Dövlət xoş gündə də, çətin
anda da vətəndaşlarının yanındadır
Dünya ən yeni tarixinin çətin sınaqlar dövrünü yaşayır. Ötən ilin sonlarından müxtəlif ölkələrdə işartıları görünməyə başlayan COVID-19 infeksiyası qlobal pandemiyaya çevrilərək bütün bəşəriyyət üçün böyük təhlükə yaradıb. Hazırda dünyanın əsas qayğısı bu çətinlikdən çıxış yollarını tapmaqdır.
Bakıda bu infeksiyaya yoluxmuş insanların müalicə olunduqları "Yeni klinika” Tibb Mərkəzinin açılışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu vəziyyəti dünyanın yeni bir dövrə qədəm qoyması kimi xarakterizə etdi: "Bu, nə qədər davam edəcək heç kim bilmir. Xəstəlik nə qədər davam edəcək heç kim bilmir. Hesab edirəm ki, bütün proqnozlar şərti xarakter daşıyır. Bu xəstəliyin fəsadları özünü hansı formada büruzə verəcək? Bunu da biz bilmirik. Çünki biz hələ ki, bu xəstəliyin ibtidai mərhələsindəyik və özümüzü maksimum qorumalıyıq”.
Baş verən son proseslər dövlətin, həmrəylik hissinin, milli birliyin cəmiyyət üçün nə qədər böyük dəyərlər olduğunu göstərdi. Güclü, çətin sınaqlarda vətəndaşlarını qorumağı bacaran bir dövlətə sahib olmaq duyğusunun da qürurunu yaşatdı. Biz bunu pandemiya böhranının ilk günlərindən Azərbaycan hökumətinin həyata keçirdiyi ardıcıl tədbirlərdə gördük.
Prezident İlham Əliyevin birbaşa nəzarəti, verdiyi tapşırıqlar əsasında reallaşdırılan çoxşaxəli tədbirlər göstərdi ki, ölkəmizdə istənilən vəziyyət idarə olunur. Dövlətimiz hər hansı böhran anını nizama salmaq gücündədir, xoş gündə də, çətin anlarda da öz vətəndaşının yanındadır.
Azərbaycan ilk tədbirlərdən biri kimi dünyanın ən ucqar məkanlarında xəstəlik xofu qarşısında narahatlıq keçirən vətəndaşlarımızın, xüsusən xaricdə təhsil alan tələbə gənclərimizin ölkəmizə gətirilməsini təmin etdi. Bu günə qədər 15 minə yaxın Azərbaycan vətəndaşı başqa ölkələrdən təxliyə edilib və onların böyük əksəriyyəti karantinə yerləşdirilib. İnfeksiya riski daşıyan bütün insanların bir müddət karantin rejimində saxlanması üçün lazımi şərait yaradılıb. Bu gün Azərbaycandakı karantin yerlərində mövcud olan vəziyyət, burada saxlanan insanlar üçün təmin edilmiş şərait dünyadakı analoji məkanlar arasında, demək olar ki, ən yaxşılarındandır. İnfeksiya aşkarlanan şəxslərin müalicəsi, xəstəliyin ağır fəsadlarının, insan itkilərinin qarşısının alınması üçün dövlət lazımi tədbirlər görür. Son illər bütün ölkə boyu tikilmiş, yenidən qurulmuş böyük xəstəxanalar, müalicə-diaqnostika mərkəzləri buna imkan verir.
Hazırda karantində
qalan vətəndaşların sayı 4500-dür. Karantin rejimində
olan ən çox insan məkanı Atletlər kəndidir. Orada
hazırda təqribən 1300-dən çox insan yerləşdirilib.
Belə vətəndaşlar eyni zamanda Bakı
şəhərində və bölgələrdə 4-5
ulduzlu hotellərdə, istirahət zonalarında, bəzi
dövlət qurumlarının istirahət mərkəzlərində
də yerləşdirilir. Ümid edirik ki, məhz
dövlətimizin gördüyü tədbirlər nəticəsində
Azərbaycan bu pandemiyadan ən az itkilərlə
çıxmış ölkələrdən olacaq. Amma bu, təkcə dövlətin işi deyil, vətəndaş
olaraq hər birimiz də öz fərdi
davranışlarımız, şəxsi məsuliyyət
hissimizlə buna kömək göstərə bilərik və
göstərməliyik. Ən böyük
faydalarımızdan biri, təbii ki, ilk növbədə
panikanın təsirinə düşməmək, qeyri-dəqiq,
yanlış məlumatları yayıb
çaşqınlıq yaratmamaq, rəsmi xəbərlərə
istinad etmək və ona uyğun davranmaqdan ibarətdir.
Bəli, koronavirus
pandemiyası bu gün dünya üçün böyük təhdiddir. Hazırda bu
problemlə üzləşməyən ölkə, demək
olar ki, yoxdur. Dünyanın kifayət qədər
yüksək inkişaf səviyyəsinə malik İtaliya,
İspaniya kimi ölkələri, hətta Amerika Birləşmiş
Ştatları vəziyyət qarşısında aciz
qalıb. Hər gün on minlərlə
insan bu xəstəliyə yoluxur, minlərlə insan
dünyasını dəyişir. Ümumən
bütün dünyada çox mürəkkəb vəziyyət
yaranıb. Azərbaycan hökuməti də
vəziyyətin mürəkkəbliyini, böhranın
ciddiliyini vətəndaşlarla açıq şəkildə
bölüşür. Çünki
başqa dövlətlərdə vəziyyətin bu həddə
gəlməsinin bir əsas səbəbi də rəylərə
görə insanların baş verənləri əvvəlcədən
ciddiyə almaması, karantin tədbirlərinə əməl
etməməsi olub. Azərbaycan dövləti
isə vətəndaşlarda məsuliyyət hissinin
artırılmasından ötrü panika və ajiotaj
yaratmayacaq səviyyədə vəziyyətin ciddiliyini
çatdırır.
Pandemiya ilə mübarizə
sahəsində görülən işlər mütəmadi
qaydada əhaliyə təqdim edilir. İnsanlarımız
ölkəmizdəki cari vəziyyət, xəstəliyə
yoluxanların, sağalıb yenidən normal şəkildə
cəmiyyətə dönənlərin, karantində
olanların sayı barədə məlumatları müntəzəm
qaydada əldə edə bilir. Ən
doğrusu da budur, belə durumlarda ən effektiv yol
mümkün qədər açıq olmaq, insanlara
doğruları söyləməkdir.
Birlik, həmrəylik
göstərməklə yanaşı, məsuliyyət də
nümayiş etdirməliyik
Son günlərin mənzərəsi
Azərbaycan vətəndaşının dövlətin həyata
keçirdiyi siyasətə dəstəyini, cəmiyyətimizdəki
milli həmrəyliyi də bir daha nümayiş etdirdi. Koronavirus
infeksiyasına yoluxma hallarının azaldılması
üçün ən effektiv təcrübə insanların
mümkün qədər bir-birindən təcrid vəziyyətində
yaşamasıdır. Bu baxımdan indi hər
bir kəsin səhhəti üçün ən etibarlı
yer evdir. Ona görə də Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında
yaradılmış Operativ Qərargah müəyyən məhdudiyyət
və qadağalar tətbiq edir. Vətəndaşlarımıza
evdə qalmaq, zərurət olmadıqca küçəyə
çıxmamaq, bir-biri ilə üzbəsurət ünsiyyətdən
çəkinmək tövsiyə olunur. Bu
qadağa və tövsiyələr bütün kommunikasiya
kanalları vasitəsilə mütəmadi şəkildə əhalinin
diqqətinə çatdırılır. Bunlar
hökumətin gördüyü tədbirlərdir, müəyyən
etdiyi direktivlərdir və yerinə yetirilməsi hər
birimiz üçün vacibdir. Hökumət
vətəndaşları bu tələblərə əməl
etməyə çağırır. Eyni
zamanda müsbət hal kimi vətəndaşların özlərinin
də bir-birini bu tələbə əməl etməyə
çağırdıqlarını görürük. "Evdə qal, Azərbaycan!”
çağırışı bu günlərin əsas
davranış tərzinə çevrilib. Əksəriyyət
bir-birinə evdə qalmağı tövsiyə edərkən
anlayır ki, bu hal müvəqqətidir. Tezliklə
ötüb keçəcək və daha tez, ziyansız
ötüşməsindən ötrü dövlətin tələb
və tövsiyələrinə hamılıqla əməl
etməliyik. Aprelin 5-dən qüvvəyə minmiş
yeni karantin qaydalarının bir məqsədi var: bu xəstəlik
Azərbaycanda geniş yayılmasın.
Prezident İlham Əliyev Sumqayıt
Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin
açılışında vətəndaşlara müraciətində
bu məsələnin əhəmiyyətini xüsusi
vurğulamışdır: "Mən dəfələrlə
bildirmişəm ki, biz həm milli birlik, həm həmrəylik
nümayiş etdirmişik və məsuliyyət də
nümayiş etdirməliyik. Amma indiki şəraitdə
aprelin 5-dən sonra qüvvəyə minmiş qaydaları nəzərə
alaraq vətəndaşlar nizam-intizam nümayiş etdirməlidirlər...
Əminəm ki, vətəndaşlar bu qaydalara
tam əməl edəcəklər və beləliklə, xəstəlik
geniş vüsət almayacaq, biz bu vəziyyətdən az
itkilərlə çıxa biləcəyik”.
İnsanlar bu tələbləri
nəzərə alır, əhalinin
sağlamlığını qorumaqdan ötrü onların məcburiyyətdən
irəli gəldiyini anlayır. Buna məhəl
qoymayanlar isə kütləvi şəkildə
qınanır. Cəmiyyət durumun
ciddiliyini belələrinə də anlatmağı borc bilir.
Vəziyyəti heç cür dərk etməyib
özünü də, başqalarını da risk altına
qoyanlara qarşı isə ciddi inzibati cəzalar tətbiq
edilir. Çünki hansısa şəxsin
COVID-19 infeksiyasına yoluxması təkcə bir nəfərin
sağlamlığının pozulması deyil. Onunla təmasda olan onlarla insanın,
doğmalarının, yaxınlarının da səhhətinin
təhlükə altına düşməsidir. Ölkənin hər yerində bu xəstəliyə
qarşı mübarizə aparan tibb işçilərimizin,
digər aidiyyəti sənət sahiblərimizin işinin daha da
artmasıdır, ümumən dövlətimizin
yükünün bir xəstə sayı qədər də
ağırlaşmasıdır. Əgər
qaydalara əməl edilməzsə, vəziyyət ən pis
ehtimallara doğru inkişaf edər, hamımız
üçün böyük faciələrə gətirib
çıxara bilər.
Milli həmrəylik
hissi
Hazırda ölkəmizdə
pandemiya özünün, demək olar ki, ən ciddi mərhələsinə
qədəm qoyub. Dövlət qurumları da bunu vətəndaşlardan
gizlətmir. Bütün dünyada yoluxma və
ölüm hallarının sayı artmaqdadır. Ona görə də bu günlərdə karantin
rejiminə dəqiqliklə əməl etmək sosial məsuliyyət
hissidir. Mümkün faciələrin
qarşısını almaqdır. Vətəndaşların
dövlətə köməyidir. Milli həmrəylik
mənzərəsidir. Çətin
sınaqlar dövründə həmrəyliyə, milli birliyə
nail olmaqdan ötrü hər kəs üzərinə
düşəni yerinə yetirməyə
çalışmalıdır. Bu, belə
də olmalıdır. Çünki biz
birlikdə güclüyük. Heç bir
çətinlik, problem, sınaq bu birliyin gücündən
üstün deyil. Milli həmrəyliyimizin
yaratdığı inamla, bir-birimizə
qarşılıqlı dəstəyimizlə bu
sınağı da tezliklə geridə qoyacağıq.
Biz böyük milli-mənəvi
dəyərləri olan toplumuq. Əcdadlarımız
bu dəyərləri xoş günlər qədər həm
də çətin vədələrdə, ağır
sınaqlar mühitində yaradıblar. Azərbaycan
cəmiyyəti bu günlərdə öz milli və dövlətçilik
dəyərlərini bir daha nümayiş etdirir. Müxtəlif xəstəxanalarda insanların həyatını
xilas etməkdən ötrü gecə-gündüz bilmədən
çalışan həkimlərimizin, infeksiyanın daha
geniş əhatədə yayılmaması üçün
xidməti borcunu fədakarlıqla yerinə yetirərək
karantin rejimini təmin edən polis əməkdaşlarımızın,
əsgər və zabitlərimizin yaratdıqları nümunə
böyük fədakarlıq olmaqla yanaşı, həm də
dəyərlərimizin təcəssümüdür.
Tarixin dərslərindən
nəticə çıxaraq
Son günlər tez-tez
düşünürəm: əgər min illərin təcrübəsinə,
inkişaf nailiyyətlərinə baxmayaraq bəşəriyyət
hələ də bir xəstəlik virusu qarşısında
aciz qalırsa, onda bu qədər müharibələrə,
qan-qadalara, insan övladının sərvət uğrunda
bir-birinə qənim kəsilməsinə dəyərmi?
Zamanın hər
sınağı, əslində, tarixin bizə verdiyi
böyük bir ibrət dərsidir. Bütün
dünyanı bürümüş, qlobal iqtisadiyyatı
sarsıtmış COVID-19 pandemiyasına bir də bu prizmadan
baxmağımız lazım gəlir. Əlbəttə,
tarix boyu baş vermiş saysız-hesabsız çətinliklər
kimi bunu da tezliklə adladacağıq. Pandemiyanın
həyatın müxtəlif sahələrində
yaratdığı təsirlər qısa zamanda aradan qalxacaq.
Bütün yaşananlar sadəcə bir xatirəyə
dönəcək, getdikcə bizdən uzaqlaşan tarixə
çevriləcək. Amma heç olmasa bu
tarixin dərslərindən də nəticə
çıxaraq. Anlayaq ki, Yer kürəsi
hamımızın ümumi evidir. Hər
birimiz bu evin bir-birimizə doğma sakinləriyik.
İndiyə qədər
insanın Yer üzünə xeyri qədər ziyanı da
olub. Xırda mənfəətləri naminə
havasına ziyan vurub, yaşıllıqlarına qənim kəsilib,
suyunu çirkləndirib, bitki və heyvanlar aləminin
axırına çıxmağa başlayıb. İndi isə planetimizi qorumaq haqqında
düşünmək vaxtıdır.
İnsanlar indiyə qədər müəyyən maraqların ardınca gedərək bir-birindən uzaq düşüblər. Müxtəlif amillərin, xırda hisslərin təsiri ilə bir-birinə qənim kəsiliblər. Özlərini başqalarından ayırmaq üçün mümkün qədər daha çox fərqlər tapıb, miflər uydurub, nifrət hissini yüksəldiblər. İndi isə insanların bütün fərqləri, kin-küdurəti, cılız maraqları kənara qoymasına ehtiyac var. Artıq bir-birimizə sevgi göstərməyi öyrənməliyik. Bəşəriyyət yeni minilliyin ikinci onilliyində üzləşdiyi bu vəziyyətdən, ümid edək ki, gələcək üçün lazımi dərslər ala biləcək. İnsana sevgi, ali ideyalar uğrunda həmrəylik, bərabərlik, ədalət, şəfqət, xeyirxahlıq, qarşılıqlı hörmət, cəmiyyət qarşısında sosial məsuliyyət hissi bundan sonrakı dünyamızda daha böyük aktuallıq kəsb edəcək. Bu dəyərləri daha çox insan bölüşəcək.
İradə ƏLİYEVA
Azərbaycan.-
2020.- 11 aprel.- S.5.