Azərbaycan koronavirusa qarşı ciddi mübarizə aparır

 

Yeni növ koronavirus, COVID-19 dünya üzrə inanılmaz sürətlə yayılmaqda və aldığı canların sayını artırmaqda davam edir. Hətta ən inkişaf etmiş dövlətlər, super güclər belə bu xəstəliklə mübarizədə böyük problemlər yaşayır, onun qarşısını almağa, insanların həyatını xilas etməyə acizlik çəkir.

Qlobal pandemiyaya çevrilən koronavirus infeksiyasından qorunmaq bu gün Azərbaycan dövləti üçün ən vacib məsələdir. Bu səbəbdən də dövlət infeksiyanın təsirlərindən az itki ilə çıxmaq üçün ciddi şəkildə mübarizə aparır.

Fevralın əvvəlindən etibarən reallaşdırılan tədbirlər infeksiyanın xaricdən idxalını məhdudlaşdırmaq və onun ölkə daxilində yayılmasının qarşısını almaq məqsədi daşıyıb. Dövlət orqanlarının fəaliyyətini əlaqələndirən operativ qərargahın yaradılması, bəzi ölkələrlə sərhədlərin bağlanması və gediş-gəliş təmaslarının məhdudlaşdırılması, karantin rejiminin tətbiqi və digər addımlar hazırkı dövrə kimi qarşıya qoyulan vəzifələri maksimum icra etməyə imkan verib.

İnsanların bir-biri ilə yaxın əlaqələrini minimuma endirmək, infeksiyaya yoluxmanın sürətini azaltmaq məqsədilə ölkə ərazisindəki xüsusi rejim dövrü aprelin 20-dək gücləndirilib. Aprelin 5-dən 20-dək yükdaşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstühava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları tam şəkildə dayandırılıb.

Bununla yanaşı, əhalinin sosial rifahının qorunması, işsizlərin maddi təminatı üçün də zəruri tədbirlər görülür.

Elə buna görədir ki, koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, göstərdiyi diqqət və qayğıya görə ölkənin bütün guşələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları ünvanlanır...

 

ÜST-ün Baş direktoru Azərbaycana təşəkkür etdi

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Gebreyesus Azərbaycana təşəkkür edib.

Bu barədə o, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə bildirib:

"COVID-19 Strateji Hazırlıq və Reaksiya Planımıza dəstək verən bütün üzv dövlətlərə və tərəfdaşlarımıza təşəkkür etmək istəyirəm. 800 milyon dollara qədər maliyyə dəstəyi verilib. Xüsusilə, beş milyon dollar dəyərində yardımla bu işə öz töhfəsini verən Azərbaycan hökumətinə və xalqına təşəkkür edirəm”.

 

Tibbi maskaların qiyməti 30 qəpikdən baha olmamalıdır

 

Hökumət Azərbaycanda tibbi maskaların qiymətinin 30 qəpikdən yuxarı olmamasına nəzarət edir. Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, əhaliyə satılan tibbi maskaların qiyməti 30 qəpikdən baha olmamalıdır: "Xaricdən ölkəyə idxal edilən tibbi maskaların qiyməti 30 qəpikdən baha başa gəlir. Ancaq pandemiya dövrü üçün qiymət fərqini dövlət tibbi maska idxalçılarına ödəyir. Pandemiya ilə mübarizə dövründə bu qiymət fərqini dövlət ödəyəcək, dövlət bunu subsidiyalaşdırır”.

 

11318 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

 

Baş Dövlət Yol Polis İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 09.04.2020-ci il saat 00:00-dan 10.04.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

İdarədən verilən məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 09.04.2020-ci il saat 00:00-dan 10.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1359 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 11318 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

 

Koronavirusun dünya mənzərəsi

 

ABŞ Prezidenti Donald Tramp ölkəsində epidemiyanın pik nöqtəyə çatdığını bildirib: "ABŞ koronavirusun yayılmasının zirvəsindədir və bəzi ştatlarda artıq infeksiyaya yoluxmada azalma başlayıb. Bəzi hallarda eniş var, biz artıq bu prosesə başlamışıq”.

Ölkənin vitse-prezidenti Mayk Pens isə qeyd edib ki, koronavirusla bağlı vəziyyətin ən kəskin olduğu ştatlarda da sabitləşmə əlamətləri getdikcə daha çox müşahidə edilir. O, nümunə olaraq Nyu Yorkun DenverLuiziana yaşayış məntəqələrini göstərib.

Nyu York ştatının qubernatoru Endryu Kumo isə məlumat verib ki, burada son sutkada koronavirusdan ölənlərin sayı rekord həddə çataraq 779 nəfər olub. Nyu York ştatı ABŞ-da koronavirus epidemiyasının episentridir: "Ölənlərin sayı artır. Ötən gün 799 nəfər itirdik. Onların sayının artacağı istisna edilmir”.

Qubernator koronavirusla bağlı müsbət göstəricilərin də müşahidə edildiyini vurğulayıb: "Gün ərzində süni nəfəs aparatından istifadə edən xəstələrin sayı azalıb, reanimasiyaya daha az adam daxil olub, eyni zamanda, xəstəxanaya yerləşdirilənlərin sayında da azalma var”.

Son məlumatlara görə, ABŞ-da 452852 nəfər koronavirusa yoluxub, onlardan 16 mindən çoxu ölüb.

Koronavirus epidemiyasından İspaniyada kütləvi ölümlər davam edir. Son sutka ərzində ölkədə daha 605 nəfər koronavirusdan vəfat edib, bununla da koronavirusdan ölənlərin sayı 15 843 nəfərə çatıb.

Martın 1-dən etibarən Fransada koronavirusdan ölənlərin sayı 12210 nəfər olub. Ölənlərin 42 faizi 70 yaşdan yuxarı insanlardır. Son sutkada xəstəxanalarda ölənlərin sayı isə 412 nəfər artaraq 8044-ə çatıb.

Kanada hökumətinin məlumatına əsasən, ölkədə koronavirusa son yoluxanların sayı 841, ölənlərin sayı isə 34 nəfər olub. Ölkə üzrə ümumilikdə 19274 nəfər yeni virusa yoluxub. Onlardan 435 nəfəri dünyasını dəyişib.

Almaniyada son sutka ərzində daha 5323 nəfər koronavirusa yoluxubbununla da virusa yoluxanların sayı 113525 nəfərə yüksəlib. 266 nəfər vəfat edibkoronavirusdan ölənlərin ümumi sayı 2373 nəfərə çatıb.

Avstriyada yeni növ koronavirusa yoluxanların sayı 319 nəfər olub. Ümumilikdə ölkədə virusa yoluxanların sayı 13.2 min nəfər təşkil edir. İnfeksiyadan 319 nəfər vəfat edib. Ölkədə 134743 nəfər koronavirus testindən keçib.

İsraildə yeni koronavirusa yoluxanların sayı 10095 nəfərə yüksəlib. İsrail Səhiyyə Nazirliyinin məlumatına əsasən, 1061 nəfər sağalıb, 92 nəfər ölüb. Qeyd olunub ki, koronavirusa yoluxanlardan 164 nəfərinin vəziyyəti ağırdır, onlardan 125 nəfəri süni tənəffüs aparatlarına qoşulub.

 

Tacikistan da sərhədlərini bağladı

 

Tacikistan hakimiyyəti ölkədən çıxışı və girişi müvəqqəti dayandırıb. Tacikistan Xarici İşlər Nazirliyi ötən gün yaydığı açıqlamada bildirib ki, koronavirusun ölkəyə daxil olmasının qarşısının alınması məqsədilə bütün xarici ölkə vətəndaşları üçün ölkəyə giriş və çıxış bağlanıb.

Məlumatda o da qeyd olunur ki, məhdudiyyətlər xarici ölkələrin Tacikistanda akkreditə olunmuş diplomatlarına, beynəlxalq təşkilatların və maliyyə institutlarının nümayəndələrinə, həmçinin onların ailə üzvlərinə şamil olunmur.

Macarıstanda son sutka ərzində 210 nəfər koronavirusa yoluxub. Ölkənin Səhiyyə Nazirliyi bildirib ki, indiyədək ölkədə bir sutka ərzində bu qədər yoluxma olmayıb, bu, ölkədə bu günə qədər ən çox qeydə alınan rəqəmdir. Bununla da Macarıstanda koronavirusa yoluxanların sayı 1190-a çatıb. İndiyədək koronavirusa yoluxmuş 77 nəfər vəfat edib.

Ukraynada isə daha 311 nəfər koronavirusa yoluxub. Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə koronavirusa yoluxanların sayı 2203 nəfərə çatıb, 61 nəfər sağalıb, 69 nəfər ölüb.

Gürcüstanda yeni növ koronavirusa yoluxanların sayı 227 nəfərə çatıb. Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib ki, hazırda ölkə üzrə karantində 4829 nəfər saxlanılır, stasionar müalicədə isə 410 nəfər var. Virusa yoluxmuş şəxslərdən 52-si sağalıb, 3 nəfər isə vəfat edib.

Rusiyada COVID-19-a 1786 yeni yoluxma faktı qeydə alınıb. Ümumi yoluxanların sayı 11917 nəfərə çatıb. Son sutka ərzində ölənlərin sayı isə 18 nəfərdir.

Rusiya ərazisində indiyədək koronavirusdan 94 nəfərin öldüyü açıqlanıb. Sağalanların ümumi sayı 795 nəfərdir.

İranda da koronavirusla bağlı vəziyyət ürəkaçan deyil. Son sutka ərzində daha 122 nəfər koronavirusdan vəfat edib, bununla da ölkədə bu virusdan ölənlərin sayı 4232 nəfərə çatıb.

Ermənistanda koronavirusa yoluxanların sayı 937 nəfərə çatıb. Son sutka ərzində ölkədə 16 nəfər yeni növ koronavirusa yoluxub, 1 nəfər ölüb, bununla da ölənlərin ümumi sayı 11 nəfər olub.

 

Uşaqları da koronavirusdan qorumaq lazımdır

 

Uşaq cərrahı, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının baş həkimi Ramiz Poluxov deyib ki, uşaqların koronavirusa yoluxmadığını demək düzgün deyil, çünki onlar da yoluxur: "Ümumiyyətlə, uşaqlar, gənc nəsil bu infeksiyanı adətən yüngül, çox zaman da simptomsuz keçirirlər”.

O bildirib ki, TƏBİB-in açıqladığı məlumatda da olduğu kimi, Azərbaycanda yoluxanlar arasında 2 yaşlı uşaq da var: "Bizim klinikada da 6 yaşlı uşaq müalicə olunur. Ona görə də uşaqlar koronavirusa yoluxmur demək doğru deyil. Yaşlı insanlar, digər əhalimiz kimi uşaqları da qorumaq lazımdır”.

Baş həkim klinikada müalicə olunanların arasında ciddi ağır xəstə olmadığını, əksəriyyətinin vəziyyətinin stabil olduğunu deyib: "Koronavirus yeni bir infeksiyadır deyə, hələ tam öyrənilməyib. Bədənə düşəndə özünü necə apardığı tam məlum deyil. Bu, bədənin ümumi vəziyyətindən, yanaşı xəstəliklərdən asılıdır. Ona görə də hər hansı simptom olan kimi həkimə müraciət etmək lazımdır”.

Həkim virusdan qorunmaq üçün tibbi maska, əlcək taxmağı, sosial məsafə saxlamağı, əlləri tez-tez yumağı, lazım olmadıqda evdən çıxmamağı tövsiyə edib.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2020.- 11 aprel.- S. 6.