İlham Əliyevdən 2725 şəhid ailəsinə
böyük himəyədarlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşüblər.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
- Hörmətli şəhid ailələrinin nümayəndələri.
Mən sizi bu gün görüşə dəvət etmişəm. İlk növbədə, sizə öz dərin hörmətimi ifadə etmək istəyirəm. Sizin yaxınlarınız torpaq uğrunda, Vətən uğrunda həlak olmuş, şəhidlik zirvəsinə yüksəlmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
1990-cı illərin əvvəllərində
Ermənistanın işğalçılıq siyasəti nəticəsində
torpaqlarımız işğal altına, bir milyondan çox
soydaşımız qaçqın, məcburi
köçkün vəziyyətinə
düşmüşdür. Biz minlərlə şəhid verdik,
on minlərlə insan yaralandı, əlil oldu. O vaxt Azərbaycanda hakimiyyətsizlik dövrü idi. Bizim məğlubiyyətimizin əsas səbəbi
ondan ibarət idi ki, o vaxt Azərbaycanda güclü lider yox
idi. Müxtəlif qruplaşmalar hakimiyyət
uğrunda mübarizə aparırdılar, bir-birinə
qarşı təxribat törədirdilər və Ermənistan
bundan istifadə edib torpaqlarımızın bir hissəsini zəbt
etmişdir. Tam qətiyyətlə deyə
bilərəm, - mən bunu dəfələrlə demişəm,
- əgər o vaxt Heydər Əliyev Azərbaycanın rəhbəri
olsaydı, torpaqlarımız heç vaxt işğal
altına düşməzdi.
1990-cı illərin əvvəllərində
AXC-Müsavat cütlüyünün xəyanətkar fəaliyyəti
nəticəsində xalqımız böyük faciə ilə
üz-üzə qalmışdır. Siz bilirsiniz, bu gün
biz çalışırıq ki, bu məsələni həll
edək. Ordu quruculuğuna çox
böyük diqqət göstərilir. Bizim
ordumuz döyüş meydanlarında da öz
gücünü göstərmişdir. Aprel
döyüşləri bizim şanlı tarixi qələbəmizdir.
Biz bir neçə strateji mövqeyi
işğalçılardan azad etmişik və o bölgələrdə,
o yüksəkliklərdə Azərbaycan bayrağını
qaldırmışıq. Bu gün Lələtəpədə,
Ağdərə dağlarında, Naxçıvan
dağlarında - hansılar ki, işğal altında idi, bu
gün Azərbaycanın dövlət bayrağı
dalğalanır.
Eyni zamanda, bildiyiniz kimi, bu məsələni
danışıqlar yolu ilə həll etməyə
çalışırıq. Hesab edirəm ki,
ölkəmizin artan potensialı, hərbi-iqtisadi gücü,
dünyadakı mövqeyi bu gün bizim xeyrimizə işləyir
və bu gün danışıqlar prosesində ölkəmizin
mövqeləri kifayət qədər güclüdür.
Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həlli bizim
üçün ən başlıca vəzifədir. Ölkəmizin
ərazi bütövlüyünün bərpası ən
vacib məsələdir. Diplomatik müstəvidə biz
maksimum nəticəyə nail ola
bilmişik. Bu gün bütün dünya bu
münaqişənin ölkəmizin ərazi
bütövlüyü çərçivəsində həll
olunmasını bildirir. Çoxsaylı qətnamələr,
qərarlar, ikitərəfli formatda imzalanmış müqavilələr,
bəyannamələr ölkəmizin ərazi
bütövlüyünə dəstək ifadə edir.
Dünyanın aparıcı beynəlxalq təşkilatları
– BMT, onun Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı,
ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və
digər təşkilatlar bu münaqişənin ölkəmizin
ərazi bütövlüyü çərçivəsində
həll olunmasını tələb edir. Yəni,
biz bütün vasitələrdən istifadə edirik ki, məsələni
həll edək, torpaqlarımızı
işğalçılardan azad edək.
Onu da bilməliyik ki, bu
gün dünyada güc amili ön plana çıxıb. Biz ordu
quruculuğu istiqamətində bu günə qədər
böyük işlər görmüşük. Qeyd etdiyim kimi, döyüş meydanlarında da
öz gücümüzü göstərmişik. Bütün dünyaya göstərmişik ki, Azərbaycan
xalqı və Azərbaycan dövləti bu işğalla
heç vaxt barışmayacaq.
Müharibədən əziyyət
çəkən vətəndaşlara daim diqqət,
qayğı göstərilir. Məcburi
köçkünlər üçün son illər ərzində
yüzdən çox şəhərcik və qəsəbə
tikilmişdir. Təkcə keçən il
5900 məcburi köçkünə mənzillər, fərdi
evlər verilmişdir. Bu proses bu il də
davam etdiriləcək. Şəhid ailələrinə
dövlət tərəfindən dəstək göstərilir.
Bu günə qədər 6650 şəhid ailəsinə
dövlət tərəfindən mənzillər, evlər, 6
mindən çox şəhid ailəsinə minik avtomobilləri
verilmişdir. Yəni, bu, dövlətimizin
şəhid ailələrinə olan münasibətinin təzahürüdür.
Mən bilmirəm, hansı başqa ölkədə
öz vətəndaşlarına, ağır vəziyyətdə
yaşayan vətəndaşlara, yaxınlarını
itirmiş vətəndaşlara bu qədər diqqət, bu qədər
qayğı göstərilsin.
Mənim fəaliyyətimdə
bu məsələ daim prioritet təşkil edir. Son illər ərzində
şəhid ailələri ilə çoxsaylı
görüşlərim bunu bir daha sübut edir. Biz sizinlə birlikdə bir çox evlərin
açılışlarında iştirak etmişik. Mən şəhid ailələrinə mənzillərin,
avtomobillərin açarlarını şəxsən təqdim
etmişəm və bunu özüm üçün borc bilirəm.
Bu, mənim borcumdur, xalqa xidmət etmək mənim
ən böyük vəzifəmdir. Mənim
üçün bu, böyük şərəfdir ki, sizə
bu istiqamətdə xidmətimi göstərim.
Şəhid ailələrinə diqqət,
eyni zamanda, keçən il
özünü bir daha göstərdi. Keçən
ilin aprel ayında Azərbaycan xalqı bir daha mənə
etimad, inam göstərdi, məni prezident vəzifəsinə
seçdi. Mənim birinci Fərmanım
şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi
ilə bağlı idi. Təbii ki, bu, təsadüfi
deyil. Mən istənilən sahə üzrə
fərman imzalaya bilərdim. İqtisadi sahə
üzrə, xarici siyasət, sosial məsələlərlə
bağlı. Ancaq mən hesab etdim ki,
birinci Fərman şəhid ailələri ilə bağlı
olmalıdır. Bu Fərman əsasında
10 minə yaxın şəhid ailəsinə dövlət tərəfindən
11 min manat məbləğində birdəfəlik ödəmələrin
verilməsi nəzərdə tutulur. Yenə
də deyirəm, mən heç bir ölkə ilə Azərbaycanı
müqayisə etmək istəmirəm, ancaq bu da həqiqətdir
ki, Azərbaycan bir çox ölkələrə bu sahədə
nümunə göstərir.
Artıq ödəmə
prosesi başlamışdır. Mənə verilən
məlumata görə, üç mindən çox şəhid
ailəsi 11 min manatı alıb. Ancaq bu proses zamanı məlum
oldu ki, vaxtilə müavinəti alan vətəndaşların
aldıqları məbləğ bu gün verilən məbləğlə
üst-üstə düşmür. Yəni, o illərdə -
1990-cı illərin əvvəllərində rəqəm
böyük olsa da, - o vaxt 50 min manat nəzərdə
tutulurdu, - ancaq o vaxtın 50 min manatı bu günün 11 min
manatı ilə heç də müqayisə oluna bilməz. Mən bu məsələ ilə bağlı
ictimaiyyətə öz fikrimi bildirdim. Bildirdim ki, bu məsələ
ciddi araşdırılmalıdır və burada iki əsas
amil üstünlük təşkil etməlidir: qanun və ədalət.
Bir tərəfdən, vaxtilə bu müavinəti alan vətəndaşlar bu siyahıya daxil edilməməlidir,
bunu qanun və qaydalar tələb edir. Digər
tərəfdən, biz bütün məsələləri ədalətli
həll etməliyik, bütün məsələlərə
sosial ədalət prizmasından yanaşmalıyıq. Bunu nəzərə alaraq, mən bu gün yeni Fərman
imzaladım. Bu Fərman əsasında 11
min manatı alacaq vətəndaşların sayı 2725 nəfər
artırıldı. Onların içərisində təbii
ki, vaxtilə müavinəti az məbləğdə
alan vətəndaşlardır və ümumiyyətlə,
siyahıya düşməyən daxili işlər
orqanları şəhid ailələrinin nümayəndələridir,
onların da sayı 460-dan çoxdur.
Təbii ki, bu, böyük vəsait
tələb edir. Bu proqramın icrası üçün
dövlət büdcəsindən ümumilikdə 135 milyon
manat vəsait nəzərdə tutulur. Bu,
kifayət qədər böyük məbləğdir. Biz çalışırıq ki, hər bir vəsaitə
çox qənaətlə yanaşaq. Biz
çalışırıq ki, bu gün ölkəmizin
iqtisadi, sosial inkişafını şərtləndirən
istiqamətlərə böyük dəstək verək.
Ancaq mən həmişə demişəm ki,
bizim üçün Azərbaycan vətəndaşlarının
rifahı, onların dolanışığı başlıca
vəzifədir. Ona görə bu qərarın
qəbul edilməsi, ilk növbədə, ədalətlidir və
digər tərəfdən, Prezidentin Fərmanından sonra bu,
artıq rəsmi sənəd olaraq qüvvəyə minir.
Bu iki amili biz təmin etmişik.
Mən bir daha demək istəyirəm
ki, bundan sonra da vətəndaşların sosial məsələləri
daim diqqət mərkəzində olacaq. Şəhid
ailələri üçün bundan sonra da evlər tikilib
istifadəyə veriləcək. Təkcə keçən
il 626 şəhid ailəsinə yeni mənzillər,
yeni evlər verilmişdir. Bu il əlavə
800 şəhid ailəsinə yeni mənzillər, evlər
veriləcəkdir. Növbəti bir neçə il ərzində bütün şəhid ailələri
evlərlə, mənzillərlə təmin ediləcəklər.
Bir dənə də şəhid ailəsi qalmayacaq ki, dövlət
ona ev və ya mənzil verməsin.
Bu, bizim siyasətimizdir, bu,
bizim yolumuzdur, biz bu yolu gedirik. Bu gün sizi buraya,
Prezident Sarayına dəvət edərək istədim ki, bu
sözlərimi, bu fikirlərimi sizə özüm
çatdırım. İstədim ki, bir
daha sizinlə görüşüm, bir daha sizə öz təşəkkürümü,
dərin hörmət və ehtiramımı bildirim. Sizə cansağlığı arzulayıram. Arzu edirəm ki, siz bundan sonra həyatda heç vaxt
belə dəhşətli faciələrlə üz-üzə
qalmayasınız. Sağ olun.
***
Sonra dövlətimizin
başçısı birdəfəlik ödəməni almaq
üçün istifadə olunan plastik kartları şəhid
hərbi qulluqçularının vərəsələrinə
təqdim etdi.
***
Şəhid anası İbadət ƏLİYEVA çıxış edərək
dedi:
-Hörmətli cənab Prezident. İlk növbədə, biz şəhid ailələri
Sizinlə bu mötəbər görüşümüzə
görə Sizə dərin minnətdarlığımızı
bildiririk. Bu, bir daha sübut edir ki, biz şəhid ailələri
Sizin daimi diqqətinizdəyik. Bizim dövlətimiz gündən-günə
inkişaf edir, Vətənimiz, dövlətimiz möhkəmlənir,
qüdrətlənir. Biz şəhid ailələri
bunu gördükcə böyük qürur hissi keçiririk.
Sizin rəhbərliyinizlə Ordumuzun Aprel
döyüşlərindəki qələbəsi mənə
o qədər qürur verib ki, hətta özüm əlimə
silah alıb bu döyüşlərə getmək istəyirdim.
Hər dəfə Cocuq Mərcanlının
inkişafını, qısa müddətdə bu qəsəbənin
belə müasir tipli olmağını görəndə mən
qürur hissi keçirirəm, çox sevinirəm. İnanıram ki, tezliklə torpaqlarımız
alınandan sonra bütün bölgələrimiz,
bütün şəhərlərimiz bu cür inkişaf edəcək,
bu cür çiçəklənəcək.
Eyni zamanda, biz şəhid ailələrinə
Sizin daim diqqətinizi və
qayğınızı görürük. Biz Sizə,
birinci xanım, Birinci vitse-prezidentimiz Mehriban Əliyevaya dərin
minnətdarlığımızı bildiririk. Sizin şəhid ailələrinə göstərdiyiniz
qayğını biz öz üzərimizdə hiss edir və
bundan qürur hissi keçiririk. Şəhid
ailələrinə bu diqqət və qayğınıza,
bizim sosial təminatımızla, yaxşı
yaşamağımızla bağlı gördüyünüz
bütün işlərə görə Sizə dərin təşəkkürümüzü
bildiririk. Bu tədbirlər ildən-ilə
genişlənir, çoxalır və biz bunları
gördükcə sevinirik, Sizlərdən çox
razıyıq.
Deyirlər, dərdin
kiçiyi, böyüyü olmur. Amma elə deyil, dərdin
ən böyüyü Vətən, torpaq, azadlıq dərdidir.
Bu dərdin yolunda bizim balalarımız şəhid
oldular. Vətən yaşasın deyə
onlar şəhid oldular və düşmənə qaya kimi sipər
oldular, qaya kimi dayandılar onların qabağında. Mən inanıram ki, xalqımız çox vətənpərvər,
qəhrəman xalqdır. Bu xalqın əli
silah tutan hər bir nümayəndəsi şəhidlərin
yolunu davam etdirmək üçün bir nəfər kimi Vətənimizi
qorumağa hazırdır.
Sizin şəhid ailələrinə
göstərdiyiniz qayğını biz daim öz üzərimizdə
hiss edirik. Şəhid ailələri mənzillərlə,
pensiyalarla, müavinətlərlə təmin olunurlar və
biz bunu öz üzərimizdə də görürük.
Sizin imzaladığınız humanist Fərmanla
verilən 11 min manat məbləğində birdəfəlik
ödəməni bizim ailəmiz də alıb. Bu, bizim ailəyə böyük köməkdir,
dayaqdır. Biz inanırıq ki, bu tədbirlər
daha da çox, daha da uzunmüddətli olacaq. Bilirik ki, müharibə olan dövlətlərdə
mütləq şəhidlər də olur. İnanırıq ki, biz öz
torpaqlarımızı sülh yolu ilə azad edəcəyik.
Biz bilirik ki, bunun üçün bizim xalqını, Vətənini,
torpağını sevən belə bir Prezidentimiz var. Bizim
Prezidentə mən “Çox sağ ol!” deyirəm, minnətdarlığımı
bildirirəm. Sizə möhkəm
cansağlığı, gördüyünüz işlərdə
və gələcək fəaliyyətinizdə uğurlar arzu
edirəm. Çox sağ olun.
Prezident İlham
ƏLİYEV: Sağ olun.
***
Şəhid atası Şirvan NÜSRƏTOV çıxış edərək
dedi:
- Hörmətli Prezident, cənab Ali
Baş Komandan. Siz Azərbaycanı qüdrətli
dövlətə çevirmisiniz. Azərbaycanın
güclü ordusu var. Əminəm ki, biz Qarabağ məsələsini
Allahın köməyi, Sizin səylərinizlə
həll edəcəyik.
Cənab Prezident, mən bir şəhid
atası kimi özümə fəxr bilirəm ki, oğlum
torpaqlarımızın azadlığı, suverenliyi
uğrunda şəhid olmuşdur. Sizdən
çox razıyıq ki, biz şəhid ailələrinə
həmişə qayğı göstərmisiniz və göstərirsiniz.
Biz Sizin xarici və daxili siyasətinizi dəstəkləyirik.
Sağ olun, var olun. Allah Sizə ömür
versin.
Prezident İlham
ƏLİYEV: Sağ olun, təşəkkür edirəm.
***
Şəhidin həyat yoldaşı Vərziyar ƏLİYEVA dedi:
- Möhtərəm cənab Prezident.
Bu gün vaxt ayıraraq biz şəhid ailələrini
qəbul etdiyinizə görə şəhid polislərin ailələri
adından Sizə öz təşəkkürümü
bildirirəm. İmzaladığınız
Fərmana görə şəhid ailələri, şəhid
polislərin vərəsələri Sizə minnətdardırlar.
Bu, bizim ailələrə çox böyük
kömək olacaq.
Mən Xocalı aeroportunun
müdafiəsi zamanı şəhid olmuş Əliyev
Əbülfət Əli oğlunun həyat yoldaşıyam,
özünümüdafiə batalyonunun
döyüşçüsü Hüseynov Mürşüd Səməd
oğlunun qızıyam. Mərhum Prezidentimiz, -Allah rəhmət eləsin, - Heydər
Əliyev yoldaşımı ölümündən sonra
“İgidliyə görə” medalı, atamı isə, -
bütün Xocalı camaatı bilir ki, o, əlindəki
beşatılanla neçə-neçə düşməni
məhv edib, döyüşlərdən birində ürəyindən
aldığı güllə yarasından qəhrəmancasına
şəhid olub, - “Azərbaycan bayrağı” ordeni ilə təltif
edib. Allah ona rəhmət eləsin, qəbri
nurla dolsun. Bizim o məşəqqətli,
yurd-yuvamızı, ailə
başçılarımızı itirdiyimiz günlərdə
ulu öndərimiz Heydər Əliyev bizim səsimizə, həmvətənlərimizin
səsinə səs verərək hakimiyyətə gəldi və
bizi böyük bəlalardan qurtardı, ən əsası isə
müstəqilliyimizi qorudu, suveren bir dövlət qurdu. Amma Siz isə, möhtərəm Prezidentimiz, öz
xanımınızla çiyin-çiyinə, - mən birinci
xanımımız Mehriban Əliyevaya da öz təşəkkürümü
bildirirəm, - çox böyük işlər
görmüsünüz. Biz bütün
şəhid polislərin ailələri bunları izləyirik,
hər ikinizə “Sağ ol!” deyirik. Sizin
gördüyünüz bütün abadlıq-quruculuq işlərini
təkcə Bakıda yox, bütün regionlarda müşahidə
edirik. İndi bölgələrimiz
Bakıdan heç də seçilmir. Buna
baxmayaraq, bəzi ünsürlər nümayişə
çıxır. Biz onlara qətiyyətlə
“Yox!” deyirik. Biz şəhid polislərin ailələri Sizin arxanızda möhkəm durmuşuq. Nə yaxşı ki, Siz varsınız, nə
yaxşı ki, bizim Prezidentimiz İlham Əliyevdir. Biz həmişə
Sizin arxanızdayıq. Biz
qadınlar, analar istəyirik ki, torpaqlarımız sülh yolu
ilə azad edilsin. Əgər sülh yolu ilə olmasa, Azərbaycanın
böyük, qüdrətli Ordusu var, Həcər qeyrətli
qadınlarımız var. Biz Xocalıda dörd il
müharibə şəraitində yaşamışıq. Atışma səsi eşidəndə biz
qadınlar da həmin tərəfə
yüyürürdük. Amma dörd il
mühasirədə qalandan, son gülləmiz də qurtarandan
sonra ermənilər sovet ordusunun 366-cı motoatıcı
alayının köməyi ilə Xocalını yerlə-yeksan
etdilər.
Mən uzun danışmaq istəmirəm,
cənab Prezident, biz Sizin arxanızdayıq, Sizinlə qürur
duyuruq. İnanırıq ki, torpaqlarımız alınacaq və
biz doğma yurd-yuvamıza qayıdacağıq. Mərhum Prezidentimiz Heydər Əliyevin dediyi kimi,
biz fəxr edirik ki, biz azərbaycanlıyıq.
***
Şəhidin vərəsəsi Sevinc QULUZADƏ dedi:
- Möhtərəm cənab Prezident.
Bizimlə bu səmimi görüş
üçün Sizə təşəkkür edirik. Sizə şəxsən təşəkkür edə
bildiyim üçün bir Azərbaycan vətəndaşı,
bir gənc olaraq qürur hissi keçirirəm. Siz və birinci xanım, Birinci vitse-prezident Mehriban
Əliyeva hər zaman şəhid ailələrinə
xüsusi diqqət və qayğı ilə
yanaşmısınız, hər zaman şəhid ailələrinin
yanında olmusunuz. Buna görə Sizə
təşəkkür edirəm, Sizə və ailənizə
cansağlığı, uzun ömür arzu edirəm.
Mən bu gün bir vətəndaş,
bir şəhid vərəsəsi kimi bir daha əmin oldum ki, Sizin siyasətinizin əsasında ölkənin
hər bir vətəndaşına münasibətdə ədalət
və humanizm prinsipləri dayanır. Bir daha əmin
oldum ki, bu gün ölkəmizdə sosial ədalət hər
şeydən üstün tutulur və Azərbaycan vətəndaşına
Azərbaycan Prezidenti qədər qayğıkeş və Azərbaycan
Prezidenti qədər yaxın olan başqa biri yoxdur. Bu gün imzaladığınız Fərmana görə
mən və mənim kimi minlərlə şəhid vərəsəsi
birdəfəlik ödəməni ala biləcəyik. Buna görə, əlbəttə, çox şadam,
sevincimin həddi-hüdudu yoxdur. Mən Sizə
həm öz adımdan, ailəmiz adından, həm də digər
şəhid vərəsələri adından təşəkkür
edirəm. İmzaladığınız Fərmana
əsasən həm də vaxtilə sığorta ödənişi
almış şəhid vərəsələri də birdəfəlik
ödəmə ilə təmin olunacaqlar. Belə bir
humanist qərar qəbul etdiyiniz üçün çox sağ olun.
Biz hər zaman Sizin
humanistliyinizə inanmışıq. Sizin
humanistliyiniz bu Fərmanda bir daha öz təsdiqini tapdı.
Siz Azərbaycanımızı hər zaman
böyük qələbələrə doğru
aparmısınız. Bir vətəndaş
olaraq bu inkişaf prosesini müşahidə etdikcə təbii
ki, fəxr edirik. Ölkəmizi
inkişafda, dövlətimizi güclənməkdə görmək
bir gənc olaraq məndə iftixar hissi doğurur. Hazırda qardaşım əsgərdir və
torpaqlarımızın keşiyində böyük şərəflə
durur. Mən inanıram ki, Sizin rəhbərliyinizlə
Ordumuz tezliklə Qarabağımızı azad edəcək və
üçrəngli bayrağımız Qarabağda
dalğalanacaq.
Şəhid vərəsələrinə
göstərdiyiniz diqqət və qayğı
üçün Sizə bir daha minnətdarlığımızı
bildirirəm.
Azərbaycanın əmin-amanlıq içində
inkişafı üçün apardığınız siyasətdə
Sizə uğurlar arzu edirəm. Çox sağ
olun, möhtərəm Prezident!
***
Görüşə yekun vuran
Prezident İlham ƏLİYEV
dedi:
-Deyilən bütün xoş
sözlərə görə sizə minnətdaram. Bir daha demək istəyirəm ki, Azərbaycan
xalqına xidmət etmək mənim üçün
böyük şərəfdir. Prezident
kimi həmişə çalışmışam ki,
xalqıma ləyaqətlə xidmət edim, Azərbaycanın
hərtərəfli inkişafına təkan verim.
Bu gün Azərbaycan
dünya miqyasında sürətlə, uğurla inkişaf edən
dövlətlərdən biridir. Ölkəmizin
iqtisadi, hərbi potensialı güclənir. Xüsusilə qeyd etməliyəm ki, uğurlu iqtisadi
siyasət nəticəsində Azərbaycan bu gün çox
böyükmiqyaslı sosial layihələri icra edə bilir.
Əgər bizim maliyyə imkanlarımız
olmasaydı, maddi vəziyyətimiz pis olsaydı, biz bu layihələri,
bu təşəbbüsləri irəli sürə bilməzdik.
Vaxtilə müavinəti almış vətəndaşlar o
zaman az məbləğ alıblar. O vaxt əgər
biz onu dollara çevirsək, müavinət təqribən
20-50 dollar ətrafında idi. Yəni,
imkanımız buna çatırdı, imkan yox idi. Ancaq bu gün 11 min manat tam başqa dəyər təşkil
edir. Ona görə ölkəmizin iqtisadi
inkişafı, maddi vəziyyətin
yaxşılaşdırılması imkan verir ki, biz bir
çox sosial layihələri icra edək. Biz yüzdən çox şəhərciyi öz
pulumuzla tikmişik, 6650 şəhid ailəsinə mənzil
verilib. Qeyd etdiyim kimi, bütün şəhid
ailələri mənzillərlə təmin olunacaqlar,
ardıcıllıqla, artıq proqram tutulur.
Ölkəmizin hərbi
potensialının möhkəmlənməsi üçün
çox böyük vəsait tələb olunur. Biz indi ordumuzu
ən müasir silahlarla təchiz edirik. Nəyə
görə? Çünki biz müharibə
şəraitindəyik. Ona görə ki,
bizim torpaqlarımız işğal altındadır. Bu məqsədlər üçün də
böyük vəsait ayrılır. Ötən il Bakıda iki hərbi parad
keçirilmişdir. Bu paradlar bizim çox
güclü hərbi potensialımızı göstərdi.
Bu gün Azərbaycan Ordusu dünya miqyasında
ən güclü ordular sırasındadır. Biz ölkə qarşısında duran problemləri
hərtərəfli həll etməyə
çalışırıq. Sosial məsələlərin
həlli prioritetdir. Ancaq bu məsələlərin həllinə
nail olmaq üçün güclü iqtisadiyyat
olmalıdır. Ona görə iqtisadi inkişaf bundan sonra da
elə olmalıdır ki, sosial layihələri icra etməyə
imkan versin.
Bilirsiniz, biz indi bazar
iqtisadiyyatı şəraitində yaşayırıq və
bazar iqtisadiyyatının öz qanunları var. Bəzi hallarda
bazar iqtisadiyyatı sosial siyasətlə o qədər də
uzlaşmır. Hesab edirəm ki, ölkəmizin uğurlu
inkişaf modeli bu iki önəmli amilin hər iki istiqamətini
özündə ehtiva edir. Çünki biz iqtisadi
inkişafa ona görə nail olmaq istəyirik ki, sosial məsələləri
daha genişmiqyaslı həll edək və vətəndaşlarımız
daha da yaxşı yaşasınlar. Ağır
vəziyyətdə yaşayan vətəndaşlara biz imkan
daxilində kömək göstəririk. Biz
evini, eşiyini, torpağını itirmiş vətəndaşlar
üçün şəhərciklər salırıq, evlər
tikirik, onlara mənzillər veririk. Bu
gün hələ də öz maddi imkanlarını lazımi
səviyyədə təmin edə bilməyən vətəndaşlara
dövlət tərəfindən ünvanlı sosial yardım
göstərilir.
Azərbaycan dünya
miqyasında nadir ölkələrdəndir ki, ünvanlı
sosial yardım proqramı çox geniş miqyas alıb. Biz indi hələ
ki, işlə özünü təmin edə bilməyən
vətəndaşlar üçün yeni imkanlar
axtarırıq, tapırıq, özünüməşğulluq
proqramı artıq geniş vüsət alacaqdır. Təkcə
bu il 7 min ailə özünüməşğulluq
proqramı ilə əhatə olunacaq. Nəyə
görə? Çünki imkanı olmayan
ailələr dövlət tərəfindən xüsusi vasitələrlə
təmin olunsunlar ki, onlar özləri üçün
kiçik biznes qura bilsinlər. Bütün
bu işləri görmək üçün əlbəttə
ki, ölkəmizdə bugünkü siyasət davam etdirilməlidir.
Bu siyasət yeganə düzgün siyasətdir.
Məhz bu siyasət nəticəsində Azərbaycan
dünya miqyasında müstəqil ölkə kimi
özünü göstərə bilib.
Bu gün
çıxışlarda Cocuq Mərcanlıdan
danışıldı. Cocuq Mərcanlı bizim əyilməz iradəmizin
rəmzinə çevrilib. Cocuq Mərcanlının
abadlaşdırılması, yenidən qurulması hərbi qələbə
nəticəsində mümkün olmuşdur. Biz sübut etdik ki, döyüş meydanında da
düşməndən üstünük. Biz
ermənilərin, Ermənistan rəhbərliyinin uzun illər ərzində
yaratdıqları mifi tamamilə darmadağın etdik. Onlar sübut etməyə
çalışırdılar ki, hərbi cəhətdən
bizdən üstündürlər və buna görə də
1990-cı illərin əvvəllərində bizim
torpaqlarımızı zəbt edə biliblər. Bu işğalın səbəbləri haqqında Azərbaycan
ictimaiyyəti yaxşı bilir. Onun
başlıca səbəbi o vaxt Azərbaycan rəhbərliyində
təmsil olunan xəyanətkar, satqın, səriştəsiz,
biliksiz adamlardır. Onlar öz
aralarında mübarizə, müharibə apararaq imkan verdilər
ki, düşmən torpaqlarımızı zəbt etsin.
Aprel döyüşləri bütün
dünyaya göstərdi ki, Azərbaycan güclü dövlətdir,
Azərbaycan əsgəri, zabiti qorxmaz zabit və əsgərdir,
peşəkardır. Göstərdi ki,
ölkəmizin güclü ordusu var və onu göstərdi
ki, Azərbaycan xalqı heç vaxt bu işğalla
barışmayıb və barışmayacaq. Aprel
döyüşlərindən iki il sonra
uğurlu Naxçıvan əməliyyatı keçirildi. 2016-cı ilə nisbətən daha böyük, bir
neçə dəfə böyük ərazi nəzarətimizə
keçdi, işğalçılardan azad edildi. Bu gün biz Ermənistan ərazisindən keçən
strateji yollara, kommunikasiyalara nəzarət edirik. Biz bundan sonra da öz hərbi gücümüzü
artıracağıq. Biz münaqişəni
sülh yolu ilə həll etmək istəyirik. Biz istəmirik ki, şəhidlər olsun, istəmirik
ki, gənclərimiz şəhid olsun. Münaqişəni
sülh yolu ilə həll etmək üçün həm
siyasi, həm iqtisadi, həm hərbi güc olmalıdır.
Bu gün bu üç amil var və ölkəmizi
gələcəyə aparır.
Əziz bacılar,
qardaşlar, nənələr, babalar, mən bir daha sizə
öz dərin hörmətimi bildirmək istəyirəm. Siz Vətən
üçün gözəl övladlar yetişdirmisiniz.
Siz öz yaxınlarınıza arxa-dayaq
olmusunuz. Siz öz şəhid olmuş
övladlarınızla fəxr edə bilərsiniz. Bütün Azərbaycan xalqı şəhidlərimizlə
fəxr edir. Şəhidlərimiz daim bizim
ürəyimizdə yaşayır və əbədi
yaşayacaqdır. Sağ olun.
***
Sonda xatirə şəkli
çəkdirildi.
***
Qeyd edək
ki, şəhid ailələrinə diqqət və
qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi
siyasi kursun mühüm istiqamətlərindən biridir.
İndiyə qədər bu kateqoriyadan olan vətəndaşlara
6654 mənzil, 6144 avtomobil, ötən il isə 626 mənzil
verilib. Bu il həmin vətəndaşlara
azı 800 mənzilin təqdim olunması nəzərdə
tutulur. Şəhid ailələrinə və müharibə əlillərinə,
Milli qəhrəmanlara verilən Prezident təqaüdünün
də məbləği ötən dövrdə mütəmadi
artırılıb, bu qəbildən olan insanların
uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin
olunub. Bununla da şəhid ailələrinin
sosial müdafiəsi ildən-ilə yaxşılaşıb,
dövlətimizin başçısının bu sahədə
həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən
hər zaman böyük rəğbət və məmnunluqla
qarşılanıb. 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra
Prezident İlham Əliyevin imzaladığı ilk Fərman da
bu qəbildəndir. Şəhid ailələrinə birdəfəlik
ödəmənin verilməsini nəzərdə tutan bu Fərman
onların sosial müdafiəsinin
yaxşılaşdırılması istiqamətində ən
mühüm addımlardan olmaqla ölkə vətəndaşlarının
rifahının dirçəldilməsinə xidmət edən
ən humanist addımlardan biri kimi qəbul edilməlidir.
Azərbaycan.-
2019.- 29 yanvar.- S.1; 3.