Dövrümüzün ölümcül mərəzləri
Tarixin, bəşəriyyətin bütün dövrlərində Yer üzündə minlərlə, milyonlarla insanın həyatına son qoyan müxtəlif xəstəliklər olub. Hər sivilizasiya tarixin fərqli dönəmlərində öz ölümcül mərəzini yaradıb. Hər əsrdə yeni, insanlığa məlum olmayan epidemiyalar yaşanıb. Lakin dəhşətli epidemiyalar müasir tibbin xeyli irəli getdiyi XX və XXI əsrlərin də bəlasına çevrilib. Elm bir çox ciddi xəstəliyin peyvəndini kəşf etmiş olsa da, yeni üzə çıxan viruslar qarşısında çarəsiz qalıb. Necə ki, aylardır yeni tip koronavirus, COVID-19 adlı bəla önündə acizdir.
Bu yazıda sizə müasir dövrdə koronavirusdan da öncə planetimizi sarsıdan epidemiyalar barədə məlumat verəcəyik.
Hər il 2 milyon can alan xəstəlik
QİÇS - Qazanılmış
İmmun Çatışmazlığı Sindromuna ilk yoluxma
halı 1920-ci illərdə hazırkı Konqo Demokratik
Respublikasının paytaxtı Kinşasanın yerləşdiyi
ərazidə baş verib. Tədqiqatçılar
belə bir nəticəyə 1959-cu ildə
götürülmüş qan nümunələrindəki
virus genlərinin təhlilindən sonra gəliblər. Virusun köklərinin Afrikada olması elmə
artıq məlumdur. Hərçənd ki,
onun yaranmasının daha dəqiq yeri və vaxtı barədə
xeyli mübahisələr aparılıb. Belçikadakı
Leuven və Britaniyanın Oksford universitetlərinin alimləri
ilk virusun yarandığı ərazini müəyyən etmək
üçün İİV-in (İnsanın İmmun
çatışmazlığı Virusu - infeksiyanın ən
son mərhələsində QİÇS-ə yol
açır) genealoji sxemini yaratmağa cəhd ediblər.
Bunu etmək üçün tədqiqatçılar
virusdakı mutasiyalara diqqət yetiriblər. Araşdırma göstərib ki, İİV
şimpanzelərdə rast gəlinən virusun mutasiyaya məruz
qalmış formasıdır. Virusun
insanlara şimpanzelərin qanı vasitəsilə
ötürüldüyü güman edilir.
1981-ci ildən 2012-ci ilə qədər
QİÇS-dən 36 milyon insan vəfat edib, 35,3
milyon insan isə İİV daşıyıcısı kimi həyatına
davam etməkdədir.
Virusun tam müalicəsi hələ
yoxdur. Yoluxduqdan sonra ehtiyat tədbirləri görmək və
ömür boyu dərman müalicəsi tətbiq etmək
lazımdır. Son illər dünya səviyyəsində
aparılan təbliğat kampaniyaları nəticəsində
virusun əvvəlki sürətlə yayılmasının
qarşısı alınıb. Yeni növ
dərman preparatlarının kütləvi istifadəyə
verilməsi də virusun profilaktikasında yeni ümidlər
yaratmaqdadır. Bütün bunlara baxmayaraq, QİÇS
hər il 2 milyondan çox insanın
ölümündə əsas səbəb kimi olmaqda qalır
və təəssüf ki, onlardan 270 mindən çoxu
uşaqlardır.
1988-ci ildən etibarən hər il dekabrın 1-i Ümumdünya QİÇS
günü kimi qeyd olunur.
İspan, Asiya,
Honq-Konq qripləri
İspan qripi - 1918-1920-ci illərdə
yayılmış, 500 milyon insanın yoluxduğu "H1N1”
qrip virusu dünyada təxminən 40-50 milyon insanın
ölümünə səbəb olub. Bu rəqəm
Birinci və İkinci Dünya müharibələrində
ölənlərin ümumi sayından dəfələrlə
çoxdur. Epidemiya Birinci Dünya müharibəsinin son
aylarında İspaniyadan dünyaya yayılmağa
başlayıb və ilk aylarda 8 milyon adam
virusun daşıyıcısına çevrilib. Onların
arasında o dönəmin İspaniya kralı XIII Alfons da
olub.18 ay müddətində dünyada 550 milyon adam, yəni
planet əhalisinin 29,5 faizi bu qripə
yoluxub. İspan qripi bəşər tarixinin ən
böyük qrip pandemiyasıdır. 1933-cü
ilə qədər bu qripə qarşı effektiv peyvənd
olmayıb.
Asiya qripi - Çində
başlayan virusun ördəklərdə formalaşaraq insana
keçdiyi düşünülür. 1957-1958-ci illərdə
baş verən Asiya qripi pandemiyası zamanı dünyada 2
milyon insan həyatını itirib. İspan
qripindən nisbətən zəif olan Asiya qripinin
qarşısı peyvəndlə müəyyən qədər
alındı. Bir ildə bu virusla əlaqədar
olaraq 40 milyon insan peyvənd edildi. Asiya qripi
kütləvi peyvəndin əhəmiyyətini və təsirini
göstərən ən vacib nümunələrdən birinə
çevrildi.
Honq-Konq qripi - Honq-Konqdan
dünyaya yayılan bu qrip H3N3 virusu olaraq bilinir. 1968-1969-cu illərdə
ilk dəfə Honq-Konqda təsbit edilib. Dünyada
1 milyon insanın ölümünə səbəb olub. Elm adamları tərəfindən XX əsr
pandemiyaları arasında ən zəifi sayılır. Bunun səbəbi Honq-Konq virusunun Asiya qripi virusuna bənzəməsidir.
Bu virusun törətdiyi infeksiyalara qarşı
insanlarda müəyyən immunitet yarandığından həmin
xəstəliyi nisbətən yüngül keçirdilər.
"Bəşər
tarixinin ən qəddar virus xəstəliyi”
SARS - İngiliscə "Severe Acute
Respiratory Syndrome” sözlərinin baş hərflərindən
ibarət olan SARS dilimizə Şiddətli Kəskin Respirator
Sindrom kimi tərcümə olunur. Koronavirus
virusunun səbəb olduğu SARS Asiya mənşəlidir.
Xəstəlik ilk dəfə 26 fevral 2003-cü ildə Hanoyda
46 yaşlı iş adamında kəskin atipik sətəlcəm
və tənəffüs çatışmazlığı
kimi ortaya çıxıb. SARS haqda ilk dəfə
məlumat verən həkim Karlo Urbaninin özü də 29 martda
bu xəstəlikdən həyatını itirib. Lakin xəstəliyin Çinin Quandun bölgəsində
2002-ci ilin noyabr ayından etibarən ortaya
çıxdığı bildirilir. Virus
2003-cü ildə bir neçə həftə ərzində
Honq-Konqdan 37 ölkəyə yayılıb. Nəticədə 8422 şəxs bu virusa yoluxub və
916 nəfər ölüb. Ümumdünya Səhiyyə
Təşkilatı SARS epidemiyasında ölüm nisbətini
10,9 faiz olaraq açıqlayıb.
Ebola virusu - Müasir
dövrümüzün qorxulu epidemiyalarından biridir. Bu virusa ilk
yoluxma faktı 1976-cı ildə qeydə alınıb. Həmin
il Sudanın Nzara bölgəsində və
ozamankı Zairin Yambuku rayonunda (indiki Konqo Demokratik
Respublikası) ilk virusa yoluxma halları aşkar edilib. Yeni epidemiyaya Yambuku yaxınlığındakı
Ebola çayının adı verilib. Epidemiya
əsasən Mərkəzi və Qərbi Afrikanın tropik
meşələrə yaxın kənd ərazilərində
yayılmağa başlayıb. O zaman virus 28616 nəfərə
yoluxmuşdu. Bunlardan 4877 nəfəri həyatını
itirmişdi.
2007-ci ildə virus Konqoda 187,
2012-ci ildə Uqanda və Konqoda 57 nəfərin həyatına
son qoyub. 2013-2014-cü illər aralığında yayılan
zaman bu virusun qarşısını almaq üçün
dünyanın bir çox ölkələrindən
yardımlar edilib. Virusun ən son
yayılması 2018-ci ilin avqust ayında Konqo Demokratik
Respublikasında qeydə alınıb.
Ebola virusu Ümumdünya Səhiyyə
Təşkilatı tərəfindən "bəşər
tarixinin ən qəddar virus xəstəliyi” adını
alıb. DST
Ebolanın beş müxtəlif tipinin
olduğunu və ona yoluxanların həyatda qalma
şansının 25-90 faiz arasında dəyişdiyini
açıqlayıb.
"Quş taunu”,
"donuz qripi”
Tarixin nisbətən yeni olan
təhlükəli epidemiyaları "quş qripi” və
"donuz qripi” adlandırılan virus növlərilə
bağlı olub.
İndi "quş qripi” kimi
məlum olan xəstəlik yüz il əvvəl İtaliyada
aşkarlanıb, lakin o vaxtlar bu xəstəlik həkimlərdə
elə bir ciddi narahatlıq doğurmamışdı. "Quş qripi” yoluxucu xəstəlikdir,
adi insan qripinin oxşarı olan A tipli qrip
virusu ştamlarının birindən əmələ gəlir.
Bu xəstəliyə müxtəlif ölkələrdə
bir-birindən fərqli adlar verilib. İtalyan
alimi Perronçita 1880-ci ildə ilk dəfə olaraq elmi dildə
onu "Toyuq tifi” kimi qələmə alıb. Sonralar
Avropada onu "Quş taunu” adlandırıblar. 1901-ci
ildə Çentani bu xəstəliyin virus təbiətli
olduğunu müəyyənləşdirib. Alimlər onu ilk dəfə 1971-ci ildə
"quş qripi” xəstəliyi adlandırıblar. Xəstəliyin yüksək patogenliyi
özünü XX əsrin sonlarında Meksikada, Çində
büruzə verməyə başlayıb. İnsanların "quş qripi”nə
yoluxmasının ilk təsdiqlənmiş halları 1997-ci ildə
Honq-Konqda baş verib. O vaxt 6 nəfər ölüb.
2003-2004-cü illərdə cənub-şərqi Asiyada 120-dən
çox adam virusa yoluxub və onların
yarısı həyatını itirib.
Xəstəliyin əsas
yayılma mənbəyi xəstəliyə tutulmuş
quşlardır. Virusa yoluxmuş quşlar aerogen,
ağız suyu, kal kütləsi və digər ifrazatlarla
virusu xarici mühitə yayırlar. Xəstəlik
hava axını, insanlar, nəqliyyat, milçək, böcək
və ölü quşlar vasitəsilə yoluxur. Yoluxmuş quşlar 14-25 gün ərzində virusu
xarici mühitə yaymaqla yanaşı, bundan sonra 2-3 ay
müddətində virusun daşıyıcısı olurlar.
Hətta sağalmış quşlar həftələrlə
onun daşıyıcısı ola bilər.
"Quş qripi” insana keçdikdə və
vaxtında müalicə edilmədikdə ölümlə nəticələnir.
Bəzi insanlar onun daşıyıcısı
kimi uzun müddət yaşaya bilirlər.
"Quş qripi” virusunun 15
yarımtipi arasında H5N1 virusu Ümumdünya Səhiyyə
Təşkilatının nümayəndələrində daha
çox narahatlıq doğurur. Bu, yüksək
patogenli virusdur və insanlar üçün təhlükəlidir.
Lakin virusun insandan insana keçməsi
halları hələlik məlum deyil. Əgər
"quş qripi”nin insan qripinə mutasiyası baş versə,
Yer kürəsi əhalisinin 80 faizi ölə bilər.
"Donuz qripi” - Ümumdünya Səhiyyə
Təşkilatının məlumatına görə, virus
"donuz qripi” adlansa da, əslində müxtəlif H1N1
viruslarının qarışığından yaranıb -
"donuz qripi”, "quş qripi” və insan qripi. Bu üzdən viruslara həm donuzların, həm
quşların, həm də insanların yoluxması
mümkündür. Virus quşlardan
donuzlara, donuzlardan isə insanlara keçib. Və məhz insanlara donuzlardan keçdiyi
üçün "donuz qripi” kimi tanınır.
"Donuz qripi”nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beşyaşlı Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub. Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700-dən çoxu dünyasını dəyişib. "Donuz qrip”indən qorunmağın ən yaxşı üsulu peyvəndlərdir.
Bəli, hər ötən illərdə dünya yeni, təhlükəli, ölümcül epidemiyalarla tanış olur. Son bir neçə aydır ki, bəşəriyyət yeni tip koronavirusla savaşa qalxıb. Mütəxəssislərin də sözlərindən çıxarılan nəticə budur ki, bütün növ viruslarda insanın ən güclü silahı immunitetidir. İmmunitetiniz nə qədər güclü olarsa, istənilən virusla mübarizədən bir o qədər az zərərlə və qalib kimi çıxa bilərsiniz. İmmunitetinizin güclü olması diləyi ilə...
Xəyalə MURADLI,
Azərbaycan.- 2020.- 12 aprel.- S.5.