Azərbaycanda korrupsiyaya qarşı mübarizə həm də islahatlar yolu ilə aparılır

 

Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev nəzərdə tutulan bütün vəzifələrin icra olunacağını bildirmiş, islahatların bu ildavam etdiriləcəyini, o cümlədən korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndiriləcəyini vurğulamışdır: "Korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır və aparılacaqdır. Bu işlərdə əli olan adamlar məsuliyyətə cəlb olunur, vəzifədən kənarlaşdırılır. Yəni, tam sağlamlaşdırma prosesi gedir və artıq keçən ilin timsalında biz gözəl nəticələri görə bilmişik”.

Dövlət başçısının korrupsiya ilə mübarizədən ətraflı, açıq və sərt danışmasını ötəri toxunulan mövzu kimi yox, idarəçilik sisteminin bütün istiqamətlərində aparılan dərin islahatların qanunauyğun davamı kimi qiymətləndirmək lazımdır. Məhz bu istiqamətdə atılan ciddi addımlar, o cümlədən vergigömrük sahələrində aparılan islahatlar dövlət büdcəsinə daxilolmaları böyük həcmdə artırmağa imkan vermişdir. Bu da sosial sahəyə, infrastruktur layihələrinin icrasına əlavə vəsaitlər ayrılmasına şərait yaratmışdır. Ölkə üçün xüsusi əhəmiyyət daşıyan bu qurumların fəaliyyəti islahatlar çərçivəsində zamanın tələbinə uyğun tənzimlənmiş, şəffaflıq, dürüstlük müasir meyarlar səviyyəsində nizamlanmışdır. Bu, ilk növbədə, Azərbaycan Prezidentinin dövlətimizin iqtisadi qüdrətini artırmağa hesablanmış islahatların aparılmasında qətiyyət nümayiş etdirməsi sayəsində mümkün olmuşdur.

Korrupsiya ilə bağlı dünyada demək olar ki, bütün dövlətlərin problemləri mövcuddurbu üzdən statistik rəqəmlər də bir o qədər ürəkaçan deyil. BMT dünyada illik rüşvətin həcminin təxminən bir trilyon dollar olduğunu bildirmişdir. Bundan başqa, dünya iqtisadiyyatı hər il korrupsiya ucbatından 2,6 trilyon dollar itirir. BMT-nin məlumatına görə, inkişaf edən ölkələrdə korrupsiya ilə bağlı itkilər inkişaf məqsədlərinə yönəldilən vəsaitlərdən 10 dəfə artıqdır. Qlobal korrupsiya barometri 2017-ci ildə Asiya-Sakit okeanı hövzəsində yoxsulluq səviyyəsindən aşağı həddə yaşayan insanların 38 faizinin dövlət xidmətlərindən faydalanmaq üçün rüşvət vermək məcburiyyətində qaldıqlarını bildirir. Tədqiqatlar onu da göstərir ki, təhsili aşağı olan gənclərin arasında rüşvətin faizi daha yüksəkdir. Məhz bu reallığın fonunda Azərbaycanda rüşvətin kökünün dövlət müəssisələrində kəsilməsi üçün həyata keçirilən tədbirləri görməmək mümkün deyil.

İdarəçilik sistemində aparılan struktur islahatları, müasir dünya təcrübəsinin ölkəmizdə geniş tətbiqi gizli iqtisadiyyata böyük zərbə vurmağa, təhlükəli meyillərin qarşısını qətiyyətlə almağa imkan yaradır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyir ki, dövlət başçısının apardığı struktur islahatları ölkəmizə "dünyada ən islahatçı” ölkə imicini qazandırmaqla yanaşı, davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı təmin etməyə imkan verir. Lakin Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında uğurları şərh etməkdən daha çox qarşıdakı struktur islahatlarının vacibliyinə toxunmuş, prioritet istiqamətləri təyin etmişdir: "İndi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü”.

İslahatların tətbiqində əsas məqsəd idarəetmə və iqtisadi inkişaf arasında tarazlıq yaratmaq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsipləri qorumaq, səmərəliliyin daha da artırılmasına nail olmaq, məhdud resurslardan istifadə etməklə maksimum nəticəyə nail olmaqdır. Yığcam və məqsədyönlü dövlət aparatı özəl sektorun fəaliyyətinə müdaxiləni minimuma endirməklə daha çox bazar tənzimlənməsinə şərait yaradır. Bununla, dövlət və bazar tənzimlənməsinin optimal nisbəti müəyyənləşir ki, bu da özəl sektorun lokomotiv olduğu iqtisadi inkişafı təmin edir.

Bir-birini təkrar edən qurumların ləğv edilərək onların bazasında sayca daha az, lakin daha çevikdaha səmərəlilərinin yaradılması, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, qeyri-neft ixracının genişlənməsi, idxalın əvəzlənməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi struktur islahatlarının məntiqi davamıdır. Bütün bunlar dövlət qurumlarında şəffaf, operativresurslara qənaət rejimində fəaliyyət göstərməyə imkan yaradır. "Bir pəncərə” və rəqəmsallaşma kimi prinsiplər də struktur islahatlarının kökündə dayanır.

Struktur islahatlarında "yaxşı idarəetmə” və "açıq hökumət” prinsipləri müasir dünya təcrübəsi ilə harmonik uzlaşır. Davos İqtisadi Forumunun "Qlobal Rəqabətlilik 2019” hesabatında Azərbaycanın 140 ölkə arasında "Dövlət tənzimlənməsinin yüküalt-indikatoru üzrə əvvəlki illə müqayisədə 3 pillə irəliləyərək 12-ci yerədək yüksələrək Avstriya, BelçikaDanimarka kimi ölkələri geridə qoyması ölkədə effektiv dövlət idarəetmə aparatının formalaşmasını təsdiq edir.

Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyev bütün bunların hansı məqsədə xidmət etdiyini belə açıqlamışdır: "Biz gizli iqtisadiyyata qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparacağıq... Gizli iqtisadiyyata qarşı mübarizə metodları kifayət qədər çoxşaxəlidir. Biz onların hamısından istifadə edirik və edəcəyik. Hər kəs başa düşməlidir ki, Azərbaycanda bütün işlər qanun çərçivəsində aparılmalıdır. Heç bir qanunsuzluğa yol verilməyəcək və hər kəs nəticə çıxarsın”.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2019.- 31 yanvar.- S.1; 7.