Həyat da, böyük
məqsədlər də sağlamlıqdan başlanır
İnsan sağlamlığının bəşəriyyət üçün nə qədər böyük önəm daşıdığını xüsusi qeyd etməyə bəlkə də heç ehtiyac yoxdur. Hamımız üçün həyat da, böyük məqsədlər də, qazandığımız nəticələr də məhz sağlamlıqdan başlanır. O olmasa, bunların heç bir dəyəri qalmaz. Ona görə hər il 7 aprel gününün sağlamlıq məsələsinə həsr olunması dünyada yaşayan bütün insanlar üçün əhəmiyyətlidir.
Bu il isə Ümumdünya Sağlamlıq Gününün önəmini artıran başqa məqamlar da var. Məsələ hazırda dünyanın bütün ölkələrində yayılaraq ümumən bəşəriyyəti təhdid edən COVID-19 koronavirus infeksiyasının yaratdığı qlobal problemlərlə bağlıdır. Belə bir xəstəliyin törətdiyi çətinliklərdən sonra indi hər kəs insan səhhətinin, Yer üzündə hamımız üçün sağlam bir mühitin yaradılmasının, xəstəliklərə qarşı birgə mübarizənin nə qədər mühüm zərurət olduğunu hiss edir. Eyni zamanda, həkim və ümumən tibb işçisi sənətinin necə çətin və məsuliyyətli bir iş olduğunu da hər kəs anlayır. Bu sahədə çalışan insanların başqalarının həyatını xilas etməkdən ötrü göstərdikləri fədakarlıqları, qəhrəmanlıqları hamı alqışlayır.
Martın 28-də Bakıdakı "Yeni klinika” tibb müəssisəsinin açılışından sonra müəssisənin kollektivi ilə görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyev də səhiyyə işçilərini alqışlayaraq onların şəxsində bu gərgin günlərdə koronavirus epidemiyasına qarşı mübarizə aparan bütün tibb işçilərinə sevgisini və təşəkkürünü bildirdi. Bu mübarizədə əsas yükün məhz həkimlərin üzərinə düşdüyünü qeyd etdi: "Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm. Biz onların maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görmüşük. Bildiyiniz kimi, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4, 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür. Ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər. Onlar Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər”.
Dövlət rəhbərimizin həmin görüş zamanı səsləndirdiyi "Biz birlikdə güclüyük!”, "Azərbaycan həkimlərinə eşq olsun!” və "Evdə qal, Azərbaycan!” kimi şüarların ölkəmizin müasir memarlıq rəmzlərindən biri olan "Alov qüllələri”ndə əks olunması da həm tibb işçilərinin fədakar əməyinə ehtiramın, həm də onlara dəstəyin, həmrəyliyin ali ifadəsi idi.
Ümumdünya Sağlamlıq Gününün builki daha bir əlamətdar məqamı isə ondan ibarətdir ki, 2020-ci ildə 7 aprel gününün məhz bu məzmunda keçirilməsindən, bütün dünyada Ümumdünya Sağlamlıq Günü olaraq qeyd edilməsindən düz 70 il ötür. Belə bir tarixi günün meydana gəlməsi BMT-nin ixtisaslaşmış qurumlarından olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaradılması ilə birbaşa əlaqəlidir. 1946-cı ildə ÜST yaradılmış, bundan iki il sonra - 1948-ci ildə isə birinci Ümumdünya Səhiyyə Assambleyası ÜST-ün yaradılmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış etmişdir. Beləliklə, 1950-ci ildən başlayaraq hər ilin 7 aprel tarixi Ümumdünya Sağlamlıq Günü olaraq qeyd edilir. Bu günün mövzusu olaraq ÜST-ün prioritet saydığı bir problem bəşəriyyətin diqqət mərkəzinə gətirilir. Belə bir tarixi günün mövcudluğu səhiyyə sahəsində diqqəti beynəlxalq ictimaiyyətə təsir göstərən başlıca problemlərə yönəltmək kimi qlobal bir imkandır.
Azərbaycanda əhalinin sağlamlığı, səhiyyə xidmətlərinin vətəndaşlar üçün əlçatanlığının təmin olunması dövlətimizin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindəndir. Ümummilli Lider Heydər Əliyevin milli inkişaf strategiyasında bu məsələ xüsusi yer tuturdu. Ulu Öndər ölkə əhalisinin sağlamlığı ilə bağlı dövlətin üzərinə düşən zəruri tədbirləri həyata keçirməklə yanaşı, vətəndaşların sağlamlığının qorunması missiyasını yerinə yetirən əsas insanlar kimi həkimləri də yüksək mənəvi dəyərlərə sadiqlik göstərməyə, özünüinkişafa, sosial məsuliyyətə çağırırdı.
Həyata keçirdiyi məqsədyönlü siyasətin uğurları sayəsində ölkəmizi tarixinin ən qüdrətli mərhələsinə yetirmiş Prezident İlham Əliyev üçün də əhalinin sağlamlığı əsas prioritetlərdəndir. Dövlət rəhbərimizin bu sahəyə xüsusi qayğısı nəticəsində ölkənin hər bir bölgəsində müasir tibb müəssisələri şəbəkəsi yaradılıb. Xəstəxanalarımız, tibb müəssisələrimiz bütünlüklə yenilənib və bu proses yenə davam etdirilir.
Həm dövlət başçısının, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa rəhbərliyi, nəzarəti ilə həyata keçirilən sosialyönümlü siyasətin mühüm tərkib hissəsi kimi ölkəmizdə yeni tibb ocaqları tikilir. Bu müəssisələrin siması dəyişir, maddi-texniki bazası gücləndirilir, təminatı yaxşılaşdırılır. Mərkəzi şəhərlərimiz kimi, ucqarlardakı tibb müəssisələri də müasir avadanlıqlarla, cərrahiyyə otaqları ilə təmin olunur.
İndi ucqar xəstəxanalarda da ən mürəkkəb əməliyyatları icra etmək mümkündür. Kardiocərrahiyyə, o cümlədən uşaqların anadangəlmə ürək qüsurları əməliyyatları, orqan transplantasiyaları və s. bu kimi son illərə qədər Azərbaycanda inanılmaz görünən mürəkkəb əməliyyatlar indi yerli klinikalarda həkimlər tərəfindən uğurla həyata keçirilir. Böyük diaqnostik imkanlara və kadr potensialına malik olan belə tibb ocaqlarının yaradılması həm paytaxtda, həm də bütün regionlarda əhaliyə yüksək keyfiyyətli və hərtərəfli tibbi xidmət göstərməyə münbit şərait yaradıb. İcra edilən dövlət proqramları sayəsində müxtəlif xəstəliklərdən ölüm hallarının sayı xeyli azalıb. Ayrı-ayrı xəstəlikləri olan insanların ömrünün uzandığı müşahidə edilir.
Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında yaradılmış Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatı uğurla həyata keçirilir. Əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır. Hazırda tibb müəssisələrinin və xəstələrin "təhlükəsiz” donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir. Artıq Azərbaycanda talassemiyalı xəstə uşaqların doğulmasının qarşısı alınması istiqamətində konkret addımlar atılır.
Hazırda ölkədə "Şəkərli diabet xəstəliyi üzrə” 3-cü Dövlət Proqramı da uğurla icra olunmaqdadır. Eyni zamanda, "Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” çərçivəsində mütəmadi olaraq ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin, xüsusən neonatoloji reanimasion şöbələrin maddi-texniki bazası gücləndirilir, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılır.
Son illərə qədər səhiyyəmizin qarşısında duran ən çətin problemlərdən biri kimi xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi də artıq öz həllini tapıb. Həm mərkəzdə, həm də regionlarda insanlar dövlətin bu sahədə yaratdığı imkanlardan istifadə edə bilirlər.
Qonşu ölkələrdə baş verən epidemioloji gərginliyə baxmayaraq, yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan kompleks profilaktik tədbirlər respublikada epidemioloji sabitliyi qoruyub saxlamağa imkan verir. Avropanın inkişaf etmiş ölkələrində olduğu kimi, ölkəmizdə də uşaqların 10-dan çox xəstəliyə qarşı immunlaşdırma tədbirləri ilə müdafiəsi təmin edilir. Bütün bunların nəticəsi kimi, poliomielit, difteriya, göy öskürək, epidemik parotit xəstəlikləri ölkədə artıq müşahidə edilmir, tetanus və məxmərək xəstəlikləri tək-tək hallarda baş verir. Ölkədə həyata keçirilmiş genişmiqyaslı tibbi-profilaktika tədbirləri nəticəsində artıq 6 ildir ki, malyariyanın yerli yoluxması baş vermir. Vərəmin diaqnostikasının yaxşılaşdırılması, dərmanlara davamlı xəstələrin aktiv müalicəyə cəlb olunması, genişmiqyaslı profilaktik tədbirlərin görülməsi nəticəsində bu xəstəlik üzrə də epidemioloji vəziyyətin stabilləşməsi mümkün olub.
İnsanların sağlamlığının təmin olunmasında müstəsna rol oynayan həkimlərin, tibb işçilərinin peşəkar hazırlığı məsələlərinə də xüsusi diqqət yetirilir. Tibb təhsilində davamlı islahatlar aparılır. Xarici ölkələrin qabaqcıl təhsil təcrübəsi ölkəmizə gətirilir. Səhiyyə işçilərinə Avropa klinikalarında təcrübə keçmək imkanı yaradılır. Onların fərdi inkişafı üçün digər məqsədyönlü addımlar atılır. Bütün bunların nəticəsidir ki, hazırda xəstəxanalarımızda ən müasir müalicə üsullarından istifadə edilir. Azərbaycan Prezidentinin bununla bağlı qarşıya qoyduğu konkret vəzifələr var: "Bu gün bizim səhiyyə infrastrukturumuz həkimlərin peşəkarlığı və bilikləri ilə uzlaşmalıdır. Hələ ki, bu istiqamətdə görüləsi işlər çoxdur. Əlbəttə, siz yaxşı bilirsiniz ki, dünya tibb elmi sürətlə inkişaf edir. Bu gün elə xəstəliklər müalicə olunur ki, əvvəlki illərdə bu xəstəliyin çarəsi yox idi. Ona görə Azərbaycan həkimləri, xüsusilə həkimlərin gənc nəsli, orta nəsli daim öz üzərində işləməlidir ki, bütün dünyada mövcud olan və yaranan yeni texnologiyalar, yeni müalicə qaydaları, yeni müalicə üsulları bizdə tətbiq olunsun. Mən hesab edirəm ki, bu sahədə əlavə işlərin görülməsi lazımdır”.
Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlanması da son illər ölkəmizdə səhiyyə sahəsində aparılan islahatların ən böyük uğurlarındandır. Bu istiqamətdə müəyyən edilmiş vəzifələrin həyata keçirilməsindən ötrü müvafiq infrastruktur formalaşdırılıb. Məqsəd əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığorta imkanı formalaşdırmaqdır. Zamanından və məkanından asılı olmayaraq sığorta olunanların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etməkdir.
7 aprel Ümumdünya Sağlamlıq Günü həm də indi dünyanın hər yerində COVID-19 pandemiyasına qarşı döyüşən bütün tibb işçilərinə minnətdarlıq fürsətidir. Ümumdünya Səhiyyə Təşkilatının rəsmi saytındakı şüarda elə bu cür də əks olunub: "Sağ ol deməyə bircə an lazımdır!”
Biz də o bir anımızı əsirgəmədən, insanların sağlamlığı qayğısına qalan hər kəsə təşəkkürümüzü bildirir, dünyamızın bu çətinliklərdən tezliklə çıxmasını diləyirik.
İradə ƏLİYEVA
Azərbaycan.- 2020.- 8 aprel.- S.4.