Məqsəd əhalinin sağlamlığını və təhlükəsizliyini təmin etməkdir

 

İlham Əliyev: "İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar”

 

Vətəndaşların qlobal pandemiyaya çevrilən koronavirus (COVID-19) infeksiyasından qorunması bu gün Azərbaycan dövləti üçün ən prioritet məsələdir. Təsadüfi deyil ki, respublikamız bu təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir.

 

Zamanında həyata keçirilən qabaqlayıcı tədbirlər

 

Hazırda COVID-19 bütün ölkələrdə sürətlə yayılmaqda davam edir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, dünyanın 200-dən artıq ölkəsində 1,5 milyona yaxın insan koronavirusa yoluxub. 83 mindən çox insan isə koronavirus səbəbindən vəfat edib. Xəstəliyin əhatə dairəsi, yoluxma tendensiyası gündən-günə sürətlə genişlənməkdədir. ABŞ, İtaliya, İspaniya, Almaniya, Fransa kimi dövlətlər artıq koronavirusa yoluxma sayına və insan ölümünə görə xəstəliyin ilk yayıldığı Çini geridə qoyublar. Bu ölkələrdə hər gün yüzlərlə insan ölümü baş verir. İntensiv qabaqlayıcı tədbirlər həyata keçirilməsinə baxmayaraq, qısa müddətdə infeksiyanın yayılmasının qarşısını almaq mümkün olmayıb.

Azərbaycanda ilk günlərdən koronavirusla mübarizə məqsədilə atılan qabaqlayıcı addımlar kimi sosial izolyasiya tədbirləri həyata keçirildi. Lakin təəssüflə qeyd edilməlidir ki, əvvəllər virusa yoluxma xaricdən gələnlər arasında müşahidə edilirdisə, sonradan daxildə də bir-birini yoluxdurma halları baş verdi. Xəstəliyin artımına səbəb isə virusun aqressivyoluxma sürətinin yüksək olması ilə yanaşı, əhalinin əksər hissəsinin xüsusi rejim qaydalarının tələblərinə əməl etməməsi, digər şəxslərlə sıx təmasları, ciddi zərurət olmadığı hallarda evdən çölə çıxmaları, ictimai nəqliyyatda karantin dövrünün tələblərinə tabe olmamaları və digər mövcud qaydalara əməl etməmələridir.

Ona görə də insanların bir-biri ilə yaxın əlaqələrini minimuma endirmək, bununla da infeksiyaya yoluxmanın sürətini azaltmaq məqsədilə ölkə ərazisindəki xüsusi rejim dövrü aprelin 20-dək gücləndirilib. Aprelin 5-dən isə əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı qərarı qüvvəyə minib. İnsanların evlərindən çıxışına yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə gedildikdə, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə icazə verilir. Ölkə daxilində gediş-gəlişin məhdudlaşdırılması, Bakıda metronun bağlanması kimi tədbirlər də məhz vətəndaşlar arasında təmasın dayandırılmasına xidmət edir.

 

Hər kəs karantin rejiminin tələblərinə əməl etməlidir

 

Təbii ki, xəstəliyin yayılmasının qarşısının alınmasında hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür. Vətəndaşlar evdə qalarlarsa, karantin rejiminin tələblərinə əməl edərlərsə, koronavirus infeksiyasının da yayılmasının qarşısı alınar. Prezident İlham Əliyev bütün çıxışlarında hər bir vətəndaşı məsuliyyətli olmağa çağırır. Son olaraq aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi ilə tanışlıqdan sonra Azərbaycan xalqına müraciət edən Prezident deyib: "Aprelin 5-dən qüvvəyə minmiş yeni karantin qaydalarının bir məqsədi var ki, bu xəstəlik Azərbaycanda geniş yayılmasın. Aprelin 5-nə qədər vaxtaşırı qəbul edilmiş qərarlar və yeni qaydalar bu məqsədi daşıyır. Mən dəfələrlə bildirmişəm ki, biz həm milli birlik, həm həmrəylik nümayiş etdirmişik və məsuliyyət də nümayiş etdirməliyik. Amma indiki şəraitdə aprelin 5-dən sonra qüvvəyə minmiş qaydaları nəzərə alaraq vətəndaşlar nizam-intizam nümayiş etdirməlidirlər. Çünki bu qaydaları pozanlara qarşı ciddi tədbirlər nəzərdə tutulurbu tədbirlər artıq təsbit edilib. Əminəm ki, vətəndaşlar bu qaydalara tam əməl edəcəklər və beləliklə, xəstəlik geniş vüsət almayacaq, biz bu vəziyyətdən az itkilərlə çıxa biləcəyik”.

Bəli, qlobal problemə çevrilən koronavirus pandemiyası bir çox dövlətlər üçün təhdidə çevrilib. İtaliya, İspaniya, ABŞ, Fransa kimi dövlətlər nə qədər inkişaf etmiş səhiyyə sisteminə malik olsalar da, koronavirus infeksiyasının sürətlə yayılması onları çətin duruma salıb. Məhz ilk vaxtlardan lazımi sosial izolyasiya tədbirlərinin həyata keçirilməməsi, eləcə də vətəndaşların bu təhlükəyə etinasız və biganə yanaşmaları bu ölkələrdə ciddi fəsadlar yaradıb. Azərbaycanda vaxtında sosial izolyasiyakarantin rejimi tətbiq olundu. İndi əsas məsuliyyət, qeyd etdiyimiz kimi, vətəndaşların üzərinə düşür. İlham Əliyevin xalqa müraciətində qeyd etdiyi kimi, "İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar”.

Karantin rejiminin pozulmasına görə cəzanın sərtləşdirilməsinin yeganə məqsədi isə məhz vətəndaşlarımızı qorumaqdır. Ona görə indiki həssas durumda hər bir vətəndaş maksimum anlayış nümayiş etdirməli, karantin rejiminin tələblərini gözləməlidir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2020.- 9 aprel.- S. 1; 5.