Azərbaycanlı alim Toğrul Bağırov enerji
diplomatiyası sahəsində görkəmli mütəxəssis
idi
Bakı Nobel İrsi Fondunun sədri,
Moskva beynəlxalq neft klubunun icraçı vitse‑prezidenti, Rusiya Təbiət Elmləri
Akademiyasının müxbir üzvü, Amerika-Rusiya
İşgüzar Şurasının daimi üzvü, siyasi
elmlər doktoru, professor Toğrul Bağırov 65
yaşında vəfat edib.
AZƏRTAC xəbər verir ki, Toğrul Bağırov 1954-cü ildə Bakıda anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra keçmiş SSRİ Xarici İşlər Nazirliyində, SSRİ-nin ABŞ-dakı səfirliyində, BMT-nin Cenevrə nümayəndəliyində işləyib. Daha sonra intellektual biznes sahəsinə keçib, beynəlxalq konsaltinq şirkətinə başçılıq edib. 1994-cü ildə Rusiyanın yanacaq və energetika nazirinin xüsusi müşaviri, "Qazprom”, "LUKoil”, "Transneft”, "Tatneft”in və digər enerji şirkətlərinin məsləhətçisi vəzifələrində çalışıb.
Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü olan T.Bağırov "Moskva neft klubu” fondunun icraçı vitse-prezidenti, Amerika-Rusiya İşgüzar Şurasının daimi üzvü idi. Azərbaycanda Nobel qardaşları irsinin bərpa edilməsi sahəsindəki xidmətlərinə görə İsveç Kralı XVI Karl Qustav görkəmli alimi birinci dərəcəli "Qütb Ulduzu" ordeni ilə təltif edib. Həmçinin T.Bağırov Fransanın "Fəxri legion" ordeni, Rusiyanın ikinci dərəcəli "Vətən qarşısında xidmətlərinə görə” medalı ilə də mükafatlandırılıb.
"1990-cı illərdə Rusiya-Amerika münasibətləri kontekstində Rusiyanın neft-qaz sektorunda islahatların beynəlxalq əhəmiyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə edən alim "Mejdunarodnaya jizn”, "Amerika”, "Neft Rossii” jurnallarının daimi müəlliflərindən biri, "Böyük səkkizlik” ölkələrinin energetika nazirlərinin birinci görüşü barədə külliyyatın 1988-ci il nəşri üzrə proqram komitəsinin əlaqələndiricisi olub. O, Rusiya Dövlət Duması və ABŞ Konqresi arasında dialoqa dəstək ictimai qrupunun üzvü, energetika üzrə Duma-Konqres böyük qrupunun yaradılmasının təşəbbüskarı idi. Alimin dərc olunmuş elmi işləri arasında "Rusiya və OPEC ölkələri - əməkdaşlığın perspektivləri”, "Rusiyanın xarici siyasətində neft və qaz”, "1990-cı illərdə Rusiyanın neft-qaz sektorunda iqtisadi dəyişikliklərin beynəlxalq əhəmiyyəti” mövzusunda monoqrafiyaları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.
Ölkələr
arasında enerji əməkdaşlığının
qurulması və inkişaf etdirilməsində
Toğrul Bağırov söz
və nüfuz sahiblərindən biri idi. Onun maraqlar
balansına hədəflənmiş bu
missiyası ilə siyasətçilər də, iş adamları da
razılaşır, təşəbbüs və təkliflərini
qəbul edir, ondan həmişə
məsləhətlər alırdılar. Ötən əsrin
90-cı illərinin ortalarında "Əsrin müqaviləsi”
razılaşdırılarkən T.Bağırovun Azərbaycan
ilə Rusiya arasında mühüm
vasitəçilik xidmətləri olub.
Azərbaycan.-
2019.- 31 yanvar.- S.2.