İlham Əliyev birləşdirici liderdir
Xalq radikal qaragüruhu
iflasa məhkum edib
Azərbaycanın müasir tarixi onun yeni əsrdə misilsiz bir inkişaf mərhələsi yaşadığını, çoxsaylı nailiyyətlərin müəllifinə çevrildiyini aydın surətdə nümayiş etdirir.
Bu möhtəşəm inkişaf yolunun banisi olan ümummilli lider Heydər Əliyev ideyalarını layiqincə yaşadan Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları qarşıdakı dövr ərzində Azərbaycana daha böyük uğurlar vəd edir. Hazırda dinamik tərəqqi yolu ilə regional və beynəlxalq miqyasda mövqelərini davamlı şəkildə möhkəmləndirən ölkəmizin nailiyyətlərinə qibtə, həsəd və qısqanclıqla yanaşanlar da az deyil.
Belələri hər imkan düşəndə Azərbaycanın nailiyyətlərinə kölgə salmağa, onun nüfuzuna xələl gətirməyə can atırlar. Təəssüf ki, bu xüsusda sapı özümüzdən olan baltaların da rolu az deyil və ifrat radikal müxalifətin dağıdıcı fəaliyyətini davam etdirmək cəhdləri qeyd edilənlərin real təsdiqidir. Heç bir ciddi sosial bazaya malik olmayan radikal düşərgənin xalq tərəfindən dəstəklənmədiyi yanvarın 19-da keçirilən mitinq zamanı bir daha özünü qabarıq surətdə göstərdi. Belə ki, bir neçə ifrat radikal müxalifət təşkilatının birgə təşkil etdiyi aksiyada iştirakçıların sayı heç 3 minə belə çatmadı. Utopik rəqəmlərlə sosial şəbəkələrdə öz aləmlərində mitinqin möhtəşəmliyindən dəm vuran antimilli ünsürlər bir qəsəbənin təşkil etdiyi tədbirə bundan dəfələrlə çox insanın toplaşdığından xəbərsizdirlər.
Digər tərəfdən radikalların keçirdiyi mitinq həmişəki kimi qeyri-müəyyənlik, dağınıqlıq və həqiqətdən uzaq, gülməli şüarlarla xarakterizə olundu. Önəmli məqamlardan biri də budur ki, özlərini müxalifət liderləri, funksionerləri adlandıranlar cəmiyyətə hansısa yenilik vəd etməyə qabil deyillər. Bunu onların həmin mitinq zamanı monoton, populist və heç bir əhəmiyyət kəsb etməyən çağırışları da aydın göstərdi.
Şübhəsiz ki, bunun başlıca səbəbi həmin dağıdıcı müxalifətin indiki şəraitdə dövlətin, onun rəhbəri Prezident İlham Əliyevin yürütdüyü siyasətə hansısa alternativ bir proqramın ortaya qoya bilməməsindən irəli gəlir. Müxalifət nümayəndələrinin hələ də vəd kimi səsləndirmələrinin böyük əksəriyyəti, əslində, dövlət tərəfindən çoxdan icra olunub. Elə buna görə də, radikal müxalifətin hansısa şüarlarla cəmiyyətin diqqətini özünə cəlb etməsi mümkünsüzdür.
Belə vəziyyətdə dağıdıcı müxalifətin özünə sosial baza yığması da müşküldür. Elə bundan irəli gəlir ki, cəmiyyətin etimadını çoxdan itirən bu yararsız müxalifət fəaliyyətində, təşkil etdiyi aksiyalarda pozuculuğa, dağıdıcılığa daha çox can atır. Bunu bir neçə radikal müxalifət təşkilatının "Məhsul” stadionunda keçirdikləri mitinq zamanı səsləndirdikləri fikirlər də təsdiq etdi.
İlk növbədə anarxist bir əhvali-ruhiyyənin hökm sürdüyü bu mitinq zamanı radikal düşərgə təmsilçilərinin çıxışları onların hələ də dağıdıcılıq, revanşizm əhvali-ruhiyyəsində olduqlarını aydın surətdə nümayiş etdirdi. Əslində, sosial baza qıtlığı yaşayan, intellektuallığı çox aşağı səviyyədə olan radikal müxalifətin liderlərindən, onların tərəfdarlarından hansısa müsbət yenilik də gözləmək mümkün deyil. Ən azından o baxımdan ki, ölkəmizi vətəndaş qarşıdurması gedən ölkələrin vəziyyətinə salmaq niyyəti güdənlərin Azərbaycana təəssübkeşlik etməsini gözləmək də olmaz. Əksinə, onların ölkədə vətəndaş qarşıdurması yaratmaq niyyətləri hər cəhdlərində müşahidə edilir.
Yanvarın 20-də Şəhidlər xiyabanında radikal müxalifətin növbəti dağıdıcı fəaliyyəti, simasız davranışları da göstərir ki, bu insanlar marginallaşmış, milli maraqları ayaq altına atan, xəyanətkar mövqelərindən qətiyyən əl çəkmək niyyətində deyillər.
Dövrün tələbləri ilə hələ də ayaqlaşa bilməyən radikallar 1990-cı illərin əvvəlində olan eyforiya düşüncəsindədirlər. Həmin vaxt Azərbaycanda ilk hakimiyyət dəyişikliyinin xaosun tüğyan etdiyi dövrdə, davamlı mitinqlər yolu ilə gerçəkləşdirildiyini unutmayan radikal düşərgə yenə həmin şəraitin olması arzusundadır. Amma bunun üzərindən illər keçsə də, Azərbaycan inkişafı ilə möcüzələr yaratdığını dünyaya sübut etsə də, müxalifət hələ də 1990-cı illərin əvvəllərində ilişib qalıb.
Fasiləsiz qarşıdurmalar, şəxsi və təşkilati maraqlar uğrunda didişmələr üzərində fəaliyyətini davam etdirən radikal düşərgəni narahat edən əsas məqamlardan biri elə Azərbaycanın əldə etdiyi uğurlardır. Xüsusən də ölkəmizdə Prezident İlham Əliyevin sistem xarakterli islahatlarının miqyasının artması, bununla ölkənin inkişafının daha intensiv hala gəlməsi fonunda radikal müxalifətin aqressivləşməsi müşahidə olunur. Amma dağıdıcı müxalifətə xalqın inamının olmaması, radikalların uğursuz siyasi keçmişləri və bugünkü antimilli fəaliyyətləri onların istənilən aqressivliyinin hansısa nəticə verməməsinə gətirib çıxarır.
Fiaskonun, ümidsizliyin,
uğursuzluğun ünvanına
çevrilən radikal düşərgənin
indiki fəaliyyətində daha bir qaranlıq məqam
Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı ölkəmizin mövqelərinin gücləndiyi
bir vaxtda Azərbaycanın
daxilində xaos yaratmaq
cəhdləridir. Məhz bu hal radikalların
antimilli fəaliyyətini
bir daha ortaya qoyur.
Elə bundan irəli gəlir ki, cəmiyyətin digər təbəqələri kimi Azərbaycan gəncliyi də radikal müxalifətin fəaliyyətini boykot edir. Öz millətinə, dövlətinə daim sədaqətli olan Azərbaycan gəncliyi ölkənin daha da inkişaf etdirilməsində maraqlıdır. Bu mənada gəncliyin də radikal düşərgədən qəti şəkildə üz döndərməsi tamamilə təbiidir. Özlərini milli təəssübkeş, demokratiya carçıları kimi qələmə verənlərin gənc nəsli çaşdırmağa çalışması heç bir nəticə vermir və verməyəcək.
Ümumiyyətlə isə cəmiyyət radikal müxalifətin sərgilədiyi antimilli addımlara heç bir zaman dəstək olmayıb, olmayacaq da. Radikal müxalifətin danışdığı yalanların, atmağa çalışdığı çirkabların hansısa nəticə verməsi indiki şəraitdə tamamilə mümkünsüzdür.
Azərbaycanda ifrat radikal müxalifət təmsilçiləri, antimilli ünsürlər heç bir uğuru görmək istəmir. Milli düşüncəyə, dövlətçiliyə zidd davranışları onların antimilli ünsürlər olmasını tam qətiyyətlə deməyə əsas verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətini gücləndirməyə xidmət edən addımlar atıldıqca, möhtəşəm nəticələr əldə olunduqca, ölkəmizin dünya miqyasında mövqeyi gücləndikcə radikalların bütün bunlara aqressiv yanaşması qeyd olunanların əyani təsdiqidir. Belələri xalqın, o cümlədən də gəncliyin yaddaşında daim mənfi obraz təmsilçiləri kimi qalacaq.
Vasif HƏSƏNOV,
YAP Yasamal Rayon Gənclər Birliyinin üzvü
Azərbaycan.- 2019.- 29 yanvar.-
S.1; 4.