələmə alarkən ana dilimizin tarixi ilə
bağlı bəzi mənbələrə baxdım. İmadəddin Nəsimiyə
qədər Azərbaycan dilində əsərlər yazan
klassiklərimiz də, onların bizə gəlib çatan ədəbi
əsərləri də, ana dilimizdə formalaşıb əsrlər
boyu yaqut kimi cilalanmış şifahi xalq ədəbiyyatı
nümunələrimiz də, bəli, xeyli çoxdur...
Amma iş orasındadır ki, Azərbaycan
ədəbi dilinin ümumxalq dili əsasında
formalaşması dövrünün XIII-XIV əsrləri əhatə
edən ilk mərhələsini məhz Nəsimi
yaradıcılığı yekunlaşdırır. Məhz onun fəaliyyəti ilə Azərbaycan dili
özünün tarixi gücünü, yaradıcılıq
enerjisini bütünlüklə nümayiş etdirə bilir.
Bu həm də onunla
bağlıdır ki, Nəsiminin
yaradıcılığı müasirləri ilə
müqayisədə bizə yetərincə geniş həcmdə
gəlib çatıb. Şairin qəzəl, qəsidə, tuyuq
və tərcibəndləri toplanmış divanlarının
üzü dəfələrlə
köçürülüb. Əsərlərinin
əlyazma nüsxələri dünyanın müxtəlif
kitabxanalarında yayılıb.
Beləliklə, şairin irsinin
görkəmli tədqiqatçılarından olan Cahangir Qəhrəmanovun
da qeyd etdiyi kimi, Nəsimi şeiriyyətdə bədii
üslubda, fəlsəfi təfəkkürdə bir ənənə
yaratdığı tək, dildə də ənənə
yaradaraq özündən sonra gələn bütün sənətkarlara
təsir göstərib.
O, ana dilimizin sabitləşməsində
və inkişafında çox böyük rol oynayıb. Yaradıcılığında ədəbi dilə
xas keyfiyyətlər formalaşdırıb. Xalq dili ilə özündənəvvəlki
yazılı dil arasında mükəmməl bir vəhdət
yaradıb. Onların vahid ədəbi dil normasında
birləşdirilməsinə nail olub. Ona görə
Nəsiminin dili belə diridir, oynaqdır, ahəngdarlığı
ilə canayatandır.
Əziz oxucu, hələ bu nümunəyə
diqqət yetirək:
Düşdü yenə dəli
könül gözlərinin xəyalinə,
Kim nə bilür bu
könlümün fikri nədir, xəyali nə.
Al ilə ala gözlərin aldadı
aldı könlümü,
Alını gör nə al
edər, kimsə irişməz alinə.
Gözlərinə əsir olan - halını
oldu anlayan,
Kim ki bu halə düşmədi, qoy
vara kəndü halinə...
Fikir verin, nə qədər
safdır, axıcıdır, sözlər inci-mirvari kimi
bir-birinin ardınca qatarlanıb gedir. İstifadə etdiyi kəlmələr,
deyimlər necə həyatidir, xalq dili zəmininə söykənir,
xalq danışıq dilindən gəlir...
Belə nümunələri oxuyandan
sonra xarici dilləri alayarımçıq öyrənib
öz ana dilinə kəm baxanları, yeri gəldi-gəlmədi
yad dillərdə qırıldadanları görəndə məzəmmət
etmək istəyirsən ki, ay insafsız, XIV əsrdə bu
cür dili olan, bu dildə anamızın laylası kimi gözəl,
baldan şirin belə şeirlər yazmış şairə,
şairlərə malik xalqın təmsilçisi də
heç yad mədəniyyətlərə əl
açarmı?!.
Bu mənada "Nəsimi ili” həm
də Azərbaycan dilinin ilidir...
Bu dilin istisinə qızınan
milyonlarla soydaşımızın ilidir...
Ulu öndər Heydər Əliyevin qədim
tarixi təməl üzərində
formalaşdırdığı və İlham Əliyevin daha
da inkişaf etdirdiyi azərbaycançılıq
ideyasının, multikultural dəyərlərin,
tolerantlığın, mədəniyyətlərarası
dialoqun ilidir...
Azərbaycanın Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım
Əliyevanın bütün dünyada təbliğ etdiyi
milli-mənəvi dəyərlərimizin ilidir...
Və "Nəsimi ili” söz mülkünün
bu qüdrətli sultanını dərindən anlamaq,
anlayıb təlqinlərinə əməl etmək, əməl
edib onun bələdçiliyi ilə kamilliyə doğru yola
çıxmaq üçün bir fürsət ilidir...
İnsanın, dünyanın,
kainatın qurtuluşu isə məhz belə fürsət
anlarından başlanır...
***
İllər boyu beynimdən keçən
bir fikir ötən il qəlbimə də
iz saldı.
Nəsimidən yazmaq istədim...
Nəsiminin timsalında cahilliyə
qarşı dirənişini azaltmayan kamilliyi, nadanlıq
önündə çox vaxt susdurulan əsl
insanlığı, mübarizliyi, dəyanəti qələmə
almağa çalışdım...
Uzun dövrlər ərzində
qalaqlanaraq yığılmış qeydlərimi ötən
ilin oktyabrında bir masanın üstünə toplayaraq,
onlardan bir povest ərsəyə gətirməyə anidən
qərar verdim...
Bu ilin ilk günlərində bitirdim
son əsərimi...
Və bir neçə gün sonra
2019-cu ilin Prezident tərəfindən "Nəsimi ili” elan
edilməsini eşidəndə sevindim, çox sevindim...
Demək, fəhmim imiş məni tələsdirən...
Yenə də anidən qələm
dostum, ruh qardaşım Bəxtiyar Sadıqova telefon
açdım.
Mətləbi bildi, povesti dərhal istədi, bir neçə
saata oxuyub bitirdi və qərarını da verdi:
"Hüseynbala müəllim, bu povesti rəsmi dövlət
qəzetində dərc edəcəyik. Qoy bu, sizinlə bizim
"Nəsimi ili”nə töhfəmiz olsun”...
Çox məsud oldum. Bir neçə günə
əziz oxucularımız hamımızın qəzetində -
"Azərbaycan”da "Sonuncu səfər” povestimi hissə-hissə
mütaliə imkanı əldə edəcəklər...
Əslində, qəhrəmanım
şairlər şairi
Seyid Əli İmadəddin Nəsimi deyil...
Onun iztirablarıdır,
ağrılarıdır, öz vətənində təklənməsidir...
48 illik ömrün bitməyən məşəqqətlərini
qısa bir dövr üçün - Nəsiminin Azərbaycana,
Şamaxıya son səfəri müddətində rəmzləşdirdim...
Binəva Nəsimi, bədbəxt Nəsimi
nə vaxt xoş gün gördü ki?!.
Amma ona qarşı ən
böyük "cihadı” ilk olaraq özümüz
başlatdıq, elə ən ağır zərbələri də
özümüz vurduq...
Mən bundan yazdım, Nəsiminin
şəxsində özümüzün özümüzə
qənim kəsilməyimizdən və bu naqisliyin əsrlərdir
davam etməsindən bəhs etdim...
Axı Hələbdə dərisi
soyulan Nəsiminin hələ daha əvvəl burada - bu məmləkətdə
ruhunu soymuşduq, qəlbini dilim-dilim etmişdik...
Bəlkə də bəlağətə
varıram, amma düşüncəm budur ki, hər bir
yazıçının, şairin qələmindəki
mürəkkəbdə həm də Nəsiminin - onun sələflərinin
və xələflərinin qanı axır...
Qoy bu qan daha ruhumuza, mənəviyyatımıza
tökülüb çalın-çarpaz izlər
buraxmasın, əksinə, vərəqlərə axıb
ruhumuzu, mənəviyyatımızı saflaşdırsın,
xəbislikdən arındırsın...
Nəsiminin istədiyi kimi
insanlaşaq, kamilləşək, mənəvi vəhdətə
çataq...
Hüseynbala
MİRƏLƏMOV,
Milli Məclisin
deputatı, yazıçı
Azərbaycan.-
2019.- 29 yanvar.- S.1; 5.