Könüllülük fəaliyyəti mənəvi dəyərlər üzərində qurulur

 

Məlum olduğu kimi, 2020-ci il Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Könüllülər ilielan olunub. Bununla əlaqədar olaraq cari il ərzində ölkəmizdə mövcud olan geniş könüllü kütləsinin də iştirakı ilə müxtəlif layihə və tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin bu ilin əvvəlindən etibarən meydana çıxan və dünyada sürətlə yayılmağa başlayan koronavirus (COVID-19) pandemiyası səbəbilə bu tədbirlərin keçirilməsi müvəqqəti olaraq dayandırıldı.

Həmçinin dünyada bir milyondan çox insanın bu virusa yoluxduğuon minlərlə insanın dünyasını dəyişdiyi də hər kəsə məlumdur. Adıçəkilən virusun dünyada sürətlə yayılması ölkəmizə də təsirsiz ötüşmədi.

Bu gün koronavirusun yayılmasının qarşısının alınması və bu təhlükənin aradan qaldırılması üçün mübarizəyə həkimlərimiz, hüquq mühafizə orqanlarının əməkdaşları, bir çox təşkilatlar və müxtəlif peşə sahibləri qoşulub. Evdən çölə çıxmağın, insanlarla yaxın təmasda olmağın ciddi həyati təhlükəyə gətirib çıxardığı belə bir həssas dönəmdə dövlətin və xalqın yanında olan vətəndaşların böyük bir qrupu da könüllülərdir. Hər zaman insanlara qarşılıqsız, təmənnasız xidmət etməyi özünə həm mənəvi borc, həm də vətəndaşlıq vəzifəsi hesab edən Azərbaycan könüllüləri belə həssas bir dönəmdə üzərlərinə düşən vəzifələri icra etmək üçün əllərindən gələni əsirgəmirlər.

Bu gün könüllülər fəal şəkildə sosial mediada genişmiqyaslı müxtəlif təyinatlı maarifləndirmə kampaniyaları aparır, koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlər barədə ictimaiyyəti məlumatlandırır, şəxsi gigiyenasosial təcridolunmanın əhəmiyyəti ilə bağlı müxtəlif virtual aksiyalar təşkil edir, tənha və ahıl vətəndaşlara sosial xidmətlərin göstərilməsi işində, eləcə də aztəminatlı ailələrə dövlət və müxtəlif təşkilatlar tərəfindən edilən yardım kampaniyalarında yaxından iştirak edirlər.

Könüllülük - xeyirxahlıq, mərhəmət, insansevərlik, vətənpərvərlik kimi ən ali dəyərlər üzərində qurulan bir fəaliyyətdir. Zəngin mənəvi dəyərlərə sahib olan Azərbaycan xalqı ta qədimdən bu ənənələrə sahib olmuşonlar nəsildən-nəslə ötürülərək bugünümüzə qədər gəlib çatmışdır. 2009-cu ildə qəbul edilmiş "Könüllü fəaliyyət haqqında” qanuna əsasən könüllülük fəaliyyəti şəxsi iradə və azad seçim əsasında cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan, əhalinin həssas qruplarından olan insanlara (əlillər, qocalar, kimsəsiz uşaqlar, ehtiyacı olan kəslər və s.) göstərilən fiziki və mənəvi yardım, cəmiyyətdə maarifləndirmə işinin aparılması, vətəndaş fəallığının artırılması, sağlam həyat tərzinin təbliğ edilməsi, ətraf mühitin qorunması və s. məqsədlərlə həyata keçirilən layihə və tədbirlərdə göstərilən təmənnasız sosial xidmətdir.

Könüllülük sosial-ictimai fəaliyyət kimi XVII əsrdə Fransada yaranmış, XIX-XX əsrlərdə isə dünyada daha geniş yayılmağa başlamışdır. Könüllülüyün yaranma tarixinə nəzər salsaq görərik ki, könüllülük fəaliyyəti yarandığı ilk dövrlərdə təbii fəlakətlərin nəticələrinin, müharibələr zamanı baş verən dağıntıların aradan qaldırılmasına, münaqişə vəziyyətlərinin həllinə, yoxsulluğun aradan qaldırılmasına və s. istiqamətlərə yönəlmişdir. Müasir dövrümüzdə isə könüllülük demək olar ki, fəaliyyətin bütün sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmişdir. Bu gün Azərbaycanın könüllü gəncləri kreativ təşəbbüskarlıqları, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verir, ölkəmizin dayanıqlı inkişafında, irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayırlar.

2020-ci ilin ölkəmizdə "Könüllülər ilielan edilməsi ölkə rəhbərliyinin könüllülərə göstərdiyi etimadın təzahürüdür. Doğrudur, koronavirus epidemiyasının dünyada sürətlə yayılması və ölkəmizdən də yan keçməməsi nəticəsində könüllülərlə bağlı nəzərdə tutulan tədbirlərin təxirə salınması müəyyən qədər təəssüf doğurur. Lakin Azərbaycan könüllüləri bu gün ölkə başçısı cənab İlham Əliyevin koronavirus infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə etdiyi çağırışlara, atdığı addımlara cavab verərək onlara göstərilən etimadı doğrultmağa çalışır, eyni zamanda, bunu özləri üçün insanlıq borcu hesab edirlər.

Mən bir gənc könüllü olaraq dövlətimizin, xalqımızın belə çətin sınaqla üzləşdiyi bir zamanda bütün vətəndaşlarımızı Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşməyə, könüllülərimizi əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərdə daha da fəal iştirak etməyə səsləyirəm.

Əziz könüllülər, özümüzü sübut etməyin əsl vaxtıdır!

Bu il bizim ilimizdir!

 

Vüsalə FƏTULLAYEVA,

Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüsü

 

Azərbaycan.- 2020.- 8 aprel.- S.3.