Ən tələbkar oxucular
Kitab - sənin
ilk dostun
Uşaqların intellektual inkişafında
kitabların rolu əvəzsizdir. Bu baxımdan
kiçik yaşlarından
onlara kitaba sevgi, mütaliə vərdişləri aşılanmalıdır.
Uşaqların milli ruhda, soykökünə bağlı,
mənəvi cəhətdən
sağlam, geniş dünyagörüşə malik
insan kimi yetişməsinə müsbət
təsir göstərən
əsərlərin nəşr
olunması isə ən vacib məsələlərdən
biridir.
Uşaq kitablarının tarixi
1477-ci ildə antik yunan müəllifi Ezopun mahnılarının
yazılı toplu şəklində çap
edilməsi ilk addım
sayılır. 1658-ci ildə
çex maarifçisi
və pedaqoqu Y.A.Komenski uşaqlara dünyanı anlatmaq məqsədilə rəsmlərin
yer aldığı kitab nəşr etdirib. Onların öz zövqlərinə
görə kitab seçmək imkanı
XVIII əsrdən yaranmağa
başlayıb. D.Defo və
C.Sviftin "Robinzon Kruzo” və "Qulliverin səyahəti” romanları ideal formada uşaqların oxu dairəsinə adaptasiya olunub. Həmin əsərlər, eləcə də Yakov və Vilhelm
Qrimm qardaşlarının,
Hans Xristian Andersenin qələmə aldığı
nağıllar bu gün də çox sevilir.
Zaman irəlilədikcə şifahi
xalq ədəbiyyatı
nümunələri də
unudulmayıb, toplanaraq
qələmə alınıb. Uşaq ədəbiyyatının
ilk nümunələri beləcə
yaddaşlardan kitablara
köçürülüb.
Azərbaycan uşaq ədəbiyyatı
da hələ yazının kəşf olunmadığı dövrlərdə
meydana çıxıb. Sonralar, xüsusilə
orta əsrlərdə
yeni nəslin tərbiyəsinə müsbət
təsir göstərən
əsərlər qələmə
alınsa da, bu sahədə boşluq yaranıb. Ədəbiyyatşünas alim
Xeyrulla Məmmədov
qədim və orta əsrlərdə Azərbaycan uşaq ədəbiyyatının yoxluğunu,
XIX əsrin birinci və ikinci yarısında məktəblərin
dərs və oxu kitablarına yaranmış ehtiyacını
təmin etmək məqsədilə klassik irsə müraciət edən və orada məqsədə müvafiq bir şey tapa bilməyib
əliboş geri qayıdan maarif və ədəbiyyat xadimlərinin fikirlərini
də yazıb.
Ümumiyyətlə, XIX əsri uşaq ədəbiyyatının "qızıl
əsr”i hesab edirlər. Azərbaycanda XIX-XX əsrlər uşaq ədəbiyyatının
inkişaf yolu da diqqətəlayiqdir.
Həmin
dövrdə uşaq və gənclərin bir şəxsiyyət kimi formalaşması üçün maarifçi-yazıçılar
bir sıra maraqlı əsərlər
yaradıblar. X.Məmmədov qeyd edib ki,
qələmə alınmış
müxtəlif janrlı
bu əsərlər sonrakı illərdə yazılan uşaq əsərlərinin məzmun
və formaca zənginləşməsinə, bir müstəqil sahə kimi genişlənməsinə səbəb
olub. Uşaq ədəbiyyatının inkişaf
mərhələsində Cəlil
Məmmədquluzadə, Mirzə
Ələkbər Sabir,
Abbas Səhhət, Firudin bəy Köçərli, Sultan Məcid
Qənizadə, Süleyman
Sani Axundov, Rəşid Əfəndizadə,
Abdulla Şaiq və başqalarının adları
xüsusi qeyd olunmalıdır. Mirzə
Ələkbər Sabirin
"Uşaq və buz”, "Məktəb şərqisi”, Abbas Səhhətin "Yaz səhəri”, Süleyman Sani Axundovun "Qaraca qız” və digər əsərlər maraqlı,
məzmunlu olduğu qədər də oxunaqlığına, dilinin
rəvanlığına görə
dəyərlidir. Bu ədəbi-bədii nümunələr
uşaqların yaddaşında
silinməz iz buraxır.
Onu da qeyd edək
ki, uşaq ədəbiyyatı üzrə
Nobel mükafatı olan
"Hans Xristian Andersen” mükafatının
təsis edilməsi təklifini 1953-cü ildə
Yella Lepman irəli sürüb. Həmin
il təsis olunan mükafat uşaq ədəbiyyatı
xəzinəsinə ən
maraqlı əsərlər
bəxş edən müəlliflərə, dünyanın
20 ölkəsindən 23 yazıçı
və uşaq kitabları üçün
rəsm çəkən
17 illüstrasiyaçı-rəssama təqdim edilib.
Oxu mədəniyyəti və
vərdişi uşaqlıqdan
aşılanmalıdır. Bu məsələdə həm
ailənin, həm də məktəbin rolu danılmazdır.
Pedaqoqlar
uşaqların əvvəlcə
kitablara bir oyuncaq kimi yanaşdıqlarını
nəzərə çatdırırlar.
Onlar sadəcə kitabın səhifələrini vərəqləməkdən
xoşlanırlar. İki yaşından
başlayaraq uşaq rəsmli, əlində tuta biləcəyi kiçik kitablara maraq göstərir. Üç-dörd yaşlı uşaqlar
isə onlara rəsmli nağıl kitablarının oxunmasını
istəyirlər. Valideynlər övladlarının istəklərinə
bu məsələdə
çox diqqətli və həssas olmalıdırlar. Uşaqlar kitaba
alışdıqca nağılı
başa düşməyə
səy göstərirlər.
Oxu mədəniyyəti və
vərdişləri yarandıqca
onların söz ehtiyatı zənginləşir,
zehni inkişaf edir. Onlar üçün yazmaq böyük məsuliyyət, həssaslıq
tələb edir.
Doğrudur, onların həyat təcrübələri, mütaliələri
böyüklər qədər
zəngin deyil. Ancaq özlərinə
məxsus həssaslıqla
səmimiyyəti duya bilirlər. Odur ki, uşaqlar
üçün yazılan
əsərlər təbiiliyi,
dilinin aydınlığı,
səlistliyi, dolğun
məzmunu ilə seçilməli, düşündürücü
olmalıdır.
Azərbaycan.- 2020.- 15 aprel.- S.10.