Koronavirusun iqtisadi fəsadları
dünya üçün
daha təhlükəlidir
İqtisadçı ekspert Vüsal Qurbanov hesab edir ki,
Çinin qlobal böhrandan qurtuluş təcrübəsi
ən uğurlu modelə çevrilə
bilər
Bu gün dünyanı çənginə almış koronavirus yalnız sağlığa təhdid deyil, həm də qlobal sosial-iqtisadi problemdir. Yəni pandemiya makroiqtisadi siyasətdən qlobal ticarətədək bütün sahələrə öz mənfi təsirini göstərməkdədir. Düzdür, bu gün hər kəs bunun təzahürlərini görür və hiss edir. Lakin, əslində, dünya qlobal iqtisadi problemə hələ indi qədəm qoyur. Bunun böyük dövlətlərə hansı formada təsir edəcəyini, ümumiyyətlə, prosesin necə sonuclanacağını indidən söyləmək qeyri-mümkündür.
Pandemiyanın dünya
iqtisadiyyatına mənfi təsiri qaçılmazdır
Bəzi təhlilçilər dünya iqtisadiyyatının 2020-ci ildə 30 faiz kiçiləcəyini, bəziləri isə 2020-ci ilin dünya iqtisadiyyatı üçün itirilmiş il olacağını söyləyirlər. Göründüyü kimi, pandemiya iqtisadiyyat üçün çox təhlükəlidir. Lakin vaxtında görülən tədbirlər onun miqyasını azaldaraq iqtisadi böhranın nəticələrini yumşalda bilir. Koronavirus bəlasına ilk bulaşmış, dünyanın iqtisadi güc mərkəzlərindən biri hesab olunan Çin Xalq Respublikası artıq bu problemdən qurtulduğunu və iqtisadiyyatını tənzimləməyə başladığını bəyan edir.
Elə tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan da pandemiyanın vurduğu zərərlərdən az itki ilə çıxmaq və makroiqtisadi sabitliyi qorumaq üçün qabaqlayıcı tədbirlər həyata keçirməkdədir. Söz yox ki, pandemiyanın fəsadları digər böyük dövlətlər kimi, Azərbaycan iqtisadiyyatından da yan keçməyəcək. Ancaq görünən odur ki, hökumətin gördüyü effektiv tədbirlər bu zərəri minimuma endirə bilər.
Həm Çin, həm də Azərbaycanda həyata keçirilən iqtisadi proseslərin paralelliyi ilə bağlı iqtisadçı ekspert Vüsal Qurbanova müraciət etdik. Qeyd edək ki, Vüsal Qurbanov 2006-2010-cu illərdə Çinin Renmin Universtitetinin Hüquq fakültəsində bakalavr təhsili alıb. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” əsasında 2010-2012-ci illərdə Çinin Tsinghua Universitetində beynəlxalq hüquq ixtisası üzrə təhsilin magistr pilləsini başa vurub. 2012-ci ildə isə ABŞ-ın Corc Vaşinqton Universitetində iqtisadi hüquq ixtisası üzrə kurs keçib. 2015-2016-cı illərdə Birləşmiş Ərəb Əmirliklərində "Soffitto Gioia FZC” şirkətində kommersiya meneceri kimi çalışan Vüsal Qurbanov Çində özünü iqtisadi sahədə sınayaraq "Global Assistant” ticarət və konsultasiya şirkətini təsis edib. Hazırda şirkətin təsisçisi və kommersiya direktorudur.
7 il dünyanın ticarət mərkəzi hesab olunan ölkədə ali təhsil almaq və ümumilikdə Çin iqtisadiyyatını 15 il ərzində mənimsəməklə böyük təcrübəyə sahib olan gənc iqtisadçı ekspert hesab edir ki, koronavirus epidemiyasının iqtisadi və sosial həyata mənfi təsirinin bir müddət davam edəcəyi qaçılmazdır.
Çin hesabını pandemiya təhdidinə
görə yox, iqtisadi
təhlükəni nəzərə alıb apardı
Pandemiyanın ilkin dövründə Çində baş verən proseslərə toxunan ekspert görülən qabaqlayıcı tədbirlərin artıq müsbət effekt verdiyini deyir. Onun fikrincə, epidemiyanın qarşısının alınması və ona nəzarət nisbətən sabit bir mərhələyə qədəm qoyduqdan dərhal sonra Çin hökuməti iqtisadiyyatı qorumaq fikrinin vacibliyi tezisini çox açıq şəkildə ortaya qoyub. İqtisadi təhlükəni əvvəlcədən görən Çin hökuməti məhz buna görə də hesabını pandemiya təhlükəsinə görə yox, iqtisadi təhlükəyə görə apardı:
"Hələ mart ayının 3-də Siyasi Büronun Daimi Komitəsinin iclasında epidemiyanın qarşısının alınması və iqtisadi inkişafa diqqəti yönəltmək təklifi irəli sürüldü. Xüsusi vurğulandı ki, iqtisadi və sosial inkişafın məqsəd və vəzifələrinə çatmaq üçün səylə çalışmalıyıq. Martın 12-də Siyasi Büronun Daimi Komitəsi epidemiyanın qarşısının alınması və ona nəzarət, bununla paralel iqtisadi və sosial inkişafda daha yaxşı bir iş görmək və illik iqtisadi-sosial inkişaf hədəflərinə çatmaq üçün çox çalışmaq vəzifəsini bir daha vurğuladı. Çin dövlətinin əvvəl qəbul etdiyi plana və hesablamalarına əsasən 2020-ci ildə ÜDM, həmçinin şəhər və kənd sakinlərinin adambaşına düşən gəlirləri 2010-cu ildəki göstəricilərə görə iki dəfə artmalı idi. Mütəxəssislər qeyd edirlər ki, bu məqsədə çatmaq üçün 2020-ci ildə ÜDM-in artım tempini təxminən 6 faiz səviyyəsində saxlamaq lazımdır. Məhz çıxış yolu kimi epidemiyanın davamlı təsiri altında hökumət ÜDM artımını qorumaq üçün iqtisadiyyatı stimullaşdırmağa dair böyük plan təqdim edəcək və burada əsas məsələ yerli infrastruktur layihələri ilə bu stimullaşdırmanı həyata keçirməkdir. Çin hökumətinin ilkin fikri məhz iqtisadiyyatın "dondurulmamasıdır”. Ölkə bugünə kimi istər kreditləşmə ilə, istər xarici idxalla təşviqi, istərsə də digər məsələlərlə yerli zavod və fabriklərin işə düşməsini təmin edə bildi, bundan sonra isə məsələnin hansı məcrada davam edəcəyini zaman göstərəcək”.
Hökumət daxili bazarı
stimullaşdırmağa çalışır
Vüsal Qurbanov uzun illər Çin iqtisadiyyatını araşdıran alman iqtisadçısı Doris Fişer Deutsche Wellenin açıqlamasına əsaslanaraq qeyd edir ki, Çin iqtisadiyyatının özünəgəlmə vaxtı may və ya iyun aylarına qədər uzanacaq. Çünki Doris Fişer düşünür ki, Çin hökumətinin bugünkü strategiyası fabriklərdə istehsalı bərpa etməkdir, epidemiya Çin iqtisadiyyatına böyük zərər vurdu. Əgər qısa zamanda iqtisadiyyat yenidən ayağa qalxmasa, bu, uzunmüddətli təhlükə olacaqdır və bu müddət virus təhlükəsindən də uzunmüddətli olacaq.
Ekspert deyir ki, Çin bu gün dünya iqtisadiyyatının təchizat zəncirində çox mühüm yer tutur. Pandemiya başlamazdan əvvəl isə dünya iqtisadiyyatını Çinsiz təsəvvür etmək belə çətin idi. Ölkənin şirkətlərinin böyük əksəriyyəti isə daxili bazardan çox xarici bazara fokuslanmışdır. Bir çox iri bazarlar hətta məhz xarici bazardan asılı idi: "Düzdür, Çin hökuməti bu bazarların və fabriklərin işə qayıtmasına icazə verdi, ancaq dünyada davam edən və pik həddini yaşayan pandemiya bütün ölkələrin iqtisadiyyatını iflic vəziyyətə salıb. Belə olan halda Çində istehsal bərpa olunsa da, çox qısa müddətdə dünya ölkələri iqtisadi güclərini bərpa etməsələr bu ölkənin istehsalatı bərpa etməsi boşa çıxacaq. Çin bu gün yalnız mal ixrac etmir, məhz Xi Jin Ping hökumətinin "Bir kəmər, bir yol” siyasətinə uyğun olaraq bu ölkədən İtaliyaya uzun bir yol üzərində yerləşən ölkələrdə layihələr həyata keçirir, Afrikada portlar inşa edir, saysız kreditlər ayırır. Bu gün hökumət artıq başa düşür ki, bu, yalnız "Çin pandemiyaya qalib gəldi” deməklə bitməyəcək. Buna görə də hökumət daxili bazarı stimullaşdırmağa çalışır. Bu yolla itirilmiş layihələri daxili bazarı canlandırmaqla həyata keçirmək istəyir”.
Ekspert hesab edir ki, məhz belə olan halda hökumət çox böyük pullar ayırmalı, yaxın zamanda bütün infrastruktur layihələrini özü maliyyələşdirməlidir. Məsələn, Zhejiang şəhərində yeni hava limanının tikilməsi məsələsi belə gündəmə gəlib. Ancaq bütün bunların timsalında Çində xarici ixracla məşğul olan bütün şirkətlər heç də ölkə daxilində istehsal gücünə malik deyillər. Ona görə də Çin ikinci rübdə stimullaşma hesabına müəyyən qədər irəliləyiş əldə edə bilər, ancaq virusun yaratdığı şok effektdən qurtulmaq qeyri-mümkün görünür.
Vüsal Qurbanova görə, bu gün Çin hökuməti eyni zamanda psixoloji müharibəni də öz lehinə çevirməyə cəhd göstərir. Bütün görülən tədbirlər nəticəsində ikinci rübdə 4.3 faiz artım proqnozunu verirlər. Çin Milli İnvestisiya Bankı CICC bu günlərdə hesabatında göstərib ki, 2020-ci ildə Çinin ixracatı 2019-cu ilə nisbətən təxminən 18 faiz aşağı ola bilər. Bu da ikinci-dördüncü rüblərdə iqtisadi artımın aşağı düşməsi deməkdir. İdxala gəldikdə, düşmə təxminən 25 faiz ola bilər. Üçüncü rübdə xarici tələbin alışa başlaması gözlənilir və dördüncü rüb xeyli sürətlənə bilər.
Araşdırmalar və təhlillər onu göstərir ki, Çin son illərdə apardığı siyasətin bəhrəsini görür. Bu gün Çin 2003-cü illə müqayisədə daha güclü ölkədir və bu, yalnız ÜDM-in dəfələrlə artmağında deyil, bütün sahələrdə özünü göstərir.
Ekspert hesab edir ki, Çin yüksək sürətli iqtisadi artımdan əlavə yüksək keyfiyyətli inkişaf mərhələsinə keçib. 2019-cu ilin sonunda Xi Jin Pingin başlatdığı "6 stabillik tezisi” ilə, yəni sabit məşğulluq, sabit maliyyə, sabit xarici ticarət, sabit xarici investisiya, sabit daxili sərmayə və sabit bazar gözləntilərindəki koordinasiya mexanizmləri tezisi ilə yola çıxan Çin 2020-ci ildə üzləşdiyi çətinliklərə baxmayaraq bu tezisə sadiq qalmağı bacarsa, ilin sonunda gözləntilər
3-3.5 faiz ÜDM artımı ilə nəticələnəcək: "Xüsusi qeyd etmək istərdim ki, bu tezislərin içində yalnız biri - stabil xarici ticarət məsələsi bu gün Çində narahatçılıq yaradır. Düşünürəm ki, Çin pandemiyaya yox, iqtisadi təhlükəyə qalib gəldi. Bu gün ABŞ və Avropa dövlətləri də artıq başa düşür ki, çox qısa zamanda işlər başlanmalıdır, əks halda iqtisadi zərbələr qaçılmaz olacaq”.
Böhrandan az itki ilə çıxmaq üçün
kompleks tədbirlər mütləqdir
Azərbaycanda hökumətin pandemiyaya qarşı həyata keçirdiyi effektiv qabaqlayıcı tədbirləri, Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən genişmiqyaslı iqtisadi və sosial paketi müsbət qiymətləndirən Vüsal Qurbanov maraqlı təkliflər irəli sürdü. Ekspert hesab edir ki, epidemiya ilk olaraq xidmət sahələrinə və insanların bəlli gəlirləri olan kiçik və orta sahibkarlığa (KOB) ən çox təsir etdiyi üçün dövlətin bu sahələrə və müəssisələrə çoxsaylı dəstək, yardım göstərməsi vacib şərtlərdəndir: "Düşünürəm ki, əsasən xidmət sahələrinə, kiçik və orta sahibkarlığa ictimai rifah dəstəyini artırmaq, sağlamlıq və epidemiyanın qarşısının alınması imkanlarını yaxşılaşdırmaq və təhlükəsizliyi təmin edərək onların işlərinin bərpasına çalışmaq lazımdır. Digər tərəfdən, bu sənaye müəssisələri biznes modellərini yeniləməyə təşviq edilməli və mümkün qədər onlayn, fərdi xidmət modelləri stimullaşdırmalıdır. Burda istehlakçıların da üzərinə məsuliyyət düşür”.
Vüsal Qurbanov deyir ki, bununla yanaşı genişmiqyaslı platformalarda, layihələrdə KOB-ların xidmət dəstəyi tam təmin edilməli, onların əməliyyat xərcləri azaldılmalı və fəaliyyət rahatlığı artırılmalıdır. Bu dönəmdə istər dövlət layihələrində, istərsə də dövlətdən maliyyələşən layihələrdə KOB-ların və fərdi sahibkarların iştirakı təmin edilməlidir. Nəhayət, vergi, maliyyə və sosial sığorta kimi müxtəlif aspektlərdən onlara dəstək davam etməlidir: "Həmçinin qısa zaman ərzində karantin rejiminə tam əməl edilməli, izolyasiya mərhələsi bitən kimi çox sayda müəssisə istehsalını, həmçinin bazarlar da öz işlərini davam etdirməlidirlər. Əgər qısa zamanda işlər bərpa olunmazsa, iqtisadi geriləmə qaçılmaz olacaq”.
Ekspertin fikrincə, bugünkü durumdan çıxış yolu proseslərə kompleks yanaşmadır. Çünki bir daha Çin təcrübəsinə əsaslansaq görərik ki, bu ölkə hazırda həm daxili istehsalı təşviq edir, həm istehsalçılara vergi və kredit məsələlərində yardımçı olur, kommunal və sair xərclərdə güzəştlər tətbiq edir. Son iki ayda 1,4 milyard insanın dolanışığı təmin edildi. Ona görə də işlər kompleks şəkildə həyata keçərsə, müsbət nəticə əldə etmək olar.
Azərbaycanda da dövlətin qlobal böhran şəraitində makroiqtisadi sabitliyi qorumaq üçün həyata keçirdiyi tədbirlərin davam etdiyini vurğulayan Vüsal Qurbanov hesab edir ki, Prezidentin tapşırığı ilə hazırlanan dövlət dəstəyi proqramları kiçik və orta sahibkarlığın fəaliyyətinə müsbət təsir göstərəcək. Çünki bu dəstək proqramları sahibkarlara böyük güzəştlərin ediləcəyini özündə ehtiva edir.
İqtisadçı ekspertin sözlərinə görə, Milli Məclisin son iclasında Baş nazir Əli Əsədovun da dövlətin bu istiqamətdə həyata keçirdiyi proqramların davamlı olacağını söyləməsi onu deməyə əsas verir ki, Azərbaycan hökuməti pandemiyanın vurduğu zərərlərdən çox az itkilərlə çıxmaq üçün bütün gücünü səfərbər edib. Bunun uğurlu nəticələri qarşıdakı dövrdə özünü büruzə verəcək.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2020.- 12 aprel.- S.3.