20 mindən çox
tələbəni sevindirən qərar
Onların illik
təhsil haqqı dövlət tərəfindən ödəniləcək
Bəşəriyyət gözəgörünməz düşmənlə - koronavirusla mübarizə aparır. Ancaq bu gün qarşıda duran ən mühüm vəzifə yalnız bu təhlükənin dəf olunması, onun gətirdiyi bəlalardan - xəstəliklərdən insanları qorumaq deyil. Azərbaycan dövləti respublikamızda koronavirusa qarşı mübarizə tədbirlərini yüksək səviyyədə, böyük həssaslıqla həyata keçirməklə yanaşı, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması, problemlərinin aradan qaldırılması ilə bağlı mühüm işlər görür.
Ölkəmizdə Prezident İlham Əliyevin "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli sərəncamına dair vəzifələr uğurla icra olunur. Müvafiq istiqamətdə həyata keçirilən əhəmiyyətli tədbirlərdən biri də Nazirlər Kabinetinin "Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarıdır.
Ayrı-ayrı təhsil ocaqlarında müxtəlif ixtisaslar üzrə biliklərə yiyələnən bu günün tələbələri sabahın mütəxəssisləridir. Onların Azərbaycan üçün faydalı vətəndaşlar, seçdikləri peşələrin peşəkarı kimi yetişmələri naminə dövlət tərəfindən lazımi tədbirlər həyata keçirilir. Azərbaycan dövləti hər bir vətəndaşının qayğısına qalır.
Qeyd olunan qərarda ünvanlı dövlət sosial yardımı alan ailələrin tələbə övladlarının, valideynləri I və II dərəcəli əlil və ya işsiz kimi qeydiyyata alınan, valideynləri yaşa görə əmək pensiyası və ya yaşa görə sosial müavinət alan ödənişli əsaslarla əyani oxuyan tələbələrin birillik təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulur. Orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan həmin həssas kateqoriyaya aid tələbələrin isə illik təhsil haqqının 50 faizi miqdarında güzəşt ediləcək. Bütün bunlar əhalinin sosial qruplarının dövlətin nəzarətində olduğunu, heç kəsin diqqətdən kənarda qalmayacağını bir daha sübut edir.
Təhsil Nazirliyindən verilən məlumatda Nazirlər Kabinetinin "Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarının 20 mindən artıq tələbəni əhatə edəcəyi diqqətə çatdırılıb.
Nazirlikdən qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaitinin ayrıldığı bildirilib.
Qərar yalnız ali təhsil müəssisələrində təhsil alanları deyil, orta ixtisas və peşə təhsili üzrə əyani oxuyan tələbələri də əhatə edir. Bu, təkrar ali və orta ixtisas təhsili alan tələbələrə şamil edilmir.
Təhsil Nazirliyindən verilən məlumatda qaydalara əsasən bütövlükdə həssas qrupdan olan tələbələr üçün tam olaraq illik təhsil haqqı xərcinin dövlət tərəfindən ödəniləcəyi açıqlanıb. Tələbənin təhsil haqqı xərcinin 50 faizi 2019-2020-ci ilin yaz semestri üzrə, 50 faizi isə 2020-2021-ci tədris ilinin payız semestri üzrə elektron qaydada ödəniləcək. Bu qrupa aid edilən tələbələr oxuduqları təhsil müəssisəsinə müraciət edərək müvafiq məlumatları təqdim etməlidirlər. Tələbələrin müraciətindən sonra təhsil müəssisələrindəki məsul şəxslər tərəfindən həmin məlumatlar "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə daxil ediləcək. Sonrakı mərhələdə tələbələrin statusu müəyyən olunacaq və təhsil müəssisələrinə tələbələrin təhsil haqlarının ödənişləri həyata keçiriləcək.
Göründüyü kimi, "Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərar minlərlə gəncimizin və onların doğmalarının üzünü güldürəcək. Azərbaycan dövlətinin qayğısı sayəsində gənclərimiz təhsil xərcləri deyil, daha yaxşı oxumaq, seçdikləri ixtisasları dərindən öyrənmək barədə düşünəcəklər.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.-2020.- 16 aprel.- S.1;5.