Muzeylərin fəaliyyətinə həsr olunan videokonfranslar

 

Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsi əməkdaşlarının iştirakı ilə videokonfrans keçirilib. Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın sədrliyi ilə keçirilən videokonfransda nazir Əbülfəs Qarayev tərəfindən regional mədəniyyət idarələrinin rəislərinə verilmiş tapşırıqlar əməkdaşların nəzərinə çatdırılıb.

Qeyd edilib ki, ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sosial təcrid vəziyyətində muzey binalarının səliqə-sahmanına diqqət yetirilməli, həmçinin davamlı şəkildə dezinfeksiya işlərinin həyata keçirilməsinə nəzarət gücləndirilməlidir.

Xüsusi karantin müddətində insanların informasiya təminatının davamlılığı məqsədilə internetin keyfiyyəti diqqətdə saxlanılmalıdır. Muzeylərin fəaliyyətinin tamamilə onlayn rejimə keçirilməsi və xidmətlərin (ekspozisiya və sərgilərin virtual tur və ekskursiyaları, tarix, təsviri və tətbiqi sənət, ədəbiyyat, musiqis. dərslər, mühazirələr, habelə ustad dərsləri, konsert proqramları) keyfiyyətlə həyata keçirilməsi təmin edilməlidir.

Nazir müavini diqqətə çatdırıb ki, xüsusi karantin günlərində mədəni sərvətlərimizin təbliğatının davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi ilə birlikdə muzey işçiləri üçün "Muzey işi və mədəniyyət sərvətlərinin mühafizəsi” mövzusuna dair davamlı olaraq onlayn treninqlər də keçirilməlidir. Eyni zamanda muzey rəhbərləri tərəfindən tərtib olunan növbətçilik qrafiki üzrə müəyyən günlərdə növbətçi təyin edilmiş fondların baş mühafizləri və digər maddi məsul şəxslər kolleksiyaların inventarizasiya işini davam etdirməlidirlər. Muzey əşyalarının daimi mühafizə portalının doldurulması yaddan çıxmamalıdır. Regionlarda fəaliyyət göstərən muzeylərin mühafizəsinin yüksək səviyyədə təmin olunmasının zəruriliyi də vurğulanıb, bu məqsədlə regional idarələrin rəhbərlərinə sirkulyar məktubların göndəriləcəyi diqqətə çatdırılıb.

Videokonfransda Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinə Heydər Əliyev mərkəzlərinin və Tarix-Diyarşünaslıq muzeylərinin əsasnamələrinə yenidən baxılması, hazırkı sosial təcrid vəziyyətində onlayn xidmətlərin vəzifələr bölməsinə əlavə olunması, həmçinin Bakıda fəaliyyət göstərən muzeylərin fondlarının rəqəmsallaşdırılması vəziyyətinin təhlilinin aparılması tapşırılıb.

Qeyd edilib ki, respublikamızda fəaliyyət göstərən televiziya kanalları ilə əməkdaşlıq əlaqələrinin qurulması və seçilmiş faylların (virtual ekspozisiyalar, onlayn mühazirələr, tarix dərsləri) geniş ictimaiyyətə təqdim edilməsi, növbətçilik zamanı muzeylərim elmi heyəti tərəfindən fondlardaekspozisiyalarda saxlanılan eksponatların önündə yüksək keyfiyyətli ekskursiyaların və mühazirələrin videoyazılışının təşkili həyata keçirilməlidir.

Muzeylər üçün ödənişli reklamların hazırlanması və virtual məkanda yayımlanması, muzeylərin sifarişi ilə hazırlanmış suvenir məmulatlarının onlayn satışı və müxtəlif ölkələrin muzeyləri ilə imzalanmış əməkdaşlıq müqavilələri əsasında virtual sərgilərin təşkili də unudulmamalıdır.

Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova tərəfindən təqdim olunmuş "Muzey işinin modernləşdirilməsi” layihə təklifi də konfransda müzakirə olunub.

Muzeylərlə sektorunun müdiri Nərgiz Abdullayeva və Mədəniyyət sərvətlərinə nəzarət və reyestrlər sektorunun müdiri Yaşar Hüseynlinin çıxışlarından sonra 18 mart - 4 aprel tarixlərində Heydər Əliyev mərkəzləri ilə muzeylərin birgə həyata keçirdiyi işlər barədə hesabat da diqqətə çatdırılıb. Həmçinin İtaliya muzeyləri ilə əməkdaşlığın təşkilinə dair təkliflər barədə məlumat verilib.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2020.- 15 aprel.- S.10.