Özümüzü və özümüzünküləri düşünək: “evdə qalaq, sağlam olaq

 

Xüsusi təcrid rejimini pozanlar təkcə öz sağlamlıqlarını deyil, doğmalarının da həyatını riskə atırlar

 

Bu gün dünya böyük bir fəlakətlə üz-üzədir. Ölkəmiz də çətin bir sınaq qarşısındadır. Dövlətimiz vaxtında önləyici addımlar atıb. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva həmişə xalqın, vətəndaşların yanındadır. Belə bir dövrdə milli həmrəylik, birlik çox vacibdir. Bildiyiniz kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Qısa müddətdə bu fonda ciddi ianələr edildi, xalqımız birliyini bir daha nümayiş etdirdi. Bir sənətçi kimi mən də Prezidentin çağırışına qoşuldum, biraylıq vəzifə maaşımı bu fonda köçürdüm. Belə bir zamanda ianənin məbləği yox, xalqımızın həmrəyliyi önəmlidir.

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimiya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Fərdi evlərdən və mənzillərdən insanların çıxışı təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.

İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə bir sıra və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilib.

Azərbaycan xalqı mübarizdir və həmişə belə çətin zamanlarda öz birliyini ortaya qoyub. Düşünürəm ki, bu dəfə də biz sınaqdan üzüağ, alnıaçıq çıxacağıq. Bu, ciddi məsələdir. Əlbəttə, panikaya düşmək lazım deyil, sadəcə olaraq məsələyə daha həssas yanaşmalıyıq. Sosial təcrid qaydalarına hər bir vətəndaşımız riayət etməlidir. Ciddi zərurət yoxdursa, evdən çölə çıxmamalıdır. Təəssüflər olsun ki, hələ də bəzi insanlar məsələnin ciddiyyətinin fərqinə varmır, xüsusi təcrid rejimini kobud şəkildə pozur. Onlar təkcə öz sağlamlıqlarını deyil, doğmalarının da həyatını riskə atırlar. Qoyulmuş qaydalara əməl etməklə biz bu dar məqamdan ən az itkilərlə çıxacağıq.

Unutmayaq ki, həyat, yaşamaq gözəldir. Evdə qalaq, sağlam olaq, biz birlikdə güclüyük.

 

Mənsum İBRAHİMOV,

Xalq artisti, professor

 

Azərbaycan.- 2020.- 10 aprel.- S. 1; 4.