Dövlətin siyasətinin mərkəzində
vətəndaşın dayandığı bu
günlərdə də dönə-dönə təsdiqlənir
Azərbaycan dövlətinin siyasətinin mərkəzində vətəndaşların maraqlarının dayandığı COVID-19 adlı bəla ilə mübarizə apardığımız bu günlərdə də dönə-dönə təsdiq olunur. İnsanların sağlamlığının və rahatlığının təmin olunması üçün vacib və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Heç kəs diqqət və qayğıdan kənarda qalmır.
Xüsusi karantin rejimi dövründə ələlxüsus yaşı 65-dən yuxarı ağsaqqal və ağbirçəklərimizin pandemiyadan qorunması məqsədilə sosial xidmət işçiləri səfərbər ediliblər. Bu kateqoriyadan olan 15 mindən çox tənha yaşayan şəxsə evində gündəlik sosial xidmətlər həyata keçirilir. Onlara əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və ev təsərrüfatına aid digər işlərlə bağlı xidmətlər göstərilir. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 9 sosial xidmət müəssisəsində isə 1000-dən çox şəxs stasionar şəraitdə reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunur.
Bir sözlə, həkimlərimiz, polis işçilərimiz kimi sosial xidmət sahəsində çalışanlar da hər gün iş başındadırlar.
Prezident İlham Əliyev "Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 14 aprel 2020-ci il tarixli sərəncam imzalayıb. Bu, xüsusi karantin rejimi dövründə vətəndaşlara sosial xidmətlərin səmərəli təşkilində fəal iştirak edən şəxslərin, ümumiyyətlə, sosial xidmət işçilərinin əməyinə verilən yüksək dəyərin və onlara xüsusi qayğının ifadəsidir.
Sənəddə koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsinə cəlb edilən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin rayon (şəhər) şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının bir misli miqdarında müddətli əlavə müəyyən edilməsi nəzərdə tutulur.
Sərəncam ümumilikdə 2 min sosial xidmət işçisini əhatə edir. Bunlar DSMF-nin rayon (şəhər) şöbələrindəki 1400 və fondun tabeliyindəki sosial xidmət müəssisələrində çalışan 600 nəfərdir. Bu günlərdə imzalanan daha bir sənəd də Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlərin davamlı olduğunu əyani sübut edir. COVID-19-la bağlı karantin vəziyyətində yaşadığımız vaxtda da Azərbaycan dövləti əhalinin ehtiyaclarının ödənilməsini diqqət mərkəzində saxlayır, bununla bağlı zəruri tədbirlərini davam etdirir.
Xatırladaq ki, Prezident İlham Əliyev bu il martın 19-da "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncam imzalamışdı. Hazırda bu sərəncamdan irəli gələn məsələlərin həlli ilə bağlı tədbirlər həyata keçirilir. Belə ki, Nazirlər Kabineti "Əhali üzrə elektrik enerjisinin aylıq istehlak həcminin tənzimlənməsi ilə bağlı tədbirlər haqqında” qərar verib.
Bu sənədə əsasən əhali üzrə elektrik enerjisinin 7 qəpik/kilovat-saat tarifi tətbiq olunan aylıq istehlak həcmi 2020-ci ilin aprel ayından etibarən iki ay müddətində 100 kilovat-saat artırılaraq 400 kilovat-saata çatdırılıb.
İki aylıq müddət aprel və may aylarını əhatə edir. Apreldə mart ayının sərfiyyatları abonentlərə bildiriş olaraq verildiyi üçün may ayında onlar aprelin sərfiyyatı haqqında məlumatlandırılacaqlar. Həmin vaxt 400 kilovat/saat nəzərə alınacaq. Həmçinin iyun ayında mayla bağlı veriləcək bildirişlərdə də 400 kilovat/saatlıq limit üzrə hesablama aparılacaq.
Qeyd edək ki, 400 kilovat/saatlıq limitlə bağlı artım yalnız əhali qrupu abonentlərinə şamil olunur. Bu da xüsusi karantin rejiminə uyğun olaraq əhalinin evdə qalması və elektrik enerjisindən daha çox istifadə etməsi ilə bağlıdır.
Bu, ilk növbədə, dövlətin insanlara, onların rahatlığına və ailə büdcəsinə qayğısının daha bir təzahürüdür. Azərbaycan dövləti həmişə olduğu kimi, yenə də vətəndaşının yanındadır!
Flora SADIQLI
Azərbaycan.-2020.- 16 aprel.- S.1;5.