Prezident İlham
Əliyevə ünvanlanan məktublarda koronavirusun ölkəmizdə
geniş yayılmasının qarşısını almaq
istiqamətində görülən tədbirlər yüksək
qiymətləndirilir
Prezident İlham Əliyevin
dünyada tüğyan edən koronavirus infeksiyasının Azərbaycanda
geniş yayılmasının qarşısının
alınması, insanların sağlamlığının
qorunması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız
tərəfindən böyük rəğbətlə
qarşılanır, dövlətimizin
başçısının xalqımıza
qayğısının bariz nümunəsi kimi qiymətləndirilir.
Azərbaycan vətəndaşları
bu diqqət və qayğıya görə Prezident İlham
Əliyevə minnətdarlıqlarını ona
ünvanladıqları məktublarda ifadə edirlər.
Prezidentin saytına istinadla həmin
məktubların bir qismini təqdim edirik.
Gəncə şəhərinin sakini
Seymur Məmmədov dünyanı cənginə alan koronavirusun yayılmasının
qarşısının alınması üçün
görülən tədbirlərə görə Prezident
İlham Əliyevə təşəkkürünü bu
cür ifadə edir: “Dünyanı sarsıdan pandemiya ilə
mübarizədə tibbin ən inkişaf etdiyi ölkələr
belə aciz qalıb. Bəzi ölkələr vəziyyətə
biganə yanaşdığı halda, Sizin
uzaqgörən siyasətiniz və göstərişləriniz
nəticəsində Azərbaycanda zamanında mühüm tədbirlər
görüldü.
Hazırda ölkəmizdə
koronavirusa yoluxma hallarının sürətlə
yayılmasının qarşısı operativ şəkildə
alınır, bu istiqamətdə mühüm işlər
görülür. Dünyada hər keçən gün pandemiya ilə
bağlı vəziyyət dəyişir və Sizin
rəhbərliyinizlə ölkəmizdə proseslərə
çevik reaksiya verilir. Dövlət tərəfindən
əhaliyə bir sıra güzəştlər edilir, maddi dəstək
göstərilir, xalqın həyat şəraiti, rifahı,
sosial vəziyyəti diqqətdə saxlanılır. Bir vətəndaş kimi xalqa yüksək
qayğınız üçün Sizə minnətdaram.
İnanıram ki, xalqımız, eləcə də
bütün bəşəriyyət bu bəladan tezliklə
xilas olacaq”.
Zaqataladan Fizzə Mahmudova
ölkəmizə Prezident İlham Əliyev kimi müdrik,
uzaqgörən siyasi xadimin rəhbərlik etməsinə
çox sevindiyini bildirir. Azərbaycanda dövlətimizin
başçısının rəhbərliyi ilə gənclərin
aparıcı qüvvəyə çevrilməsi istiqamətində
böyük işlər görüldüyünü, dövlətçiliyə
bağlı, yüksək intellektli və geniş
dünyagörüşünə malik gənc nəslin
formalaşdığını qeyd edən Fizzə Mahmudova
yazır: “Hər bir Azərbaycan gənci Sizin
gördüyünüz işlərin dəyərini çox
yaxşı bilir və hər zaman Sizə güvənir.
Cənab Prezident, son vaxtlar dünyada
geniş yayılmış koronavirus infeksiyası təəssüf
ki, Azərbaycandan da yan keçmədi. Ölkəmizdə
bu infeksiyanın geniş yayılmasının
qarşısının alınması məqsədilə
dövlət tərəfindən sistemli addımlar
atılır. Xalqımızın birliyi
sayəsində bu çətinliyin öhdəsindən gələcəyimizə
inanırıq. Vətəndaşların
sağlamlığını düşünərək
qabaqlayıcı tədbirlərin görülməsi, vəziyyətə
uyğun zəruri addımların atılması, insanların
sosial müdafiəsinin təmin olunması istiqamətində
gördüyünüz bütün işlərə görə
Zaqatala gəncləri adından Sizə təşəkkür
edir, məsuliyyətli və şərəfli fəaliyyətinizdə
uğurlar arzulayırıq”.
Naxçıvan Muxtar
Respublikasının Şərur rayonunun sakini Azad İbrahimov
isə Prezident İlham Əliyevə minnətdarlığını
bu sözlərlə çatdırır: “Bizim ailəmiz Sizi
daim dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.
Sizi dəstəkləməyimizin səbəbi
xalqımızın rifahının
yaxşılaşdırılması üçün
yürütdüyünüz ardıcıl siyasətdir.
Bu siyasətin uğurlarını yalnız vətən
xainləri görməyə bilərlər.
Dünyada tüğyan edən
koronavirusla əlaqədar xalqımızın
sağlamlığının qorunması üçün
verdiyiniz qərarlar biz vətəndaşlara olan sevginizin bariz
nümunəsidir. Biz vətəndaşların vəzifəsi isə Sizin qərarlarınıza əməl etməkdir.
İnanıram ki, Vətənini, millətini, dövlətini
sevən hər bir Azərbaycan vətəndaşı evdə
qalacaq və ölkəmiz tezliklə Sizin
müdrik rəhbərliyinizlə tutduğu inkişaf yolunu
davam etdirəcəkdir.
Cənab Prezident, biz hər zaman Sizi dəstəkləmişik
və Sizinlə fəxr etmişik, bundan sonra da belə olacaq. Mən fəxr edirəm ki, Sizin kimi uzaqgörən
Prezidentimiz var. Allah Sizi qorusun, Sizi Azərbaycan xalqına
çox görməsin”.
Gəncə şəhərinin sakini
Kəmalə İsmayılova yazır: “Sumqayıt Kimya Sənaye
Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən
yaradılan tibbi maska istehsalı müəssisəsinin
açılışında iştirakınız bir daha
göstərdi ki, Siz hər bir Azərbaycan vətəndaşının
sağlamlığını qorumaq üçün
bütün zəruri tədbirləri
görürsünüz. Siz həmişə
bizi, xalqımızı düşünürsünüz.
Çox hörmətli Prezident,
inanırıq ki, bütün dünyanı
bürümüş koronavirus bəlası tezliklə sona
çatacaq, Sizin qayğınız və
səyləriniz nəticəsində Azərbaycanımız
bu böhrandan minimum ziyanla çıxacaq. Bu
gün biz Sizin “Biz birlikdə güclüyük!”
çağırışınıza qoşularaq həmişə
Sizinlə olduğumuzu və koronavirusa birlikdə qalib gələcəyimizə
əminliyimizi bildiririk. Biz Sizinlə
qürur duyuruq. Allah Sizi qorusun, daim var olun.
Azərbaycanımızın daha da
inkişafı naminə bütün işlərinizdə Sizə
uğurlar diləyirik”.
Füzuli rayonunun Birinci Zobucuq qəsəbəsinin
sakini Validə Zeynalova dünyanı koronavirus
epidemiyasının bürüdüyü və hər gün
müxtəlif ölkələrdə çoxlu sayda insan
ölümünün baş verdiyi bir zamanda Azərbaycanda bu
yoluxucu xəstəliyə qarşı ciddi mübarizənin
aparılmasının dövlətimizin başçısının
əhalinin sağlamlığının qorunmasına, insan
amilinə verdiyi yüksək dəyərin bariz nümunəsi
olduğunu vurğulayır. O yazır: “Mən Birinci
vitse-prezident, çox hörmətli Mehriban xanımın “Hər
uşağa ailə gərəkdir” təşəbbüsünə
qoşularaq, övladlığa uşaq götürmüşəm
və ana kimi şərəfli ad daşıyıram. Hazırda oğlumla bir yerdə yaşayıram.
Cənab Prezident, Sizin və çox
hörmətli Mehriban xanımın aztəminatlı ailələrə,
xüsusilə məcburi köçkünlərə göstərdiyiniz
diqqət və qayğı bizim gələcəyə
ümidimizi daha da artırır. 2016-cı ildə
baş vermiş Aprel döyüşlərində Silahlı
Qüvvələrimizin Ermənistan ordusunu darmadağın etməsi
hər birimizdə tezliklə böyük Qələbəyə
qovuşacağımıza əminlik yaradıb.
İnanırıq ki, Sizin müdrikliyiniz və
qayğıkeşliyiniz sayəsində bu qorxunc virusdan az itki
ilə qurtulacağıq. Sizə və Mehriban
xanıma, övladlarınıza və nəvələrinizə
cansağlığı arzulayıram. Allah
Sizi qorusun”.
Bakı şəhərinin sakini
Aydın Kazımzadə həmişə olduğu kimi, indiki
çətin günlərdə də dövlətimizin
başçısının gündəlik çoxşaxəli
fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşının
Prezidenti olduğunu bir daha sübut etdiyini vurğulayaraq
yazır: “Hadisələrin axarını uzaqgörənliklə,
dəqiq və düzgün təhlil edərək vaxtında
verdiyiniz qərarlar, Sizin təşəbbüsünüz və
rəhbərliyinizlə operativ olaraq həyata keçirilən
qabaqlayıcı tədbirlər vətəndaşlarımızın
sağlamlığının qorunub saxlanılması
üçün misilsiz əhəmiyyətə malikdir.
Cənab Prezident, dünyada
tüğyan edən pandemiyanın görülən bu işlərin
və Azərbaycan xalqının Sizin ətrafınızda
sıx birləşməsi hesabına ölkəmizdə daha
geniş yayılmasının qarşısının
alınacağına və bu bəladan mümkün qədər
az itkilərlə qurtulacağımıza inanıram. Gələcək taleyimizi Sizə etibar edərək,
bu yolda hamını bir daha birliyə və həmrəyliyə
dəvət edirəm. Biz birlikdə
güclüyük!”
Salyan rayonunun Qarabağlı kəndinin
sakinləri Əlbaba Həsənov, Rabil Hüseynov və
Əlizamin Cəlalov Prezident İlham Əliyevin ən çətin
məqamlarda hər zaman hər bir vətəndaşın
yanında olduğunu atdığı addımlarla, verdiyi qərarlarla
sübut etdiyini, bu günlərdə bunu bir daha göstərdiyini
dövlətimizin başçısına
ünvanladıqları məktubda qeyd edirlər. Məktubda, həmçinin
deyilir: “Ölkəmizdə koronavirus pandemiyasının
yayılmasının qarşısının alınması
üçün Sizin tərəfinizdən
görülən tədbirlər təqdirəlayiqdir. Bu mübarizədə zəhmət çəkən,
sağlamlığımızın qorunması
üçün fəaliyyət göstərən tibbi heyətin
və digər şəxslərin məvaciblərinin
artırılması bir daha dövlətin hər bir vətəndaşının
əməyini vaxtında qiymətləndirdiyini, onlara dəyər
verməsini göstərir.
Bu pandemiya bütün
dünyada bir sıra problemlərə səbəb olub. Amma bu sahədə
zəhmət çəkən, əziyyəti olan
insanların əməyinin dövlət tərəfindən
qiymətləndirilməsi nümunəsi Azərbaycana aiddir.
Bu, Sizin humanistliyinizdən irəli gəlir.
Buna görə Sizə təşəkkür
edirik.
Cənab Prezident, Azərbaycan
xalqı çox çətinliklərin öhdəsindən
gəlib. İnanırıq ki, hazırkı narahat günlərimiz
də tezliklə tarixin yaddaşına köçəcək
və Sizin rəhbərliyinizlə ölkəmizdə
həyat yenindən öz axarına düşəcəkdir”.
Türkiyənin Kırıkkale şəhərində
təhsil alan azərbaycanlı tələbə
Marina Abdurahmanova onlara göstərilən diqqət və
qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü
bildirir. O yazır: “Türkiyədə olan azərbaycanlı tələbələrin
hər birinə alış-veriş üçün vəsaitin
verilməsi bizə həm maddi, həm də mənəvi
kömək oldu. Bu, Sizin sayənizdə
mümkün olub, cənab Prezident. Belə
çətin günlərdə bu qayğınız bizi
çox sevindirdi. Vətəndən kənarda
olsaq da, Siz bizə daim yanımızda olduğunuzu hiss
etdirdiniz. Çox qürurverici bir hissdir.
Türkiyədə olan bütün tələbələrin
adından Sizə təşəkkür edirəm. Nə
yaxşı ki, varsınız, əziz Prezidentimiz!
Əminik ki, birgə səylər
nəticəsində bu bəla da tarixə qovuşacaq, ölkəmiz
bu çətin günləri minimum itki ilə başa
vuracaqdır.
Sizə cansağlığı arzu edirəm”.
Daşkəsən rayonunun sakinləri
Etibar Verdiyev, Əli İsmayılov, Aybəniz Vəliyeva və
Vüsal Haqverdiyev Azərbaycanda koronavirus infeksiyasının
yayılmasının qarşısını almaq məqsədilə
dövlətimiz tərəfindən bütün lazımi tədbirlərin
həyata keçirildiyini, bu bəladan yalnız güclü
sosial təcrid və verilən tövsiyələrə ciddi əməl
etməklə xilas olmağın mümkünlüyünü
bildirərək yazırlar : “İnanırıq ki,
xalqımız bu işdə sonadək həmrəylik
nümayiş etdirəcək və koronavirus mövzusu tezliklə
tarixin yaddaşına köçəcəkdir. Biz daşkəsənlilər bütün tələb
və tövsiyələrə ciddi əməl edirik və
xalqımızı bir daha diqqətli, məsuliyyətli
olmağa səsləyirik.
Cənab Prezident, biz Sizə
inanırıq və güvənirik. Əminik ki, Sizin səmərəli fəaliyyətiniz və
xalqımızın həmrəyliyi sayəsində bu
pandemiyanın Azərbaycana təsiri çox da böyük
olmayacaq. Gördüyünüz işlərə
görə Sizə dərin minnətdarlığımızı
bildirir, ölkəmizdə həyatın tezliklə yenidən
öz axarına düşməsini və Azərbaycanın
inkişaf yolunu davam etdirməsini arzulayırıq”.
Azərbaycan Respublikası Müharibə,
Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının
sədri, general-polkovnik Tofiq Ağahüseynov Prezident İlham
Əliyevin koronavirusa qarşı mübarizə sahəsində
imzaladığı sərəncamları, sosial həmrəylik
nümayiş etdirilməsi barədə dəyərli tövsiyələrini
və təşəbbüslərini dəstəklədiklərini
bildirərək yazır: “Cənab Prezident, Sizin rəhbərliyinizlə
vaxtında görülmüş operativ və təxirəsalınmaz
tədbirlər nəticəsində hazırda
respublikamızda koronavirus pandemiyasına qarşı səmərəli
mübarizə aparılır. Dövlətimiz
bu gün də əhalinin sağlamlığını
qorumaq, koronavirusun yayılmasını önləmək
üçün səylərini davam etdirir. Xalqımızın bu bəladan minimum zərərlə
xilas olacağına inanırıq.
Möhtərəm Prezident, cənab
Ali Baş Komandan, Vətənimiz və xalqımız
üçün gördüyünüz bütün işlərə,
yorulmaz fəaliyyətinizə görə Azərbaycan
Respublikası Müharibə, Əmək və Silahlı
Qüvvələr Veteranları Təşkilatının Rəyasət
Heyəti adından Sizə və Birinci vitse-prezident Mehriban
Əliyevaya dərin minnətdarlığımızı
bildiririk. Əminik ki, koronavirusla mübarizə
çərçivəsində atdığınız qətiyyətli
və humanist addımlar öz dəyərli töhfəsini
verəcəkdir”.
Bu günlərdə Prezident İlham
Əliyevin Sərəncamına əsasən yaşına və
səhhətinə görə xüsusi qayğıya ehtiyac
duyan yaşı 65-dən yuxarı bir qrup məhkumun əfv
olunmasına görə dövlətimizin
başçısına minnətdarlığını ifadə
edən Laçın rayonundan məcburi köçkün
İnşallah Əsədov yazır: “Bu Sərəncamınız
bir daha Sizin böyüklüyünüzü, çətin
günlərdə hər kəsi
düşündüyünüzü göstərdi.
Böyük humanistlik
nümayiş etdirdiyinizə, bununla da on minlərlə vətəndaşı
sevindirdiyinizə görə Sizə təşəkkür
edirəm. Əminəm ki, bu xeyirxah addımınız ölkədə
ictimai həmrəyliyi, vətəndaş-dövlət
birliyini daha da möhkəmləndirəcəkdir. Biz
müəllimlər əlində qələm tutan əsgərlər
olaraq daim Sizin yanınızdayıq. Allah Sizi qorusun”.
Masallı rayonunun sakinləri Azər
Soltanov, Adil Fərzullayev və Güllübəyim Rəhimova
dünyanı bürüyən koronavirus pandemiyası ilə
mübarizə sahəsində ölkəmizdə görülən
işlərin təqdirəlayiq olduğunu qeyd edərək
yazırlar: “Virusun ölkə iqtisadiyyatına mənfi təsirinin
azaldılması ilə bağlı tədbirlər
üçün böyük məbləğdə vəsaitin
ayrılması, Koronavirusla Mübarizəyə Dəstək
Fondunun yaradılması, tibb işçilərinin sosial
müdafiəsinin gücləndirilməsi bu məsələyə
necə ciddi yanaşdığınızı göstərir.
Bir neçə gün bundan əvvəl Sizin
iştirakınızla tibbi maska istehsal edən müəssisənin
istifadəyə verilməsi koronavirusla mübarizə sahəsində
növbəti addım oldu. Qısa müddətdə
qurulan bu müəssisə heç şübhəsiz ki,
ölkəmizdə tibbi maska qıtlığını aradan
qaldıracaqdır.
Əziz Prezidentimiz,
böyük bir bəla olan koronavirusun kütləvi
yayılmasının qarşısını almaq məqsədilə
görülən işlərə görə Sizə dərin
minnətdarlığımızı bildiririk. Siz
xalqımıza dəstək olduğunuz kimi, xalqımız da
hər zaman Sizə dəstəkdir. Siz dediyiniz kimi, “Biz
birlikdə güclüyük!”.
Azərbaycan.- 2020.- 12 aprel.- S.1-2.