Azərbaycan gənclərindən ibarət nümayəndə heyətinin Avropa Şurasına təhsil səfəri təşkil olunub

 

Strasburqda “Azərbaycan Respublikasının gənc mütəxəssislərinin Avropa Şurasına təhsil səfəri” adlı tədbir keçirilib.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından AZƏRTAC-a bildiriblər ki, tədbirin məqsədi iştirakçıları Avropa Şurasının gənclər siyasətindəki yeniliklərlə bağlı məlumatlandırmaq və ölkəmizlə əlaqələri daha da gücləndirmək olub.

Səfərdə Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin məsləhətçisi Aydan Kərimli, Gənclər Fondunun gənclər təşkilatları ilə şöbəsinin müdiri Seymur Hüseynov, beynəlxalq əməkdaşlıq və donorlarla şöbəsinin mütəxəssisi Elmira Allahverdiyeva, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov və Şuranın beynəlxalq əlaqələr üzrə katibi Aydın Mehdiyev iştirak ediblər.

Tədbirin birinci günündə Azərbaycanın nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının açılış mərasimində iştirak edib. Avropa Şurasının binası ilə tanış olan azərbaycanlı gənclərə bu qurumunonun gənclərlə üzrə departamentinin fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Sonra Avropa Gənclər Mərkəzinin direktoru ilə görüşən nümayəndə heyəti səmərəli müzakirələr aparıb. Azərbaycan nümayəndə heyətinin üzvləri, həmçinin gənclər sahəsində tanınmış peşəkar təlimçilərin - Marina Filaretovanın, Tina Mulkahinin, Antye Rothemundun seminarlarında, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində, eyni zamanda, Avropa Parlamentində də olublar.

 

Azərbaycan.- 2019.- 30 yanvar.- S.8.