Gömrükçülərin
peşə bayramı qeyd edilib
Yanvarın 30-da Azərbaycan Respublikası
gömrük orqanlarının yaradılmasının 27-ci
ildönümü, gömrük əməkdaşlarının
peşə bayramı münasibətilə təntənəli
mərasim və Dövlət Gömrük Komitəsinin 2018-ci
il ərzindəki fəaliyyətinin yekunlarına həsr
olunan kollegiya iclası keçirilib.
AZƏRTAC xəbər verir ki,
Dövlət Gömrük Komitəsinin (DGK) sədri,
gömrük xidməti general-leytenantı Səfər Mehdiyev
ümummilli lider Heydər Əliyev tərəfindən əsası
qoyulan gömrük orqanlarının Prezident İlham
Əliyevin həyata keçirdiyi davamlı inkişaf
strategiyasına uyğun inkişaf etdiyini və ölkəmizin
mühüm dövlət təsisatlarından birinə
çevrilməklə yanaşı, dünya gömrük ailəsində
yüksək etibar və etimad qazandığını deyib.
Son illər ölkədə həyata keçirilən
islahatlar çərçivəsində gömrük
orqanlarının da bir sıra yeniliklər tətbiq etdiyini
diqqətə çatdıran S.Mehdiyev qeyd edib ki, fiskal,
hüquqpozmalara qarşı mübarizə, gömrük nəzarəti,
ticarətin asanlaşdırılması və ən əsası,
şəffaflığın təmin olunması istiqamətində
ciddi nailiyyətlər əldə edilib.
Komitə sədri vurğulayıb
ki, gömrük sistemində aparılan struktur və kadr
islahatları idarəetmənin təkmilləşdirilməsinə,
kadrların peşə hazırlığının
artırılmasına, bir sözlə, gömrük işinin
müasir dünyanın çağırışlarına
uyğun şəkildə yenidən qurulmasına münbit
şərait yaradıb: “Prezident İlham Əliyevin tarixi
İpək Yolu üzərində strateji mövqe tutan ölkəmizin
tranzit potensialının gücləndirilməsi, ixrac
potensialının artırılması istiqamətində
atdığı addımlar gömrük orqanlarının da
qarşısında yeni hədəflər müəyyənləşdirib.
Artıq ən müasir idarəetmə strukturuna malik Azərbaycan
gömrüyü fəaliyyətini nəzarətdən - xidmətə
doğru dəyişdirərək beynəlxalq ticarətin təhlükəsiz,
asan və sürətli şəkildə
reallaşdırılması, ən müasir gömrük nəzarət
üsul və vasitələrinin tətbiqi istiqamətində
mühüm addımlar atır”.
Qeyri-neft sektorunun inkişafı,
ixrac potensialının artırılması məqsədilə
fevralın 1-də tətbiqinə başlanacaq “Yaşıl dəhliz”
buraxılış sisteminin ölkəmizdə sahibkarlıq
mühitinin yaxşılaşdırılması, vətəndaş-məmur
təmasının minimuma endirilməsi, şəffaflığın
təmin olunması və könüllü riayət prinsipinin
formalaşmasında vacib rol oynayacağını bildirən
S.Mehdiyev gömrük orqanlarının bu layihənin
icrasını uğurla reallaşdıracağına əminliyini
ifadə edib.
Daha sonra kollegiyanın gündəliyindəki
məsələlər müzakirə olunub.
Komitə sədrinin birinci
müavini, gömrük xidməti general-mayoru İsmayıl
Hüseynov bildirib ki, hesabat ilində ilk növbədə
çevik idarəetmə sistemi yaradılmaqla Dövlət
Gömrük Komitəsinin fəaliyyət istiqamətləri
üzrə qarşıda duran vəzifələrin vaxtında
və operativ sürətdə yerinə yetirilməsinə
daha əlverişli şəraitin yaradılması, komitənin
struktur bölmələrinin fəaliyyətinin daha səmərəli
və düzgün təşkili, idarəçiliyin təkmilləşdirilməsi,
eyni və oxşar səlahiyyətlərin daha optimal həcmdə
resurs sərf etməklə həyata keçirilməsi və
nəticədə gömrük xidmətinin fəaliyyətinin
səmərəliliyinin artırılması məqsədilə
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı
ilə DGK-nın strukturu təkmilləşdirilərək
paralel və bir-birini təkrarlayan struktur bölmələrinin
əvəzinə yeni struktur bölmələri, o cümlədən
ərazi və ixtisaslaşdırılmış gömrük
idarələri yaradılıb.
O qeyd edib ki, 2018-ci ildə dövlət
büdcəsinin gəlirlər hissəsinin
formalaşmasında xüsusi rola malik olan Dövlət
Gömrük Komitəsi idxal-ixrac əməliyyatları
üzrə vergitutma bazasını düzgün müəyyənləşdirməklə
büdcəyə 3 milyard 434 milyon manat gömrük ödənişlərinin
köçürülməsini təmin edib, ilin əvvəlində
nəzərdə tutulan proqnozla müqayisədə 1 milyard 4
milyon manat gömrük vergi və rüsumları toplanaraq
dövlət büdcəsinə köçürülüb.
2018-ci ilin iyun ayında illik büdcə proqnozunun
dürüstləşməsi zamanı Dövlət
Gömrük Komitəsi üçün əlavə olaraq 760
milyon manat büdcə öhdəliyinin müəyyənləşdirilməsini
nəzərə alsaq, bütövlükdə 3 milyard 190
milyon manat proqnoza qarşı faktiki olaraq 244 milyon manat
gömrük ödənişlərinin dövlət büdcəsinə
köçürülməsi təmin edilib.
Digər çıxış edənlər
ötən dövr ərzində görülən işlər
və qarşıda duran vəzifələr barədə
danışıblar.
Bundan başqa, iclasın gündəliyindəki
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
Ticarətin Asanlaşdırılması üzrə
Konsepsiyası”, “Azərbaycan Respublikasında tranzit əməliyyatlarının
gömrük tənzimlənməsinin inkişafı
Konsepsiyası”, “Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin 2019-cu il üçün İş
Planı”, “Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması
və Audit Baş İdarəsi haqqında Əsasnamə” və
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
Hüquqi Təminat İdarəsi haqqında Əsasnamə”
müzakirə edilərək müvafiq qərarlar qəbul
olunub.
Həmçinin Dövlət
Gömrük Komitəsinin xidmətdə fərqlənən
bir qrup əməkdaşına Ümumdünya Gömrük Təşkilatının
sertifikatları verilib, eləcə də komitənin xidmətdə
fərqlənən bir qrup əməkdaşına fəxri fərmanlar
və xüsusi rütbələr verilməsinə dair DGK sədrinin
müvafiq əmrlərinin imzalandığı diqqətə
çatdırılıb.
Sonda yığıncaq
iştirakçıları adından Prezident İlham
Əliyevə müraciət qəbul edilib.
Azərbaycan.-
2019.- 31 yanvar.- S.3.