Mətbuatın üzü və
astarı
Mətbuat həyatın güzgüsüdür - demişlər!
Bunu baş jurnalistimiz Həsən bəy Zərdabi də söyləmişdir ki, hər bir qəzet ol vilayətin ayinəsi olmalıdır.
Ancaq güzgünün özündə də ləkə ola bilər və belə güzgünün göstərdiyi hər şey ləkəli görünər.
Odur ki, Nizami Gəncəvi güzgünün ləkəli olub-olmadığını dəqiqləşdirməyi tövsiyə edib!
Hətta güzgü əyri də ola bilər!
Belədə onun göstərdiyi düz şeylər də əyri təsiri bağışlar!
Əyri güzgülərdən yaradılan "gülüş otaqları”nda o qədər özümüzə baxıb gülmüşük ki…
Deməli, güzgü - yəni mətbuat bəzən ləkəli və əyri də olur!
Artıq buna kimsə təəccüblənmir…
***
Qırmızı imperiya dağılandan, kommunizm ideologiyası və ictimai-iqtisadi formasiyası özünü doğrultmayandan sonra bəşəriyyət (SSRİ də daxil olmaqla) bu kabusdan imtina etdi. "On beş qardaş”ın hər biri ayrı-ayrılıqda özünə müstəqil dövlət qurmağa və sərbəst bazar iqtisadiyyatı prinsipləri ilə yaşamağa başladı.
Keçid dövrü Azərbaycan üçün çox ağrılı oldu!
Zəngin təbii sərvətləri və əlverişli geosiyasi mövqeyi yenə də başının bəlasına çevrildi!
Üstəlik, həqiqi rəhbərindən, dünyada baş verən prosesləri dərindən bilən, dövləti hər cür bəlalardan və kataklizmlərdən qorumağı bacaran, müasir tipli dövlət quraraq dövlətçilik yaratmağın mahir ustası olan Heydər Əliyev kimi titanik şəxsiyyətdən aralı düşmüşdü. Odur ki, başı müsibətlər çəkdi, məkrli planların qurbanı oldu, 20 min övladını şəhid verərək ərazisinin 20 faizini də itirdi…
Əgər müdrik xalqımız Ulu Öndər Heydər Əliyevi yenidən ölkə rəhbərliyinə qaytarmasaydı və onun ətrafında sıx birləşməsəydi, nə bugünün Azərbaycanı vardı, nə də müasir müstəqil dövlətimiz!
Ulu Öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra çox qısa müddətdə müharibədə atəşkəsə nail olundu, qanunsuz silahlı dəstələr ləğv edildi, əhalidəki külli miqdarda silah-sursat yığıldı, ölkə anarxiya və özbaşınalıqdan, qanunsuzluqlardan xilas edildi, möhkəm və dönməz sabitlik yaradıldı, Azərbaycanın müstəqilliyi əbədiliyə və dönməzliyə çevrildi!
Heydər Əliyev bir neçə istiqamətdə fəaliyyət göstərir, sutkanın on səkkiz saatını işləyirdi. Odur ki, tezliklə ümummilli böhran aradan qaldırıldı, özəlləşdirmə proqramları uğurla həyata keçirildi, ən əsası, aqrar islahatlar başa çatdırıldı. "Əsrin müqaviləsi”nin imzalanması dünyanın aparıcı dövlətlərinin maraqlarının Azərbaycanın maraqları ilə uzlaşdırılmasına, neftin iqtisadiyyatın digər sahələrinin böhrandan çıxarılaraq inkişafının lokomotivinə çevrilməsinə imkan yaratdı!
Ən mühüm addımlardan biri baş müəllifi Heydər Əliyev olan yeni Konstitusiyanın hazırlanması və referendum yolu ilə qəbulu oldu!
Beləliklə, Azərbaycan xalqı Ulu Öndərin rəhbərliyi ilə sərbəst bazar iqtisadiyyatı və demokratiya yolunu könüllü şəkildə seçərək ümumbəşəri inkişaf yolu ilə irəliləməyə başladı.
Müasir demokratiyanın bir sıra mühüm təməl prinsipləri vardır. Bunların sırasında mətbuat və söz azadlığı, çoxpartiyalı sistem, insan haqlarının qorunması xüsusi yer tutur.
Müstəqil Azərbaycan demokratiya yoluna qədəm qoyduğu gündən bu prinsiplərin dönmədən həyata keçirilməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına xüsusi fikir verir.
Burada kiçik bir haşiyə...
Ulu Öndərimiz dünyaya, Avropaya inteqrasiya yolunu seçsək də, heç zaman milli-mənəvi dəyərlərimizi, xalqımızın əsrlər boyu formalaşmış adət-ənənələrini unutmamağı, azərbaycançılıq ideologiyasına daim sadiq qalmağı tövsiyə edirdi. Müdrikcəsinə: "Biz üzümüzü qərbə tutsaq da, heç zaman şərqli olduğumuzu unutmamalıyıq” - söyləyirdi.
Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı olan cənab İlham Əliyev də bu ənənəyə sadiqdir. Dövlət başçısı milli-mənəvi dəyərlərimizi daim qorumağı, Azərbaycanın mədəniyyəti və mənəvi dəyərləri ilə dünyaya töhfələr verməyi, Avropadan isə əsasən yeni texnologiyalar idxal etməyin zəruriliyini göstərir.
Bütün bu prinsiplər Azərbaycan mətbuatına da aiddir.
Heydər Əliyev müstəqil, azad mətbuatın yaranmasına və inkişafına daim diqqət yetirir, onun maddi-texniki bazasının möhkəmlənməsinə mühüm töhfələr verirdi. Eyni zamanda milli mətbuatımızın ənənələrinin qorunub saxlanmasının vacibliyini də xüsusi vurğulayırdı. Mətbuatın öz kökü üzərində, tarixi ənənələrini qoruyaraq inkişafının təmin olunmasına səsləyirdi.
Azərbaycan mətbuatı bugünkü azadlığına görə Ulu Öndərimizə borclu və minnətdardır!
Həsən bəy Zərdabi Azərbaycan milli mətbuatının, mətbu sözün yaranmasının banisidir və xalqımız buna görə daim maarifpərvər ziyalısını hörmət və ehtiramla anır.
Lakin 1875-ci ildə "Əkinçi” həyata qədəm qoyarkən özündən qabaq senzurası yaranmışdı. Bu funksiyanı öz üzərinə Cənubi Qafqazın general-qubernatoru Staroselski götürmüşdü. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu qısa dövr istisna olmaqla Azərbaycan mətbuatı daim senzura nəzarəti (hətta sovet dövründə partiya nəzarəti formasında ikiqat senzura) ilə çıxmışdır.
1991-ci ildə Dövlət Müstəqilliyi barədə Konstitusiya Aktı qəbul olunsa da, nə A.Mütəllibov, nə də Ə.Elçibəy iqtidarı mətbuata senzura nəzarətini ləğv etdilər. Əksinə, özlərini "demokrat” adlandıran AXC-Müsavat iqtidarı dövründə "hərbi senzura” yaradılaraq mətbuata nəzarət daha da gücləndirildi.
Yalnız Ulu Öndər Heydər Əliyev 6 avqust 1998-ci ildə milli mətbuatımızı senzuranın buxovlarından azad edərək sözə də müstəqillik verdi!
Həsən bəy Zərdabi xalqımıza mətbu söz bəxş etdi!
Ulu Öndər Heydər Əliyev isə bu gün hamımızın gen-bol istifadə etdiyi azad mətbuatda azad sözün yaradıcısı oldu!
Heydər Əliyev həm də müstəqil mətbuata dövlət qayğısının və yardımının təməlini qoymuşdur.
DÖVLƏT VƏ MƏTBUAT
MÜNASİBƏTLƏRİ
İqtidarda olduğu qısa müddətdə ölkəni çapıb-talayan - kolxoz və sovxozların əmlakını, fabrik və zavodların hətta anbarlarındakı məhsullarını belə xaricə daşıyıb satan AXC-Müsavat cütlüyü mətbuatı da yaman günə qoydu. Dövlətin yüksək çinli məmurları jurnalistləri yazdıqları yazıya görə döyərək maşınların yük yerinə basır, tənqidi məqalələrini ağızlarına soxaraq yeməyə məcbur edirdilər. Müstəqil qəzetlərin maddi durumu da ürəkaçan deyildi. Bu səbəbdən "reket mətbuatı” meydana gəldi, nəticədə uzun müddət qol-qanad açan "reket qəzetlər” (sonralar isə elektron saytlar) meydan sulayaraq insanlara şər-böhtan atmağa, onların şərəf və ləyaqətini təhqir etməyə, mətbu sözü gözdən-nəzərdən salmağa başladılar!
Mətbuatın yanlış yola düşməsində "reket qəzetlər”in mənfi "fəaliyyətləri” də müəyyən rol oynadı...
AXC-Müsavat cütlüyünün iqtidar dövründən fərqli olaraq Ümummilli Lider Heydər Əliyevin və cənab İlham Əliyevin respublikaya rəhbərlikləri zamanı mətbuata və azad sözə doğma münasibət bəslənilmişdir. Bu sahədə Prezident İlham Əliyevin atdığı addımlar daha çox diqqət çəkir.
Heydər Əliyev ənənələrini bu sahədə də yaşadan cənab İlham Əliyev mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial rifahının yüksəldilməsi sahəsində təsirli və ardıcıl addımlar atdı.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının hazırlanması və dövlət başçısı tərəfindən imzalanması bu sahədə dönüş nöqtəsi oldu. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması isə ölkə Prezidentinin mətbuata ardıcıl və sistemli dəstəyi ideyasını reallaşdırdı.
Konsepsiyanın özünəməxsus fəlsəfəsi, bir neçə mühüm prinsipi vardır.
Ən mühüm prinsip odur ki, dövlət mətbuatın azad fəaliyyətinə müdaxilə etmədən, onun "nədən və necə yazmasına” qarışmadan yardım göstərir.
İkincisi, dövlət öz marağında olan məsələlərin - dövlətin siyasətinin, aparılan quruculuq işlərinin, beynəlxalq aləmdə baş verən hadisələrin, ölkəmizin dünyaya inteqrasiyasının, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin təbliği, milli-mənəvi dəyərlərin qorunması, gender bərabərliyi və s. mövzuların daim düzgün işıqlandırılmasının, obyektiv şərhinin təmininə nail olmaq niyyətini açıq şəkildə bəyan etmişdir.
Deyilənləri reallaşdırmaq üçün ən doğru forma da seçilmişdir. Hər mətbu orqan konsepsiyada göstərilən on doqquz istiqamətdən seçdiyi mövzu üzrə layihə hazırlayır, KİVDF isə məhz redaksiyalar tərəfindən hazırlanan həmin layihələri bəyənərək ona qrant ayırır və icrasına nəzarət edir.
Hər iki tərəfi qane edən bu əməkdaşlıq müəyyən dövrdə müstəqil qəzetlərin inkişafına dəyərli töhfəsini verdi.
Cənab İlham Əliyevin Azərbaycan mətbuatına və jurnalistlərinə verdiyi ən uğurlu dəstəklərdən biri dünyada analoqu olmayan yardımın - mətbuatın inkişafında müəyyən xidməti olanlara dövlət hesabına tikilib-təmir edilən mənzillərin pulsuz paylanmasıdır.
Məhz Prezident İlham Əliyevin bu alicənablığı sayəsində yüzlərlə jurnalist kirayədə yaşamağın çətinliyindən, darısqal mənzillərdən qurtuldu, ən əlçatmaz arzusuna yetişərək rahat yaşamağa, övladlarını evləndirməyə nail oldu.
Azad sözə, müstəqil mətbuata qayğını əks etdirən bu addımlar daim jurnalistlər tərəfindən minnətdarlıqla xatırlanacaq, hörmətlə və yüksək qiymətləndiriləcəkdir. Təsadüfi deyil ki, həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev dəfələrlə "Jurnalistlərin dostu” adına layiq görülmüşdür. Gizli səsvermə ilə qalibi müəyyənləşən bu ad həm də Azərbaycan xalqının və ziyalıların öz rəhbərlərinin azad sözə xidmət sahəsində gördükləri işlərə verdiyi qiymətdir.
AÇIQ QAPILI MƏTBUAT
İnkişafının müəyyən mərhələsindən sonra Azərbaycan mətbuatının böhran keçirməsi, müxtəlif parametrlər üzrə hətta geriləməsi, ideoloji mübarizənin müəyyən məqamlarında üstün mövqelərini əldən verməsi xoşagəlməz olsa da, bir faktdır.
Milli mətbuatın ən böyük itkisi jurnalistikada peşəkarlıq səviyyəsinin xeyli aşağı düşməsidir.
Bunun isə obyektiv və subyektiv səbəbləri var.
Əvvəlcə obyektiv səbəblər barədə.
Jurnalistika "qapısı açıq olan” fəaliyyət sahəsi sayılır.
Deməli, kim istəsə bura baş vura, çox asanlıqla, maneəsiz qəzet aça, sayt yarada, bütövlükdə söz azadlığından ürəyincə bəhrələnə (söz azadlığının söz azğınlığına çevrilməsi artıq adiləşmiş haldır) bilər.
Heç bir əngəl, maneə və məhdudiyyət yoxdur!
* Müəyyən biliyin, savadın
var, ya yox...
* Ali təhsilin var, ya yox...
* İxtisasına aid hər hansı
təhsilin, hazırlığın var, ya yox...
* İstedadın var, ya yox...
* Niyyətin safdırmı, mətbuata,
xalqa xidmətdir, ya yox...
Bütün bunları soruşan, fərqinə
varan da yoxdur!
Jurnalistikaya gələnlərin
çox böyük əksəriyyəti işlədiyi
dövrdə sahəyə dair hər hansı nəzəri
biliyi öyrənməyə can atmır. Hesab edir ki, əgər
cümlə qura bilirsə (həmin cümlənin necəliyi
də belələri üçün heç bir əhəmiyyət
kəsb etmir), bu ona bəsdir!
Çünki belə hesab edirlər
ki, yazdıqları yaxşıdır, pis olsa, ya redaktor
düzəldəcək, ya da heç düzəltməsin!
Redaksiyalar daxilində yaradıcı
mühit yoxdur!
Hazırda müstəqil qəzetlərin
bir neçəsi istisna olmaqla qalanları eyni mövzuda, eyni məsələdən
yazır, eyni informasiya mənbələrindən istifadə
edirlər!
Hətta eyni dizaynerlər tərəfindən
səhifələndirildiklərindən (tərtib edildiyindən)
manşetləri, birinci səhifələri və tərtibat
üslubları da eynidir!
Faktiki bu gün bir qəzet oxumaqla
10-15, hətta daha artıq qəzet oxumuş olursan!
Fərqli materiallar az
sayda müxbirlərin telefonla götürdükləri
"müsahibə”lərdir! (Əgər bir sual və cavabdan
ibarət olan bu tip yazılara "müsahibə” demək
mümkündürsə). Lakin bunlar da bəzən
eyni olur. Çünki hər qəzet
yazını eyni müsahibdən, eyni mövzuda verilən sual
əsasında hazırladığından (belə qəzetlərlə
əməkdaşlıq edənlərin sayı da getdikcə
azalır) müəllif və fikir təkrarı
açıq-aydın görünür.
Redaktorların (adətən
5-10 nəfər işçisi olan qəzet rəhbəri
özünü "baş redaktor” adlandırır və qəzeti
belə imzalayır) özləri peşəkarlıq cəhətdən
axsadıqlarından və tələbkarlıq etmədiklərindən
(yaxud edə bilmədiklərindən) yaradıcılıq
baxımından illər boyu kollektivdə heç bir
inkişaf duyulmur.
Universitetlərin Jurnalistika
fakültələrində kadr hazırlığı
aşağı səviyyədədir (səbəblərinə
varmırıq), dövrün tələblərinə cavab
vermir.
Hazırlanan jurnalist
kadrları qəzetlərdə işləməyə gəlmirlər. Gələnləri isə
özlərini doğrultmurlar!
Daha jurnalistika və mətbuatda
işləmək hörmətli, maraqlı, üstün sahə
sayılmır!
Əməkhaqqı xeyli dərəcədə
aşağı düşüb!
Qonorar verən redaksiya yoxdur!
MƏMURA
ÇEVRİLƏN JURNALİSTLƏR
Respublikanın bütün
dövlət qurumlarında ucdantutma yaradılan "mətbuat
xidmətləri” sahənin başağrısına
çevrilib!
Barmaqla sayılacaq qədər az mətbuat xidmətlərindən operativ
informasiya və ya fakt almaq mümkündür! Hətta bir
neçə işçisi olan mətbuat xidmətləri belə
qəzetlərlə əməkdaşlıqda həvəssiz,
qapalıdırlar!
Əslində, onların
qarşısına qoyulan "həqiqi vəzifə” (qurum rəhbərliyi
tərəfindən) jurnalistləri başdan eləmək,
müxtəlif bəhanələrlə heç bir fakt verməmək,
qurumu tənqidi yazılardan qorumaqdır!
Mətbuat xidmətlərində
çalışanların hamısı jurnalistlərlə
müqayisədə daha yüksək əməkhaqqı
alır!
Bir qismi dövlət qulluqçusu
sayılır və yüksək pensiyaları da təmin
olunub!
Gördükləri iş asan, hətta
yox dərəcəsindədir!
Sovet dövründə fabrik
və zavodlarda "təhlükəsizlik texnikası üzrə
mühəndis” adlı bir ştat olardı.
İstehsalatda
özünü doğrultmayanlar, pensiya yaşı
çatanlar, "demaqoqluq” edib baş aparanlar, yaxud direktorun
yaxınları həmin vəzifəyə təyin
olunardılar!
Bu gün isə "təhlükəsizlik
texnikası üzrə mühəndis”lərin yerini "mətbuat
xidmətlərinin rəhbərləri” (üstəgəl işçiləri ) tuturlar.
Hətta iş o yerə
çatıb ki, uzun müddət televiziyalarda
çalışaraq tanınan bir qism aparıcılar mavi
ekranı buraxıb harayasa mətbuat xidmətinə rəhbər
gedirlər!
Ola bilsin ki, həmin təşkilat
və qurumların rəhbərlərinə belə "xidmət”
əl versin!
Amma, zənnimcə, şəffaf
fəaliyyəti və söz azadlığını
üstün tutan müasir Azərbaycana bu qədər və
bu sayaq fəaliyyət göstərən "mətbuat xidmətləri”
gərək deyil!
"REYTİNQ
XƏSTƏLİYİ”NİN FƏSADLARI
Özəl televiziya
kanallarında (son dövrlərdə dövlətin maliyyələşdirdiyi
televiziyalarda bu sahədə ciddi dönüş və yeniləşmə
nəzərə çarpmaqdadır) peşəkarlıq məsələsinə
yanaşma tam fərqlidir.
Burada bir neçə
maraqlı məqam var.
Özəl televiziya
kanalları gözəgörünməz "reytinq”ə
tabedir və onun "tələblərinə” uyğun hərəkət
edir.
O "reytinq”i kim
müəyyənləşdirir, bunun üçün
müşahidəni necə və hansı prinsiplər əsasında
aparır, həmin prinsipləri kim və nəyə arxalanaraq
müəyyən edib, reytinqi ölçən aparatlar harada
quraşdırılıb, onun göstəricilərini kim
toplayır və saf-çürük edir və s. bu kimi
suallara indiyədək kiminsə dəqiq cavab verdiyini eşitməmişəm!
Əslində, bu, Şeyx Nəsrullahın
"ölü diriltməyi” kimi bir şeydir!
Əgər xaricdən, tutaq
ki, Avropadan hansısa qurum gəlib mənim "reytinq”imi
ölçəcəksə, onun marağı nədir, niyə
bu əziyyəti özünə verir?!
Yox əgər marağı
varsa, bu maraq dövlətimin marağı ilə
üst-üstə düşürmü?
Elə burada Prezident İlham
Əliyevin milli-mənəvi dəyərlərə münasibətdə
Avropa ilə bizim fərqimizi əks etdirən müdrik bir
fikrini misal gətirmək istəyirəm: "Biz ənənəvi
dəyərlər üzərində dövlət qururuq,
böyük-kiçik var. Bunu biz qorumalıyıq, gənclər
də məni eşitsinlər, daim böyük-kiçik məsələsinə
fikir versinlər, indi bəzi ölkələrdə buna fikir
verilmir. Qadınlarla kişilər arasında
artıq fərq qoyulmur. Amma biz ənənəvi
cəmiyyətdə yaşayırıq və
yaşamalıyıq. Qadınlara hörmət
etməliyik, biz onları qorumalıyıq, onları müdafiə
eləməliyik. Onlar bizi yox, biz onları.
Gender bərabərliyi var, biz də bunu qəbul
edirik. Amma biz ənənəvi
düşüncədən kənarda yaşaya bilmərik və
gənc nəsil də bunu bilsin. Yaşlılara
hörmət olunmalıdır, yaşına görə.
İndi bəziləri istəyirlər ki, bizim
lüğətimizdən "ağsaqqal”, "ağbirçək”
sözləri çıxsın, necə ki, bəzi ölkələrdə.
Onlara baxanda adam dəhşətə gəlir.
Sonra da bizə deyirlər ki, gəlin bizə
inteqrasiya edin. Mən bir dəfə demişəm, hələ
Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki,
biz haraya inteqrasiya etməliyik, böhrana? Haraya
inteqrasiya etməliyik, "Stop İslam!” deyənlərə?
Haraya inteqrasiya etməliyik, qadınla kişi
arasında fərq görməyənə? Mən
artıq daha dərinə getmək istəmirəm”.
İkincisi, Milli Teleradio
Şurası "bunlar yaradıcılıq məsələsidir,
telekanalların daxili işidir, bizim ona qarışmağa
ixtiyarımız yoxdur” - deyə yaxalarını qırağa
çəkiblər.
Əslində, özəl
kanallarda dövlət maraqlarının təminatçısı
rolunda məhz dövlətin yaratdığı qurum
sayılan Milli Teleradio Şurası çıxış etməlidir. Dövləti
hansı mövzular və məsələlər maraqlandırırsa,
bu barədə xatırlatdığımız KİV-in
İnkişafına Dövlət Dəstəyi
Konsepsiyasında aydın şəkildə, hətta maddələrlə
göstərilib. Qalır ona əməl
edilməsi.
Üçüncüsü,
telekanallarda yaradılan "yaradıcılıq
şuraları”na arxayın olmağa dəyməz! Çünki
həmin "şuralar” onu yaradanın - kanal rəhbərlərinin
zövqü və istəyi ilə oturub-durmağa məhkumdur!
Aparıcıların
seçilməsində də xüsusi "prinsiplər” hiss
olunur!
Əvvəlki dövrlərdən
fərqli olaraq bu gün televiziya verilişlərinin ssenarisi əvvəlcədən
hazırlanmır, proqramın nədən başlanıb necə
davam edəcəyi və nə ilə bitəcəyi irəlicədən
bilinmir. Sadəcə mövzu müəyyənləşdirilir,
qonaqlar, telefon əlaqəsi yaradanlar onu hansı səmtə
istəsələr ora da darta, yönəldə bilirlər.
Bütün məsələlərdə
aparıcı tam sərbəstdir.
Eşidib bildiklərimizə,
mətbuatda gedən açıqlamalara əsasən
aparıcılara verilən "tələbləri” belə
ümumiləşdirmək mümkündür:
Televerilişin aparıcısı
özünə sponsor tapmalı, reklam cəlb etməli,
"imkanlı qonaq” çağırmalı, rəhbərinin
xüsusi tələblərini icra etməlidir.
Bundan başqa, sistemli şəkildə
gələn qonaqlara kanalı, iştirak etdiyi proqramı,
aparıcını (özünü) təriflətməlidir.
Adətən
çağırılan qonaqlar toy müğənniləri,
meyxana deyənlər, bu sahəyə yeni qədəm qoyanlar və
verilişdə ziddiyyət, münaqişə, qarşıdurma
yaradılmasına xidmət edən, bərk ayaqda
aparıcının müdafiəçisinə çevrilən,
onun "dəmtutanı” sayılan "hörmətli ekspertlərdən”
ibarət olur.
Verilişlər daim müxtəlif
formada bir-birinin təkrarı olur. Şou əhli
paltarını nümayiş etdirir, fonoqram oxuyaraq
"canlı ifa” imitasiyası (hərdən canlı ifa da
olur) yaradır, musiqi çalınanda aparıcıya
qoşulub oynayır, hansısa həmkarının dalınca
danışaraq növbəti qalmaqalın əsasını
qoyur, efiri boş danışıq və toy mahnıları ilə
dolduraraq yola verir!
Ən reytinqli veriliş studiyada
dava-dalaş düşməsi, qarşılıqlı təhqirlərin
baş verməsi (internetin yutubunda belə "nümunəvi”
verilişlərdən kifayət qədər var), qonağın
küsüb getməsi ilə yadda qalan proqramlar sayılır!
Özəl telekanallarda toy müğənnilərinin
aparıcıya, aparıcıların müğənniyə
çevrilməsi artıq adi hala çevrilib!
Nə meyar var, nə səriştə,
nə də xüsusi istedadın olması tələbi!
Artıq xüsusi
"nüfuz” sahibi olan aparıcılar dəstəsi də
yetişib. Onlar ekranda özlərini çox sərbəst
aparır, çayxana söhbətlərini "veriliş”
kimi təqdim edir, hərdən qonaqlara ədəbsiz suallar
verməkdən belə çəkinmir, bir sözlə,
özlərini təkəbbürlü, ağa kimi
aparırlar.
Bir çoxunun ictimaiyyət
arasında mənfi imici formalaşsa belə, kanal rəhbərlərinə
qəbuldurlar.
Çünki onlara sərf edirlər!...
Hər dəfə bir
"iş qaynadıb” verilişdən kənarlaşdırılanda
belə (hətta cinayət əməlinə görə həbs
ediləndə) çox keçmədən geriyə
qayıdır, başqa adla eyni məzmunlu veriliş
açırlar. Ən pis halda başqa kanalda "fəaliyyətlərini”
davam etdirirlər.
Açıq-aşkar
görünür ki, onlar kanal rəhbərlərindən
deyil, kanal rəhbərləri onlardan asılıdırlar!
Belələrinə niyə bu qədər
dözümlülük göstərilir, anlamaq çox
çətindir!
Bütün hallarda həmin
verilişlər, onların yaydıqları mənəviyyatsızlıqlar
Azərbaycan tamaşaçılarına
çatdırılır, yeniyetmələrin, gənclərin
tərbiyəsinə mənfi təsir edir!
Əgər dövlət
başçısı az qala hər
çıxışında milli-mənəvi dəyərlərin
qorunmasından, xalqımızın mental xüsusiyyətlərinin
yaşadılmasının vacibliyindən danışırsa,
onda bu uyğunsuz təbliğat nə deməkdir?!
Və nə vaxtadək davam
edəcəkdir?!
ZƏİFLİKLƏR
VƏ BOŞLUQLAR HANSILARDIR
Prezident İlham Əliyev Bakı
Dövlət Universitetinin 100 illik yubileyindəki
çıxışında diqqəti çox vacib bir
neçə məqama da yönəltdi: "Biz ideoloji işə
yenidən baxmalıyıq, burada zəifliklər, boşluqlar
var. Bizi istəməyən qüvvələr, o cümlədən
erməni lobbi qurumları tərəfindən maliyyələşən
qurumlar bu boşluqlardan istifadə edirlər, xüsusilə bu
gün azad internet mövcuddur. Azərbaycanda
internet istifadəçilərinin faiz nisbəti 80 faizi
keçib”.
İdeoloji sahədəki bu
zəifliklər və boşluqlar mətbuata da təsirsiz
ötüşməyib, müəyyən fəsadlara yol
açıb.
Onları nəzərdən
keçirək.
Jurnalistika sahəsində
peşəkarlığın tezliklə yüksəldilməsi
çox müşkül görünür.
Jurnalistika çətin sahədir,
xüsusi istedad, bilik tələb olunan yerdir, yoldan keçənin
burada peyda olması sahənin inkişafına yox, onun
çirklənməsinə gətirib çıxarır. Azərbaycan Mətbuat
Şurası sahənin təsadüfi adamlardan, "reket” qəzet
və jurnalistlərdən təmizlənməsində müəyyən
faydalı iş görürdü. Onun tərtib
etdiyi "Qara siyahı” xalq arasında nüfuz
qazanmışdı və ümumi işə fayda gətirirdi.
"Qara siyahı”nın qəflətən və
zərurət olmadan ləğvi təəccüb
doğurmaqla yanaşı, kimlərinsə yenidən qol-qanad
açmasına, mətbuatın milli maraqlara deyil, şəxsi
və korporativ maraqlara xidmətinə imkan yaradacaqdır.
KİV-in İnkişafına Dövlət
Dəstəyi Fondunun il ərzində bir
neçə dəfə keçirdiyi jurnalistlərin şəxsi
yaradıcılığı müsabiqəsinə də yenidən
baxılmalı, buradakı subyektiv meyillər, səmərəsiz
yarışmalar və mənasız tədbirlər daha
effektliləri ilə əvəz edilməlidir. Jurnalistlərə
dövlət mənzillərinin paylanmasındakı sui-istifadəyə
və qeyri-obyektiv yanaşmalara da son qoyulmalıdır!
Dövlətin vəsaiti və
humanist addımları ayrı-ayrı insanlara yox, dövlətin
maraqlarına xidmət etməlidir!
***
Bu gün ideoloji mübarizə
daha geniş müstəvidə - qəzetlərdə,
televiziya kanallarında (internet televiziyası da bura əlavə
olunub), internet saytlarında və sosial şəbəkələrdə
aparılır.
Dünən SSRİ-nin tərkibində
idik. Xarici düşmənlərimizə sovet hökuməti
özü cavab verirdi. Bizə elə bir
yük düşmürdü. Daxildə isə
Sov.İKP adlı vahid partiya vardı, başqa cür
düşünənləri, danışanları və
yazanları (hərçənd ki, bu da mümkün deyildi) dərhal
susdurub müxtəlif metodlarla "zərərsizləşdirirdilər”.
Hazırda müstəqil
dövlətik, müstəqil siyasət yeridirik, dövlət
başçısı İlham Əliyev daim ölkəmizin
maraqlarını qoruyur, bizə olan təsir və təhdidləri
zərərsizləşdirir, ölkəmizin
inkişafını təmin edir, sabitliyi etibarlı şəkildə
saxlayır.
Xarici düşmənlərimiz
indi daha çox və güclüdürlər. Buraya
torpaqlarımızın 20 faizini işğalda saxlayan və
bizimlə müharibə vəziyyətində olan Ermənistanla
yanaşı antiazərbaycançı şəbəkə və
dünya erməniliyi də daxildir.
Ölkədaxili düşmənlərimiz
isə xarici qüvvələrin maliyyəsi ilə
yaradılan və onların sifarişini həyata keçirməyə
çalışan "5-ci kolon”un üzvləridirlər. Vətənə xəyanət
mövqeyində dayanan, milli satqınlardan ibarət olan bu dəstə
üzvləri daim müstəqil dövlətimizə arxadan
bıçaq vurmağa hazırdırlar və vururlar da!
Bu gün təxribat əməllərini
ideoloji sahədə davam etdirirlər!
Biz bütün düşmənlərimizlə
bütün müstəvilərdə vuruşmalıyıq!
Lakin ideoloji sahədəki səhvlər
bir sıra arzuolunmaz nəticələrə səbəb
olmuş, qüvvəmizi müəyyən qədər zəiflətmişdir.
Yaranmış fəsadları
nəzərdən keçirək.
Hər bir iqtidar
gördüyü işlərin təbliğində, atılan
addımların xalqa doğru və obyektiv
çatdırılmasında maraqlıdır.
Bu həm də dövlət
başçısının öz seçicilərinə
mütəmadi və operativ hesabatı sayılır!
Prezident İlham Əliyev həm
ölkə daxilində, həm beynəlxalq məkanda nəhəng
layihələri reallaşdıran lider, xalqın sosial
rifahını mütəmadi şəkildə yüksəldən
rəhbər kimi tanınır.
Lakin istənilən dövlətin
heç bir təhdid və təzyiq cəhdinin
qarşısında heç zaman baş əymir! Odur ki, əleyhinə şər-böhtan
kampaniyası aparılır, daim dövlətimiz və onun
başçısı barədə qərəzli yazılar
yazılır.
Bütün bu təxribat və
düşmənçilik əməllərinə daim və
peşəkarlıqla cavab verilməli, yalanlar dərhal
ifşa edilməlidir!
Mübarizə müstəvilərindən
biri də qəzetlərdir.
Nədənsə uzun müddət Azərbaycanda
"qəzetlər ömrünü başa vurub”, "bu
gün internet və sosial media dövrüdür” kimi fikirlər
hakim mövqedə olmuş, təbliğatın bu vasitəsinə
"keçmişin qalığı” kimi
baxılmışdır.
Halbuki dünyada belə yanaşma
yoxdur! Qəzetlərin tirajlarında müəyyən
azalma baş versə də, heç bir ölkənin
tanınmış, nüfuzlu qəzetinə "dünən”
kimi baxan yoxdur və onlar qapadılmayıb! Bizdə bu münasibət haradan yaranıb, anlamaq
olmur. Nəticə isə...
Hazırda ölkədə
iqtidar qəzetlərindən çox müstəqil qəzetlərə
qayğı göstərilir.
Doğrudur, onların da
sırasında ayrı-seçkiliyə yol verilir - müxtəlif
dərəcələrə bölməkdə, qrant
alanların sırasına daxil etməkdə!
Əslində, müstəqil
qəzetlərin bazar iqtisadiyyatı tələblərinə
uyğunlaşmalarına şərait yaradılmır.
Ümumi səhvlər isə
aşağıdakılardır.
İndiyədək qəzetlər
üçün reklam bazarı yaradılmayıb!
Halbuki özəl televiziya
kanalları reklam bolluğundan az qala
boğulur, sutka ərzində öz verilişlərindən
çox (hələ gizli reklamları demirik) reklam
materialları verirlər.
Reklamsız qalan qəzetlər isə
(həm özəl, həm iqtidar, həm də partiya qəzetləri)
az tiraja möhtac olduqlarından iflas həddinə
çatıblar!
Çap mediasının yayım
arealı əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb!
Belə ki, müxtəlif
vasitələrlə mətbuat yayımı sahəsinə
daxil olan şirkətlər daha çox pul qazanmaq
üçün əsas diqqəti ölkə paytaxtına
yönəltdilər. Nəqliyyat xərci və işçi qüvvəsi az olsun deyə respublikanın rayonlarına qəzet
daşınması və oxuculara çatdırılması
tamamilə azaldıldı.
Kənd yerlərinə isə
daha qəzet çatdırılmır. Bu, təkcə qəzetçilərə
ziyan vurmur, faktiki olaraq ölkə əhalisinin əsas hissəsinin
dəqiq və obyektiv informasiya əldə etmək
imkanını aradan qaldıraraq onları sosial şəbəkənin
təsir dairəsinə yuvarladır!
Konkret misal.
Rəsmi dövlət qəzeti
"Azərbaycan” müstəqillik dövrünün ən
aşağı tirajına, təxminən 7 min nüsxəyə
enmişdir.
Azərbaycan MDB məkanında
həmişə öndə olmuşdur. Bu sahədə isə...
Əhalisi 18 milyon nəfər
olan Qazaxıstanın dövlət nəşri "Egemen
Kazaxstan” bu gün 200 min tirajla (ölkə əhalisinin
yarıdan çoxu rusdillidir) çıxır. Onun bir
neçə xüsusi buraxılışı və həftəlik
əlavəsi vardır. "Belorus
seqodnaya” qəzeti isə 190 min tirajla (Belarusun əhalisi bizimki
qədərdir - 10 milyon nəfər) buraxılır. Onun da müxtəlif əlavələri var.
Görün siyasi və
iqtisadi cəhətdən həmin respublikalardan geri qalmasaq da,
bu məsələdə neçə dəfə
arxadayıq?!
Ölkədə qəzet
satışı başlı-başına
buraxılmışdır.
Əvvəlcə əllə
satış ləğv edildi!
Sonra sərbəst
satışa müxtəlif maneələr yaradılmağa
başladı.
Bir ara bu sahədə "qayda” yaratmaq
adı ilə dövlətin hesabına köhnə qəzet
köşkləri yeniləri ilə əvəzləndi.
Bu gün şəhərin ən gur
və mərkəzi yerində fəaliyyət göstərən
yeni köşklər əsasən "reket” qəzetlərin
və "sarı mətbuat”ın reklamı ilə məşğuldurlar.
Birbaşa fəaliyyətləri isə siqaret,
su və digər çoxişlənən malların
satışı ilə bağlıdır.
Əslində, yeni "qəzet
köşkləri” mətbuata yox, onun gizli sahibinin cibinə və
maraqlarına xidmət edir. Özü də dünyanın
qadağan etdiyi siqaretin təbliği yolu ilə, cavanları və
yeniyetmələri bu işə təhrik etməklə!
Dəfələrlə ziyalılar, hətta
millət vəkilləri bu yaramaz əməllərə son
qoyulması üçün hüquq mühafizə
orqanlarına müraciət etsələr də, faydası
olmamışdır!
İqtidar qəzetlərində
tənqidi yazıların məhdudlaşdırılması da
ümumi işimizə ziyan vurdu.
Artıq insanlarda belə bir
fikir formalaşıb ki, iqtidar qəzetləri yalnız tərif
etməlidirlər. Müxalifət mətbuatı isə tənqid.
Bu, iqtidar qəzetlərinə
marağı xeyli azaltdı və onun satışına mənfi
təsir göstərdi.
Üstəlik, qəzetlərin
kəsərini də azaltdı. Daha tənqidi yazılara heç kim reaksiya və cavab vermir, göstərilən
nöqsanların aradan qaldırılması yönündə
heç bir tədbir görülmür!
ETİBARSIZ SAYTLAR
VƏ SOSİAL ŞƏBƏKƏ
İnternet saytları xəbər
və üslub cəhətdən bir-birinin təkrarıdır. Burada dəqiqlik
operativliyə qurban verildiyindən inam və etibar azdır.
Süni sensasiyaya, yalançı,
hay-küylü başlıqlara üstünlük verilir.
Jurnalistikanın janrlarından yalnız
informasiya və müsahibədən istifadə olunur. Dövlət başçısı İlham
Əliyevin "Mətbuat bir növ daxili mübarizə
növünə çevrilib” fikri daha çox belə saytlara
aiddir. Elektron media sosial şəbəkədəki
məlumatlardan daha çox istifadə etdiyindən bir növ
onların aşağı pilləsi təsirini
bağışlayır.
Hazırda ən dəbdə
olanı sosial şəbəkədir.
Jurnalistikanın
"qızıl qaydaları” sayılan obyektivlik, dəqiqlik,
qərəzsizlik kimi anlayışlar buraya yaddır. Hər cür savad,
dünyagörüşü, düşüncə, tərbiyə,
mövqe sahibi istədiyi fikri, xəbəri sosial şəbəkədə
həqiqət, doğru kimi qələmə verə bilir!
Özünü təsdiq etməmişlər
(və ya edə bilməyənlər), uğursuzlar,
iddialılar sosial şəbəkədə at oynadırlar. Doğrudur, bu
"meydanda” ağıllı, vətənpərvər,
dövlətçiliyə sadiq insanlar da çoxdur! Ancaq nədənsə belələrinin statusu
kölgədə qalır. Sanki sosial şəbəkə
bəd xəbərlər, narazılar, qaraguruhçular,
hay-küyçülər üçün yaradılıb.
Əslində, məqsəd demokratiya və
söz azadlığı adı ilə sosial şəbəkə
vasitəsilə hədəfə alınan dövlətlərdə
əhali arasında narazılıq toxumu səpmək, kütləvi
aksiyalar təşkil etmək, "5-ci kolona” fəaliyyət
meydanı açmaq, imkan olan yerlərdə rəngli inqilablar
törətməkdir və indiyədək bir neçə dəfə
bunun şahidi də olmuşuq.
Ölkə daxilində
yaşayan və xaricdəki "5-ci kolon” üzvləri
özlərini burada daha sərbəst hiss edirlər. Xaricdən aldıqları
pullara görə vətənlərini satan,
utanıb-qızarmadan dövlətimizə qarşı
düşmənçilik aparan bu ünsürlər hər an
təxribatlara hazırdırlar.
Cənab İlham Əliyev onların
iç üzünü yaxşı ifşa edir: "Baxın
onların sosial şəbəkədəki
çıxışlarına, nifrətlə, təxribatla
doludur. Sanki istəyirlər ki,
iğtişaş olsun. İstəyirlər
ki, panika olsun. Sonra da deyirlər ki, onlar Azərbaycan
xalqının qayğıları ilə yaşayırlar.
Onlar düşməndirlər və biz bunu
açıq deməliyik”.
Doğrudur, Azərbaycan xalqı belələrini
çoxdan tarixin zibilxanasına atıb! Ancaq sosial şəbəkələrdəki
murdar əməllərini cavabsız da qoymaq olmaz! Onlar hər an ifşa edilməli, Azərbaycan həqiqətləri,
günümüzün gerçəklikləri faktlar əsasında
söylənilməklə yalan və böhtanları
puça çıxarılmalıdır.
Bu mənada iqtidar mətbuatının
tirajının və keyfiyyətinin,
çıxışlarındakı peşəkarlığın
artırılmasına ciddi ehtiyac duyulur!
O yerdə ki, biz boşluq
yaradırıq, zəiflik göstəririk, həmin yerdə
daxili və xarici düşmənlər fəallaşırlar,
özlərini rahat hiss etməyə başlayırlar.
Heç bir vətənpərvər azərbaycanlı,
dövlətini, xalqını sevən insan belələrinə
biganə qalmamalı, şəxsi mövqeyini ortaya
qoymalıdır!
***
Bu gün bütün dünya, həm də Azərbaycan ciddi təhlükə, sınaq qarşısındadır! Koronavirus adlı bir bəla Yer kürəsini çənginə almışdır. Günü-gündən hüdudlarını genişləndirir, qurbanlarının sayını artırır. COVID-19-a qarşı mübarizədə mətbuatın da üzərinə böyük yük düşür! Xalqı maarifləndirmək, dövlətin gördüyü zəruri tədbirləri insanlara çatdırmaq, onların qoyulan qaydalara və məhdudiyyətlərə şüurlu şəkildə əməl etmələri üçün səfərbərliyə almaq vacib və həyati əhəmiyyətli məsələdir.
Xəstəlik iqtidar və müxalifət tanımır! Ona qarşı mübarizədə də ayrı-seçkilik, müxtəlif əqidəli insan və mətbu orqan olmamalıdır!
Bu gün hamı əl-ələ verib Azərbaycanı, Azərbaycan xalqını təhlükədən qorumalıdır!
Həm də yalnız koronavirus təhlükəsindən yox!..
Bəxtiyar SADIQOV
Azərbaycan.-
2020.- 15 aprel.- S.1; 7.