İlham Əliyevdən xalqa növbəti çağırış

 

Prezident Azərbaycanın bu çətin sınaqdan da az itki və şərəflə çıxacağını bəyan etdi

 

Bəşəriyyəti vahiməyə salan koronavirus pandemiyası dünya dövlətlərinə hərtərəfli zərər vurmaqda davam edir. Qlobal problemin fəsadları dünya ölkələrində həm də iqtisadi və maliyyə böhranı yaradır.

Ancaq bəzi dövlətlər qabaqlayıcı tədbirlər görməklə bu qlobal böhrandan az itkilərlə çıxmağa çalışırlar. Belə ölkələrdən biri də Azərbaycandır. Ümumdünya Səhiyyə Təşkilatının, BMT-nin yaydığı məlumatlara əsaslanaraq deyə bilərik ki, Azərbaycanın bir çox böyük dövlətlərdən fərqli olaraq pandemiyaya qarşı mübarizəsi effektiv nəticələr verir.

 

600 min işçinin əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürdü

 

Öncə dövlətin mühüm izolyasiya tədbirlərini həyata keçirməsi, ölkədə ciddi karantin rejiminin tətbiqi və bu durumun fəaliyyətinə mənfi təsir göstərdiyi hüquqifiziki şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı dövlət dəstəyi proqramlarının hazırlanması, aprelin 6-da isə Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki” MMC tərəfindən tibbi maska istehsalı müəssisəsinin açılışı deyilənləri bir daha təsdiqləyir.

Belə ki, pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılmasını nəzərdə tutan Prezident İlham Əliyevin yeni iqtisadi-sosial paketi ilə hökumət zərər çəkən sahələrdə çalışan insanların problemlərinə diqqət yetirdi. Azərbaycanda iqtisadi sabitliyin təmin edilməsinə, məşğulluqla bağlı problemlərin həllinə, makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına ən azı 2,5 milyard manat ayrıldı.

Azərbaycanda 600 min işçinin, o cümlədən də fərdi sahibkarların dövlət hesabına maliyyələşdirilməsi qərara alındı. Yəni onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürdü. Dövlət başçısı vurğuladı ki, bu genişmiqyaslı iqtisadisosial paket həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək, həm də həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaq.

 

İşsiz kimi qeydiyyata alınan 200 min nəfərə 2 ay ərzində 190 manat veriləcək

 

Bu dəstək proqramlarına əsasən sahibkarlıq subyektləri üçün əmlak və torpaq vergisindən müddətli azadolmaların verilməsi, mənfəət (gəlir) vergisi və sadələşdirilmiş vergi üzrə müddətli güzəştlərin verilməsi, sosial sığorta yükünün azaldılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının ƏDV-dən müddətli azad edilməsi və s. daxildir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların 2020-ci il 10 mart tarixinə 1 milyard manat həcmində mövcud kreditlərinin faiz dərəcəsinin bir il üzrə 10 faizi subsidiyalaşdırılacaq. Güzəştli ipoteka kreditləri üçün ayrılan vəsaitlərin həcmi 90 milyon manat artırılacaq.

Həmçinin 50 min haqqı ödənilən ictimai yerinin yaradılması vasitəsilə işsiz şəxslərin müvəqqəti məşğulluğu təmin ediləcək və işsiz kimi qeydiyyata alınan 200 min nəfərə iki ay ərzində 190 manat birdəfəlik ödəmə veriləcək.

Özünüməşğulluq proqramı 11 min nəfəri əhatə edəcək və işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinə 20 min nəfər düşəcək. Həyati vacib sərnişindaşıma sahəsinə 280 milyon manat maliyyə dəstəyi veriləcək.

Aprelmay aylarında həm də elektrik enerjisi ilə bağlı limitlər tətbiq olunacaq. Bu xərc də dövlət büdcəsi hesabına qarşılanacaq və müvafiq istiqamətə 10 milyon manat vəsait ayrılacaq. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün 40 milyon manat nəzərdə tutulub.

 

Hər gün 120 min tibbi maska istehsal ediləcək

 

Bu gün həm koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması üzündən bütün ölkələrdə tibbi ləvazimat qoruyucu vasitələrin, o cümlədən maskanın böyük qıtlığı yaşanır. İstehsalçı ölkələr isə tibbi maska ixracını dayandırmaqla yanaşı, istehsal avadanlığı xammalın ixracını da saxlayıblar.

Ancaq Azərbaycanda pandemiyanın qarşısının alınması ilə bağlı həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı da görülən işlərin tərkib hissəsidir. Yeni müəssisə tibbi maska ləvazimatlara olan tələbatlarımızı ödəyəcək.

İnvestisiya xərcləri 3,9 milyon manat təşkil edən bu müəssisə birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal edəcək. Maskalar qablaşdırıldıqdan sonra xüsusi avadanlıqla əlavə olaraq sterilləşdiriləcək. Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq ikinci mərhələdə istehsal həcmi 2 dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq. Müəssisənin məhsulları ilkin olaraq daxili bazarda tələbatı ödəməyə yönəldiləcək.

 

Süni qiymət artımında əli olan şəxslər ciddi cəzalandırılacaq

 

Açılış mərasimində iştirak edən dövlət başçısı dünyanı cənginə alan koronavirus pandemiyasının dövlətlərə vurduğu hərtərəfli ziyandan Azərbaycanda görülən qabaqlayıcı tədbirlərdən söz açdı.

Bəlli oldu ki, hazırda 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə alırlar. Karantində qalan vətəndaşların sayı 4500 nəfərdir. Karantin rejimində olan ən çox insanların məkanı isə Atletlər kəndidir. Orada hazırda təqribən 1300 insan yerləşdirilib. Azərbaycanda bu günə qədər 53 min test keçirilib. Bu günə qədər 15 minə yaxın Azərbaycan vətəndaşı xarici ölkələrdən təxliyə edilib onların böyük əksəriyyəti karantinə yerləşdirilib.

Qeyd edək ki, virusla mübarizədə maskalardan istifadə xüsusi əhəmiyyət daşıyır. Çünki indi dünyanın bir çox ölkələrində bu sahədə problemlər yaşanır. Azərbaycanda da qıtlıq yaranıb bəzi hallarda apteklərdə tibbi maskalar tapılmır. Müəssisənin açılışı ilə Azərbaycan idxaldan qurtulacaq.

Dövlət başçısı bu ağır durumdan sui-istifadə edənlərə sərt xəbərdarlıq etdi: "Maska qıtlığı artıq süni qiymət artımına da gətirib çıxarmışdır bəzi hallarda maskaları altdan satırdılar. Bu hallara qətiyyən yol vermək olmaz müvafiq dövlət qurumları çox ciddi nəzarət mexanizmi tətbiq etməlidirlər. Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq. Çünki indiki pandemiya şəraitində belə addımlar xəyanət kimi qəbul ediləcək”.

 

Aprelin 20-dən sonra yaranacaq vəziyyətə uyğun addım atılacaq

 

Ölkədə pandemiyaya qarşı aparılan mübarizə tədbirlərinin gücləndirildiyini deyən dövlət başçısı növbəti dəfə xalqa müraciət etdi.

Bu gün sərtləşdirilmiş, məhdudlaşdırıcı tədbirlərin qüvvədə olduğunu söyləyən Prezident vətəndaşların məsuliyyətli davranmasının, eləcə özlərini, yaxınlarını, ailə üzvlərini qorumalı olduqlarının vacibliyini vurğuladı: "Bütün Azərbaycan vətəndaşlarına bir daha çağırış edib demək istəyirəm: Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük!”

Prezident bir daha əmin olduğunu vurğuladı ki, vətəndaşlar bu qaydalara tam əməl edəcək beləliklə, xəstəlik geniş vüsət almayacaq. Azərbaycan bu vəziyyətdən az itkilərlə çıxacaq.

Dövlət başçısı proseslərin gedişatını da dəyərləndirərək bildirdi ki, bütün hallarda ciddi karantin rejimi aprel ayının 20-dək qüvvədə qalacaq. Ondan sonra dövlət yaranacaq vəziyyətə uyğun şəkildə addım atacaq.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2020.- 8 aprel.- S. 1; 3.