Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi
sahəsində əlavə tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, koronavirus pandemiyasına qarşı mübarizə sahəsində
ölkədə həyata keçirilən səhiyyə tədbirləri
çərçivəsində tibb müəssisələrinə
və tibbi avadanlığa artan tələbatın
qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin
müalicəsinin səmərəli təşkili məqsədilə
qərara alıram:
1. Hər birində 200
çarpayı olan modul tipli 6 (altı) xəstəxananın
quraşdırılması məqsədilə "Azərbaycan
Respublikasının 2020-ci il dövlət büdcəsində
dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)
üçün nəzərdə tutulan vəsaitin
bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş
məbləğin 14,8 milyon (on dörd milyon səkkiz yüz
min) manatı Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
7 aprel 2020-ci il.
Azərbaycan.- 2020.- 8 aprel.-
S. 1.