Əsas məqsəd koronavirusla mübarizədə
qalib gəlmək, bu vəziyyətdən az itkilərlə
çıxmaqdır
İlham
Əliyev: "Mənim seçimim birmənalıdır - insanların
sağlamlığı"
Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı müşavirədə giriş nitqi söylədi.
Prezident İlham
Əliyevin giriş nitqi
- Bu gün biz ilin birinci rübünün yekunlarını müzakirə edəcəyik, görüləcək işlər haqqında danışacağıq. Deyə bilərəm ki, 2020-ci il uğurla başlamışdır. İlin əvvəlinin göstəriciləri deməyə əsas verir ki, Azərbaycanda islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır. Xüsusilə yanvar-fevral aylarında həm iqtisadi, həm də sosial göstəricilərimiz çox müsbət idi. Mart ayında isə müəyyən qədər tənəzzülə uğradıq. Bu da təbiidir. Çünki koronavirus bütün dünya üçün böyük bəladır və dünya iqtisadiyyatı üçün böyük problemdir. Əgər ilin 3 ayını bütövlükdə götürsək, görərik ki, yenə də inkişaf, tərəqqi var. Ancaq hər kəs bilməlidir ki, indi dünya yeni bir mərhələyə qədəm qoyub və hətta ən inkişaf etmiş ölkələr böyük problemlərlə üzləşiblər.
Koronavirus böyük bəladır, 100 mindən çox insanın həyatına son qoyub. Demək olar ki, dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşanır. Azərbaycan da dünyanın bir parçasıdır. Ancaq deyə bilərəm ki, qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində biz vəziyyəti nəzarət altında saxlayırıq. Hesab edirəm ki, bu günə qədər atılmış bütün addımlar düzgün istiqamətdə atılmış addımlardır. Məhz bu addımların atılması nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır. Əgər bu addımlar vaxtında atılmasaydı və biz düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejimi mərhələli yollarla sərtləşdirməsəydik, bu gün xəstələrin sayı min yox, bəlkə də 10 min, bəlkə də 20 min ola bilərdi. Ən inkişaf etmiş ölkələrin təcrübəsi onun göstərir ki, heç bir ölkə özünü tam sığortalı hesab edə bilməz. Heç bir ölkənin səhiyyə sistemi bu xəstələrin artan dinamikasının qarşısında duruş gətirə bilməz. Ona görə bu, bizim üçün də dərs olmalıdır və mən bunu artıq bildirmişəm, bir daha demək istəyirəm ki, ibrət götürməliyik. Bizim bütün addımlarımız ölçülüb-biçilmiş addımlardır və təsadüfi deyil ki, bir neçə ölkə bizim təcrübəmizdən yararlanıb oxşar addımlar atır. Biz bunu görürük.
Ona görə bizim bundan sonrakı addımlarımız elə atılmalıdır ki, insanların sağlamlığını, onların həyatını qoruya bilək. Əvvəllər qeyd etdiyim kimi, biz addımlarımızı vəziyyətə uyğun atacağıq və əlbəttə, hamımız istəyirik ki, bu karantin rejiminə tezliklə son qoyulsun və vətəndaşlar öz normal həyatına qayıtsınlar. Ancaq bir daha demək istəyirəm ki, bizim üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır. Bu günlərdə mənə ünvanlanan yüzlərlə, minlərlə məktublar, elektron məktublar, mesajlar göstərir ki, vətəndaşlar bizim atdığımız addımları yüksək qiymətləndirirlər.
Ancaq bir daha demək istəyirəm ki, koronavirus pandemiyası nə vaxt qurtaracaq bunu heç kim bilmir, heç kim proqnoz verə bilmir. Ona görə biz də, sadəcə olaraq, həm ölkə daxilində vəziyyəti tam nəzarətdə saxlamalıyıq, geniş monitorinq aparmalıyıq və aparırıq. Eyni zamanda, dünyada gedən prosesləri də yaxından müşahidə edərək öz addımlarımızı elə ataq və tam əmin olaq ki, bu koronavirus pandemiyası artıq təhlükə törətmir. Hesab edirəm ki, ancaq ondan sonra müəyyən dərəcədə yumşalma addımlarının atılması mümkündür. Hələ ki, demək tezdir, amma son günlərin rəqəmləri ümidvericidir. Ümid etmək istəyirəm ki, bu müsbət dinamika, yəni, xəstələrin sayı ilə bağlı müsbət dinamika bundan sonra da davam edəcək. Ancaq yenə də deyirəm, biz addımlarımızı vəziyyətə uyğun şəkildə atacağıq.
O ki qaldı, pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirinə, bu da qaçılmazdır. Artıq aparıcı beynəlxalq maliyyə qurumları qeyd edir ki, bu pandemiyadan yarana biləcək və yaranmaqda olan böhran 2008-2009-cu ilin böhranından daha da ağır olacaq. Bunu Beynəlxalq Valyuta Fondunun rəhbərliyi bildirmişdir. Eyni zamanda, biz bilirik ki, Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına 150-dən çox ölkə yardım üçün müraciət etmişdir. Yəni, dünya birliyinin mütləq əksəriyyəti artıq yardıma ehtiyac duyur və buna görə müraciət edibdir. Azərbaycanın adı bu siyahıda yoxdur. Hesab edirəm ki, bu vəziyyətdən şərəflə çıxmağımız, - mən buna əminəm, - bir daha göstərəcək ki, bizim bütün addımlarımız düşünülmüş addımlardır və xalqımızın, dövlətimizin maraqlarına uyğun şəkildə atılan addımlardır.
Ancaq bir daha demək istəyirəm ki, iqtisadi vəziyyətə pandemiyanın təsiri qaçılmazdır. Biz artıq bunu görürük. Ona görə hökumətə tapşırıq verirəm, xüsusilə Baş Nazirə, Maliyyə nazirinə və İqtisadiyyat nazirinə ki, dövlət xərclərinə yenidən baxılsın və prioritet təşkil etməyən xərclər ixtisar edilsin. Eyni zamanda, vəsaitin xərclənməsinə çox ciddi nəzarət mexanizmi tətbiq olunmalıdır. Bu məsələ ilə bağlı mən öz fikirlərimi bundan əvvəl də bildirmişdim. Son vaxtlar bu istiqamətdə müsbət dinamika göz qabağındadır və bunun nəticəsində biz həm keçən il, həm də bu ilin üç ayında büdcəmizə əlavə maliyyə vəsaiti daxil edə bilmişik. Ancaq hesab edirəm ki, burada hələ ehtiyatlar var, həm investisiya xərclərinə, eyni zamanda, cari xərclərə yenidən baxılmalıdır. Çünki bəzi hallarda cari xərclər şişirdilir. Xüsusilə dövlət təşkilatlarının, dövlət şirkətlərinin cari xərcləri əfsuslar olsun ki, şişirdilir və bu sahəyə çox ciddi diqqət göstərilməlidir. Bu sahədə şəffaflığın tam təmin olunması istiqamətində əlavə addımların atılması zəruridir. Hesab edirəm ki, biz bunun hesabına, əlbəttə, öz iqtisadi-maliyyə vəziyyətimizi sabit saxlayacağıq. Eyni zamanda, hökumətə tapşırıram ki, yeni gəlir mənbələri aşkar edilməlidir. Yenə də demək istəyirəm ki, ehtiyatlar var, çoxdur. Son müddət ərzində bu ehtiyatların bir hissəsi artıq üzə çıxıb və büdcəyə daxilolmalar artır, keçən il və bu il. Keçən il büdcəyə proqnozdan əlavə bir milyard manatdan çox vəsait daxil edilibdir, bu ilin üç ayında 300 milyon manatdan çox. Ona görə bu məsələyə çox diqqətlə baxmaq lazımdır və təkliflər hazırlanmalıdır. Yenə də demək istəyirəm ki, biz bilmirik bu vəziyyət nə qədər çəkəcək. Ona görə öz addımlarımızı elə atmalıyıq ki, iqtisadi, makroiqtisadi sabitlik təmin edilsin. Əlbəttə ki, biz, ilk növbədə, bu vəziyyətdən əziyyət çəkən vətəndaşların problemlərini həll etməliyik və edirik. Bu məqsədlə böyük məbləğdə vəsait ayrılıb, 600 mindən çox insan, hansı ki, pandemiyaya görə öz işini müvəqqəti olaraq itirib, dövlət tərəfindən dəstəklə təmin edilir. Bu insanların maaşlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Eyni zamanda, işsizlərlə bağlı problemlər öz həllini tapır və işini itirənlər artıq öz adlarını kütləvi surətdə qeydiyyata salırlar. Biz burada da çox diqqətli olmalıyıq, sui-istifadədən uzaq olmalıyıq. Bu, həm vətəndaşlara aiddir, həm də dövlət orqanlarına. Doğrudan da işini itirmiş, yaxud da ki, işləməyən insanlara yardım göstərilməlidir. Çünki mənə verilən məlumata görə, son günlər ərzində müraciətlərin dinamikası çox sürətlidir və bu, müəyyən şübhələr doğurur. Dövlət orqanlarının kifayət qədər imkanı var ki, bu məsələ araşdırılsın və ehtiyacı olan insanlar dövlətdən yardım alsınlar.
Onu da bildirməliyəm ki, mənim göstərişimlə son aylar ərzində ünvanlı sosial yardım alan insanların sayı artırılıb, indi 70 mindən çoxdur. Əlbəttə ki, hər bir məsələyə biz ayrı-ayrılıqda baxmalıyıq, vahid meyarlar tətbiq olunmalıdır və bu meyarlar vətəndaşlara da aydın olmalıdır ki, bununla bağlı heç kimdə heç bir şübhə qalmasın.
Əlbəttə ki, həyat yerində durmur, həyat davam edir və mən əminəm ki, 2020-ci il də çox dərin və geniş islahatlar ili olacaq, necə ki, 2019-cu ildə islahatların böyük hissəsi icra edilmişdir. Əslində, islahatların yeni mərhələsinə start 2018-ci ilin Prezident seçkilərindən sonra verilmişdir. Mənim andiçmə mərasimindəki çıxışımda inkişafımızın və islahatların bütün istiqamətləri açıq-aydın göstərilmişdir. Ondan sonra biz bu islahatların ardıcıllıqla həyata keçirilməsi ilə məşğuluq və bu gün deyə bilərəm ki, ölkəmizdə daha yaxşı vəziyyət yaranmışdır - həm siyasi müstəvidə, iqtisadi sahədə, həm də sosial problemlərin həllində. Əlbəttə, əgər bu koronavirus pandemiyası müdaxilə etməsəydi, bizim uğurlarımız daha da böyük həcmli olardı. Ancaq əminəm ki, biz bu ağır vəziyyətdən də çıxacağıq, iqtisadiyyatımız, iş yerləri bərpa ediləcək.
Pandemiya bir daha göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır. Buna nail olmaq üçün mütləq bütün sahələrdə islahatlar aparılmalıdır - həm iqtisadi - sosial sahədə, eyni zamanda, siyasi sahədə. Mən hesab edirəm ki, siyasi islahatların aparılması bundan sonra da bizim imkanlarımızı daha da genişləndirəcək. Biz bu islahatların gözəl nəticələrini görürük. Azərbaycan bundan sonra da demokratik inkişaf istiqamətində önəmli addımlar atacaq. Bizim kifayət qədər güclü siyasi iradəmiz var. Biz görürük ki, siyasi və iqtisadi islahatlar paralel aparılarkən doğrudan da böyük uğurlara imza ata bilərik.
Struktur islahatları aparılıb və hesab edirəm ki, struktur islahatlarının davam etdirilməsi məsələlərinə yenə də baxmalıyıq. Siyasi islahatlar göz qabağındadır, kadr islahatları aparılıb. Prezident Administrasiyasında, Nazirlər Kabinetində, parlamentdə böyük kadr dəyişiklikləri edilib. Bütün hakimiyyət qollarında aparılan islahatlar bir məqsədi güdür ki, idarəetmə mexanizmi daha da təkmilləşsin, təbii olaraq, gəncləşmə siyasəti aparılsın və peşəkar kadrlar önəmli vəzifələrə gətirilsin. Hesab edirəm ki, bizim sözümüzlə əməlimiz arasında hər zaman olduğu kimi, bu dəfə də vəhdət var və nəyi bəyan etmişəmsə biz onu da təmin edirik. Hesab edirəm ki, Prezident Administrasiyasında, Nazirlər Kabinetində və Milli Məclisdə aparılan ciddi islahatlar nəticəsində ölkəmiz indi yeni inkişaf mərhələsinə inamla qədəm qoyur və idarəetmədə təkmilləşmə göz qabağındadır. Eyni zamanda, yerli icra orqanlarında aparılan kadr islahatları, xüsusilə, xoşagəlməz hallara qarşı ciddi mübarizə də göz qabağındadır. Bu, bizim şüurlu seçimimizdir. Bütün xoşagəlməz hallara qarşı bundan sonra da ciddi mübarizə aparılacaq. Hesab edirəm ki, Prezident tərəfindən edilən xəbərdarlıq hər kəs üçün dərs olmalıdır. Əgər kimsə bundan ibrət götürməsə, günah onun özündə olacaq.
Bu islahatların məntiqi davamı parlament seçkiləri idi və bu ilin fevral ayında keçirildi. Parlament seçkiləri bir daha xalqımızın iradəsini ifadə etdi, bir daha göstərdi ki, apardığımız siyasət Azərbaycan vətəndaşları tərəfindən bəyənilir, dəstəklənir və parlament seçkiləri demokratik inkişaf istiqamətində atılmış növbəti addımdır. Seçkilərdən sonra parlamentin tərkibi böyük dərəcədə, rəhbər orqanları isə tam dəyişdirildi. Tarixdə ilk dəfə olaraq, müxalifət nümayəndəsi Milli Məclisin sədrinin müavini vəzifəsinə seçildi. Hesab edirəm ki, bu, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış önəmli addımdır. Eyni zamanda, tarixdə ilk dəfə olaraq, parlament komitələrinə müxalifət nümayəndələri başçılıq edirlər, həm sədr, həm müavin vəzifələrində. Hesab edirəm ki, bu da çox önəmli addımdır və ilk növbədə, siyasi sistemin yeni konfiqurasiyasına yol açan bir addımdır, eyni zamanda, Milli Məclisdə gedən proseslərə müsbət təsir göstərəcək. İndiki şəraitdə biz açıq-aydın görürük ki, siyasi qüvvələrin mütləq əksəriyyəti dövlətçilik prinsiplərini hər şeydən üstün tutur və bu da əslində, bizim əsas məqsədimizdir. Çünki əsas məqsədimiz elə siyasi sistem yaratmaqdır ki, fərqli baxışlardan asılı olmayaraq, hər bir siyasi qüvvə üçün bir amal müqəddəs olsun, o da dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişafdır. Belə olan halda həm siyasi müstəvidə işlər müsbət istiqamətdə gedəcək, eyni zamanda, ölkədə mövcud olan problemlər daha tezliklə həll olunacaq. Çünki müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır.
Hesab edirəm ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır. Müstəqillik dövründə bu sahədə heç vaxt belə müsbət mənzərə müşahidə edilmirdi.
Əlbəttə, bəlkə mən hadisələri bir qədər qabaqlayıram. Çünki bu proses hələ təzə-təzə başlayır. Ancaq bəlkə ona görə qabaqlayıram ki, mən bu prosesin sürətlə getməsini arzulayıram. Şadam ki, bizim dialoq təklifinə müxalifət partiyalarının hamısı müsbət cavab verib və artıq siyasi dialoq başlayır. Əminəm ki, bu, ölkəmizə böyük fayda gətirəcəkdir.
O ki qaldı, bu dialoqdan imtina edənlərə, onları siyasi qüvvə adlandırmaq düzgün olmaz. Çünki bu düşərgədə cəmləşən insanlar uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar. Onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir. Ölkəmiz üçün, xalqımız üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Onların fəaliyyətinin tarixi də bunu göstərir. Biz bu tarixi yaddan çıxarmamışıq. Həmin bu qüvvələr Azərbaycanı 1990-cı illərin əvvəllərində ağır vəziyyətə salıblar, xəyanət ediblər, torpaqlarımızın işğalını şərtləndiriblər. Ondan sonra qorxaqcasına qaçıb gizləndilər. Həmin bu adamlar Azərbaycana böyük zərbə vurmuşlar, vətəndaş müharibəsinə start vermişlər. Torpaqlarımız işğala düşən zaman burada qardaş qanı axıdıldı. Bu qruplaşma ölkəmizdə xaos, anarxiya yaratdı, korrupsiya dövlət siyasətinə çevrildi və səriştəsizlik, tərbiyəsizlik, mədəniyyətsizlik artıq AXC-Müsavat hakimiyyətinin rəmzinə çevrildi. O hakimiyyəti təmsil edən adamların yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində ölkə faktiki olaraq dağılma ərəfəsində idi.
Ona görə bu qruplaşmanı indiki şəraitdə siyasi qüvvə adlandırmaq olmaz. Onu bildirməliyəm ki, həmişə nəyisə gözləyirlər və həmişə xarici amilə ümid edirlər. Yadınıza salın, 2005-ci ildə postsovet məkanında inqilablar baş verdiyi zaman onlar da bundan ruhlanıb "narıncı inqilab” etmək fikrinə düşmüşdülər. Hətta özləri üçün ayrı bir rəng də seçməkdə çətinlik çəkdilər, Ukraynadan o vaxt narıncı rəngi götürüb burada tətbiq etmək istədilər. Narıncı rəngdə maykalar, bantlar sifariş edib ölkəmizə gətirdilər. Ancaq bir şeyi nəzərə almadılar ki, o vaxt, 2005-ci ildə parlament seçkiləri noyabr ayında keçirilmişdi. Noyabrda artıq soyuqlar başlayır. O gülməli mənzərə yadımdadır ki, bunlar pencəyin, paltonun üstündən narıncı maykaları geyib küçələrə çıxmışdılar. Bəziləri isə boyunlarına salmış, bəziləri başlarına bağlamışdılar. Bu, bir komediya mənzərəsi yaradırdı. Bax, budur bunların qabiliyyəti. O da alınmadı. Ondan sonra "ərəb baharı” başlayanda yenə də ruhlandılar ki, bunların əlinə bir fürsət düşəcək. 2011-2012-ci illərdə Azərbaycanda "ərəb baharı”nın təkrarlanmasını istəmişdilər. O da alınmadı. 2013-cü ildə prezident seçkiləri ərəfəsində hansı eybəcər addımlar atmışdılar, onu hər kəs xatırlayır. İndi isə koronavirus bunlar üçün sanki, göydəndüşmə bir hədiyyədir. Bu gün koronavirusa sevinən ancaq bu antimilli qruplaşmadır. Mən təbii ki, baş verən hadisələrdən xəbərdaram və bilirəm ki, bunların bu çirkin niyyətləri dəhşətli bir mənzərə yaradır. Ölənlərin sayının artmasını arzulayırlar, xəstələrin sayının artmasını istəyirlər, sevinirlər ki, insanlar vəfat edir. Yəni, bu, iqtidara qarşı deyil, dövlətə qarşı düşmənçilikdir. Mən hər şeyi öz adı ilə çağırıram. Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var - düşmən. Hər kəs bunları belə də çağırmalıdır. Bunların indiki arzuları da gözlərində qalacaq. Sözüm onda deyil, sözüm ondadır ki, siyasi islahatlar bu gün tam yeni bir konfiqurasiya yaradır. Əminəm ki, marginal qruplaşmaya yeni konfiqurasiyada yer yoxdur və olmamalıdır. Azərbaycan xalqı onları 27 il bundan əvvəl tarixin zibilxanasına atıbdır.
Hesab edirəm ki, bizim bu ilin əvvəlindən beynəlxalq müstəvidə də fəaliyyətimiz uğurludur. Mənim Davos Forumunda və Münxen Konfransında iştirakım, hesab edirəm ki, çox müsbət nəticələrə gətirib çıxarıb. Çünki Davos Ümumdünya İqtisadi Forumu dünyanın bir nömrəli beynəlxalq iqtisadi tədbiridir və dünyanın siyasi, iqtisadi elitası orada iştirak edir. Mən Azərbaycana böyük marağı bir daha gördüm, bunun şahidi oldum. Dünyanın nəhəng şirkətləri Azərbaycanla işləmək istəyirlər. Növbəti addımların atılması və yeni razılaşmaların imzalanması üçün yaxşı şərait yaradılmışdır. Davos Forumunda keçirdiyim bir çox görüşlər konkret nəticəyə gətirib çıxarır. Azərbaycana sərmayə qoyulur, böyük şirkətlər Azərbaycanla daha fəal əməkdaşlıq edir və sair.
O ki qaldı, Münxen Təhlükəsizlik Konfransına, bu da dünya miqyasında təhlükəsizliklə bağlı bir nömrəli konfransdır. Bu dəfə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı imkan oldu ki, canlı efirdə həm tarixi həqiqətlər, həm münaqişə ilə bağlı həqiqətlər geniş auditoriyaya çatdırılsın. Çünki bu auditoriya milyonlarla insanı əhatə edir. Nəzərə alsaq ki, tarixdə ilk dəfə olaraq Azərbaycan və Ermənistan rəhbərləri canlı efirdə debatda idilər. Bu debatlara çox böyük maraq var idi. Bu, bir daha göstərdi ki, erməni təbliğatı saxtakarlıq, yalan, mifologiya üzərində qurulub. Bizim sözümüz isə tarixə, tarixi sənədlərə, tarixi reallıqlara və beynəlxalq hüquqa əsaslanır. Ona görə Münxen Təhlükəsizlik Konfransının yekunları Ermənistan təbliğatını darmadağın edib və bunların uzun illər ərzində uydurduğu yalan məlumatlara son qoyub. Əlbəttə, istisna edilmir ki, bu cəhdlər bundan sonra da göstəriləcək, ancaq artıq buna heç kim inanmayacaq.
Ona görə hesab edirəm ki, həm münaqişə ilə bağlı, həm Cənubi Qafqazın tarixi ilə bağlı keçirilmiş bu tədbir bizim böyük uğurumuzdur. Azərbaycan xalqı mənə göndərilən on minlərlə mesajlarda, məktublarda öz dəstəyini bir daha ifadə etmişdir.
Münaqişə ilə
bağlı onu da bildirməliyəm ki, Ermənistan təbliğatına
və ümumiyyətlə, Ermənistanın münaqişə
ilə bağlı mövqeyinə növbəti böyük
zərbə bu yaxınlarda vuruldu. Bu zərbəni, əslində,
onlar özləri özlərinə vurdular. Əlbəttə
ki, bizim məqsədyönlü fəaliyyətimiz, beynəlxalq
təşkilatlarla yaranmış əlaqələr bu zərbəni
daha da gücləndirdi. Söhbət qondarma "Dağlıq
Qarabağ respublikası”nda keçirilmiş qondarma
"prezident”in qondarma "seçkiləri”ndən gedir. Bu
"seçkilər” bir daha göstərdi ki, bu qanunsuz xunta
rejimini heç kim tanımır. "Seçkilər”dən
sonra bütün aparıcı beynəlxalq təşkilatlar
bu seçkiləri tanımadı və açıq-aydın
bəyanatlar səsləndi. ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika,
Fransa, Rusiya açıqlama verdi. ATƏT
Parlament Assambleyası açıqlama verdi.
Avropa İttifaqı, hətta bizə qərəzli mövqedə
dayanan Avropa Parlamenti də açıqlama verdi.
NATO, İslam Əməkdaşlıq Təşkilatı,
Qoşulmama Hərəkatı, Türk Şurası -
bütün bu təşkilatlar dünyanın demək olar ki,
mütləq əksəriyyətini cəmləşdirir.
Qoşulmama Hərəkatında 120 ölkə,
İslam Əməkdaşlıq Təşkilatında 50-dən
çox ölkə, Avropa İttifaqında 30-a yaxın
ölkə, ATƏT-də 50-yə yaxın ölkə. Bütün bu təşkilatlar bu "seçkiləri”
tanımadı və bir daha göstərdilər ki,
Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.
Bu, bir daha göstərdi və mən bunu
demişəm, bir daha demək istəyirəm ki, Dağlıq
Qarabağ Azərbaycandır və nida işarəsi.
Ancaq istəyirəm Azərbaycan
vətəndaşları bilsinlər ki, bu beynəlxalq təşkilatlar
arasında bir təşkilatın adı yoxdur. Hesab edirəm, hər kəs
başa düşür ki, söhbət Avropa
Şurasından, Avropa Şurası Parlament Assambleyasından
gedir, hansı ki, uzun illər, 20 il ərzində Azərbaycanı
qaralamaq, Azərbaycana şər, böhtan atmaq, Azərbaycanı
nüfuzdan salmaq üçün əlindən gələni əsirgəmir.
Avropa Şurası Parlament
Assambleyası susubdur. Baxın, bütün təşkilatlar, o
cümlədən Avropa təşkilatları bəyan edirlər
ki, biz bu seçkiləri tanımırıq. Bunun birmənalı mənası odur ki,
Dağlıq Qarabağ Azərbaycandır. Avropa Şurası Parlament Assambleyası niyə
susur? Niyə bunu demir? Sualın cavabı
aydındır. Ona görə ki, orada cəmləşən
anti-Azərbaycan qüvvələr, ermənipərəst
qüvvələr Azərbaycana düşmən gözü
ilə baxırlar. Bizə qarşı o təşkilatdan
gələn bütün iradların heç bir əhəmiyyəti
yoxdur. Mən demişəm, bir daha demək
istəyirəm ki, onların qəbul etdikləri qətnamələr,
qərarlar mənim üçün kağız
parçasından artıq deyil. O təşkilatın Azərbaycanla
bağlı olan fikri məni maraqlandırmır və
heç vaxt maraqlandırmayıb.
Bir məsələyə də
diqqətinizi çəkmək istəyirəm. Azərbaycanla
bağlı məruzəçilər var və bu məruzəçilər
də susub, bir söz demirlər. Burada
balaca bir hadisə baş verən kimi ölkəmiz haqqında
ağızdolusu yalan, böhtan uydururlar. Nə
üçün susublar? Bundan sonra onlar Azərbaycan
üzrə məruzəçi olmaq mənəvi
haqqını itiriblər. Azərbaycan
xalqı hər şeyi yaxşı görür. Görür ki, bunların çirkin bəyanatlarının
arxasında heç də Azərbaycanda demokratiya, insan
haqlarının qorunması məsələsi dayanmır.
Azərbaycanı qaralamaq, şantaj etmək,
nüfuzdan salmaq, beləliklə, ölkəmizin maraqlarına
zərbə vurmaq bu qurumun məqsədidir.
Biz isə öz yolumuzla
gedirik. Bir daha demək istəyirəm ki, Dağlıq
Qarabağ münaqişəsinin həllinin bir yolu var, o da Azərbaycanın
ərazi bütövlüyünün bərpasıdır.
Bütün beynəlxalq aləmin bu qondarma
"seçkilər”ə olan reaksiyası bizim mövqeyimizi
daha da gücləndirir.
Beynəlxalq tədbirlərdən
danışarkən, əlbəttə ki, Azərbaycanın təşəbbüsü
ilə videokonfrans şəklində keçirilmiş
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının fövqəladə Zirvə
görüşünü qeyd etməliyəm. Azərbaycan
keçən ilin oktyabr ayında bu təşkilatda sədrliyi
öz üzərinə götürmüşdür. Bu təşəbbüs irəli sürüldü.
Bildirməliyəm ki, Türk Şurası bu
günə qədər dünyanın yeganə təşkilatıdır
ki, dövlət başçıları səviyyəsində
koronavirusla bağlı Zirvə görüşü
keçirib. Görüş çərçivəsində
səslənən fikirlər, qarşılıqlı dəstək,
həmrəylik və qəbul edilmiş yekun Bəyannamə
bir daha göstərdi ki, bizim təşkilatımızın
çox möhkəm əsasları var və ağır
gündə biz bir-birimizin yanındayıq. Hesab edirəm ki, Azərbaycanın təşəbbüsü
burada çox yerində və vaxtında atılmış
addımdır, bütün həmkarlarım bunu qeyd etmişlər.
İqtisadi nailiyyətlərimizlə
bağlı bir daha demək istəyirəm ki, biz yanvar, fevral
aylarını çox yaxşı göstəricilərlə
başa vurmuşuq. Ümumi daxili məhsul 3 faizə yaxın
artmışdır, qeyri–neft sektorunda təxminən 7 faizə
yaxın artım olmuşdur. Ancaq əgər üç
ayı götürsək ümumi daxili məhsul 1,1 faiz artıb. Qeyri–neft sektorunda
isə 3 faizdən bir qədər çox artıb. Yenə də artım var. Ancaq, əlbəttə, əgər
koronavirus araya girməsəydi, bu artım daha da böyük
olacaqdı.
Qeyri–neft sənaye sektorunda
artım 23 faizdir. Bu da onu göstərir ki, son müddət
ərzində bu sahəyə göstərilən diqqət və
qoyulan sərmayə öz gözəl nəticəsini verməkdədir.
İnflyasiya 3 faiz səviyyəsindədir, ilin iki ayında 2,8 faiz idi, bir qədər artıb. Əhalinin gəlirləri isə 7 faizə
yaxındır. Üç ayda vergi və
gömrük orqanları büdcəmizə proqnozdan əlavə
310 milyon manatdan çox vəsait daxil etmişlər. Xüsusilə nəzərə alsaq ki, indi iqtisadi fəallıq
aşağı düşüb, bu, hesab edirəm ki,
yaxşı nəticədir, yenə də şəffaflıqla
bağlı olan tədbirlərin bariz nümunəsidir.
Bildirməliyəm ki, ilin
sonuna qədər sosial sahədə heç bir proqram ixtisar
edilməyəcək. Əksinə, koronavirusla bağlı ümumi dəstək
paketi 2,5 milyard manat nəzərdə
tutulur. Ancaq bundan artıq olacaq. Təkcə lazımi avadanlıqların, ləvazimatların
alınması üçün bu yaxınlarda Prezidentin ehtiyat
fondundan 97 milyon manat ayrıldı. Bundan
sonra da ilin sonunadək nə qədər lazımdırsa, hələ
150 milyon manatın ayrılması da nəzərdə tutulur.
Bu, 2,5 milyard manatın içində deyil.
Bütün sosial ödənişlər
aparılır. Hesab edirəm ki, orta aylıq əməkhaqqının
28 faiz, orta pensiyanın təqribən 27 faiz artması da onu
göstərir ki, bu istiqamətdə müsbət işlər
görülür. İndi bizim orta aylıq əməkhaqqımız
712 manatdır, orta pensiya 295 manatdır. Yaşa
görə pensiya isə 330 manata yaxındır. Yəni, biz maaşları, pensiyaları ildən-ilə
artırırıq. Əlbəttə ki, keçən
il çox böyük artım olmuşdu, 4,2
milyon insan dövlət tərəfindən qəbul edilmiş
proqramlardan yararlanıb. Bu il bütün
sosial infrastruktur obyektlərinin tikintisi də ixtisarsız icra
ediləcək. Minimum 7 min köçkün ailəsi
yeni mənzillərə köçürüləcək və
minimum 1500 şəhid ailəsinə yeni mənzillər veriləcək.
Bir sözlə, demək istəyirəm
ki, üç ayın yekunlarını prinsip etibarilə
müsbət qiymətləndirmək olar. Ancaq bir daha demək istəyirəm
ki, heç kim bilmir pandemiya nə qədər
davam edəcək və iqtisadi fəallıq nə zaman bərpa
olunacaq. Biz bütün
addımlarımızı vəziyyətə uyğun şəkildə
atmalıyıq.
Onu da bildirməliyəm ki, mənim
Sərəncamımla sosial, iqtisadi, maliyyə, makroiqtisadi vəziyyəti
sabit saxlamaq üçün dörd işçi qrup
yaradılmışdır. Bu qrupların rəhbərləri
görülmüş işlərlə bağlı bu gün
məlumat və təkliflər versinlər. Birinci söz verilir Maliyyə naziri Samir Şərifova.
***
Maliyyə naziri Samir ŞƏRİFOV çıxış edərək
dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli müşavirə
iştirakçıları.
Ötən il
ölkəmizin sosial-iqtisadi inkişafında əldə edilən
nəticələr, aşağı inflyasiya və sabit milli
valyuta şəraitində iqtisadi artımın sürətlənməsi
və gəlirlərimizin artması cari ildə də bu
müsbət meyillərin davam etməsi üçün əsaslı
gözləntiləri formalaşdırıb. Bu
gözləntilər ötən yanvar-fevral aylarında
özünü tam doğruldub, cari ilin birinci rübü
üzrə dövlət büdcəsinin mədaxil göstəriciləri
artıqlaması ilə yerinə yetirilib. İqtisadiyyat
Nazirliyinin Dövlət Vergi Xidmətinin xətti ilə 2
milyard 40 milyon manat - proqnoz göstəricisindən 221 milyon
manat və ya 12,2 faiz çox vergi və rüsumlar
yığılıb, Dövlət Gömrük Komitəsinin
xətti ilə 991 milyon manat - proqnoz göstəricisindən
91 milyon manat və ya 10,1 faiz çox gömrük
rüsumları və idxal vergisi təmin edilib.
Ümumilikdə, dövlət
büdcəsinin 2020-ci ilin birinci rübündəki gəlirləri
5 milyard 748 milyon manat proqnoza qarşı 35,9 faiz və ya 2
milyard 63 milyon manat artıq icra olunaraq 7 milyard 811 milyon manat təşkil
edib. Dövlət büdcəsinin xərcləri isə 5
milyard 255 milyon manat məbləğində və ya proqnoza
qarşı 100,8 faiz icra olunub. Nəticədə dövlət büdcəsində
2 milyard 556 milyon manat profisit yaranıb. Profisitin
1 milyard 793 milyon manatı Dövlət Neft Fondunun dövlət
büdcəsinə proqnozdan artıq transfertinin payına
düşür.
Qeyd edim ki, Dövlət Neft
Fondunun proqnozdan artıq daxil olmuş transfertin məbləği
nəzərə alınmadan belə cari ilin birinci
rübünün profisiti 763 milyon manat təşkil edib.
Bu ilin əvvəlində Çin
Xalq Respublikasında yeni növ koronavirus (COVID-19)
infeksiyasının aşkarlanması, yüksək sürətlə
yayılması və pandemiyaya çevrilməsi istisnasız
olaraq bütün dünya dövlətlərini, o cümlədən
Azərbaycan Respublikasını tədqiq olunmamış təhlükə
ilə üz-üzə qoyub. Pandemiya
insanların ənənəvi həyat tərzini pozaraq, hətta
inkişaf etmiş dövlətlərin səhiyyə sistemlərini
xəstə axını qarşısında aciz qoyub. Eyni zamanda, iqtisadiyyatın bir çox sahələrini
qeyri–müəyyən müddətdə iflic edib, qlobal
istehlakı daraldıb, nəticədə dünya
iqtisadiyyatına və ticarətinə ağır zərbə
vurulub, qlobal iqtisadi böhranın ilkin əlamətləri
yaranıb.
Bununla birgə, bəzi neft
hasil edən ölkələr arasında ticarət çəkişmələrinin
başlanması ölkəmizin xarici valyutada gəlirlərinin
kəskin azalmasına, tədiyə balansının pisləşməsinə
gətirib çıxarıb ki, bunu biz məhz ötən
rübün mart ayının iqtisadı göstəricilərində
müşahidə edirik.
Bu qeyri-standart xarici mənşəli
şoklar şəraitində Azərbaycan Respublikasının
Prezidentinin bir çox dövlətlərə örnək
olmuş erkən və qətiyyətli qərarları xəstəliyin
ölkəmizdə yayılma sürətinin
azaldılmasına, səhiyyə sistemimizin xəstəliklə
mübarizə imkanlarının artırılmasına, bununla
da insan həyatının qorunmasına yönəldilib. Qərarların
həyata keçirilməsi üçün zəruri kadr,
inzibati və maliyyə resursları səfərbər olunub.
Dövlət
başçısının tapşırığına
müvafiq olaraq xərclərin prioritetliyi yenidən qiymətləndirilərək
mövcud büdcə qanunvericiliyi çərçivəsində
ilkin olaraq bir sıra xərclərin ixtisarı və təyinatının
dəyişdirilməsi, həmçinin Prezidentin ehtiyat
fondunun və digər ehtiyat mənbələri hesabına
dövlət büdcəsindən koronavirusla mübarizə və
iqtisadiyyata mənfi təsirlərin azaldılması tədbirlərinin
maliyyələşdirilməsi üçün 1 milyard 350
milyon manat məbləğində vəsait ayrılıb.
Bu vəsaitin 350 milyon manatlıq hissəsi
bir sıra zəruri tibbi ləvazimatların və
avadanlıqların təxirəsalınmadan alınması,
dövlət və özəl tibb müəssisələrində
çalışan tibb işçilərinə, cəlb
olunmuş könüllülərə xüsusi əlavə və
müavinətlərin ödənilməsi, ölkədə
dezinfeksiya işlərinin genişləndirilməsi və digər
tibbi ehtiyacların maliyyələşdirilməsinə yönəldilir.
Bununla yanaşı, Azərbaycan
Respublikası Prezidentinin 19 mart tarixli Sərəncamı ilə
pandemiyanın məşğulluğa, sahibkarlara və
iqtisadiyyata mənfi təsirlərinin azaldılması üzrə
təkliflərin hazırlanması məqsədilə
yaradılan işçi qrupların təqdim etdiyi təkliflər
əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən
təsdiq olunmuş Tədbirlər Planından irəli gələn
məsələlərin maliyyələşdirilməsi
üçün dövlət büdcəsindən 1 milyard
manat vəsait ayrılıb və artıq bu vəsaitin maliyyələşdirilməsi
başlanılıb. Dövlət fondları və digər
maliyyə resursları səfərbər edilərək
ümumi maliyyə dəstək paketi 2,5
milyard manatdan artıq olub. Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinə məşğulluq tədbirlərinə
maliyyələşmə artıq açılıb, eyni
zamanda, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın
İnkişafı Fondu vasitəsilə sahibkarlara maliyyə dəstək
tədbirləri həyata keçirilməkdədir. Eyni zamanda, qeyd etmək istərdim ki, İpoteka
Fondunun vasitəsilə maliyyələşmənin
açılması üçün də müvafiq tədbirlər
görülməkdədir.
Möhtərəm cənab
Prezident, qeyd etmək istərdim ki, Sizin
tapşırığınıza uyğun olaraq, dövlət
büdcəsində bəzi xərclərin ixtisara
salınması ilə bağlı müvafiq təkliflər
Nazirlər Kabinetinə təqdim edilərək Sizə məruzə
olunub. Bugünkü müşavirədə verdiyiniz
tapşırıqların icrası üçün də
müvafiq addımlar atılıb Sizə məruzə
olunacaq.
Cənab Prezident,
çıxışımın sonunda əminliyimi ifadə
etmək istərdim ki, Sizin və Birinci vitse-prezidentin əzmkar
səyləri nəticəsində ölkəmiz bu həssas
günləri arxada qoyacaq, yenidən özünün
inkişaf yolunu davam edəcəkdir.
Prezident İlham Əliyev: Sağ olun. Mən qeyd etdim ki, inflyasiya bu il aşağı səviyyədədir. İki ayda daha aşağı səviyyədə idi. Üç ayın yekunlarına görə 3 faizə çatıb. Ancaq tam nəzarət altındadır. Ona görə makroiqtisadi vəziyyətlə bağlı və eyni zamanda, bank sektorunda görülmüş işlərlə bağlı və görüləcək işlərlə bağlı məruzə üçün söz verilir Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmova.
***
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman RÜSTƏMOV çıxış edərək dedi:
-Təşəkkür edirəm, cənab Prezident.
Birinci rübün başlıca yekunlarından biri ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanılmasıdır. Baxmayaraq ki, artıq Sizin də qeyd etdiyiniz kimi, birinci rübün sonunda bütövlükdə dünya bazarlarında baş verən hadisələr ölkəmizdən də yan keçməyib. Mart ayında baş verən bir qədər tənəzzülə baxmayaraq, ölkədə iqtisadi aktivlik davam edib. İnflyasiya bir qədər artsa da, bu, onunla əlaqədardır ki, karantin şəraitində insanların istehlak fəallığı bir qədər artdı, onlar müəyyən ehtiyatlar yaratdı. İnflyasiya bir qədər artsa da, bizim rəsmi proqnozlardan, təxminən 4,6 faizlik proqnozdan hələ aşağıdır.
İxrac gəlirlərimizin, xüsusilə neft ixrac gəlirlərinin bir qədər azalmasına baxmayaraq, bütövlükdə ticarət balansımız profisitlidir və qeyri-neft ixracı birinci rüb ərzində artıb. Bizi əhatə edən qonşu ölkələrdə, bizim ticarət tərəfdaşımız olan ölkələrdə milli valyutanın məzənnələrində dalğalanmalara baxmayaraq, manatın məzənnəsi rüb ərzində sabit qalıb.
Birinci rübdə Sizin verdiyiniz tapşırıqların icrası nəticəsində bank sektorunda da müsbət dinamika müşahidə olunur. Cənab Prezident, bütövlükdə rüb ərzində kredit qoyuluşları 2,2 faiz artıb. Lakin bu zaman biznes kreditləri daha yüksək templə - 3,7 faiz, ipoteka kreditləri 4,2 faiz artıb və o cümlədən istehlak kreditləri rüb ərzində 1,9 faiz azalıb.
Bütövlükdə təbii ki, bu proseslərlə əlaqədar fiziki və hüquqi şəxslərin depozitlərinin bir qədər dollarlaşmasını görürük. Dollarlaşma fiziki şəxslər üzrə 2,8 faiz, hüquqi şəxslər üzrə 1,4 faiz yüksəlib. Amma artıq aprel ayının birinci ongünlüyünün monitorinqi göstərir ki, artıq əks proses, dedollarizasiya trendləri başlanıb. Bu, onu göstərir ki, həm əhalimizin, həm də biznesin milli valyutanın məzənnəsinə olan inamı artıq bərpa olunmaqdadır. Yaranmış qeyri-adi situasiyada ödəniş sistemləri aktiv fəaliyyət göstərir, bütövlükdə rüb ərzində ödəniş sistemində qeyri-nağd ödənişlər 3,6 faiz artıb, amma bütünlükdə nağdsiz kart ödənişləri 36 faiz artıb. Bu da onu göstərir ki, yaranmış indiki situasiyada əhali daha çox təmassız elektron ödənişlərə və elektron ticarətə üstünlük verir.
Bir daha qeyd etmək istəyirəm, cənab Prezident, yaranmış şəraitdə bilirsiniz ki, olduqca böyük bir əhali qrupu, xüsusilə yaşı 65-dən yuxarı olan əhali - 648 min nəfərin, 12 min nəfər ahıl insanın bank sektoruna gəlmək imkanı yoxdur. Nazirlər Kabineti ilə sıx koordinasiyada Mərkəzi Bank və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə əhalinin evdən çıxmadan bu ödənişləri vaxtında alması təmin olunub. O cümlədən belə bir situasiyada 153 mindən çox fermer kartı paylamalı idik və artıq bunun böyük əksəriyyəti - 120 mindən çox fermer kartı əhaliyə paylanıb.
Cənab Prezident, sığorta bazarında da yaxşı start götürülüb. Rüb ərzində sığorta ödənişləri 19 faiz artıb. Sizin çağırışınıza uyğun olaraq, özünüməşğulluq proqramlarında bankların iştirakı məsələsi bu günlərdə təbii ki, daha çox aktuallıq kəsb edir. Banklar buna çox fəal, yekdil dəstək veriblər. Biz - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank, Banklar Assosiasiyası üçtərəfli memorandum imzalamışıq və artıq bu proqrama start verilib. Düşünürük ki, bank sektoru tərəfindən, Mərkəzi Bank tərəfindən ilin sonuna qədər 1000-ə qədər insana özünün mikro biznesini yaratmağa dəstək veriləcək və bu təşəbbüs daimi xarakter daşıyacaq və bu işlər davamlı görüləcək.
Mart ayının birinci ongünlüyündə bütövlükdə pandemiya, karantin tədbirləri və OPEC sazişlərinin uğursuzluğu təbii ki, bizim əsas maliyyə bazarlarımıza, valyuta bazarımıza ciddi təsir göstərdi. Həmişə olduğu kimi, xüsusilə də nağd pul sahibləri tərəfindən ajiotaj, dollarizasiya problemləri başladı və bir çox ciddi pik tələblərlə rastlaşdıq. Lakin vaxtında görülən tədbirlər nəticəsində artıq situasiya normallaşıb. Demək olar ki, situasiya martın əvvəllərində, yaxud ilin əvvəlində olduğu səviyyəyə çatıb və bu istiqamətdə işlərimizi davam etdiririk.
Cənab Prezident, monetar siyasətdə monetar sabitlik problematikası, yəni əhalinin əmanətləri, hüquqi şəxslərin depozitlərini bank sektorunda saxlaması, onların qaçışının qarşısının alınması istiqamətində təbii ki, biz faiz dərəcəsi ilə bağlı dilemma qarşısında idik. Lakin bütövlükdə iqtisadiyyatda olan situasiya tələb edirdi ki, biz faiz siyasətini yumşaldaq. Belə bir şəraitdə biz bir növ gözləmə mövqeyi tutaraq faiz dərəcəsini nə artırdıq, nə də azaltdıq. Təbii ki, hadisələri izləyirik, düşünürük ki, faiz dərəcələrini artırmaq potensialı mövcuddur. Lakin artıq Sizin çıxışınızda qeyd etdiyiniz kimi, biz situasiyanı izləməliyik və yaranmış situasiyada operativ və dəqiq cavab verəcəyik. Lakin bank sektorunun likvidlik səviyyəsi bu gün qənaətbəxş səviyyədədir. Mərkəzi Bank tərəfindən banklara lazımi dəstək verilir. İlin əvvəlindən bank sektoruna 627 milyon manat səviyyəsində dəstək verilib. Bunun başlıca istiqamətləri ipoteka sisteminin dəstəklənməsi, qiymətli kağızlar bazarına dəstək, Beynəlxalq Bank, bizim sistem xarakterli banka dəstəkdir. O cümlədən Sizin göstərişinizlə bilavasitə ölkənin ərzaq ehtiyatlarının artırılmasına dəstək vermişik.
Qarşıdakı başlıca vəzifə nədən ibarətdir? Cənab Prezident, artıq Siz öz çıxışınızda bu proqramı, bu strategiyanı tam şəkildə dediniz. Biz düşünürük ki, qarşıdakı dövrdə biz makroiqtisadi və maliyyə sabitliyini qorumalıyıq. İkincisi, pandemiyadan, bu məhdudlaşmadan əziyyət çəkən əhaliyə və biznes-iqtisadiyyata dəstək verməliyik. Üçüncü, olduqca önəmli məsələ bütövlükdə bu situasiya qurtarandan sonra əhalimizi və iqtisadiyyatımızı normal həyata qaytarmaqdır. Biz bunun üçün lazımi tədbirləri indidən görməliyik. Burada artıq biz mümkün hadisələri, mümkün inkişaf ssenarilərini düşünməliyik, proqnozlaşdırmalıyıq. Hər bir ssenariyə hazır olmalıyıq. Yəni, Siz dediyiniz kimi, indi ən mühüm məsələ qeyri-müəyyənlikdir. Heç kim bilmir bu hadisələr nə qədər davam edəcək, bunun təsiri nə olacaq. Beynəlxalq təşkilatlarda ciddi bədbin proqnozlar var və bu proqnozlara, yəni biz hər şeyə hazır olmalıyıq və buna uyğun öz resurslarımızla manevr edərək siyasət reaksiyaları yaratmalıyıq.
Biz milli valyutamızın məzənnəsinin qorunması istiqamətində işlərimizi davam etdirəcəyik. OPEC+ danışıqlarının uğurla nəticələnməsi hesab edirəm ki, həm bizim ticarət və tədiyə balansımız üçün və bütövlükdə ilin sonuna valyuta ehtiyatlarımızın proqnozlaşdırılması üçün yaxşı xəbərdir. Lakin bilirsiniz ki, dünyada iqtisadi tələbatın aşağı düşməsi, bütövlükdə iqtisadiyyatda olan tələbat imkan vermir ki, neftin qiyməti kəskin qalxsın. Amma düşünürük ki, biz ilin sonuna qədər valyuta bazarında sabitlik yarada biləcəyik.
Maliyyə sabitliyi diqqətimizdədir və bu, daimi monitorinqdədir. Mərkəzi Bank situasiyanı izləyir və burada qarşıya çıxan problemləri təbii ki, biz Maliyyə Sabitliyi Şurasında müzakirəyə çıxaracağıq. Bütövlükdə pandemiyadan əziyyət çəkmiş sahələrə Mərkəzi Bankın müntəzəm yumşaltma tədbirləri, yəni hökumətin atdığı addımlarla sıx əlaqədə tətillərin verilməsi məsələlərinə baxılıb. Bu günlərdə Maliyyə Sabitliyi Şurasının iclasının keçirilməsini planlaşdırırıq. Biz bu təklifləri, o cümlədən də valyuta tənzimlənməsi sahəsində atacağımız addımları Maliyyə Sabitliyi Şurasının müzakirəsinə çıxarandan sonra Sizə məruzə olunacaq və ondan sonra lazımi addımlar atılacaq.
Sonda cənab Prezident, mən də Sizi əmin etmək istəyirəm ki, Sizin rəhbərliyinizlə son dövrlərdə ölkədə həyata keçirilən islahatlar, yaradılmış makroiqtisadi sabitlik və maliyyə dayanıqlılığı imkan verəcək ki, bundan öncəki böhranlarda da olduğu kimi, Azərbaycan iqtisadiyyatı, Azərbaycan dövləti bu situasiyadan da daha güclü və daha inamlı çıxacaq.
Təşəkkür edirəm.
***
Prezident İlham ƏLİYEV dedi:
-Sağ olun. Böhran dövründə bank sektorunun fəaliyyəti xüsusi önəm daşıyır. Ona görə bankların sağlamlaşdırılması və bank sektorunun ölkə iqtisadiyyatına verə biləcəyi töhfənin düzgün qiymətləndirilməsi çox vacibdir. Hesab edirəm ki, vurğuladığınız məsələlər tam düzgün təhlil əsasında qeyd olunur. Əlbəttə ki, biz makroiqtisadi vəziyyətimizi qorumalıyıq, sabit saxlamalıyıq. Koronavirusun ilk aylarının təcrübəsi onu göstərir ki, biz buna müvəffəq olmuşuq. Makroiqtisadi vəziyyət sabitdir, manatın məzənnəsi sabitdir. Siz qeyd etdiyiniz kimi, bir müddət əhali və hüquqi şəxslər tərəfindən dollarizasiyaya doğru addımlar atıldı. Ancaq indi de-dollarizasiya prosesi müşahidə olunur.
Mən ictimaiyyətin diqqətini bir məsələyə də çəkmək və öz sözümü bildirmək istəyirəm. Əfsuslar olsun ki, əgər hər hansı bir ölkədə, - xüsusilə qonşu ölkələr nəzərdə tutulur, - o ölkənin milli valyutasında hansısa dəyişiklik baş verirsə, Azərbaycanda buna dərhal belə sürətli reaksiya verilir. Halbuki buna heç bir ehtiyac yoxdur. Biz bunu bir neçə il bundan əvvəl görmüşük və məhz buna görə iki devalvasiyaya getməli olduq. Çünki bizim Mərkəzi Bankın valyuta ehtiyatları demək olar ki, əriyirdi, süni ajiotaj yaradılmışdı və dollarizasiya pik həddə çatmışdı. İndiki şəraitdə də həmçinin. İndi koronavirus pandemiyası geniş vüsət alan kimi, bəzi ölkələrin milli valyutaları tənəzzülə uğradı, ancaq hazırda Azərbaycanda bunun heç bir əsası yoxdur. Bizim kifayət qədər resurslarımız var və dövlət orqanlarının nümayəndələri bu məsələ ilə bağlı açıqlamalar vermişdilər. Ancaq bəzi adamlar şayiə yaydılar, bəzi adamlar panikaya qapıldılar. Biz valyuta bazarında dərhal fəallıq gördük və dollara tələbat artdı. İlkin mərhələdə böyük həcmdə dolların satışı da nəzərdə tutuldu. Amma sonra gördülər ki, makroiqtisadi vəziyyət sabitdir, manatın vəziyyəti sabitdir və indi bu ajiotaj yoxdur. Ona görə Azərbaycan vətəndaşlarından artıq dərəcədə xahiş edirəm, şayiələrə uymasınlar, inanmasınlar. Bizi istəməyən qüvvələr, daxili və xarici anti-Azərbaycan qüvvələr şayiə yaymaqla məşğuldurlar, insanları çaşdırmaq, insanlarda panika yaratmaq istəyirlər. Bunun üçün heç bir əsas yoxdur. Azərbaycan güclü dövlətdir və Azərbaycan rəhbərliyi vətəndaşlara hər şeyi necə varsa, elə də təqdim edir. Biz ümumi mənzərəni şişirtmirik, eyni zamanda, tam səmimiyyətlə deyə bilərəm ki, panika üçün, hansısa narahatlıq üçün bu gün heç bir səbəb yoxdur. Əsas məqsədimiz koronavirusla apardığımız mübarizədə qalib gəlmək, bu vəziyyətdən az itkilərlə çıxmaq, iqtisadiyyata az ziyan vurmaqdır. Çünki biz açıq-aydın başa düşürük ki, bu məhdudlaşdırıcı tədbirlər iqtisadiyyata ziyandır. Burada biz iki amil arasında seçim etməliyik – iqtisadi fəallıq, insanların sağlamlığı. Mənim seçimim birmənalıdır – insanların sağlamlığı. Ona görə bu məhdudlaşdırıcı addımlar atıldı. Biz, əlbəttə, bəri başdan bilirdik ki, bu, iqtisadi fəallığa mənfi təsir göstərə bilər, istər-istəməz müəyyən şayiələrin yayılmasına, iqtisadi sahədə müəyyən narahatlığa gətirib çıxara bilər. Biz bunu şüurlu şəkildə etdik ki, insanlarımızı, onların həyatını qoruyaq. Çünki bundan daha qiymətli heç nə yoxdur. İqtisadiyyat bir il tənəzzülə uğraya bilər, başqa il arta bilər, hər halda, hər şey nəzarət altındadır. Ona görə valyuta bazarında da bu gün heç bir təşvişə ehtiyac yoxdur.
Biz makroiqtisadi vəziyyəti qorumalıyıq. Eyni zamanda, banklar indiki şəraitdə biznesə daha böyük dəstək verməlidirlər. Mən çox şadam ki, artıq biznes kreditlərinin faizi artır, amma istehlak kreditlərinin faizi düşür. Bu, hesab edirəm ki, çox yaxşı tendensiyadır və bu, saxlanmalıdır.
Mən bankların özünüməşğulluq proqramına qoşulmasını da alqışlayıram. Yaxşı bilirsiniz ki, bu proqrama çox böyük tələbat var və biz nəzərdə tuturduq ki, dövlət xətti ilə on min insana vasitələri təqdim edək. İndi Dünya Bankı da buna qoşuldu. Onlar tərəfindən də vasitələr veriləcək, bizim banklar da verəcək. Çünki tələbat daha çoxdur. Təqribən 40-50 min tələb, yəni, sifariş var. Ona görə xüsusilə indiki şəraitdə mikrobiznesin inkişafı, - indi kənd təsərrüfatında da bu sahədə işlər nəzərdə tutulur, - mütləq aparılmalıdır ki, biz biznesi qoruyaq, onlara dəstək verək və razıyam ki, artıq normal həyata qayıtmaq üçün hazırlıq işlərimizi aparmalıyıq.
Ona görə mən bütövlükdə bank sektorunda və makroiqtisadi sahədə görülmüş işləri müsbət qiymətləndirirəm, belə də davam edin. Bilirəm ki, siz gündəlik formatda hər şeyə monitorinq aparırsınız. Hesab edirəm ki, faiz dərəcələrinin sabit saxlanması da çox müsbət addımdır, o qədər də asan məsələ deyil. Çünki neftin qiymətinin kəskin düşməsi, iqtisadi fəallığın azalması istər-istəməz faiz dərəcələrinin artımını şərtləndirirdi. Ancaq son aylar ərzində faiz dərəcələri ardıcıllıqla aşağı düşür. Ona görə siz bu dərəcələri indi də sabit saxlayırsınız. Hesab edirəm ki, indiki vəziyyətə görə bu, düzgün addımdır.
Təbii ki, koronavirus iqtisadi fəallıqla bağlı bizə çox böyük problem yaratdı. Ancaq buna baxmayaraq, hesab edirəm ki, vaxtında atılmış addımlar, xüsusilə sahibkarlara, biznesə verilən dəstək bir daha dövlətin siyasətini göstərir. Bizim həm siyasətimiz birmənalıdır, həm də imkanlarımız var. Bu imkanları biz yaratmışıq. Əgər biz bu maliyyə imkanlarımızı yaratmasaydıq, bu gün necə kömək edərdik? Mən Azərbaycanı heç kimlə müqayisə etmək istəmirəm, amma biz baxırıq, görürük indi başqa ölkələrdə nələr baş verir. Adambaşına bizdəki qədər düşən dəstək həcmi az ölkələrdə müşahidə olunur. Çünki indi bizim həm imkanlarımız var, - düzdür, neftin qiymətinin aşağı düşməsi bu imkanlara da mənfi təsir göstərir, - eyni zamanda, siyasi iradə də var. Ona görə bu vəziyyətdə biznes strukturlarının dəstəklənməsi təbiidir və biz heç vaxt onları ağır vəziyyətdə qoya bilmərik. Çünki koronavirus onların biznesinə ziyan vurub, biz isə onların işini yüngülləşdirməliyik.
Onu da bildirməliyəm ki, son vaxtlar aparılan islahatlar nəticəsində Azərbaycanda biznes mühiti böyük dərəcədə yaxşılaşmışdır. Bunu bir neçə mötəbər beynəlxalq təşkilat da qeyd edir. Bu yaxınlarda məşhur "Heritage” Fondu da iqtisadi azadlıqlarla bağlı reytinq cədvəli tərtib edib və Azərbaycan iqtisadi azadlıqlar indeksinə görə dünyada 44-cü yerdədir. Bir il ərzində biz 19 pillə qalxmışıq. Hesab edirəm ki, bu, böyük nəticədir.
Ümumiyyətlə, maliyyə paketi, iqtisadi sabitliyin təmin edilməsi istiqamətində görülən və görüləcək işlərlə bağlı məruzə üçün söz verilir İqtisadiyyat naziri Mikayıl Cabbarova.
***
İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək dedi:
-Təşəkkür edirəm, möhtərəm cənab Prezident.
Hörmətli iclas iştirakçıları.
2020-ci ilin ilk rübündə, yanvar-fevralda müşahidə edilən sağlam artım birinci rübün ümumilikdə müsbət fonda yekunlaşmasını şərtləndirdi. Eyni zamanda, mart ayında pandemiya dünya enerji bazarlarında artım tempinə mənfi təsir etmiş və mütləq göstəricilərin enməsinə səbəb olmuşdur.
Möhtərəm cənab Prezident, Siz qeyd etdiyiniz kimi, qeyri-neft ümumi daxili məhsulunun 3,5 faiz səviyyəsində artımına nail olmuşuq. Ümumi daxili məhsulda ən sürətli artım və azalma sahələrini diqqətinizə məruzə etmək istərdim. Qeyri-neft sənayesində artım 23 faiz təşkil etmişdir. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində 18 faiz, dağ-mədən sənayesində 12 faiz, kənd təsərrüfatı sahəsində 3,7 faiz artım olmuşdur. Elektrik enerjisi, o cümlədən qaz-buxar istehsalı 17 faiz və yük daşımaları 7,2 faiz artmışdır. Eyni zamanda, azalan sahələr arasında turizm, iaşə, xidmətlər, sərnişin nəqliyyatı və tikintini qeyd etmək lazımdır.
Xarici ticarətə gəldikdə, ümumilikdə, qeyri-neft ixracımız rüb ərzində bir faiz azalmışdır. Müsbət trend ondan ibarətdir ki, kənd təsərrüfatı məhsulları və ərzaq ixracı ötən ilin birinci rübü ilə müqayisədə 4 faiz artmışdır. Qızıl ixracı 17 faiz və kimya sənayesi məhsulları 14 faiz artmışdır. Eyni dövrdə kənd təsərrüfatı məhsullarının və ərzağın idxalı 5 faiz azalmışdır. Müsbət haldır ki, ərzaq məhsullarında daxili istehlakımızla, o cümlədən idxalla ixrac arasında fərq xeyli azalmışdır.
Sizin tapşırığınıza əsasən, tədbirlər planına uyğun olaraq məruzə edirəm ki, sahibkarlara dəstək proqramı artıq fəaliyyətdədir. Onun ilkin nəticələrini, bu günə olan rəqəmləri məruzə etmək istərdim. Belə ki, muzdlu işçilərə əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və sahibkarlara dəstək proqramı çərçivəsində 10 min 914 vergiödəyicisi onlayn sistem vasitəsilə müraciət etmişdir. Həmin vergiödəyiciləri üzrə muzdlu işçilərin sayı 124 min 510 nəfərdir. Maliyyə Nazirliyi ilə və agent banklarla birlikdə çalışırıq ki, həmin siyahı üzrə maliyyə dəstəyinin birinci ay üzrə ödənilməsini təmin edək. Bu məqsədlə nəzərdə tutulan vəsaitin məbləği 16 milyon 890 min manat təşkil edir. Faktiki olaraq dünən axşama artıq ödəniş edilmiş vergiödəyicilərinin sayı 2636 vergiödəyicisi olmaqla, həmin vergiödəyiciləri üzrə muzdlu işçilərin sayı 24 min 463 nəfərdir. Fərdi və mikro sahibkarlara maliyyə dəstəyi proqramı da həyata keçirilir. Bu günədək müraciət etmiş vergiödəyicilərinin sayı 16 min 502 sahibkardır. Müvafiq olaraq bu günədək təqdim edilmiş müraciətlər üzrə nəzərdə tutulmuş maliyyə dəstəyinin məbləği 15 milyon 483 min manat təşkil edib.
Vergi stimullarını özündə əks etdirən qanunvericilik paketi üzrə iş başa çatdırılıb. Həmkar strukturların vizalarının razılaşdırılması prosesi həyata keçirilir. Dövlətin kredit zəmanəti dəstəyinin verilməsi istiqamətində dövlət sektoru və banklarla iş başa çatmaq üzrədir. Bizim hədəfimiz bu ayın sonuna qədər proqramı işlək vəziyyətə gətirməkdir. Burada mən xüsusilə qeyd etmək istəyirəm ki, biz bank sektoru ilə birgə müəyyən olunmuş çərçivədə bu işi həyata keçiririk və məhsuldar iş gedir. Həmçinin yeni iqtisadi şəraitdə, tədbirlər planında müəyyən edilmiş iqtisadiyyatın 8 sektorunda müvafiq sektoral planlar üzərində işlərə başlanılıb.
Göstərişinizə uyğun olaraq, dövlət investisiya proqramı çərçivəsində iqtisadi artımın bərpa edilməsinə yönəlmiş layihələri təhlil edirik. Bu gün Sizin verdiyiniz tapşırığa uyğun olaraq, həmkar qurumlarla birlikdə çalışaraq qısa müddət ərzində məlumatı diqqətinizə təqdim edəcəyik.
Diqqətinizə görə təşəkkür edirəm.
***
Prezident İlham ƏLİYEV dedi:
-Mən giriş sözümdə dedim ki, hökumət və əlbəttə, İqtisadiyyat Nazirliyi yeni gəlirlər mənbəyi axtarmalıdır. Bir daha demək istəyirəm ki, ehtiyatlar var və bilirəm, bu istiqamətdə iş gedir. Bunu uzatmaq lazım deyil. Hesab edirəm ki, qısa müddət ərzində yeni təkliflər hazırlanıb mənə təqdim edilməlidir.
Onu da bilməliyik ki, OPEC və
qeyri-OPEC ölkələrinin razılaşması bizim üzərimizə
də öhdəliklər qoyur. Bildirmək istəyirəm ki,
Azərbaycan həmişə OPEC+ çərçivəsində
çox fəal rol oynamışdır. Onu da xatırlatmaq istəyirəm
ki, OPEC+ formatının ideyasını ilk dəfə Davos
Ümumdünya İqtisadi Forumunun panel müzakirəsində
mən vermişdim. Hətta bu gün OPEC-in baş katibi bunu qeyd edir. İndi
artıq nəinki OPEC+ və neft hasil edən bütün
ölkələr razılığa gəlib. Hesab edirəm ki, bu, çox nadir əməkdaşlıq
formatıdır və bu format hər bir ölkənin üzərinə
əlavə öhdəlik qoyur, o cümlədən Azərbaycanın.
Bu razılaşmaya görə bizim neft hasilatımız bu il ixtisar ediləcək. Artıq
kvotalar müəyyən edildi. Əgər
neftin qiyməti lazımi səviyyəyə qalxmasa, onda biz əlavə
itkilərə məruz qalacağıq. Biz bunu bilməliyik
ki, bu itkilər təqribən 700 milyon, bəlkə də 1
milyard dollar ətrafında ola bilər. Ona
görə indidən öz addımlarımızı
atmalıyıq, çünki onsuz da keçən il qəbul edilmiş qərarlar əsasında
böyük sosial paket icra edildi. Təbii ki, bu sosial paket bu il və bundan sonrakı illərdə də
insanlara təqdim ediləcək. Koronavirusla bağlı ən
azı 2,5 milyard manat nəzərdə
tutulur. Qeyd etdiyim kimi, Prezidentin ehtiyat fondundan ləvazimatların
alınmasına 100 milyon manata yaxın vəsait istiqamətləndirilib.
Əgər neftin qiyməti bərpa olunmasa, bizi əlavə
itkilər gözləyir və təbii olaraq bizim valyuta
ehtiyatlarımız azalacaq. Birinci rübdə,
yanvarın birinə nisbətdə artıq valyuta
ehtiyatlarımız azalıbdır. Bu, təbiidir
və belə olan halda bir daha demək istəyirəm ki, xərclərə
böyük diqqətlə baxmalıyıq. Dövlət investisiya xərcləri əsas iki məqsədi
güdməlidir. Məşğulluğu təmin
etmək, çünki biz investisiya xərclərimizi kəskin
ixtisar edə bilmərik. Çünki
birincisi, önəmli layihələr icra edilməlidir və ən
başlıcası odur ki, əgər dövlət investisiya xərcləri
kəskin azalsa, onda bu sahədə çalışan insanlar
işsiz qalacaq. Ona görə bizim investisiya
proqramımıza baxarkən iki əsas amili nəzərə
alın. Məşğulluq və bu layihələrin
iqtisadiyyatın real sektoruna olan təsiri. Çünki
Azərbaycanda böyük infrastruktur layihələri icra
edilib. Onların böyük hissəsi tam
başa çatıb, ona görə iki əsas amil nəzərə
alınmalıdır. Hesab edirəm ki, aprel-may
aylarında ikinci yarımillikdə nəzərdə tutulan
investisiya proqramlarının təhlili və yenidən tərtib
edilməsi zəruridir. Bu məsələ ilə
ciddi məşğul olun.
Bununla paralel olaraq, - bu vəzifəni
mən artıq qarşıya qoymuşam və bilirəm ki,
İqtisadiyyat Nazirliyi bu məsələ üzərində
işləyir, - özəl sərmayənin təşviqi
istiqamətində əlavə addımlar
atılmalıdır. Biz iqtisadi liberallaşmaya daha inamla getməliyik
və investisiyalar üçün bütün sahələr
bizdə açıq olmalıdır. Biz həm
yerli investorları, həm xarici investorları
inandırmalıyıq ki, onların investisiyaları səmərə
verəcək, onlara gəlir gətirəcək. Xüsusilə nəzərə alsaq ki, həm
"Doing Business” proqramında böyük irəliləyişə
nail olduq, həm iqtisadi azadlıq indeksi, - artıq qeyd etdim ki,
burada da Azərbaycan yüksək qiymətləndirilir, - bizim
kredit reytinqimiz də müsbətdir, həm də dövlət
xarici borcumuz aşağı səviyyədədir. Azərbaycan vətəndaşları bunu bilir.
Mən hətta koronavirusa qədərki bir
çox hallarda bu məsələyə xüsusilə diqqət
yetirirdim ki, bizim dövlət xarici borcumuz daxili məhsulumuzun
17 faizini təşkil edir və daha da aşağı
düşməlidir. İndiki
böhranlı dövrdə bu amil çox böyük önəm
daşıyır. Dövlət borcumuzun
aşağı səviyyədə olması bizim kredit
reytinqimizin sabit saxlanmasına imkan verir. Bu
da investorlar üçün əsas amillərdən biridir.
Sosial sahə bizim
üçün həmişə prioritet olubdur, indiki şəraitdə
ikiqat prioritet olmalıdır. Çünki son illərdə
məşğulluq, sosial təminat istiqamətlərində
böyük addımlar atılıb, ancaq indiki şəraitdə
bu, xüsusi önəm daşıyır. Ona görə
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri məlumat
versin ki, məşğulluqla bağlı işlər nə
yerdədir, özünüməşğulluq proqramı necə
icra edilir, işsizlərlə bağlı hansı addımlar
atılıb və hansı addımların atılması nəzərdə
tutulur.
***
Əmək və Əhalinin Sosial
Müdafiəsi naziri Sahil BABAYEV
çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Bu ilin birinci rübündə
bütün sosial ödənişlər vaxtında icra olunub,
2,3 milyon insanımıza 1,5 milyard manat məbləğində
sosial ödənişlər həyata keçirilib. Sizin Sərəncamınızla
sosial dövlət, sosial siyasət prinsipi rəhbər
tutularaq ölkə üzrə bütün növ əmək
pensiyalarının sığorta hissəsi 16,6
faiz indeksasiya olunub və bu islahat da Azərbaycanda bütün
pensiyaçıları əhatə edib. Sizin
qeyd etdiyiniz kimi, yaşa görə pensiya 330 manata,
ümumilikdə, orta pensiya 295 manata çatıb. 700 min nəfərə müavinət və təqaüdlər
birinci rüb ərzində icra olunub və 250 milyon manat vəsait
bu vətəndaşlarımıza ödənilib. Cənab
Prezident, əlavə olaraq bildirim ki, avtomatlaşma tədbirləri
nəticəsində son 6 ayda artıq 64 min təyinat – pensiya,
müavinət və təqaüdlər üzrə təyinatların
80 faizi tam şəkildə avtomatlaşdırılmış
formada icra olunub.
Sizin müvafiq Sərəncamınızla
yaradılmış işçi qrupun
hazırladığı tədbirlər planının məşğulluq,
sosial məsələləri əhatə edən hissəsi,
ümumilikdə, dörd istiqaməti əhatə edir və
özündə on tədbiri ehtiva edir. Bu on tədbir
üzrə 394 milyon manat vəsait ayrılıb. Yəni, sosial paketin pandemiya əleyhinə mübarizə
çərçivəsində görüləcək
işlərə 400 milyon manatlıq bir paket ayrılıb.
Bu 400 milyon manatın 100 milyon manatı dövlət büdcəsindən
ayrılan vəsaitlərdir, 200 milyon manatı Dövlət
Sosial Müdafiə Fondunun 2019-cu il üzrə
yaradılmış ehtiyatıdır, 91 milyon manatı isə
işsizlikdən sığorta fondunun vəsaitləri
hesabına yönəldilən mənbələrdir. Ümumilikdə birinci istiqamətimiz məşğulluq
üzrə dövlət sektorunda olan məşğulluğun
qorunması və burada işsizlik riskinin yaranmaması idi.
Bu çərçivədə 910 min
insanımızın məşğulluğu tam şəkildə
təmin olunur və onlarla bağlı hər hansı bir
çətinlik meydana çıxmayıb. Digər bir istiqamətimiz qeyri-dövlət sektorunda
əmək müqaviləsi ilə çalışan
insanların qorunması idi. Bu sahədə də Sizin tapşırığınıza uyğun
olaraq gündəlik nəzarət təmin edildi. Dövlət
tərəfindən təqdim olunan dəstək paketləri və
inzibati tədbirlər nəticəsində nəinki
qeyri-dövlət sektoru üzrə əmək müqavilələrinin
sayı azaldı, əksinə, artdı və aprelin 1-dən
etibarən əmək müqavilələrinin sayında 51
minlik, yanvarın 1-i ilə müqayisədə isə 73 minlik
artım var. Bu, bir daha göstərir ki, özəl sektorumuz
Sizin çağırışınıza çox aktiv şəkildə
qoşuldu və bir tərəfdən inzibati tədbirlər,
digər tərəfdən dövlət dəstəyindən
yararlanmaq üçün əmək müqavilələrinin
sayı da mütəmadi olaraq artır.
Biz gündəlik dinamikaya nəzarət
edirik, bu artım gündəlik dinamikada da özünü
göstərir. Bu günə olan son rəqəm qeyd etdiyim kimi,
yanvarın 1-i ilə müqayisədə 73 min artım, aprelin
1-i ilə müqayisədə 51 min artımdır. İşsizlər və qeyri-formal işlədiyinə
görə, pandemiya nəticəsində işsiz qalan şəxslərə
dəstək mexanizmləri də bir neçə tədbir
olaraq müəyyən edildi. İlk olaraq 50 min
haqqıödənilən ictimai iş yerinin yaradılması
ilə bağlı tədbir çərçivəsində
artıq dünəndən etibarən ictimai iş yerlərinin
yaradılması təmin edilib və işəgötürmələr
başlayıb. Bizim ehtimalımız ondan ibarətdir
ki, on gün ərzində ölkənin bütün
regionları üzrə 50 min işsiz və işaxtaran vətəndaşlarımız
cəlb ediləcək.
Bu istiqamətdə ikinci əsas
tədbirimiz ölkə üzrə yaşayış minimumu
olan 190 manat məbləğində birdəfəlik ödəmənin
həyata keçirilməsi idi. Aprelin 7-də Nazirlər
Kabinetinin müvafiq sərəncamı ilə qaydalar qüvvəyə
mindi və artıq ötən altı gün ərzində 75
min nağd ödəniş həyata keçirilib. Bu məqsədlər üçün 14 milyondan
artıq vəsait vətəndaşlarımıza ödənilib.
İşsizlikdən sığorta və
özünüməşğulluq proqramlarının
genişləndirilməsi də tədbirlər planının
istiqamətlərindən biridir və bu çərçivədə
bu il ərzində 12 minə yaxın ailənin
özünüməşğulluq proqramına cəlb edilməsi
nəzərdə tutulur. Burada həm dövlət
vəsaitləri, həm Dünya Bankının, həm də
özəl banklarımızın vəsaitləri birgə nəzərə
alınır. Digər bir tərəfdən
isə işsizlikdən sığorta mexanizminin sadələşdirilərək
20 min insanı əhatə etməsi
planlaşdırılır ki, bu mexanizm də daha çox vətəndaşlarımıza
işaxtarma dövründə dəstək olacaq.
Cənab Prezident, tədbirlər
planının dördüncü istiqaməti xüsusi həssas
təbəqənin qorunmasına yönəlib. Bununla
bağlı olaraq əvvəlcə sosial ödənişlərin
davamlılığının təmin olunması nəzərdə
tutulur və Dövlət Sosial Müdafiə Fondunun 200 milyon
manatlıq vəsaiti məhz bu istiqamətə yönəldilir.
Digər tədbir 65 yaşdan yuxarı olan tənha
ahıl insanlarımıza dəstək mexanizmidir. Bu çərçivədə 15 min tənha
ahıl insanımız tam sosial xidmətə
götürülüb və gündəlik əsasda sosial xidmətçilər
tərəfindən onlara qulluq edilir. Burada da bizim biznes
dairələrimiz Sizin çağırışınıza
çox aktiv qoşuldular və artıq bu günə - aprel
ayında 14 min belə ailəyə ərzaq yardımı
şirkətlərimiz, təşkilatlarımız, dövlət
qurumlarımız tərəfindən edilib. Növbəti
15 gündə də daha 30 min ailəyə yardımın
göstərilməsi planlaşdırılır. Bu da
bir növ, bizim sosial tərəfdaşlarımızın Sizin çağırışınıza və
sosial həmrəyliyə qoşulmasının göstəricisidir.
Ünvanlı sosial yardım şərtlərinin
yüngülləşdirilməsi və xüsusi karantin rejimi
dövründə vaxtı bitənlərin uzadılması nəticəsində
62 min insanı əhatə edən 14 min ailəni əlavə
olaraq əhatə etməyi planlaşdırırıq. Bunun icrası olaraq bildirim ki, artıq bu günə
79 min ailə ünvanlı yardım mexanizmi ilə əhatə
olunub. Aprelin 1-dən bu günədək 9
min ailə və ya 35 min insan bu proqramdan yararlanıb. Ümumilikdə 79 min ailənin 330 min üzvü məhz
bu proqramla əhatə olunur.
Əlavə olaraq, əhaliyə
güzəştli elektrik limitinin artırılması nəticəsində
100 kilovat/saatlıq əlavə güzəştin verilməsi
Nazirlər Kabinetinin qərarı ilə təsdiq olundu və
bu da əhalimizə sosial dəstəyin bir növüdür. Eyni zamanda, təhsil alan və həssas kateqoriyadan olan tələbələrin
dəstəklənməsi ilə bağlı müvafiq
qaydalar da təsdiq olundu. Bu çərçivədə də
17 min tələbənin 2020-ci il üzrə
təhsil haqqı dövlət tərəfindən
qarşılanacaq. Ümumilikdə bu proqram, məşğulluq
və sosial paket 2 milyon insanımızı əhatə edir və
qısa müddət ərzində tam şəkildə icra
olunaraq Sizə məruzə ediləcək.
Yekunda bir daha əminliyimi
vurğulamaq istəyirəm ki, Sizin rəhbərliyiniz
altında, hörmətli Birinci vitse-prezidentimizin dəstəyi
ilə pandemiyanın bütün fəsadları aradan
qaldırılacaq.
Çox sağ
olun, cənab Prezident.
***
Prezident İlham
ƏLİYEV dedi:
- Qeyri-formal məşğulluqla
bağlı işlər artıq müəyyən müddətdir
ki, aparılır və mənə müntəzəm olaraq məruzə
edilir. Keçən il də bu istiqamətdə
müsbət mənzərə müşahidə olunurdu, yəni,
əmək müqavilələrinin sayı artır. Hesab edirəm ki, bu pandemiya dövrü hələ də
kölgədə işləyənlər üçün bir
dərs olmalıdır. Çünki mən
dəfələrlə həm sahibkarlara, həm işçilərə
müraciət etmişdim ki, kölgədən
çıxın, əmək müqavilələri
bağlayın. Əgər əmək
müqavilələriniz olmasa, pensiya ala bilməyəcəksiniz,
tibbi sığorta ala bilməyəcəksiniz. Əgər siz işsizsinizsə və qeydiyyata düşmürsünüzsə,
işsizlik müavinəti ala bilməyəcəksiniz. Ona görə hesab edirəm ki, indiki şəraitdə
və siz qeyd etdiniz, əmək müqavilələrinin
sayı qısa müddət ərzində 10 minlərlə
artdı. İndiki şəraitdə bu sahəyə
daha da böyük diqqət yetirməliyik. Hesab edirəm ki, həm maarifləndirmə istiqamətində,
həm də əlbəttə ki, inzibati tədbirlər,
monitorinq tədbirləri və institusional islahatlar nəticəsində
biz qeyri-formal məşğulluğun əhatə dairəsini
böyük dərəcədə daralda bilərik və bu
istiqamətdə işlər davam etdirilməlidir. Bu 70 min yeni əmək müqaviləsinin
bağlanması göstərir ki, hələ də ehtiyatlar
çoxdur və bu ağır vəziyyət bu gün
kölgədə işləyənlər üçün də,
necə deyərlər, bir yolgöstərici amil
olmalıdır.
Ödənişli ictimai işlərə
gəldikdə, biz ilin əvvəlində 37 min ödənişli
iş yerinin yaradılmasını nəzərdə tuturduq. İndi bu pandemiyaya görə bunların sayı 50
minə çatıb. Amma yenə də
baxın, əgər bölgələrdə xüsusilə
buna əlavə tələbat yaranarsa, məlumat verin, bəlkə
biz əlavə vəsait ayıraq ki, bu çətin dövr ərzində
insanları işlərlə təmin edək.
Hesab edirəm ki, 12 min
insanın özünüməşğulluq proqramına cəlb
edilməsi, çox müsbət nəticədir. Nəzərə
alsaq ki, biz təqribən 3, 4, 5 minlə
başlamışıq. Amma giriş
sözümdə dediyim kimi, - siz də bu barədə mənə
məlumat vermisiniz, - təqribən on minlərlə tələbat
var. Əlbəttə ki, bu tələbatın ödənilməsi
asan məsələ deyil. Çünki hər
bir məsələyə ayrı-ayrılıqda
baxılır, bəzi hallarda bəzi insanların bu işlərə
qabiliyyəti çatmır, bəzi insanlar vasitələri
alıb sonra onları satırlar. Belə
hallar da var və dünya praktikası var. Mənə verilən
məlumata görə, dünya praktikasında
özünüməşğulluq proqramının uğur əmsalı
təqribən, 50 faiz ətrafındadır, Azərbaycana gəldikdə,
bu, daha çoxdur. Ancaq bu proqrama cəlb
olunan vətəndaşlar bilməlidirlər ki, əgər
onlara verilmiş imkanlardan düzgün istifadə etməsələr,
bu imkanı itirəcəklər və ikinci dəfə onlara
bu şərait yaradılmayacaq. Ona görə
xahiş edirəm, əgər kiməsə vasitə verilirsə
onu satmasın, ondan səmərəli şəkildə istifadə
etsin ki, özü üçün davamlı, dayanıqlı
gəlir mənbəyi yaratsın. Bizim əsas
məqsədimiz budur ki, insanlar özləri üçün
müstəqil gəlir mənbələri yaratsınlar və
ailələrini saxlaya bilsinlər. Ona
görə 12 min insanın imkanlarını araşdırmaq
böyük vaxt tələb edir və burada meyarlar çox dəqiq
ölçülüb-biçilməlidir ki, ədalət
prinsipi tam təmin edilsin.
Həssas təbəqənin
qorunması, - bu barədə siz məlumat verdiniz, - hesab edirəm
ki, indiki şəraitdə ən vacib məsələdir. Biz onlara sahib
çıxmalıyıq, onlara dəstək verməliyik,
onlara kömək göstərməliyik. Azərbaycan
xalqının əsrlərboyu yaşatdığı bu
gözəl xüsusiyyətləri bu gün bütün
xalqımız nümayiş etdirməlidir və
nümayiş etdirir. Qeyd etdiyiniz kimi, biznes
dairələri öz təşəbbüsləri ilə
imkansız adamlara kömək göstərirlər və mən
bunu alqışlayıram. Bu, biznesin sosial
məsuliyyətinin təzahürüdür. Kimin nəyə gücü, imkanı
çatırsa kimsəsiz insanlara, ahıl insanlara, həssas təbəqədən
olan insanlara kömək göstərin. Əlbəttə
ki, dövlət öz üzərinə bu funksiyanı
götürüb, bunu edir və edəcək. Ancaq biznes dairələrinin bu şəraitdə bu
işlərə qoşulması və ayrı-ayrı
insanların öz təşəbbüsü ilə
ehtiyacı olan insanların yanında olması məni hədsiz
sevindirir, onlara öz təşəkkürümü bildirmək
istəyirəm. Yerli icra orqanları şərait
yaratmalıdır ki, onlar bu yardımı daha böyük həcmdə
etsinlər. O ki qaldı, həssas təbəqədən
olan tələbələrə, siz qeyd etdiniz, 17 min tələbənin
ödənişi dövlət tərəfindən təmin
ediləcək. Bu, çox gözəl addımdır və
buna da tam nəzarət olmalıdır ki, heç kim bu proqramdan kənarda qalmasın.
Kommunal ödənişlərlə
bağlı güzəştlər edilibdir. Hesab edirəm
ki, pandemiya ilə bağlı sosial paketin tam icra edilməsi
karantin və pandemiya dövründə vətəndaşların
yaşayışı üçün çox ciddi kömək
olacaqdır.
Eyni zamanda, biz ilin əvvəlində
nəzərdə tutulmuş proqramları da yaddan
çıxarmamalıyıq. Bu haqda mən artıq giriş
sözümdə dedim. Şəhid ailələrinin
mənzillərlə təmin edilməsi – biz ilin sonuna qədər
bu istiqamətdə də 1500 mənzilin verilməsini təmin
etməliyik. Hazırda birinci 3 ayda neçə
şəhid ailəsi evlərlə təmin edilib? Bu haqda məlumat verin.
Nazir Sahil Babayev: Möhtərəm cənab
Prezident, artıq 180 şəhid ailəsi üçün evlər
tam satın alınıbdır. Əlavə
olaraq satınalmada 200 şəhid ailəsi ilə
bağlı evlər, mənzillər var. Sadəcə, bu
xüsusi karantin rejimində kütləvi tədbirin
olmaması üçün onları təqdim etmirik. Rejim bitən kimi artıq əlimizdə 300-dən
artıq belə mənzil hazır olacaq.
***
Prezident İlham
ƏLİYEV dedi:
-Karantin rejimi kənd təsərrüfatı
işlərinə mane olmamalıdır. Ona
görə müvafiq göstərişlər verilmişdir.
Çünki bildiyiniz kimi, bəzi insanlar
mövsümi işlərlə bağlı bir rayondan
başqa rayona getməli olurlar. Ona görə
indi ki, şəhərlərarası nəqliyyat
dayandırıldı, bu məsələ ayrıca müzakirə
edilməlidir və bütün şərait
yaradılmalıdır ki, kənd təsərrüfatı sahəsində
karantin rejimi bizə problem yaratmasın və insanların
gediş-gəlişi təmin edilsin. Operativ
Qərargaha bu məsələ ilə bağlı göstəriş
verildi. Əminəm ki, bu göstəriş
yerinə yetiriləcək.
Birinci rübdə kənd təsərrüfatının artımı 3,7 faiz olmuşdur. Bitkiçilikdə daha böyük nəticələr əldə edilib, 13 faizdən çox artım var. Nəzərə alsaq ki, keçən il də bitkiçilikdə artım böyük idi, bu, göstərir ki, bu sahə uğurla, sürətlə inkişaf edir. Heyvandarlığa gəldikdə, burada inkişafa nail olmaq üçün daha çox vaxt lazımdır. Burada da artım 3 faizdən bir qədər çoxdur.
Bu il kənd təsərrüfatı sahəsində çalışan sahibkarlara Sahibkarlığın İnkişafı Fondundan kreditlərin ayrılması nəzərdə tutulur. Xüsusilə hesab edirəm ki, indiki şəraitdə kənd təsərrüfatı emalı sahəsinə daha çox diqqət yetirilməlidir. Çünki biz əlavə dəyər zənciri yaratmalıyıq və çalışmalıyıq ki, həm daxili bazara, həm xarici bazarlara daha çox hazır məhsul təqdim edək. Eyni zamanda, bu, yeni iş yerlərinin yaradılmasına da gətirib çıxaracaq. Əlbəttə ki, kiçik sahibkarlar da yaddan çıxmamalıdır. Bilirəm ki, Kənd Təsərrüfatı Nazirliyinin bəzi təklifləri var. Ona görə, ümumiyyətlə, kənd təsərrüfatı işlərinə hazırlıqla bağlı, görüləcək işlərlə bağlı, problemlərlə bağlı məlumat vermək üçün söz verilir Kənd Təsərrüfatı naziri İnam Kərimova.
***
Kənd Təsərrüfatı naziri İnam KƏRİMOV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Verdiyiniz tapşırıqlara uyğun olaraq aqrar sahənin inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Aqrar sektorda fəaliyyət bu gün xüsusi karantin rejiminin tələblərinə uyğun qurulur. Bununla yanaşı, tətbiq edilən karantin rejiminin kənd təsərrüfatına təsirinin minimuma endirilməsi üçün Sizin verdiyiniz tapşırıqlara uyğun olaraq zəruri tədbirlər görülür. Hazırkı dövr kənd təsərrüfatı sahəsində aqrotexniki tədbirlərin və yazlıq səpinlərin ən intensiv dövrünə təsadüf edir. Nazirlər Kabineti tərəfindən qəbul olunmuş təlimata əsasən, kənd təsərrüfatı işlərinin fasiləsiz həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birgə iş qurulub.
Bölgələrdə hazırda mineral gübrə, pestisid, toxum təchizatı və satışı həyata keçirilir, kənd təsərrüfatı texnikalarının məhdudiyyətsiz hərəkəti təmin edilib. Kənd təsərrüfatı məhsullarının orta və iri həcmli maşınlarla daşınması məhdudiyyət olmadan həyata keçirilir. Bu günədək xüsusi karantin rejimi dövründə əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatında ciddi problem qeydə alınmayıb.
Respublika üzrə 2020-ci il üçün 1 milyon hektardan çox sahədə taxıl əkini aparılıb. Əkin sahələrinin 641 min hektarını buğda, 369 min hektarını arpa əkinləri təşkil edir. Hazırda əkin sahələrində intensiv aqrotexniki tədbirlər aparılır, vegetasiya suvarmaları həyata keçirilir.
Bu il respublikanın 21 rayonu üzrə 100 min hektar sahədə pambıq əkini proqnozlaşdırılır. Yaxın günlərdə əkin sahələrində intensiv səpinə başlanılacaq. Artıq 19 mindən çox istehsalçı ilə müqavilələr bağlanılıb, əkin sahələrinin toxum, gübrə, pestisidlə təminatı ilə bağlı tədbirlər görülüb.
Digər yazlıq əkinlər - tütün, şəkər çuğunduru, bostan-tərəvəz, kartof əkini üzrə tədbirlər həyata keçirilir.
Fermerlərin gübrəyə olan ehtiyacını təmin etmək məqsədilə ölkəyə lazımi miqdarda mineral gübrə idxal olunub. O cümlədən bu ildən daxili istehsal gübrəsi olan karbamid gübrəyə olan tələbatın ödənilməsində mühüm rol oynamağa başlayıb. Karantin rejimi dövründə təsərrüfatların gübrə ilə təmin olunması üçün təchizatçı şirkətlər tərəfindən rayonlarda və kəndlərdə səyyar satışlar təşkil edilir.
Taxıl biçininə hazırlıq işləri davam etdirilir. Hazırda respublikada 1700-dən çox taxılbiçən kombayn var. "Aqrolizinq” ASC-nin rayon bölmələri tərəfindən biçinə 728 kombayn cəlb ediləcək. Bundan əlavə, Sizin tapşırığınızla əlavə 125 kombaynın alınması planlaşdırılır. Həmçinin dövlət dəstəyi ilə özəl sektor tərəfindən lazımi texnikalar alınmaqdadir. Ümumilikdə, ölkədə taxıl biçini zamanı tələbatı tam ödəyə biləcək sayda kombayn mövcuddur.
Bu ilin yanvarından fermerlərə subsidiyalar yeni mexanizmə uyğun verilməyə başlanıb. Subsidiyaların ödənilməsi yalnız elektron kənd təsərrüfatı sistemi üzərindən həyata keçirilir. Bu günədək elektron sistemdə 484 mindən artıq fermer qeydiyyatdan keçib, 357 mindən çox fermer payızlıq əkinlərini bəyan edib. Artıq bu günə 321 mindən artıq fermerə subsidiyalar ödənilib.
Möhtərəm cənab Prezident, qeyd edilənlərlə yanaşı, hazırda fermerlərimizin üzləşdiyi bir sıra çətinlikləri də diqqətinizə çatdırmaq istərdim. Bunlardan biri iqlim dəyişiklikləri ilə bağlıdır. Payızlıq əkinləri vegetasiya dövründə müşahidə olunan kəskin quraqlıq kənd təsərrüfatına ciddi təsir edib. Sentyabr-fevral aylarında respublika üzrə illik yağıntı və qarın miqdarı normadan kəskin dərəcədə aşağı olub, bu da əkin sahələrinin suvarılmasında çətinliklər yaradır.
Hazırda Nazirlər Kabinetinin koordinasiyası ilə "Meliorasiya və Su Təsərrüfatı” ASC ilə birlikdə yerlərdə su çatışmazlığının aradan qaldırılması ilə bağlı tədbirlər görülməyə başlanılıb. O cümlədən su idarəedilməsinin və uçotunun elektron sistem üzərindən aparılması istiqamətində işlər planlaşdırılır.
Fermerlərimizin qarşılaşdığı digər çətinliklərdən biri də əkin mövsümü dövründə kiçikhəcmli kredit mənbələrinə çıxışın məhdud olmasıdır. Çünki banklar əksər hallarda güzəştli kredit ayırmaq üçün fermerlərdən Bakıda mənzil girovu tələb edirlər. Ancaq Sizin bir neçə gün əvvəl imzaladığınız Fərmana əsasən, fermerlərə girovsuz aqrar kreditin verilməsi mexanizmi formalaşdırılıb. Bu Fərmanın icrası üçün əlavə maliyyə vəsaitinin ayrılması ilə bağlı bütün fermerlərimizin xahişlərini ifadə etmək istərdim. Bu dəstəyə və fermerlərin maddi rifah halının yaxşılaşdırılmasına göstərdiyiniz davamlı qayğıya görə kənd zəhmətkeşləri adından Sizə dərin təşəkkürümüzü bildiririk. Sizi əmin edirik ki, qarşımıza qoyduğunuz vəzifələri bu il də layiqincə yerinə yetirmək üçün bütün səy və imkanlarımızı səfərbər edəcəyik.
Çox sağ
olun, cənab Prezident.
***
Dövlətimizin
başçısı müşavirəyə yekun vurdu.
Azərbaycan.-
2020.- 15 aprel.- S.1; 4.