Nazirlər Kabineti ötənilki
fəaliyyəti barədə hesabat verdi
Milli Məclisin
iclasında
Aprelin 9-da Milli Məclisin
növbəti plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir
ki, iclası açan Milli Məclisin Sədri Sahibə Qafarova
gündəliyi təqdim edib.
Gündəlik təsdiq olunduqdan sonra
çıxış edən Milli Məclisin Sədri bu
günlərdə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin yeni bir humanist addım
atdığını bildirərək deyib: "Dövlət
başçısının imzaladığı Sərəncama
əsasən, ölkəmizdə koronavirus (COVID-19)
infeksiyasının yayılması ilə əlaqədar
yaşına və səhhətinə görə xüsusi
qayğıya ehtiyac duyan 65 yaşından yuxarı 176 nəfər
məhkum əfv edilib. Ölkə və dünya ictimaiyyəti
tərəfindən yüksək qiymətləndirilən bu tədbir,
ilk növbədə, Azərbaycanda həyata keçirilən
dövlət siyasətinin mahiyyətində insana və vətəndaşa
qayğının dayandığını göstərməklə
yanaşı, sübut edir ki, bu gün siyasi mənsubiyyətindən,
əqidəsindən, cəmiyyətdə mövqeyindən,
statusundan asılı olmayaraq, hər bir insanın həyatı
və sağlamlığı dövlətimiz
üçün ən böyük dəyərdir”.
Ölkəmizdə koronavirus
infeksiyasının yayılmasına qarşı görülən
bütün işlərin Prezident İlham Əliyevin diqqət
mərkəzində olduğunu söyləyən Sahibə
Qafarova qeyd edib ki, həyata keçirilən tədbirlərdə
əsas məqsəd əhalinin sağlamlığının
qorunmasıdır. "Bir neçə gün əvvəl
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci
vitse-prezident Mehriban Əliyeva Sumqayıtda tibbi maska
istehsalı müəssisəsinin
açılışında iştirak etdilər.
Möhtərəm Prezidentimiz xalqa müraciətində
koronavirus pandemiyasına qarşı mübarizə sahəsində
ölkəmizdə həyata keçirilən
genişmiqyaslı tədbirlər haqqında məlumat verdi. Dövlətimizin
başçısının iki gün əvvəl
imzaladığı digər bir Sərəncama əsasən,
pandemiya şəraitində tibb müəssisələrinə
tələbatın qarşılanması və infeksiyaya
yoluxmuş xəstələrin müalicəsinin səmərəli
təşkili məqsədilə modul tipli 6 xəstəxananın
quraşdırılması üçün dövlət
büdcəsindən 15 milyon manata yaxın vəsait
ayrılıb. Bütün bunlar bir daha onu göstərir ki,
Azərbaycan dünyada koronavirus pandemiyasına qarşı
mübarizənin ön sıralarında dayanıb, bu sahədə
beynəlxalq miqyasda göstərilən səylərə
sanballı töhfə verir”, - deyə Milli Məclisin Sədri
vurğulayıb.
Ölkədə iqtisadi fəallığın
qorunması üçün görülən işlərdən
bəhs edən Sədr Sahibə Qafarova bildirib ki, iqtisadi
böhrana yol verməmək üçün lazımi tədbirlər
görülür, orta və kiçik sahibkarlara şərait
yaradılır, işçilərin ixtisar edilməsinin
qarşısı alınır, aztəminatlı insanlara
yardım göstərilir. O, həyata keçirilən
bütün bu tədbirlərə görə Prezident
İlham Əliyevə Milli Məclis adından təşəkkür
edib.
Sədr qeyd edib ki, bu gün
bəşəriyyətin qarşılaşdığı
koronavirus pandemiyasını bir çoxları müharibə
ilə müqayisə edir. Amma bu dəfə
müharibədə insanlığa meydan oxuyan görünməz
düşməndir. Azərbaycanda bu bəlaya
qarşı mübarizədə həkimlər və tibb işçiləri,
polis və gömrük xidməti əməkdaşları, sərhəd
qoşunlarının əsgər və zabitləri, ön cəbhədə
olan tibb işçiləri – həkimlər, tibb
bacıları, hərbi tibb müəssisələrinin heyəti
karantin rejimi şəraitində fədakarlıq göstərirlər.
Onlar hər gün öz
sağlamlığını təhlükə altına
ataraq, bu bəladan qurtulmaq üçün əllərindən
gələni edirlər. Biz onlara nə qədər
təşəkkür etsək də, azdır.
Sonra Milli Məclisin
deputatları pandemiyaya qarşı mübarizədə peşə
və vətəndaşlıq borclarını şərəf
və vicdanla yerinə yetirən bu fədakar insanları ayaq
üstə alqışlayıblar.
Daha sonra gündəlikdəki
məsələlərin müzakirəsinə
başlanılıb.
Əvvəlcə
"E.S.Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi
Bankı İdarə Heyətinin üzvü vəzifəsinə
təyin edilməsi haqqında” məsələ müzakirəyə
çıxarılıb. Müzakirələrdən
sonra məsələ səsə qoyularaq təsdiqlənib.
Ona göstərilən etimada görə
dövlətimizin başçısına minnətdarlığını
ifadə edən Elman Rüstəmov bu vəzifəyə ulu
öndər Heydər Əliyev tərəfindən gətirilməsindən,
son 17 ildə ölkəmizdə aparılan nəhəng
quruculuq işlərində iştirak etməsindən şərəf
duyduğunu vurğulayıb.
Daha sonra çıxış edən
Milli Məclisin Sədri Sahibə Qafarova deyib: "Konstitusiya
Qanununa uyğun olaraq hər il yaz sessiyasının beşinci
iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilir.
Ölkədə yaranmış epidemioloji vəziyyət səbəbindən
və Nazirlər Kabinetinin təxirəsalınmaz problemlərlə
məşğul olması ilə əlaqədar qərara
alınıb ki, Baş Nazir və onun müavinləri, nazirlər,
komitə sədrləri, digər qurumların rəhbərləri
Milli Məclisin iclasında birbaşa iştirak etməsinlər.
Amma burada səslənən bütün
çıxışlar, fikirlər və suallar Nazirlər
Kabinetinə göndəriləcək və onun fəaliyyətində
nəzərə alınacaq.
Hörmətli deputatlar, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən sosial-iqtisadi inkişaf
strategiyası 2019-cu ildə ölkəmizdə makroiqtisadi
sabitliyin qorunmasını və möhkəmlənməsini təmin
edib. Bu il yanvarın 13-də ötən ilin
yekunlarına həsr edilmiş müşavirədə
dövlətimizin başçısının dediyi kimi,
"...bütövlükdə 2019-cu il ölkəmiz
üçün uğurlu il olmuşdur. İlin
əvvəlində qarşıya qoyduğumuz bütün vəzifələr
uğurla icra edildi, ölkəmizin dayanıqlı
inkişafı təmin olundu. Beləliklə,
həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə
böyük uğurlar əldə edilmişdir”.
Ötən il
dövlətin iqtisadi siyasətinin prioritetlərini
iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft
ixracının stimullaşdırılması, aqrar sahəyə
dövlət dəstəyinin artırılması təşkil
edilib. İdarəetmə və struktur
islahatları, habelə vergi və gömrük sistemində
islahatlar dərinləşdirilib, dövlət vəsaitlərindən
istifadə sahəsində şəffaflıq, səmərəlilik
və maliyyə intizamı gücləndirilib. Ölkənin strateji valyuta ehtiyatları artaraq 2019-cu
ilin sonunda 51 milyard dollara çatıb.
Möhkəm iqtisadi və maliyyə
bazasının yaradılması 4 milyon 200 min nəfəri əhatə
edən 2,3 milyard manatlıq geniş sosial paketin həyata
keçirilməsinə imkan verib. Minimum əməkhaqqının,
sosial müavinətlərin, minimum pensiyanın, dövlət
büdcəsindən maliyyələşən təşkilatlarda
çalışanların əməkhaqqının, məcburi
köçkünlər üçün vahid aylıq
müavinətin məbləğinin, digər sosial ödənişlərin
artması əhalinin sosial müdafiəsinin güclənməsinə,
kölgə iqtisadiyyatının və qeyri-rəsmi məşğulluğun
azalmasına təsir göstərib. Bu da
vacibdir ki, əhalinin gəlirlərinin artım dinamikası
inflyasiyanı bir neçə dəfə üstələyib.
Yaşadığımız
günlərdə koronavirus pandemiyasının əhatə
dairəsinin və coğrafiyasının genişlənməsi
qlobal iqtisadiyyata, beynəlxalq maliyyə və əmtəə
bazarlarına, o cümlədən neftin qiymətinə mənfi
təsir göstərib. Bu gün möhtərəm Prezidentimizin rəhbərliyi
ilə ölkəmizdə dünya enerji və səhm
bazarlarında baş verən kəskin dalğalanmaların
iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə
və sahibkarlıq subyektlərinə mənfi təsirinin
azaldılması ilə bağlı kompleks tədbirlər həyata
keçirilir. Hökumətin bu günlərdə təsdiq
etdiyi iqtisadi artıma və sahibkarlığa dəstək
proqramının həcmi 2,5 milyard manat və
ya ümumi daxili məhsulun 3 faizini təşkil edir. Hesab edirəm ki, bu cür irimiqyaslı proqramın
hazırlanması və icrasına başlanılması məhz
əvvəlki illərdə, xüsusən 2019-cu ildə həyata
keçirilmiş uğurlu sosial-iqtisadi siyasətin hesabına
mümkün olub.
Nazirlər Kabinetinin illik
hesabatlarının parlamentdə dinlənilməsi
sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv
araşdırılmasında və həllində
deputatların iştirakına şərait yaradır. Hesab edirəm
ki, bu gün keçirəcəyimiz müzakirələr də
faydalı olacaq, Hökumətin fəaliyyətinin səmərəliyinin
daha da artmasına öz töhfəsini verəcək”.
Daha sonra Azərbaycan
Respublikasının Baş Naziri Əli Əsədovun Nazirlər
Kabinetinin 2019-cu ildə fəaliyyətinə dair hesabatı
barədə çıxışının
videoyazısı təqdim olunub.
Baş Nazir
Əli Əsədovun çıxışı
Hörmətli sədr.
Hörmətli deputatlar.
Bu gün Nazirlər Kabineti
2019-cu ildəki fəaliyyəti haqqında Milli Məclis
qarşısında hesabatla çıxış edir. Məruzəyə
keçməzdən əvvəl VI
çağırış Azərbaycan Respublikası Milli Məclisinin
fəaliyyətə başlaması münasibətilə
deputat mandatı qazanmış bütün millət vəkillərini,
parlamentin yeni seçilmiş rəhbərliyini ürəkdən
təbrik edirəm.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin yeniləşmə
istiqamətində atdığı addımların fonunda
Nazirlər Kabineti öz fəaliyyətini daim təkmilləşdirməyə,
dövlət idarəçiliyinin modernləşdirilməsini
nəzərdə tutan siyasi qərarların ardıcıl və
səmərəli icrasına çalışır.
İndiyədək Nazirlər
Kabineti ilə Milli Məclisin birgə
uzlaşdırılmış fəaliyyəti bütün sahələrdə
vahid dövlət siyasətinin həyata keçirilməsini təmin
etmişdir. Bu, islahatların uğurla
reallaşdırılmasının və milli iqtisadiyyatın
davamlı inkişafının ən vacib şərtlərindən
biridir. Əminəm ki, bizim birgə fəaliyyətimiz
bundan sonra da sistemli və ardıcıl şəkildə davam
etdiriləcəkdir.
Dövlətimizin
başçısı tərəfindən həyata
keçirilən struktur və kadr dəyişiklikləri digər
qurumlar kimi, Nazirlər Kabinetinin fəaliyyətinə də
yeni impuls verməkdədir. Biz ölkənin ali
rəhbərliyinin Nazirlər Kabinetinə dəstəyini və
etimadını yüksək dəyərləndirir və
yaradılan bu imkandan daha səmərəli istifadə
olunmasını əsas vəzifəmiz hesab edirik. Çünki, bu dəstək və etimad həm də
böyük məsuliyyət deməkdir.
Hörmətli deputatlar, 2019-cu il müasir Azərbaycanın tarixinə
köklü islahatlar ili kimi daxil olmuşdur. Prezident
İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi,
iqtisadi və sosial islahatlar dönməz xarakter almaqla, cəmiyyətin
bütün fəaliyyət sahələrini əhatə
etmiş, ölkəni yeni inkişaf mərhələsinə
çıxarmışdır.
Əlverişli biznes mühitinin
formalaşdırılması istiqamətində görülən
tədbirlərin nəticəsi olaraq, Dünya Bankı tərəfindən
2020-ci il üçün dərc olunan "Doing Business”
hesabatında Azərbaycan ən islahatçı 20 ölkə
sırasında yer almışdır.
Əvvəlki illər kimi,
hesabat dövrü də Azərbaycan iqtisadiyyatı
üçün uğurlu olmuşdur. Əldə olunan
müsbət nəticələri, ilk növbədə,
ölkə rəhbərliyinin siyasi iradəsi və qətiyyətli
addımları, ictimai-siyasi sabitliyin qorunub saxlanılması,
dövlət idarəçiliyinin səmərəli təşkili,
sosial-iqtisadi inkişafla bağlı strateji hədəflərin
dəqiq müəyyən edilməsi şərtləndirmişdir.
Son illər iqtisadiyyatın
şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək
artımın təmin edilməsi, ixrac imkanlarının
genişləndirilməsi, biznes mühitinin daha da
yaxşılaşdırılması istiqamətində əsaslı
tədbirlər həyata keçirilmişdir.
Qlobal iqtisadiyyatda qeyri-müəyyənliyin
gücləndiyi bir şəraitdə islahat proqramları
çərçivəsində həyata keçirilən
kompleks tədbirlər nəticəsində 2019-cu ildə
makroiqtisadi sabitlik və dayanıqlı iqtisadi artım təmin
edilmişdir.
Belə ki, 2018-ci illə müqayisədə ümumi daxili məhsul
real ifadədə 2,2 faiz, sənaye məhsulu
istehsalı isə 1,8 faiz artmışdır.
Hesabat ilində əlavə dəyər
istehsalı qeyri-neft sektoru üzrə 3,5
faiz, qeyri-neft sənayesi üzrə 14,9 faiz çox
olmuşdur.
Xüsusi olaraq qeyd etmək
istərdim ki, makroiqtisadi sabitliyin təmin edilməsi və əhalinin
həyat səviyyəsinin qorunması məqsədilə
hökumət inflyasiyanın minimal səviyyədə
saxlanılmasına böyük əhəmiyyət verir. Həyata keçirilən tədbirlər
nəticəsində inflyasiyanın səviyyəsi 2019-cu ildə
2,6 faiz təşkil etmişdir.
Hesabat ilində ölkədə
işsizliyin səviyyəsi ən aşağı həddə
olmaqla 4,8 faiz təşkil etmişdir. Perspektiv dövrdə məşğulluq siyasətinin
daha da gücləndirilməsi iqtisadi və sosial siyasətin ən
mühüm vəzifəsi kimi diqqət mərkəzində
saxlanılacaqdır.
2019-cu ildə əvvəlki ilə
nisbətən əhalinin nominal gəlirləri 7,4 faiz artmışdır. Orta aylıq nominal əməkhaqqı
isə 16,6 faiz artaraq 635 manat təşkil
etmişdir. İnflyasiyanı nominal gəlirlərin
artımı 4,8 faiz bəndi, orta aylıq əməkhaqqı
isə 14 faiz bəndi üstələmişdir.
Dövlət büdcəsinin gəlirləri
24,2 milyard manat və ya 104,5 faiz, xərcləri
isə 24,4 milyard manat və ya 97,0 faiz səviyyəsində
icra olunmuşdur.
Ötən dövrdə
dövlət büdcəsinin şəffaflığının
və ünvanlılığının təmin edilməsi,
vergi və gömrük inzibatçılığının
təkmilləşdirilməsi istiqamətində mühüm
işlər görülmüşdür. Nəticədə
vergi və gömrük borcları üzrə
yığım səviyyəsi yüksəlmiş, qeydiyyatdan
keçmiş ödəyicilərin sayı əhəmiyyətli
dərəcədə artmışdır.
Strateji valyuta ehtiyatları hesabat
ilinin əvvəlindən 14,2 faiz artaraq 51
milyard dollara çatmış və ümumi daxili məhsulun
həcmini üstələmişdir. 2019-cu ildə
ilk dəfə olaraq Dövlət Neft Fondunun aktivləri 40
milyard dolları ötmüşdür.
Hesabat ilinin sonuna xarici
dövlət borcunun məbləği 9 milyard 91 milyon ABŞ
dolları təşkil etmişdir. İmzalanmış sazişlər
üzrə istifadə edilmiş kreditlərə görə
xarici dövlət borcu 2019-cu ildə ümumi daxili məhsulun
18,9 faizini təşkil etmişdir.
Əvvəlki illə müqayisədə
2019-cu ildə əsas kapitala yönəldilmiş
investisiyaların həcmi qeyri-neft sektoru üzrə 1,9 faiz, qeyri-neft sənayesi üzrə 23 faiz
artmışdır. Bu investisiyaların 70 faizi
daxili, 30 faizi xarici mənbələr hesabına
formalaşmışdır.
Dövlət investisiya
proqramında nəzərdə tutulmuş vəsaitlər
hesabına həyata keçirilmiş infrastruktur və sosial təyinatlı
layihələr regionların inkişafına, əhalinin
iqtisadi və sosial ehtiyaclarının ödənməsinə
mühüm töhfə vermişdir.
Hesabat ilində xarici ticarət
dövriyyəsi 33,1 milyard ABŞ dolları, o cümlədən
ixrac 19,5 milyard dollar, idxal isə 13,7 milyard dollar təşkil
etmiş, nəticədə 5,8 milyard dollarlıq müsbət
saldo yaranmışdır. Bu dövrdə qeyri-neft ixracı 14,4 faiz artmışdır.
Hörmətli deputatlar,
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə
uğurlu sənayeləşmə siyasəti həyata
keçirilmiş, çoxsaylı müasir istehsal sahələri
yaradılmışdır. Ümumilikdə, son 16 il ərzində
qeyri-neft sənayesində istehsalın həcmi 2,5
dəfə artmışdır. 2019-cu ildə isə 1,8 faiz çox sənaye məhsulu istehsal
olunmuşdur.
Ötən il ölkə sənayesi
üçün əlamətdar hadisə kimi Sumqayıt Kimya
Sənaye Parkının ərazisində inşa olunmuş
"SOCAR Karbamid” zavodunun və "SOCAR Polimer” zavodunun istifadəyə
verilməsini qeyd etmək olar.
Ölkəmiz kosmik sənayenin
inkişafında da mühüm nailiyyətlər əldə
etməkdədir. Kosmik sənaye üzrə ən əlamətdar hadisə
Bakı şəhərinin 2023-cü ildə keçiriləcək
Beynəlxalq Astronavtika Konqresinə ev
sahibliyi etmək hüququnu qazanmasıdır. Artıq
orbitə buraxılmış üç peyk həm də
ölkəmizin ixrac potensialının artırılmasına
xidmət edir.
Fiziki şəxslərin
problemli kreditlərinin həlli ilə bağlı dövlət
büdcəsindən 639 milyon manat məbləğində pul
vəsaiti vaxtı keçmiş kredit borclarının ödənilməsinə
yönəldilmişdir.
2019-cu ildə əhalinin,
xüsusən də aztəminatlı təbəqənin sosial
müdafiəsinin gücləndirilməsi məqsədilə
geniş sosial paket reallaşdırılmışdır. Belə ki, sosial müavinət
və təqaüdlər orta hesabla 92 faiz, minimum pensiyanın
məbləği 72 faiz, minimum əməkhaqqı 92 faiz
artırılmışdır.
Bununla yanaşı, dövlət
büdcəsindən maliyyələşən və maliyyə
yardımı alan təşkilatlarda
çalışanların əməkhaqlarının orta
hesabla 50 faiz artırılması təmin edilmişdir. Qeyd
olunan artımların maliyyə tutumu 2,3
milyard manata bərabər olmaqla 4,2 milyon nəfəri əhatə
etmişdir.
2019-cu ildə sosial siyasətin
ən mühüm hadisələrindən biri də icbari tibbi
sığortaya keçid üçün hazırlıq
işlərinin tamamlanması olmuşdur. Bunu, Azərbaycanın
səhiyyə sahəsində tarixi bir islahat kimi dəyərləndirmək
olar. İcbari tibbi sığorta sisteminə
keçidin əsas məqsədi əhaliyə etibarlı,
keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təşkil
etmək, sərf olunan xərclərin daha ədalətli və
səmərəli bölgüsünü təmin etməkdir.
Məcburi köçkün vətəndaşlarımızın
rifah halının yaxşılaşdırılması və
onların üzləşdikləri problemlərin aradan
qaldırılması məqsədilə son 16 il
ərzində dövlət tərəfindən
genişmiqyaslı işlər görülmüş,
müasir yaşayış kompleksləri, qəsəbələr
salınmışdır.
Şəhid ailələrinə
11 min manatlıq birdəfəlik ödənişin verilməsi
sosial təminat sahəsində cənab Prezidentin irəli
sürdüyü önəmli təşəbbüslərdən
biri kimi qeyd edilməlidir. Bu vəsait 12 min şəhidimizin
18 min vərəsəsinə tam şəkildə ödənilmişdir.
Məlum olduğu kimi, ötən
ilin əvvəlində Şamaxı, Ağsu və
İsmayıllı rayonlarında dağıdıcı zəlzələ
baş vermişdir. İnsan itkisi olmasa da, xeyli sayda ev
dağıntıya məruz qalmışdır. Dövlət
tərəfindən həyata keçirilən tədbirlər
nəticəsində zəlzələnin fəsadları
qısa bir müddətdə aradan qaldırılmış,
yüzlərlə yeni ev tikilmiş və
ya təmir olunaraq bərpa edilmişdir.
"Azərbaycan
Respublikası regionlarının 2019-2023-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə
tutulmuş tədbirlər ötən il uğurla icra
olunmuşdur.
Hesabat ilində ölkədə
ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində
məqsədyönlü tədbirlər davam etdirilmişdir. Görülmüş tədbirlər
nəticəsində 2018-ci illə müqayisədə kənd
təsərrüfatı istehsalı 7,2
faiz artmışdır.
2019-cu ildə əkin sahələrinin
suvarma suyu ilə təminatının
yaxşılaşdırılması, yeni suvarılacaq
torpaqların istifadəyə verilməsi, nasos
stansiyalarının, magistral su kanallarının və digər
obyektlərin tikintisi davam etdirilmişdir.
Nəqliyyat infrastrukturunu
inkişaf etdirməklə ölkəmizin tranzit
potensialının reallaşdırılması
iqtisadiyyatın şaxələndirilməsinin ən vacib
şərtlərindən biridir. Prezident İlham
Əliyevin qeyd etdiyi kimi, açıq dənizə
çıxışı olmayan Azərbaycan bu gün nəqliyyat
mərkəzinə çevrilməkdədir. Son 16 il ərzində nəqliyyat sektorunda
mühüm layihələr həyata keçirilmiş, bu sahəyə
irihəcmli investisiyalar yönəldilmişdir.
2019-cu il həm də
TANAP qaz kəmərinin istismara verilməsi ilə əlamətdar
olmuşdur. Cənub Qaz Dəhlizinin əsas hissəsi
olan TANAP layihəsinin reallaşdırılması ölkəmizin
iqtisadi tarixində mühüm nailiyyətlərdən biri
kimi qeyd edilməlidir. Bu dəhlizin sonuncu layihəsi
olan TAP layihəsi icra olunmaqdadır.
2019-cu ildə informasiya və
rabitə sektorunda göstərilən xidmətlərin həcmi
əhəmiyyətli dərəcədə
artmışdır. Bu xidmətlərin əksəriyyəti əhali
tərəfindən istehlak edilmişdir və əldə
olunmuş gəlirin 83 faizi qeyri-dövlət sektorunun
payına düşmüşdür. 2019-cu ilin mart
ayında Avropa ilə Asiya arasında tarixi İpək Yolunun
üzərində yeni Rəqəmsal İpək Yolunu
formalaşdıracaq 400 kilometr uzunluğu olan Transxəzər
fiber-optik kabel xəttinin çəkilməsi ilə
bağlı Azərbaycan və Qazaxıstan arasında
Saziş imzalanmışdır. Noyabr ayında
isə Aktau şəhərində həmin kabel xəttinin
inşasına başlanılması ilə əlaqədar təməlqoyma
mərasimi keçirilmişdir.
Ötən il
milli iqtisadiyyatın inkişafı və dövlətin maliyyə
imkanlarının genişlənməsi fonunda hərbi
potensialımız və ölkəmizin müdafiə qabiliyyəti
də güclənmişdir. Bu, Azərbaycan
Prezidenti və Hökuməti üçün daim ən
prioritet sahə olaraq qalır.
Hörmətli deputatlar,
ötən ilin hesabat məruzəsi ilə
çıxış etdiyimiz bir vaxtda bu gün üzləşdiyimiz
ciddi problemlərdən, xüsusilə də koronavirus
pandemiyasının doğurduğu risklərdən, dünya
neft bazarında dalğalanmaların milli iqtisadiyyatımıza
mənfi təsirlərindən danışmaya bilmərik.
Bildiyiniz kimi, koronavirus
epidemiyasının Azərbaycan ərazisində yarada biləcəyi
təhlükənin qarşısının alınması,
profilaktik və təxirəsalınmaz tədbirlərin
operativ həyata keçirilməsi üçün cənab
Prezidentin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə
Nazirlər Kabineti yanında Operativ Qərargah
yaradılmışdır.
Nazirlər Kabineti "Azərbaycan
Respublikasında yeni koronavirus xəstəliyinin
yayılmasının qarşısının alınmasına
dair Tədbirlər Planı”nı təsdiq etmişdir. Nəzərdə tutulan silsilə tədbirlər
hazırda ardıcıl qaydada həyata keçirilməkdədir.
Azərbaycanda
sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdədir. Epidemiyadan
qorunmaq üçün ölkəmizdə kifayət qədər
tibbi ləvazimatlar vardır. Eyni zamanda,
onların yerli istehsalının təşkili istiqamətində
də konkret işlər görülüb.
Nazirlər Kabineti yanında Operativ Qərargah
Azərbaycan Respublikasının "Sanitariya-epidemioloji
salamatlıq haqqında” Qanununun 25-ci maddəsinə uyğun
olaraq 2020-ci il martın 14-dən etibarən
ölkə ərazisində tətbiq olunan bəzi sosial
izolyasiya tədbirlərini elan etmişdir. Martın
24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi
elan olunmuşdur.
Bundan başqa, martın
29-dan xüsusi karantin rejiminin gücləndirilməsi və 2
aprel tarixli Qərara əsasən aprelin 5-dən 20-dək hərəkət
məhdudiyyətləri müəyyən olunmuşdur. Bu tədbirlərin
tətbiqi qaçılmazdır.
Hörmətli deputatlar,
hökumət dünya iqtisadiyyatında gedən prosesləri
gündəlik olaraq izləyir və qabaqlayıcı rejimdə
tədbirlər həyata keçirir. Koronavirus
pandemiyası, aşağı neft qiymətləri və sosial
təcriddən irəli gələn aşağı tələbin
digər ölkələrdə olduğu kimi, milli
iqtisadiyyatımız üçün təsirlər
yaradacağı istisna edilmir. Lakin,
Hökumət ölkə iqtisadiyyatına mənfi təsirlərin
aradan qaldırılması üçün müvafiq alətlərə
malikdir və bu alətlərdən çevik istifadə
olunacaqdır.
Cənab Prezidentin 2020-ci il 19 mart
tarixli Sərəncamı ilə koronavirus pandemiyasının
Azərbaycan iqtisadiyyatına mənfi təsirinin
azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi
üçün 1 milyard manat ayrılıb, həmçinin
İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial
Müdafiəsi nazirləri və Mərkəzi Bank sədrinin
rəhbərliyi ilə dörd işçi qrup
yaradılıb, vahid tədbirlər planı hazırlanıb
və təsdiq olunub. Vahid Tədbirlər
Planı Hökumət tərəfindən vaxtında və
tam həcmdə icra olunacaqdır.
Azərbaycan dövləti tərəfindən
görülən bütün tədbirlər xalqın
sağlamlığını, ölkəmizin təhlükəsizliyini
təmin etmək məqsədi daşıyır. Karantin rejiminin tətbiq
olunması, məhdudlaşdırıcı tədbirlərin
görülməsi, bu istiqamətdə qəbul edilmiş qərarlar
bir məqsədi güdür – biz bu ağır sınaqdan az itkilərlə çıxmalıyıq və
vətəndaşlarımızı qorumalıyıq.
Hörmətli deputatlar,
parlament tərəfindən qəbul olunan qanunlar sosial-iqtisadi
və institusional inkişafın hüquqi bazasını təmin
edir. Təsadüfi deyildir ki, martın 10-da VI
çağırış Azərbaycan Respublikası Milli Məclisinin
ilk iclasındakı nitqində cənab Prezident İlham
Əliyev ölkəmizdə aparılan genişmiqyaslı və
çoxşaxəli islahatlara Milli Məclisin də töhfə
və təkan verməli olduğunu bildirmişdir. Heç şübhəsiz, qanunvericilik bazası
müasir çağırışları nəzərə
almaqla təkmilləşdirilməli, yeni prioritetlər və
hədəflərlə uzlaşdırılmalı, parlamentin
iqtisadi sahədə görülən işlərlə
bağlı rolu daha da artmalıdır.
Dövlətimizin
başçısının tövsiyələrini nəzərə
almaqla biz parlamentlə Nazirlər Kabinetinin daha səmərəli
və konstruktiv əməkdaşlığı, birgə fəaliyyəti
üçün zəruri olan bütün tədbirləri
görmək əzmindəyik.
Diqqətinizə görə
sağ olun.
***
Daha sonra deputatlar hökumətin
hesabatına münasibət bildiriblər. Çıxış
edən deputatlar qeyd ediblər ki, hesabatda və Baş Nazirin
bununla bağlı çıxışında hökumətin
fəaliyyəti hərtərəfli və əhatəli təqdim
olunub. Çıxışlarda hökumətin ötən
il ərzindəki fəaliyyəti yüksək
qiymətləndirilib. Bildirilib ki, illik hesabatda
ölkə həyatının bütün sahələri əhatə
edilib, bütün əsas göstəricilər əksini
tapıb.
Qeyd olunub ki, ötən il ölkəmizin həyatında böyük
uğurlarla yadda qalıb. Prezident İlham
Əliyevin siyasi uzaqgörənliyi sayəsində ölkəmizin
əldə etdiyi nailiyyətlər, Azərbaycan
xalqının dövlətimizin başçısının
ətrafında sıx birləşməsi, ölkədə
yaradılmış siyasi sabitlik respublikamızın beynəlxalq
aləmdə də mövqeyinin möhkəmlənməsinə
zəmin yaradıb.
Deputatlar əvvəlki illərdə
olduğu kimi, 2019-cu ilin də sosialyönümlü olması
ilə yadda qaldığını, görülən işlər
nəticəsində Azərbaycanın sosial-iqtisadi
inkişafında əhəmiyyətli nəticələrin əldə
olunduğunu, əhalinin yaşayış səviyyəsinin
yüksəldilməsi istiqamətində mühüm
addımların atıldığını söyləyiblər. Qeyd edilib ki,
qeyri-neft sektorunun inkişafı Azərbaycanın bölgədə
güclü potensiala malik dövlət olduğunu bir daha təsdiqləyib.
Müzakirələrdən
sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu ildə
fəaliyyətinə dair illik hesabatı səsə qoyularaq məqbul
hesab edilib.
Milli Məclisin Sədri Sahibə
Qafarova bildirib ki, müzakirələrin videoyazısı,
stenoqramı Nazirlər Kabinetinə göndəriləcək.
Sonra gündəlikdə olan
digər məsələlərə baxılıb.
Deputatlar "Azərbaycan
Respublikası Milli Məclisi deputatının statusu
haqqında”, "Azərbaycan Respublikası Milli Məclisinin
komitələri haqqında" qanunlarda, Azərbaycan
Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli
Qanunu ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik
edilməsi barədə qanun layihələrini ikinci
oxunuşda təsdiq ediblər.
İclasda, həmçinin
"Böyük Vətən Müharibəsində Qələbənin
75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley
medalının təsis edilməsi ilə əlaqədar
"Azərbaycan Respublikasının orden və
medallarının təsis edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
qanun layihəsi də ikinci oxunuşda qəbul olunub.
Azərbaycan.-
2020.- 10 aprel.- S.1-2.