Əsas məqsəd
koronavirusla mübarizədə qalib gəlmək, bu vəziyyətdən
az itkilərlə çıxmaqdır
İlham
Əliyev: "Mənim seçimim birmənalıdır - insanların sağlamlığı"
Dövlətimizin
başçısı müşavirəyə yekun vurdu.
Prezident İlham Əliyevin yekun çıxışı
- Bir daha demək istəyirəm ki, son illər kənd təsərrüfatı sahəsində müsbət dəyişikliklər baş verir. Elektron Kənd Təsərrüfatı Proqramı icra edilir. Fermerlərə subsidiyaların verilməsi mexanizmi təkmilləşdirilib və artıq kartlar da verilibdir. Bu, çox müsbət haldır, yəni, kənd təsərrüfatı müasir standartlara cavab verməlidir. Belə olan halda, əlbəttə ki, həm məhsuldarlıq artacaq, həm kənddə işləyən insanlar əmək sərf edəcəklər, həm də daxili bazarı təmin edəcəyik və xarici bazarlara da daha geniş çeşiddə məhsullarla çıxa biləcəyik. Kənd təsərrüfatı ilə bağlı olan əsas məsələ məhsuldarlığı artırmaqdır. Kənd Təsərrüfatı Nazirliyi artıq bu istiqamətdə işlər görür, demək olar ki, yetişdirilən bütün növ məhsullar üzrə məhsuldarlıq ildən-ilə artır. Amma biz bilməliyik ki, əhalimiz artır və daxili istehlak da artacaq. Ona görə kənd təsərrüfatının istehsalı yüksək templərlə inkişaf etməlidir ki, biz həm daxili tələbatı ödəyə bilək, eyni zamanda, ixrac bazarlarına da öz məhsulumuzu çatdıra bilək.
Hesab edirəm ki, qeyd etdiyiniz məsələlərin həlli üçün, əlavə vəsait ayrılmalıdır. Mikrokreditlərin verilməsi üçün Prezidentin ehtiyat fondundan vəsaitin ayrılması nəzərdə tutulmalıdır. Hesab edirəm ki, bu məqsədlər üçün 30 milyon manat vəsait ayrıla bilər və müvafiq Sərəncam layihəsi də hazırlansın, mənə təqdim edilsin.
Quraqlıqla bağlı dedikləriniz çox ciddi məsələdir, bu, böyük narahatlıq doğurur. Çünki bu meyl davam edə bilər. Bilirsiniz ki, dünyada iqlim dəyişikliyi ilə bağlı böyük narahatlıq var. Bəzi proqnozlar onu göstərir ki, Azərbaycanda bəlkə on ildən, iyirmi ildən sonra səhralaşma prosesi də istisna deyil. Ona görə biz bəri başdan buna hazır olmalıyıq. Keçən ilin quraqlığı bizə çox böyük problem yaratmışdı və hətta yaşlı insanlar belə quraqlığı xatırlamırlar. Bu il də quraqlıq gözlənilir. Ona görə su ehtiyatlarımızın səfərbər olunması, onlardan səmərəli istifadə edilməsi prioritet məsələyə çevrilir. Heç kimə sirr deyil ki, su olan yerdə məhsuldarlıq da artır və insanların dolanışığı da yüksəlir. Məhz bu məqsədlə ölkəmizdə bir neçə önəmli genişmiqyaslı layihə icra edilmişdir. Əgər Şəmkirçay su anbarı, Taxtakörpü su anbarı vaxtında tikilməsəydi, kanallar çəkilməsəydi, o sudan qidalanan rayonlarda böyük çətinliklər ola bilərdi. Biz son bir neçə il ərzində orta hesabla təqribən yüz min hektara yaxın torpağa suyun verilməsini təmin edirik. Bunlar vaxtilə suvarılmayan, yaxud da ki, suvarılması lazımi səviyyədə olmayan torpaqlardır. Ona görə bundan sonra da kənd təsərrüfatının və fermerlərin bu sahədə tələbatını ödəmək üçün gərək yeni proqram tərtib edilsin. Biz köhnə metodlarla gedə bilmərik. Çünki bu metodların səmərəliliyi özünü doğrultmur. İndi dünya texnologiyaları bütün sahələrdə inkişaf edir, o cümlədən meliorasiya sahəsində. Biz indi bu işləri dədə-baba üsulu ilə görə bilmərik. Yeni texnologiyalar tətbiq edilməlidir. Mənə verilən məlumata görə, bəzi yerlərdə suyun itkisi 40-50 faizə çatır. Baxmayaraq ki, son vaxtlar bu sahəyə böyük investisiya qoyulub. Amma vaxtilə tikilmiş qurğuların, infrastrukturun bir çoxu çürüyüb və həm suyun çatdırılmasına imkan vermir, həm də ki, o sızmalar torpağın şoranlaşmasına gətirib çıxarır. Ona görə biz burada iki ziyan görürük. Onu da bilməliyik ki, bizim su ehtiyatlarımız o qədər də geniş deyil və əsas su mənbələrimiz sərhədlərimizin kənarında formalaşır. Ona görə hər damcı su bizim üçün önəmlidir. Bu məsələ ilə ciddi məşğul olmaq lazımdır. Sovet vaxtında tikilmiş su kanallarımızın demək olar ki, hamısı torpaq kanallardır. Son vaxtlar biz ancaq beton kanallar tikirik və vaxtilə tikilmiş torpaq kanalları betona alırıq. Beləliklə, su itkisinin qarşısını alırıq. Ancaq hesab edirəm ki, daha irəli baxmalıyıq. İndi dünyanın inkişaf etmiş ölkələrində, xüsusilə, bizim iqlimimizə oxşar iqlimi olan ölkələrdə təcrübə var, orada məhsuldarlıq da çox yüksəkdir və bu təcrübə Azərbaycanda tətbiq edilməlidir.
Ona
görə hesab edirəm ki,
bu sahədə ciddi
irəliləyişə nail olmaq üçün xüsusi komissiya
yaradılmalıdır. Su
ehtiyatlarından səmərəli istifadə etmək üçün komissiya
yaradılacaq. Hesab edirəm ki, komissiyaya Baş Nazirin müavini Şahin Mustafayev rəhbərlik etməlidir. Çünki Şahin Mustafayev İqtisadiyyat naziri işlədiyi dövrdə bu məsələ ilə fəal məşğul
olub və mənə müntəzəm olaraq məruzələr edib.
Komissiyada aidiyyəti qurumların rəhbərləri - Kənd
Təsərüfatı naziri, İqtisadiyyat naziri, Ekologiya və Təbii Sərvətlər naziri, "Meliorasiya və
Su Təsərrüfatı" Səhmdar
Cəmiyyətinin, "Azərsu" Səhmdar Cəmiyyətinin
rəhbərləri və digər aidiyyəti qurumların rəhbərləri
təmsil olunmalıdırlar ki, konkret tədbirlər planı
hazırlansın. Demək olar ki, indi
təhlillə bağlı
materiallar və belə məlumatlar var. Əsas məsələ odur ki, nə
etməliyik, hansı addımlar atmalıyıq. Yəqin, xarici
mütəxəssisləri də cəlb etməliyik ki, bizə yaxşı məsləhətlər versinlər.
Biz suyun hər
bir damcısının
qədrini bilməliyik.
Beləliklə, bugünkü müşavirəmiz
başa çatmaq üzrədir. Bildirməliyəm ki, əlbəttə,
bizim iqtisadi və sosial planlarımız yerindədir.
Koronavirus planlarımıza müəyyən təsir
etsə də, bizi əsas yolumuzdan döndərə
bilməz. Əlbəttə ki, indi bizim
bütün səylərimiz
koronavirusla mübarizəyə
yönəldilib. Bu da təbiidir. Məhz bu məqsədlə mənim Sərəncamımla
Baş Nazirin rəhbərliyi altında
Operativ Qərargah yaradılıb. Qərargah çox
səmərəli işləyir,
24 saat çalışır.
Demək
olar ki, mən də 24 saat əlaqədəyəm.
Gün ərzində bəlkə
də 5-6 dəfə zəngləşirik, danışırıq.
Deyə bilərəm ki, əgər vaxtında bu addımlar atılmasaydı, əgər
çox ciddi koordinasiya aparılmasaydı,
bu gün biz daha da böyük
problemlərlə üzləşə
bilərdik. Biz özümüzü bu günə qədər demək olar ki, çox böyük problemlərdən
qoruya bildik. Son iki günün
dinamikası, yəni,
xəstələrin və
sağalanların sayı
arasındakı dinamika
müəyyən nikbinliyə
yol açır.
Amma mən hələ ki vaxtı qabaqlamaq
istəmirəm, hələ
ki təhlil aparılır. Bildiyiniz kimi,
karantin rejimi ayın 20-nə qədər
qüvvədədir. Növbəti həftə ərzində
həm Operativ Qərargah, həm bütün digər aidiyyəti qurumlar öz təkliflərini verməlidirlər ki, ayın 20-dən sonra biz hansı addımları atmalıyıq, karantin rejimi qüvvədə qalacaq ya yox,
qalacaqsa hansı formada qalacaq. Biz yumşalmaya nə
vaxtdan başlaya bilərik. Biz bütün bunları gərək dəqiq bilək. Bir daha demək
istəyirəm ki, əsas məsələ xalqımızı bu xəstəlikdən qorumaqdır.
İqtisadiyyat bərpa olunar.
Biz indi fəal
işləyirik və
işləyəcəyik ki,
bu vəziyyətdən
minimum itkilərlə çıxaq.
Koronavirusla bağlı addımlar ardıcıllıqla atılır. Bizdə indi
20-dən çox xəstəxanada
xəstələr müalicə
alır. Eyni zamanda,
4-5 ulduzlu otellərdə,
o cümlədən Atletlər
kəndində karantində
olan vətəndaşlar
yerləşdirilib. Biz artıq 70 mindən çox test keçirmişik
və keçirilən
testlərin sayına görə dünya miqyasında 30-cu yerlərdəyik.
Həkimlərə diqqət göstərilir,
onların maaşları
3, 4, 5 dəfə artırılıbdır.
Biz maska istehsalına
başlamışıq və
bir müəssisə
artıq fəaliyyətə
başlayıb. Mənə verilən
məlumata görə,
digər müəssisə
də fəaliyyətə
başlayır. Bu da çox müsbət
haldır. Əlavə 10 modul tipli xəstəxananın
tikintisi artıq başlamışdır. Onlardan altısı
dövlət, dördü
isə özəl sektor tərəfindən inşa ediləcək.
Bizim ən müasir xəstəxanamız – "Yeni
klinika”, keçən
ayın sonunda istifadəyə verildi.
Bu 575 çarpayılıq ən müasir klinikamız koronavirus xəstələrinin sərəncamına
verildi. Mən klinikanın açılışında
qeyd etmişdim ki, biz bu xəstəliyə
görə bu klinikanı vaxtından bir qədər əvvəl istifadəyə
verdik və o tədricən fəaliyyətə
başlayır. Son məlumata görə, artıq bu klinikada
100 koronavirus xəstəsi
müalicə alır.
Deməli orada çarpayıların
istifadəyə verilməsi
prosesi davam edir və bütün
imkanlar maksimum səfərbər olunubdur.
Bizim bu sahədə görülən işlərə
ən gözəl qiyməti Azərbaycan xalqı verir. Bir daha demək istəyirəm ki, mən minlərlə
elektron məktub alıram. Bu məktublarda görülən
işlərə görə
minnətdarlıq ifadə
olunur. Ümumdünya Səhiyyə Təşkilatı
bizim gördüyümüz
işlərə yüksək
qiymət verərək
Azərbaycanı koronavirusla
mübarizə sahəsində
nümunəvi ölkə
adlandırıbdır.
Bütün bunlar deməyə əsas verir ki, biz bu bəlanı
da dəf edəcəyik, bu mübarizədə qalib gələcəyik. Biz xalq
olaraq artıq birlik, həmrəylik nümayiş etdirmişik,
indi daha çox məsuliyyət və nizam-intizam nümayiş etdirməliyik.
Belə olan halda biz bu ağır
vəziyyətdən az itkilərlə və şərəflə
çıxacağıq.
Azərbaycan xalqına cansağlığı
və xoşbəxtlik
arzulayıram. Sağ olun.
Azərbaycan.- 2020.- 15 aprel.- S.4.