Dövlət sahibkarları yalnız buraxmayacaq

 

Azərbaycan dövləti əhalinin sağlamlığını qorumaq üçün lazım olan bütün tədbirləri görür. Dövlət başçısının təşəbbüsü ilə Bakıda 575 çarpayılıq "Yeni klinikatibb müəssisəsi vaxtından əvvəl istifadəyə verildi. Bununla yanaşı, mövcud tibb müəssisələri koronavirusla mübarizə üçün tələb olunan avadanlıqlarla təmin edildi. Görülən tədbirlərin əsas məqsədi əhalinin sağlamlığını qorumaqdır.

Koronavirus pandemiyası sağlamlıq tədbirlərinin görülməsi ilə məhdudlaşan bəla deyil. Bu, həm də dünyada dərin sosial-iqtisadi fəsadlara yol açan bir xəstəlikdir. Müasir dünyanın qloballaşan bir dövründə xəstəlik sürətlə yayılaraq iqtisadi inkişafı iflic vəziyyətə gətiribdir. Dünyanın aparıcı maliyyə qurumları bildirirlər ki, bu pandemiya nəticəsində yarana biləcək böhran 2008-2009-cu illərdə baş verən böhrandan daha ağır olacaqdır.

Ən qəribəsi isə odur ki, yeni böhrandan dünya dövlətləri birləşərək çıxmaq istəmir. Hər bir ölkə fərdi qaydada öz maraqlarına uyğun siyasət aparır. Hətta, birləşmiş Avropanın da bu mərhələdə parçalanmış şəkildə siyasət yürütdüyünü görürük. Bu qitədə olan dövlətlər çalışırlar ki, həmin böhrandan daha az ziyanla çıxsınlar. Hədəf isə böhrandan sonrakı dövrdə iqtisadi üstünlüyü saxlamaqla siyasi sahədə söz sahibinə çevrilməkdir.

Dövlətimiz ölkə iqtisadiyyatını böhrandan qorumaq üçün vaxtında qəti addımlar atdı. Prezident İlham Əliyev pandemiyanın iqtisadisosial fəsadlarını minimuma endirmək məqsədilə Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayırdı. Bununla yanaşı, dövlət başçısının qərarı ilə dörd qrup yaradıldı. Həmin işçi qruplarının əsas vəzifəsi məşğulluq məsələlərini təhlil edib ölkə rəhbərinə məlumat verməkdir. Bu fakt onu göstərir ki, həmişə olduğu kimi, dövlətin siyasətində Azərbaycan vətəndaşının mənafeyi öndə durur. Eyni zamanda bu qurumların işi iqtisadi sabitliyi qorumaq, iqtisadi inkişafı təmin etmək, makroiqtisadi sabitliyi və maliyyə vəziyyətini təhlil edərək tədbirlər görülməsi üçün hökumətə təkliflər verməkdir.

Azərbaycan iqtisadiyyatı liberal əsaslar üzərində qurulub. Buna görə də qeyri-neft sektorunda məhsul istehsalının 80 faizindən çoxu sahibkarlar tərəfindən istehsal olunur. Dövlət daim sahibkarlığın inkişafına qayğı göstərir. Bu çətin anda da dövlət sahibkarlara arxa çıxır, onlara hər bir maddi və mənəvi kömək göstərir.

Prezident İlham Əliyev dövlət tərəfindən sahibkarlara lazım olan dəstəyin göstərilməsinin vacib olduğunu bildirərək demişdir: "Biz ilk növbədə koronavirusdan ən çox əziyyət çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərini diqqət mərkəzinə aldıq. Biz ilk növbədə, bu sahibkarlıq subyektlərində işləyən insanların maliyyə vəziyyətini nəzərə almalıyıq... Ancaq, eyni zamanda, adi məsələdir, bir çox sahələr və 40 mindən çox sahibkarlıq subyekti, indi demək olar ki, fəaliyyət göstərmir, yaxud da, məhdud çərçivədə fəaliyyət göstərir. Dövlət onlara kömək göstərməlidir. Ona görə göstəriş verilmişdir ki, həmin bu sahibkarlıq subyektlərində muzdla işləyən insanların sosial təminatı, eyni zamanda, fərdi sahibkarların fəaliyyəti nəzərə alınsın. Onların da sayı təqribən 300 minə yaxındır”.

Dövlət iqtisadi inkişafın qorunması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ayrılan vəsaitin həcmini 1,5 milyard manat artıraraq bu məbləği 2,5 milyarda çatdırıb. Prezident tərəfindən həmin vəsaitin artırılması böhrandan daha az itki ilə çıxmağa, iqtisadi inkişafı və sahibkarlığı qorumağa, əhalinin sosial müdafiəsini daha da gücləndirməyə imkan yaradacaqdır.

 

 

Rüstəm KAMAL

Azərbaycan.-2020.- 16 aprel.- S.4.