Türk Şurası dostluq və qardaşlıq təməlləri
əsasında qurulub
Prezident İlham
Əliyevin təşəbbüsü ilə bu qurumun dünya
miqyasında ilk beynəlxalq təşkilat kimi dövlət
başçıları səviyyəsində COVİD-19
pandemiyasına həsr olunmuş Zirvə görüşü
keçirildi
Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub.
Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
- Hörmətli dövlət və hökumət başçıları.
Hörmətli Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru.
Əziz dostlar.
Mən sizin hamınızı səmimiyyətlə salamlayıram. Azərbaycanın sədr ölkə kimi irəli sürdüyü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünü dəstəklədiyiniz üçün təşəkkürümü bildirirəm. Bu təşəbbüsün irəli sürülməsindən bir neçə gün sonra Zirvə görüşünün təşkili göstərir ki, Türk Şurası dostluq və qardaşlıq təməlləri əsasında qurulubdur.
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesusa Zirvə görüşünə qoşulduğuna görə minnətdarlığımı bildirirəm.
Zirvə görüşünün gündəliyi təqdim olunmuşdur. Gündəliklə bağlı hər hansı təklifiniz yoxdursa, işimizə başlaya bilərik.
Hörmətli həmkarlar, bildiyiniz kimi, keçən ilin oktyabrında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü Bakıda keçirildi. Azərbaycan bu Zirvə görüşündə sədrliyi öz üzərinə götürdü. Dərhal Azərbaycan sədr ölkə kimi fəaliyyətə başladı. Sədrlik etdiyimiz dövrdə dünyada təşkilatın nüfuzunun daha da artırılması, ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində səylər göstəririk.
Koronavirus xəstəliyi sərhəd tanımayaraq dünya boyunca yayılmış və faciəvi nəticələrə gətirib çıxarmışdır. Pandemiya səbəbindən ölkələrimizdə və dünyada həyatını itirənlərə rəhmət diləyir, onların yaxınlarına başsağlığı verir və yoluxanların tezliklə şəfa tapmasını arzulayıram.
Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirir. Bu, bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür. Bizi birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır.
Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq. Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı vardır.
Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atmışdır. Məhdudlaşdırıcı tədbirlər yaranmış şəraitə uyğun aparılmışdır. Mənim Sərəncamımla bu ilin əvvəlində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Mart ayının 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə aprelin 20-dək dayandırılmışdır. Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salınmış və ya ləğv edilmişdir. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilmişdir. Ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırılmış, park və ictimai istirahət yerlərinə insanların girişi qadağan edilmişdir. Şəhərlərarası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti tam dayandırılmışdır. Aprelin 5-dən etibarən ölkədə hərəkət məhdudiyyəti tətbiq olunur. Bir sıra dövlət və özəl qurumların fəaliyyətinə cəlb edilmiş şəxslər istisna olmaqla, bütün digər vətəndaşların yaşayış yerini tərk etməsinə konkret müəyyən olunmuş hallarda və vaxt çərçivəsində SMS icazə sistemi vasitəsilə icazə verilir.
Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Biz mart ayının əvvəlində təşkilatın mütəxəssislərini Azərbaycana dəvət etmişik. Qısa müddətdə dəvətimizə cavab verilmişdir. Belə ki, 9-13 mart tarixlərində təşkilatın aparıcı mütəxəssislərindən ibarət heyət ölkəmizdə səfərdə olmuşdur. Onlar ölkəmizdə vəziyyətlə tanış olaraq, görülmüş işlərə müsbət qiymət vermişlər. Ekspert missiyasının hazırladığı hesabatda da öz əksini tapmış tövsiyələr aidiyyəti dövlət qurumları tərəfindən nəzərə alınır.
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesus tərəfindən mart ayının 23-də mənə ünvanlanmış məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir.
Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada öz fəal rolunu oynayır. Azərbaycan qlobal həmrəylik nümayiş etdirərək koronavirusa qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırmışdır. Mart ayının 13-də Azərbaycan tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının strateji hazırlıq və cavab planı çərçivəsində COVID-19 müraciəti Fonduna könüllü maliyyə yardımının ayrılmasını nəzərdə tutan donor sazişi imzalamışdır. Biz Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizədə oynadığı mühüm rolu yüksək qiymətləndiririk.
On altı il ərzində Azərbaycanın səhiyyə sistemində köklü işlər görülmüşdür, həkimlərin peşəkarlıq səviyyəsi yüksəlmişdir, 750-dən çox səhiyyə ocağı tikilmiş və ya tam təmir olunmuşdur. Hər il Azərbaycanda 5 milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçir.
Koronavirus xəstələri 20-dən artıq dövlət xəstəxanasında müalicə olunurlar. Bu günlərdə 575 çarpayıdan ibarət olan, ölkəmizin ən müasir və "Yeni klinika” adlanan xəstəxanası onların ixtiyarına verilmişdir. Bu ilin mart ayında ölkəmizin 3 şəhərində üç yeni xəstəxana istifadəyə verilmişdir. Onların ümumi çarpayı sayı 500-dən çoxdur. Bu xəstəxanalar da koronavirus xəstələrinin ixtiyarına verilmişdir. Qısa müddət ərzində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə, hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur.
Həkimlərimizin və tibb işçilərimizin koronavirus xəstəliyinə qarşı mübarizədə xidmətlərini yüksək qiymətləndiririk. Koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4 və 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən qayğının təzahürüdür.
On beş mindən artıq Azərbaycan vətəndaşı müxtəlif ölkələrdən, o cümlədən dövlət hesabına təşkil olunmuş çarter reysləri vasitəsilə təxliyə edilmişdir. Ölkəyə qaytarılmış bütün vətəndaşlarımız dövlət hesabına 4 və 5 ulduzlu mehmanxanalarda, xüsusi karantin zonalarında yerləşdirilmişdir. Eyni zamanda, birinci Avropa Oyunları zamanı açılmış Atletlər kəndində də karantinə alınmış şəxslər yerləşdirilir.
Beynəlxalq ticarət daşımaları istisna olmaqla, qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində qonşu dövlətlərlə yerüstü və hava nəqliyyatı bağlantıları müvəqqəti olaraq dayandırılmışdır. Digər ölkələrlə beynəlxalq hava sərnişin daşımaları da dayandırılmışdır.
İndiyə kimi ölkə
üzrə 60 minə yaxın test keçirilmişdir. Əhalinin hər bir milyon nəfərinə
düşən testin sayı 5200-dən artıqdır. Aparılan testlərin sayına görə
dünyada 30-cu, hər milyon əhaliyə görə
aparılan testlərin sayına görə 40-cı yerlərdəyik.
Azərbaycanda testlərin aparılması
üçün 18 laboratoriya fəaliyyət göstərir,
onların 5-i yeni yaradılmışdır.
Hazırda dünyada tibbi ləvazimatların
və avadanlıqların alınması problemə
çevrilmişdir. İstehsal olunan avadanlıqlar və ləvazimatların
satılması dövlətlər tərəfindən məhdudlaşdırılmışdır.
Ona görə də daxili istehsal ehtiyacı
yaranmışdır. Daxili tələbatı
ödəmək üçün aprel ayının əvvəlində
ölkəmizdə operativ şəkildə tibbi maska
istehsalı müəssisəsi fəaliyyətə
başlamışdır.
Mənim təşəbbüsümlə
Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək
Fondu təsis edilmişdir. Hazırda bu fonda
köçürülmüş ianələrin həcmi 110
milyon manatdan və ya 65 milyon dollardan artıqdır. Dövlət
vəsaiti ilə bərabər, ayrı-ayrı şəxslərin,
sahibkarların və təşkilatların fonda
könüllü ianəsi həm də böyük rəmzi
məna daşıyır. Bu, Azərbaycan cəmiyyətində
olan həmrəyliyin nümunəsidir.
Sirr deyil ki, koronavirus
pandemiyası dünya ölkələrinin iqtisadiyyatına zərbə
vurmuşdur.
Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla
bağlı problemləri həll etmək və həm də
makroiqtisadi və maliyyə vəziyyətimizi sabit saxlamaq
üçün 2,5 milyard manat və ya təqribən
1,5 milyard dollar vəsait ayrılmışdır. Pandemiyanın ölkə iqtisadiyyatına,
makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə
və sahibkarlıq subyektlərinə mənfi təsirinin
azaldılması məqsədilə Nazirlər Kabineti Tədbirlər
Planı hazırlamış və təsdiq etmişdir. Əgər biz koronavirusun ən çox təsir
etdiyi sahələri və fərdi sahibkarlıqla məşğul
olan insanları nəzərə alsaq, görərik ki, 600 minə
yaxın insan bu vəziyyətdən daha çox əziyyət
çəkir. Sahibkarlara müraciət olunmuşdur ki, iş yerləri ixtisar edilməsin. Qırx dörd min sahibkarlıq subyektində
çalışan 300 mindən çox işçinin əməkhaqqının
əhəmiyyətli bir hissəsini dövlət ödəyəcək.
Həmçinin dövlət dəstəyindən
290 mindən çox mikro və fərdi sahibkar
faydalanacaqdır. Bu proqramlar, ümumilikdə,
600 minə yaxın insanı əhatə edir.
Ümumilikdə, dövlət sektoru üzrə 900 mindən
artıq işçinin, qeyri-dövlət sektoru üzrə
isə 690 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu
təmin edilmişdir. İşsiz şəxslərin sosial
müdafiəsi üçün 50 min ödənişli
ictimai iş yeri yaradılacaqdır. Qeydiyyata
düşmüş işsizlər üçün birdəfəlik
ödəmələrə başlanmışdır. Banklar tərəfindən sahibkarlara yeni verilən
500 milyon manat və ya təqribən 300 milyon dollar həcmində
kreditlərin 60 faizinə dövlət zəmanəti veriləcəkdir.
Zəmanət verilən kreditlər üzrə
faiz dərəcəsinin yarısı dövlət büdcəsinin
vəsaitləri hesabına
subsidiyalaşdırılacaqdır. Dövlət
zəmanəti olmayan 1 milyard manat, təqribən 600 milyon
dollar həcmində mövcud bank kreditləri üzrə faiz
dərəcəsinin 10 faiz bəndi
subsidiyalaşdırılacaqdır. Bunun
üçün dövlət büdcəsindən 50 milyon
manat və ya təqribən 30 milyon dollar vəsait
ayrılmışdır. Bu tədbirin əsas
məqsədi pandemiya səbəbindən faizlərin ödənilməsində
çətinliklərlə üzləşmiş sahibkarlara
kömək etməkdir. Sosial təcrid tədbirləri
nəticəsində əhali tərəfindən elektrik
enerjisi sərfi artmışdır. Bunu nəzərə
alaraq kommunal ödəmələrə güzəşt
edilmişdir. Bu proqramlar dövlətin dəstəyinin
yalnız bir hissəsidir və digər dövlət dəstəyi
mexanizmləri üzərində hazırda iş
aparılır.
Hörmətli dostlar, hesab
edirəm ki, bugünkü fövqəladə Zirvə
görüşünün əsas məqsədi milli səviyyədə
atdığımız addımlara dair təcrübə
mübadiləsinin aparılması, lazım olan anda bir-birimizə
dəstək göstərilməsi və xalqlarımız
arasında həmrəyliyin möhkəmləndirilməsidir. Mövcud
qlobal pandemiya şəraitində Türk Şurasının
üzv dövlətləri özlərinə qapanmayıblar.
Təşkilat olaraq Türk Şurası digər
beynəlxalq təşkilatlarla əməkdaşlığa
hazırdır. Azərbaycan
ayrı-ayrı ölkələrə də öz dəstəyini
göstərməkdədir.
Ölkələrimizin
iqtisadiyyatı, ticarət münasibətlərimiz və
idxal-ixrac əməliyyatları üçün nəqliyyat
daşımaları mühüm əhəmiyyətə
malikdir. Azərbaycan Türkiyə və Mərkəzi Asiya
arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz
roluna məsuliyyətlə yanaşaraq, tranzit yüklərin
daşınması üçün əlavə tədbirlər
görmüşdür. Qarşılıqlı
anlaşma və əlaqələndirmə şəraitində
ölkələrimiz arasında beynəlxalq
yükdaşımaları fasiləsiz olaraq həyata
keçirilir. Pandemiyanın mənfi təsirlərinə
baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində
türkdilli ölkələrdən 180 min tondan artıq
yük Azərbaycan vasitəsilə
daşınmışdır ki, bu da ötən ilin eyni
dövrü ilə müqayisədə 40 min ton çoxdur.
Səhiyyə xidmətləri
sahəsində əməkdaşlığımız, o
cümlədən tibb mütəxəssislərinin təcrübə
mübadiləsi, birgə tibbi komissiyaların
yaradılması üçün yaxşı imkanlar
vardır. Bundan əlavə, sərnişin nəqliyyat
daşımalarının müvəqqəti
bağlanmasına görə ölkələrimizin ərazisində
qalan bir-birimizin vətəndaşlarına dəstək və
yardım göstərməyimiz vacibdir. Bizim
gördüyümüz bu tədbirlər vətəndaşlarımızın
sağlamlığının qorunması və pandemiyanın
doğurduğu sosial-iqtisadi fəsadların yüngülləşdirilməsi,
iqtisadiyyatlarımızın davamlı inkişafının təmin
edilməsi məqsədi daşıyır. Ümid edirəm ki, ölkələrimiz və
xalqlarımız bu ağır vəziyyətin öhdəsindən
layiqincə gələcək və pandemiyaya qarşı
qlobal mübarizəyə öz layiqli töhfəsini verəcəkdir.
Diqqətinizə görə təşəkkür
edirəm.
İndi isə söz
Ümumdünya Səhiyyə Təşkilatının Baş
direktoru, doktor Tedros Adhanom Qebreyesusa verilir. Buyurun.
***
Ümumdünya Səhiyyə Təşkilatının
Baş direktoru Tedros Adhanom QEBREYESUS çıxış edərək
dedi:
-Hörmətli cənab Prezident
Əliyev.
Hörmətli prezidentlər,
Baş nazirlər, Baş katib, hörmətli dostlar, həmkarlar.
Əvvəla çox sağ
olun ki, burada çıxış etmək, sizə müraciət
etmək üçün məni dəvət etmisiniz. Cenevrədən sizə qoşula bilməyim mənə
çox xoşdur. Buna görə
müasir texnologiyalara minnətdar olmaq lazımdır. Həqiqətən də bu, möcüzədir.
Hörmətli Prezident Əliyev, mən
Azərbaycanda olarkən həqiqətən Sizin
öz işinizə sədaqətinizin şahidi oldum. Fürsətdən istifadə edib bunu etiraf etmək
istərdim. Səfərim müddətində
mənə göstərdiyiniz qonaqpərvərliyə görə
sağ olun. Ümidvaram ki, pandemiya başa
çatandan sonra mən və digər prezidentlər yenidən
oraya gələcəyik. Mən də söz
verirəm ki, Sizi ziyarət etmək üçün əlimdən
gələni edəcəyəm.
COVID-19 virusu həqiqətən
qlobal miqyasda yayılıb. Siz və Sizin
Şura bizimlə sıx əməkdaşlıq edirsiniz. Bu əməkdaşlıq xəstəxanaların
imkanları, humanitar yardım, testlər, elmi, texniki biliklərin
mübadiləsi, tibbi və texniki dəstək məsələlərini
əhatə edir. Bu, sərhədaşırı
əməkdaşlıq nümunəsidir. Pandemiyaya
qarşı səmərəli mübarizə aparmaq
üçün bizə bu lazımdır. COVID-19 meydana çıxandan bəri 100 gündən
artıq vaxt keçib. COVID-19-un qlobal miqyasda
yayılması səhiyyə sisteminə ciddi zərbə
vurub, dünya iqtisadiyyatını sarsıdıb, ciddi sosial
problemlərə gətirib çıxarıb. Ölüm göstəricisi qrip ilə müqayisədə
10 dəfə yüksəkdir. Bundan əlavə,
virus olduqca yoluxucudur, çox sürətlə yayılır.
Yoluxanların sayı 1,3 milyon, ölənlərin
sayı 80 mindir. Əməkdaşlıq
Şurasının üzvü olan 5 dövlət 36 min yoluxma
və 750 ölüm faktı barədə məruzə ediblər.
Bu, pandemiyadır. Bu, səhiyyə
böhranından da artıqdır. Burada
bütün hökumətlər, bütün cəmiyyət fəaliyyət
göstərməlidir. Son 100 gündə
COVID-19 göstərdi ki, hətta inkişaf etmiş, zəngin
dövlətlər də zərər çəkiblər.
Əlbəttə, görürük ki, əsas
zərbə həssas ölkələrə dəyir. Belə olmaması üçün biz nə
mümkündürsə edirik. Əlbəttə,
milli və submilli səviyyədə imkanlar pəncərəsi
bütün ölkələrdə bağlanır. Bununla belə, biz əlimizdən gələni edirik.
Yeri gəlmişkən, sizin ölkələrə
də testləşdirmə avadanlığı və digər
avadanlıq göndərmişik. Bu, ilin əvvəlindən
olub. Əlbəttə, siz pandemiyanın
müxtəlif mərhələlərindəsiniz. Lakin epidemiyanın səhiyyə sisteminə, sosial
xidmətlərə və iqtisadi fəaliyyətə təsirini
minimuma endirmək üçün hamı səyləri
artırmalıdır. Sosial ünsiyyətin
məhdudlaşdırılması məsələsinə gəldikdə,
burada münasibət bildirmək üçün bir qədər
vaxtımız var. Əlbəttə, bütün səviyyələrdə
adekvat işi təmin etmək, bütün hadisələri,
bütün əlaqələri izləmək lazımdır.
Testləşdirmə vacibdir, ümumiyyətlə,
səhiyyə sisteminə adekvat münasibəti təmin etmək
lazımdır. Bu, həssas qruplara daha
çox aiddir. Hamı üçün əsas
xidmətlərin əlçatan olması təmin edilməlidir,
əks halda epidemiyanı nəzarətdə saxlamaq çox
çətindir, hamı təhlükəli vəziyyətə
düşər.
Milli strategiyalar 5 əsas sahədə
beynəlxalq səviyyədə dəstəklənməlidir. Biz bu 5 sahəyə
birinci dərəcəli əhəmiyyət veririk. Birincisi, adekvat münasibət bildirmək
üçün biz potensialı artırmağı çox
istəyirik. İkincisi, epidemioloji təhlili
və risklər haqqında informasiyanı təmin etmək
lazımdır. Daha sonra qlobal təchizatın
əlaqələndirilməsi təmin edilməlidir. Növbəti məqam texniki və ekspert köməyi
təqdim edilməsi, hər yerdə tibbi qüvvələrin
səfərbər olunması və toplanmış biliklərin
mübadiləsinin fəallaşdırılması ilə
bağlıdır. Bizim strateji
planımız var. Yaxın günlərdə onu dərc edəcəyik.
Növbəti mərhələdə milli və
beynəlxalq strategiyaların reallaşdırılması
üçün çox ciddi resurslar lazımdır. Bu çağırışa cavab verənlərin
hamısına təşəkkürümü bildirmək istərdim.
800 milyon dollar yardım göstərilməsi
elan edilib. Bu, çox yaxşı
faktdır.
Azərbaycan hökumətinə
və Azərbaycan xalqına da verdikləri töhfəyə
görə təşəkkür etmək istəyirəm. Həqiqətən,
Azərbaycan 5 milyon dollar ianə verib. Türkiyə
də sağ olsun. Əlbəttə, çox sağ
olun. Avropalı qonşularınıza kömək
edir, onlara əsas materiallar göndərirsiniz. Hamınıza təşəkkür etmək istərdim.
Gəlin həmrəylik layihəsində
iştirak edək. Gəlin baxaq, hansı metodlar, hansı
vasitələr daha səmərəli olub. Bu həmrəylik layihəsində artıq bir
sıra ölkələr iştirak edirlər. Pandemiyaya son qoymaq üçün əlbəttə,
əməkdaşlığı və
qarşılıqlı fəaliyyəti genişləndirmək
lazımdır. Siz isə bunu edə biləcəyinizi
göstərdiniz. Biz hamımız birlikdə
bu vəziyyətə düşmüşük. Biz hələ uzun bir yol keçməliyik. Prezident Əliyevin indicə dediyi kimi, nə
lazımdır – həmrəylik və qətiyyət. Biz bu ümumi təhlükəni birlikdə dəf
edəcəyik.
Çıxış etmək
imkanı verdiyinizə görə çox sağ
olun. Zati-aliləri, Sizin tədbirinizdə
iştirak etmək mənim üçün böyük şərəfdir.
***
Prezident İlham Əliyev:
Çıxışınıza görə təşəkkür
edirəm. Bir daha qeyd edirəm ki, biz
Ümumdünya Səhiyyə Təşkilatının
koronavirusa qarşı mübarizədə rolunu yüksək
qiymətləndiririk. Sizin rəhbərliyinizlə
Ümumdünya Səhiyyə Təşkilatının
bütün kollektivinə bu çətin və məsuliyyətli
vəzifədə uğurlar arzulayırıq. Sağ
olun, hörmətli cənab Baş direktor.
İndi isə söz verilir
Qazaxıstan Respublikasının Prezidenti cənab
Kasım-Jomart Tokayevə. Buyurun.
***
Qazaxıstan Prezidenti Kasım-Jomart TOKAYEV çıxış edərək
dedi:
-Hörmətli dövlət
başçıları, sammit iştirakçıları. Çıxışımın əvvəlində
bugünkü tədbirin təşəbbüskarı olan Azərbaycan
Prezidentinə səmimi qəlbdən minnətdarlığımı
bildirirəm. Həmçinin
Ümumdünya Səhiyyə Təşkilatının Baş
direktoru Tedros Qebreyesusa təşəkkür edirəm ki, bu
gün bizimlə bir yerdədir. Artıq
Türk Şurası çoxtərəfli məsələlərin
müzakirə olunduğu platformaya çevrilib. Bu, bizim ölkələrimizin ümumi nailiyyətidir.
Hazırkı Zirvə
görüşünün çətin zamanda - pandemiya
dövründə keçirildiyini vurğulayan Qazaxıstan
dövlətinin başçısı vurğuladı ki,
bütün ölkələr səyləri birləşdirməlidir. O qeyd etdi ki, müzakirələr
zamanı gündəlikdə duran əsas məsələ
pandemiyanın yayılmasının qarşısını
almaq üçün atılacaq addımların müəyyənləşdirilməsidir.
Qazaxıstan Prezidenti ölkəsində virusun
qarşısının alınması ilə bağlı
görülən işlərdən danışdı. Vurğuladı ki, hazırkı vəziyyət qlobal
iqtisadiyyatın inkişaf templərinə mənfi təsir
edib, qlobal geosiyasi və iqtisadi vəziyyəti dəyişib.
***
Prezident İlham Əliyev: Təşəkkür
edirəm cənab Prezident. İndi isə söz
verilir Qırğız Respublikasının Prezidenti cənab
Sooronbay Jeenbekova. Buyurun.
***
Qırğızıstan Prezidenti Sooronbay JEENBEKOV
çıxış edərək dedi:
-Hörmətli həmkarlar. Sizinlə görüşməyə şadam. Koronavirus infeksiyasına qarşı mübarizədə
bütün dünyaya uğurlar, tezliklə adi həyata
qayıtmaq və dövlətlərimizin
firavanlaşmasını arzu etmək istərdim.
Bu təşəbbüsə
görə Azərbaycan Respublikasının Prezidenti möhtərəm
İlham Heydər oğlu Əliyevə və Türk
Şurasına dərin minnətdarlığımı bildirirəm.
Qırğız
Respublikasının Prezidenti qeyd etdi ki, müasir dövrün
ən vacib çağırışı koronavirus
infeksiyasının dünyada yayılmasıdır. O,
Qırğızıstanda bu xəstəliyə qarşı
mübarizədə görülən işlərdən
danışdı və ölkəsinin ciddi təhdidlərlə
üzləşdiyini vurğulayaraq dedi:
-Təəssüf ki, bizim ölkəmizdə
də yoluxmuş insanların sayı artır. Virusun
yayılmasının qarşısını almaq və
iqtisadiyyatı dəstəkləmək üçün hər
cür tədbir görülür. Vəziyyət
tam nəzarətdədir. Fürsətdən
istifadə edib Türk Şurasının üzvü olan
dövlətlərin – Özbəkistan, Qazaxıstan, Azərbaycan
və Türkiyənin rəhbərliyinə bizə göstərdikləri
köməyə görə təşəkkürümü
bildirmək istəyirəm.
Prezident Sooronbay Jeenbekov koronavirus
infeksiyasının dünyada yayılmasının və bunun
nəticəsində yaranmış vəziyyətin davamlı
xarakter almasının çoxsaylı risklərə səbəb
olduğunu bildirdi, pandemiyanın qarşısını almaq
üçün birgə səylərin əhəmiyyətinə
toxunaraq dedi:
-Türk Şurasında Azərbaycanın
sədrliyi çox mürəkkəb dövrdə keçir.
Ümidvaram ki, biz koronavirusla bağlı problemlərdən
uğurla xilas olacaq və Azərbaycanın sədrliyi ilə
iqtisadiyyat, ticarət və investisiyalar sahəsində əməkdaşlığı
möhkəmlədəcəyik. Ümid
edirəm ki, ölkələrimizin əməkdaşlığı
səmərəli olacaq və xalqlarımızın həyat
səviyyəsinin yaxşılaşmasına şərait
yaradacaq. Diqqətinizə görə
sağ olun.
***
Prezident İlham Əliyev: Təşəkkür
edirəm cənab Prezident. İndi isə söz
verilir Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb
Tayyib Ərdoğana. Buyurun.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib ƏRDOĞAN çıxış
edərək dedi:
- Dəyərli qardaşım, Azərbaycan
Prezidenti İlham Əliyevə təşəkkürümü
bildirirəm... Bütün bəşəriyyət
indi görünməz bir düşmənə qarşı
çətin müharibə aparır. Türk
Şurasının bu fövqəladə Zirvə
görüşü koronavirus pandemiyası ilə mübarizəmizdə
aramızdakı həmrəyliyi möhkəmləndirəcək.
Türk dünyası olaraq Allahın izni ilə
bu çətin dövrdən də güclənərək
çıxacağımıza səmimi qəlbdən
inanıram.
Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan koronovirus pandemiyası ilə əlaqədar
ölkəsində həyata keçirilən tədbirlərdən
danışdı. Qeyd etdi ki, bu çətin günlərdə
Türkiyə öz qardaşlarının yanında
olmağa, onlara yardım etməyə çalışır.
Bu baxımdan Türk Şurası üzvləri
arasında da həmrəyliyin nümayiş etdirilməsi məmnunluq
doğurur. Rəcəb Tayyib Ərdoğan pandemiyanın
dünya iqtisadiyyatına mənfi təsirindən
danışdı, onun fəsadlarının
azaldılmasının, həmçinin ölkələrimiz
arasında əməkdaşlığın gücləndirilməsinin
vacibliyini vurğulayaraq dedi:
-Türkiyə ilə Azərbaycan və
Gürcüstan arasında yük daşımaları
üçün istifadə edilən dəmir yolu xəttini
Orta Asiyayadək uzada bilərik. Bakı-Tbilisi-Qars
dəmir yolu xətti vasitəsilə mövcud yükə əlavə
olaraq gündəlik 3500 ton yükün daşına bilməsi
üçün işlər görürük. Bağlanan quru yollar ilə əlaqədar Azərbaycan
və Qazaxıstan türk nəqliyyatçıları
üçün mühüm bir tranzit marşruta
çevrilib.
"Əlbəttə ki, koronovirusla
savaşda qalib gələcəyik, bunun ardınca yeni dünya
reallığı ilə üz-üzə qalacağıq”, -
deyən Türkiyə Prezidenti pandemiyadan sonrakı dövr
üçün də hazırlıqların görülməsinin
əhəmiyyətinə toxundu.
***
Prezident İlham Əliyev: Təşəkkür
edirəm cənab Prezident. İndi isə söz
verilir Özbəkistan Respublikasının Prezidenti cənab
Şavkat Mirziyoyevə. Buyurun.
***
Özbəkistan Prezidenti Şavkat MİRZİYOYEV dedi:
-Hörmətli İlham Heydər
oğlu.
Hörmətli dövlət
və hökumət başçıları.
Hörmətli
Ümumdünya Səhiyyə Təşkilatının Baş
direktoru.
Əziz dostlar.
İlk növbədə,
Türk Şurasının bugünkü növbədənkənar
Zirvə görüşünün təşkil olunması təşəbbüsü
ilə çıxış edən Azərbaycan
Respublikasının Prezidenti İlham Heydər oğlu
Əliyevə səmimi minnətdarlığımı bildirirəm. Videokonfrans
formatında görüşümüz bütün dünyada
böyük narahatlıq doğuran koronavirus
pandemiyasının qarşısının alınması kimi
olduqca vacib və aktual məsələyə həsr edilib.
Dünyada çox sayda insanın
pandemiya ilə bağlı yaranmış vəziyyətdən
əziyyət çəkdiyini deyən Özbəkistan
Prezidenti virusun yayılma tempi və miqyasına görə
misli görülməmiş qlobal böhrana, bütün bəşəriyyət
və dünya iqtisadiyyatı üçün çox ciddi təhdidə
çevrildiyini vurğuladı.
***
Prezident İlham Əliyev: Təşəkkür
edirəm cənab Prezident. İndi isə söz
verilir Türkmənistan Prezidenti cənab Qurbanqulu Berdiməhəmmədova.
Buyurun.
***
Türkmənistan Prezidenti Qurbanqulu
BERDİMƏHƏMMƏDOV dedi:
- Hörmətli sammit
iştirakçıları.
Mən də öz növbəmdə
sizi səmimi qəlbdən salamlayıram. Sizin
hamınıza cansağlığı, dövləti və
beynəlxalq fəaliyyətinizdə uğurlar arzu edirəm.
Azərbaycan
Respublikasının Prezidenti İlham Heydər oğlu
Əliyevə bu sammitin təşkili ilə bağlı irəli
sürdüyü təşəbbüsə görə dərin
minnətdarlığımı bildirirəm. Bu
görüş bizə bütün dünya ölkələrinə
aid olan qlobal xarakterli məsələləri müzakirə
etməyə yaxşı imkan verir. Aydındır
ki, bu gün bəşəriyyət geniş coğrafi sahəni
əhatə edən ciddi çağırışla üzləşib.
Hazırkı vəziyyətin
bir çox dövlətlərə və xalqların həyatına
mənfi təsir göstərdiyini deyən Türkmənistan
Prezidenti dünyanı bürümüş bu təhdidə
qarşı mübarizədə koordinasiyalı
addımların, həmçinin xalqlarımızın
humanizm, qarşılıqlı dəstək və həmrəylik
nümayiş etdirməsinin əhəmiyyətinə toxundu. Qurbanqulu Berdiməhəmmədov
Türkmənistanda koronavirusla mübarizə istiqamətində
görülən işlərdən danışdı.
Bu vəziyyətdə ticari-iqtisadi əlaqələrin
dayanıqlılığının təmin olunmasının
və nəqliyyat əlaqəsinin fəaliyyətinin vacibliyini
vurğulayan Prezident Qurbanqulu Berdiməhəmmədov dedi:
-Qeyd etmək istəyirəm ki,
Türkmənistan və Azərbaycanın koordinasiya olunmuş
addımları hesabına Xəzər dənizində
Türkmənbaşı və Bakı limanları arasında
gəmi əlaqəsi davam edir. Bu, böyük
geoiqtisadi məkanda yük daşımaları
baxımından çox vacib nəqliyyat dəhlizidir. Regional tərəfdaşlarla birgə fəaliyyət
nəticəsində Şərq-Qərb və Şimal-Cənub
nəqliyyat dəhlizlərinin normal fəaliyyəti təmin
edilib.
"Biz ümumi tarixi olan
qardaş ölkələr kimi malik olduğumuz yüksək mənəvi
və sosial dəyərləri tam göstərməliyik”, -
deyən Türkmənistan Prezidenti bu çətin anların
birgə dəf ediləcəyinə, ölkələrimiz
arasında əməkdaşlıq və qardaşlıq əlaqələrinin
daha da möhkəmlənəcəyinə əminliyini
bildirdi.
***
Prezident İlham Əliyev: Təşəkkür
edirəm cənab Prezident. İndi isə söz
verilir Macarıstanın Baş Naziri cənab Viktor Orbana.
Buyurun.
Macarıstanın Baş Naziri Viktor ORBAN dedi:
-Hörmətli cənab prezidentlər,
əziz dostlar. Sizi salamlayıram.
Mən dostum cənab
İlham Əliyevə məni bu viodeokonfransa dəvət
etdiyinə görə minnətdarlığımı bildirirəm. Cənab
Prezident Ərdoğan, Türkiyənin maska hazırlamaq
üçün bizə materiallar göndərdiyinə
görə Sizə təşəkkürümü bildirirəm.
Biz bu xeyirxahlığı heç vaxt
unutmayacağıq. Cənab Prezident
Əliyevə - mənim əziz dostuma Azərbaycan tərəfindən
bizə göstərilən köməyə görə
çox minnətdarıq.
Baş Nazir Viktor Orban qeyd
etdi ki, vaksinin olmaması pandemiyanın ciddi fəsadlar törətməsinə
səbəb olacaq. Macarıstan hökumətinin başçısı
pandemiyanın qarşısının alınmasında tibbi
heyətin, avadanlıqların və qoruyucu vasitələrin əhəmiyyətindən
danışdı, pandemiyanın Avropada yaratdığı
ağır iqtisadi vəziyyət barədə məlumat verərək
dedi:
-Avropanın iqtisadi vəziyyəti
birmənalı deyil. Bir çox Avropa ölkələrinin
müəssisələri ağır vəziyyətdədir və
bu vəziyyətdə qalacaq. İşsizlik
geniş miqyas alıb, problemlər bundan sonra da davam edəcək.
Sənayenin müəyyən sahələri
çöküb. Avropanın iqtisadi vəziyyəti
indi elədir ki, Avropa dövlətləri külli miqdarda
kredit götürməyə məcburdur. Böhrandan
sonra ölkələrin borcları daha çox olacaq.
***
Prezident İlham Əliyev: Təşəkkür
edirəm cənab Baş Nazir. İndi isə
söz verilir Türk Şurasının Baş katibi cənab
Bağdad Amreyevə. Buyurun.
***
Türk Şurasının Baş
katibi Bağdad AMREYEV dedi:
-Cənab prezidentlər və Baş
Nazir. İlk növbədə, Türk
Şurasının üzvü olan dövlət
başçılarını salamlayıram. Xüsusilə Türk Şurasının fəaliyyətdə
olan sədri - Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevə bugünkü tədbirin yüksək səviyyədə
təşkilinə görə səmimi qəlbdən dərin
hörmət və ehtiramımı bildirmək istəyirəm.
Pandemiya bizim ölkələrə
də təsir edib. Lakin xoşbəxtlikdən dünyanın
başqa yerlərinə nisbətən vəziyyət o qədər
də faciəvi deyil. Bu, onun nəticəsidir ki, virusla
mübarizədə sizin qabaqlayıcı tədbirləriniz,
qətiyyətli qərarlarınız daha böyük faciələrin
qarşısını almağa imkan verdi.
Bizim ölkələrimiz bir-birinə humanitar yardım
göstərdi, o cümlədən tibbi avadanlığın
və maskaların, qoruyucu eynəklərin və əlcəklərin,
test dəstlərinin verilməsi baxımından. Xüsusən də vətəndaşların
evakuasiyası ictimaiyyət tərəfindən müsbət
qarşılandı. Bu vəziyyət
göstərdi ki, Türk Şurası çərçivəsində
səhiyyə sahəsində əməkdaşlığı
genişləndirmək vacibdir.
Bağdad Amreyev pandemiyadan
sonra dünyada yaranacaq iqtisadi böhranın
qarşısının alınmasında Türk
Şurasına üzv ölkələrin qarşılıqlı
birgə fəaliyyətinin gücləndirilməsinin əhəmiyyətindən
danışdı. O qeyd etdi ki, Türk Şurasının Bakı Bəyannaməsində
əksini tapan birgə investisiya fondu yaratmaq barədə qərarın
icrası böhrandan sonrakı dövrdə iqtisadiyyatların
bərpasında mühüm rol oynaya bilər.
***
Zirvə görüşünün
yekununda bir daha çıxış edən Azərbaycan
Prezidenti İlham ƏLİYEV
dedi:
-Təşəkkür edirəm, cənab
Baş katib.
Hesab edirəm ki,
çıxışlarda səslənən bütün təkliflər
katiblik tərəfindən qeydə alınsın və
ümumiləşdirilib, bütün ölkələrə
razılaşdırma üçün təqdim edilsin. Əminəm
ki, bu dəyərli təkliflər nəzərə
alınacaqdır. Beləliklə, biz əməkdaşlığımızın
növbəti mərhələsini uğurla davam etdirərək
və koronavirusla mübarizədə birlik göstərərək
bu bəlaya qalib gələcəyik.
Əziz qardaşlarımdan
soruşmaq istərdim, əlavə hansısa məsələlər,
suallar, təkliflər varsa, xahiş edirəm bildirin.
Əgər yoxdursa, onda icazə
verin, mən yekun sözümü söyləyim və ondan
sonra Bəyannamənin qəbul edilməsi nəzərdə
tutulur.
- Hörmətli dostlar.
Bir daha əziz qardaşlarıma
bizim təşəbbüsümüzü qəbul etdiklərinə
və Zirvə görüşündə iştirak etdiklərinə
görə dərin minnətdarlığımı bildirmək
istəyirəm. Əminəm ki, bu gün
çıxışlarda səslənən dəyərli
fikirlər və təkliflər koronavirus xəstəliyinə
qarşı bizim birgə mübarizəmizi daha da gücləndirəcəkdir.
Eyni zamanda, bu xəstəliyin mənfi təsirlərinin
aradan qaldırılması üçün pandemiyadan
sonrakı dövrdə iqtisadiyyat, ticarət, nəqliyyat və
digər sahələrdə əməkdaşlıq üzrə
səylərimizi daha da artırmağımız zəruridir.
Bizim həmrəyliyimiz və
birliyimiz nümunəvi xarakter daşıyır. Bu, onu göstərir
ki, biz yalnız xoş günlərdə deyil, çətin
günlərdə də bir-birimizin yanındayıq. Qlobal pandemiya şəraitində ölkələr və
beynəlxalq təşkilatlar arasında həmrəylik və
əməkdaşlıq böyük önəm daşıyır.
Biz digər beynəlxalq təşkilatlarla əməkdaşlığa
hazırıq. Hesab edirəm ki, Zirvə
görüşünün Yekun Bəyannaməsi bu əməkdaşlığa
əhəmiyyətli töhfədir.
Hörmətli həmkarlar,
ümidvaram ki, koronavirusla mübarizədə qalib gələcəyik
və bu ağır vəziyyətdən az
itkilərlə çıxacağıq. İndi
isə gündəlikdə Bəyannamənin qəbul edilməsi
durur. Bəyannamənin mətni
razılaşdırılıb və beləliklə, Bəyannamə
qəbul edildi.
Əziz dostlar, bir daha Zirvə
görüşündə fəal iştirakınıza
görə təşəkkürümü bildirirəm və
Zirvə görüşünü bağlı elan edirəm. Sağ olun.
Azərbaycan.- 2020.- 11 aprel.- S.1; 3.